Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

İnsan mənzərələri Əli­səf­dər Hüseynov yazır

İnsan mənzərələri Əli­səf­dər Hüseynov yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əlisəfdər HÜSEYNOV

ŞOR ƏTRİ

Satıcı qız yaşlı kişinin bayaqdan vitrindəki ağartı məhsulları arasında nə isə axtardığını görüb kömək üçün soruşdu:

- Əmi, nə axtarırsınız, necə kömək edə bilərəm?

Qoca eynəyini çıxardıb gözlərini cib yaylığı ilə sildi. Qıza baxıb mehriban səslə dedi:

- Şor istəyirəm, qızım, amma ətri çox olan şor.

Qız gülümsədi:

- Şoru ətrinə görə yox, dadına görə alırlar, əmi. Məsələn, duzlu şor, şit şor, yağlı, yağsız, turş və sair.

- Yox, qızım, bu dünyada hər şeyin bir ətri var. Elə şorun da.

Qız çiyinlərini çəkdi:

- Bəlkə də əvvəllər olub, deyə bilmərəm. Amma indi nəyin ətri qalıb ki?

Qoca acı-acı gülumsədi:

- Düz deyirsən, qızım. İndi ətri qaçmış bir dünyada yaşayırıq...

Sonra sağ tərəfində dayanıb dilxor halda bu dialoqun başa çatmasını gözləyən müştərilərə baxıb içində şor olan ağ kapron vedrəni göstərərək dedi:

- Yaxşı, bu şordan yarım kilo çək mənimçün...

...Bir azdan əlində şor bağlaması supermarketdən çıxıb yaxınlıqdakı kiçik bağçaya gəldi, elə birinci skamyada əyləşdi və xəyal onu təxminən altmış il əvvələ apardı, zərif, incə bir səs altmış ilin uzaqlığını bir andaca qət edib qulaqlarında səsləndi: "Mən şorun ətrini çox sevirəm"...

...Üçüncü sinifdə oxuyurdu. Hər səhər məktəbə yollanmazdan əvvəl  sakitcə pencəyinin ciblərini yoxlayırdı. İçində pul olmurdu. Onsuz da heç vaxt olmamışdı. Bu dəfə də paltarını geyinə-geyinə masanın üstündəki kağız bükülüsünə baxdı. Anası yenə çörəyin arasına şor qoymuşdu. Əlini uzatmağa tərəddüd etdi. Elə bil o bağlama dil açıb deyəcəkdi:

- Məni götür və çalış bu dəfə möhkəm ol...

Yol boyu başını aşağı salmışdı. Payız yelinin ülgüc kimi kəsən soyuğu, ayaqