Icma.az
close
up
RU
İnkişaf salnaməsinin parlaq səhifəsi

İnkişaf salnaməsinin parlaq səhifəsi

2024-cü il ölkəmizin iqtisadi həyatında saysız uğurlarla yadda qalmaqdadır

Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyat və sosial həyat sahələrində əldə olunmuş uğurlar Azərbaycanın 2024-cü ildə inkişaf salnaməsinin parlaq səhifələrindən biridir

Yola salacağımız il bir sıra sosial-iqtisadi yeniliklərlə zəngin oldu. Yanvar-noyabr aylarında əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul (ÜDM) 4,1 faiz böyüyərək nominal həcm baxımından 113,2 milyard  manatı ötüb. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb. Eləcə də sənayedə, xüsusən də qeyri-neft sənayesində artım meyilləri yüksəlib. Ötən 11 ay ərzində 60 milyard manata yaxın sənaye məhsulu istehsal edilib ki, istehsalın əsas mənbəyini 8,8 faiz artımla qeyri neft-qaz sektoru təşkil edir.

İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı yürüdülən siyasət öz müsbət təsirlərini göstərməkdədir və artıq ölkənin inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır. Yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz  sektorunun tədricən daralacağı şəraitində iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq və 2024-cü ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72 faizə çatacağı proqnozlaşdırılır. Eyni zamanda, qeyri-neft resurslarının yüksək artımları müqabilində ilin sonunda ümumi daxili məhsulun 5-6 faiz təşkil edəcəyi fərz olunur.

Yığım mənbələri genişlənib, xarici sərmayələrdə artım qeydə alınıb

2024-cü ilin 11 ayı ərzində biznesin aktivliyinin yüksəlməsi fiskal yığımların həcmini də artırıb, vergi orqanlarının xəttilə dövlət büdcəsinə 14 milyard 993 milyon manata yaxın vergi daxil olub. Büdcənin yığım mənbələri genişlənib. Eləcə də Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun yığımlarında əhəmiyyətli artımlar qeydə alınıb.

2024-cü ilin yanvar-noyabr aylarında əsas kapitala 15,9 milyard manat məbləğində investisiya yönəldilib. Bu dövrdə 4 milyard dollara yaxın xarici kapital cəlb edilib.

Xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna yatırılması intensivləşib. Eləcə də sərmayələr daha çox yeni sənaye mərkəzlərinə, sənaye parklarına, o cümlədən azad edilmiş ərazilərdə fəaliyyət göstərən Ağdam Sənaye Parkına və Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası”na yönəldilir.

Cari ildə Türkiyənin “Gen İlaç ve Sağlık Urünleri Sanayi ve Ticaret A.Ş.” şirkətinin iştirakı ilə Pirallahı Sənaye Parkında investisiya dəyəri 35 milyon ABŞ dolları olan layihənin, İsrailin “BioPharmax” şirkəti ilə əməkdaşlıq çərçivəsində Ələt Azad İqtisadi Zonasında dəyəri 45 milyon avro olan əczaçılıq zavodunun tikintisi layihəsinin icrasına başlanıb.  Türkiyənin “Demirören” şirkəti ilə Laçında kiçik su elektrik stansiyalarının tikintisi layihəsi üzrə 15 milyon dollar dəyərində, İsrail şirkəti ilə aqrar layihəsi üzrə 20 milyon manat məbləğində investisiya sazişləri imzalanıb.

Əhalinin gəlirləri artıb, inflyasiya isə sabit qalıb

2024-cü ilin ötən 11 ayının digər müsbət göstəricisi inflyasiya ilə bağlıdır. Bu dövrdə  istehlak qiymətləri indeksi 4,4 faiz təşkil edib. Hesabat dövründə əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb ki, bu da uğurlu sosial-iqtisadi dinamika hesab edilə bilər. İqtisadiyyatda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Əhalinin real gəlirləri və bank dividentlərindən qazancı da 7-10 faiz arasında artıb.

“Əsrin müqaviləsi”nin yubiley ili...

Cari il iyunun 4-də Bakı Enerji Həftəsi start götürüb. Həftə tədbirləri çərçivəsində “29-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisi”, “12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi” və “29-cu Bakı Enerji Forumu” təşkil olunub, tədbirlərdə 37 ölkədən 300-dək şirkət  iştirak edib. Dünyanın enerji sənayesi sahəsində mövcud olan liderləri bir araya gətiən Enerji Həftəsi?də mühüm sazişlər imzalanıb ki, bu da Azərbaycanın sərmayədarları vahid məkanda əlaqələndirən körpüyə çevrildiyini şərtləndirir.

Cari ildə ən əlamətdar hadisələrdən biri “Əsrin müqaviləsi”nin yubiley ilinin qeyd edilməsidir. Respublikamızın iqtisadi və siyasi həyatında, müasir enerji sənayesi tarixində yeni dövrün başlanğıcı hesab edilən “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 30 il ərzində Azərbaycan misilsiz uğurlar əldə edib. Azərbaycan neft bumunun təməli hesab edilən bu saziş Avropa bazarlarına neftlə yanaşı, qaz nəqlinə də cığır açıb, bölgədə enerji tranzitlərinin formatını müəyyənləşdirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri, TANAP, TAP kəmərlərinin reallaşması, Cənub Qaz Dəhlizinin enerji koridoru arxitekturasının yaradılması da məhz bu tarixi sazişin məntiqi nəticələridir.

12 ölkənin qaz təminatçısı

2024-cü ildə Azərbaycan region ölkələrinin və Avropa İttifaqının (Aİ) enerji təchizatında öz mövqeyini daha da möhkəmləndirib. Yanvar-noyabr ayları üzrə respublikamız xaricə ölkələrə qaz nəqlinin 5 faiz artıraraq həcm baxımdan 22,9 milyard kubmetrə çatdırıb. Mavi yanacağın 11,7 milyard kubmetri Avropaya, 9 milyard kubmetri Türkiyəyə, 2,2 milyard kubmetri isə Gürcüstana nəql edilib. Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub. Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından indiyədək 167,6 milyard kubmetr qaz ixrac edilib.

Azərbaycan cari il dekabrın 1-dən etibarən Avropa İttifaqının (Aİ) daha bir ölkəsinə - Slovakiyaya qazın nəqlinə başlayıb. Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan “SPP” şirkətinə qaz təchizatına start verilib. Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniyadan sonra respublikamızın müəllifi olduğu qaz alyansına Slovakiya da qoşulub. Bununla da, enerji tədarükü siyasətini şaxələndirən Azərbaycanın maye yanacaqla təchiz etdiyi ölkələrin sayı 12-yə çatıb.

“Yaşıl enerji”də yeni hərəkat 

Yola saldığımız 2024-cü il enerji sahəsində, xüsusilə də “yaşıl enerji” sahəsində bir çox mühüm hadisələrlə yadda qalır. “Yaşıl dünya həmrəylik ili” çərçivəsində start verilən qərarlar “yaşıl enerji” sektorunda yeni müqavilələrin, anlaşma memorandumlarının imzalanması ilə nəticələndi. Dünyanın xarici şirkətləri və maliyyə institutları ilə investisiya sazişlərinin imzalanması “yaşıl enerji” sektorunda yeni mərhələnin əsasını qoydu.

İyun ayında keçirilən Bakı Enerji Həftəsində dünyanın ən nəhəng enerji şirkətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə investisiya dəyəri 1 milyard dollara bərabər olan müqavilələrin imzalanması “yaşıl enerji” hərəkatında yeni dalğa kimi diqqəti cəlb etməkdədir. “Masdar”la imzalanmış sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası, Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa ediləcək. Bu layihələr ölkənin “yaşıl enerji” vizyonunun genişləndirilməsi prosesini sürətləndirməyə imkan verəcək, külək, günəş və “yaşıl hidrogen” layihələrinə investisiya cəlbinin artmasına və beynəlxalq əməkdaşlığın güclənməsinə səbəb olacaq.

Həmçinin, cari ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında “yaşıl enerji” layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb. 2024-cü il ərzində Azərbaycan  “ACWA Power”, “BP”, “Fortescue Future Industries”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə sazişlər də imzalayıb. İmzalanmış müqavilələrə əsasən, “yaşlı enerji” ilə bağlı əməkdaşlığa başlanılıb. Bu əməkdaşlıq sazişlərinin icrası çərçivəsində inşa olunan bərpa olunan enerjinin illik istehsalı yaxın 2 ildə 2 QVt-a, 5-6 il ərzində isə 4-5 QVt-a çatmış olacaq.

Eyni zamanda, cari ildə “yaşıl enerji”nin ixracını təmin edəcək “Xəzər-Qara dəniz-Avropa” dəhlizi istiqamətində mühüm addımlar atılıb, Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan hökumətləri arasında imzalanmış sazişə əsasən, Birgə Müəsssiə yaradılıb.

Qarabağ və Şərqi Zəngəzurda “yaşıl sərmayə” dövrü başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və bp arasında Cəbrayılda 240 MVt-lıq “Şəfəq” Günəş elektrik stansiyasının inşasına dair sazişin imzalanması azad ərazilərdə “yaşıl enerji” hərəkətatına töhfə verən mühüm hadisə kimi qiymətləndirilə bilər. Bu layihə Cəbrayılın iqtisadi inkişafında mühüm mərhələ açmaqla, rayonun və bölgənin günəş enerjisi potensialından istifadəsinə,  Şərqi Zəngəzurun enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək. Saziş, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda sərmayələr üçün açar sazişi hesab oluna bilər.

Mövcud dəyərləndirmələr göstərir ki, Qarabağ və Şərqi-Zəngəzurda bərpa olunan enerji potensialına görə, digər bölgələrdən qat-qat zəngindir. Bu bölgə hidroenerji, külək və günəş enerjisi, termal suların mənbələrinə görə, ölkə üzrə resursların 30-40 faizinə malikdir. Həmin iqtisadi rayonlardan Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli günəş enerjisinə görə, ən əlverişli potensiala malikdir və enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir.

Bundan başqa, Aİ-nin “Nobel Energy” şirkəti ilə imzalanmış sazişə əsasən, Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı mərkəzi yaradılacaq. Laçın və Kəlbəcərin dağlıq ərazilərində həcmi 2000 Mvt proqnozlaşdırılan külək enerjisi stansiyası layihəsi reallaşmaqdadır.

Onu da xatırladaq ki, bu il ərzində ilk dəfə Şuşa, Xocalı, Cəbrayıl və Xankəndiyə  qayıdış baş tutdu və burada mühüm iqtisadi-sosial obyektlər istifadəyə verildi. Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışı ən mühüm iqtisadi uğurlardan biridir. Bölgədə iqtisadi hərarət daha da artır ki, bu da artıq azad ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasının uğurla davam etməsini təsdiqləyir.  

Türk Dövlətlərinin Bəyannaməsi...

2024-cü il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü çərçivəsində imzalanan “Qarabağ Bəyannaməsi” geoiqtisadi-siyasi məzmununa görə, ilin ən yaddaqalan sazişlərindən biri kimi səciyyələndirilə bilər. Qarabağ Bəyannaməsi türk dövlətləri arasında ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm prinsipləri özündə ehtiva edir. Bəyannamə çərçivəsində həyata keçiriləcək tədbirlər ölkələr arasında ticarət maneələrinin azaldılması, nəqliyyat və logistika infrastrukturunun təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində vacib addımların atılmasını nəzərdə tutur.

Cari ildə həmin sənədin icrası istiqamətində nəticə əsaslı addımlar atıldı, Türk İnvestisiya Fondu, TDT-nin Mərkəzi Banklar Şurası, Vahid Gömrük İttifaqının, Fintex Alyansının əsası qoyuldu. Rəqəmsal Tranzit Dəhlizinin yaradılması, digər prioritetlərin icrası istiqamətində tədbirlər davam etdirilməkdədir. 

Çin-Azərbaycan iqtisadi tərəfdaşlığında yeni mərhələ

İyunun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması da cari ilin ən mühüm iqtisadi hadisələrindən sayıla bilər. Bu saziş Azərbaycan-Çin münasibətlərinin iqtisadi vizyonunu tamamilə yeni çağırışlar əsasında formalaşdırmaqdadır. Bəyannamədə iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi, ticari dövriyyələrin yüksəldilməsi, beynəlxalq iqtisadi münasibətlər sistemində qarşılıqlı fəaliyyətin gücləndirilməsi və əlaqələndirilməsi, iki ölkənin ümumi iqtisadi mənafe və maraqlarının təşviqi kimi fundamental prinsiplər öz əksini tapıb. Eləcə də “Bir kəmər, ?ir yol” layihəsinin ən strateji mərkəzi olan Orta Dəhlizdə Azərbaycanın mövqeyinin möhkəmlənməsi üçün yeni imkanlar yaradır.

Saziş Çin-Azərbaycan iqtisadi-investisiya əlaqələrində yeni dinamika yaradıb və Çin şirkətləri ilə mühüm sərmayə memorandumları imzalanıb. Belə ki, cari il ərzində Azərbaycanla Çinin “China Southern Power Grid International Co.,Ltd”, “China Energy International Group Co.,Ltd”, “Powerchina Huadong Engineerıng Corporation Limited”, “China Datang”, “BYD Company Limited”, “China Gezhouba Group Overseas Investment” və digər şirkətlərlə Anlaşma memorandumları imzalanıb. Sənədlər ölkəmizdə sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi, enerji saxlama və inteqrasiya olunmuş “ağıllı” enerji sistemləri, həmçinin “yaşıl hidrogen” istehsalı layihələrinə investisiya qoyuluşunu nəzərdə tutur.

“Yaşıl enerji”də rekord istehsal

Yeri gəlmişkən, 2024-cü ilin 11 ayında “yaşıl enerji” istehsalında rekord həcmdə artımlar qeydə alınıb. Bu dövrdə “yaşıl enerji” mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,6 milyard kVt·st və ya 80 faizdən çox artaraq 3 milyard 580,6 milyon kVt·st təşkil edib.

Bərpaolunan enerji portfelində su elektrik stansiyalarının (SES) payı xüsusi üstünlük təşkil edir. SES-lər tərəfindən 2 milyard 780 milyon kVt·st enerji istehsal olunub ki, bu son illərin ən yüksək göstəricisidir. Külək elektrik stansiyalarında istehsal 48,6 milyon kVt·st, günəş elektrik stansiyalarında 540 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 211 milyon kVt·st təşkil edib.

Hazırda “yaşıl enerji”nin payı ölkə üzrə ümumi enerji balansında 15 faizə bərabərdir. Hədəf isə  bərpaolunan enerjinin payını 2030-cu ilə qədər 2 dəfə artırmaqdır.

COP29 uğuru...

Azərbaycan cari ildə beynəlxalq iqlim ailəsinin etimad göstərərək həvalə etdiyi COP29 sammitini ən yüksək və mütəşəkkil təşkilatçılıq qabiliyyəti ilə keçirdi və dünya COP hərəkatına öz layiqli möhürünü vurdu. İki həftə ərzində aparılan gərgin müzakirələr və məsləhətləşmələr, açıq dialoq mühitində rəsmi Bakının irəli sürdüyü iqtisadi-maliyyə məzmunlu təşəbbüslər və çağırışlar da öz müsbət nəticəsini verdi. Sessiya çərçivəsində Bakı Maliyyə Məqsədinin və “İtki və Zərər” Fondunun yaradılması, 1,3 trilyon dollar məbləğində İqlim Maliyyəsi Fondunun portfelinin formalaşması, Yeni Kollektiv Kəmiyyət Məqsədinin, İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsünün, Bakı Qlobal İqlim Şəffaflığı Platformasının, COP29-un İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsünün  təsis edilməsi inanılmaz uğurlar kimi qiymətləndirilə bilər.

Cari il ərzində Azərbaycan digər uğurlara da imza atdı ki, onların hər birini sadalamağa uzun vaxt lazımdır. Ümumilikdə isə yekun olaraq yola saldığımız 2024-cü il Azərbaycanın iqtisadi həyatında əlamətdar illərdən biri kimi tarixə həkk olunacaq. Prezident İlham Əliyevin liderliyi ilə inkişaf edən ölkəmizin tərəqqi və rifah ili kimi xatırlanacaq.

ELBRUS CƏFƏRLİ

seeBaxış sayı:85
embedMənbə:https://yeniazerbaycan.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri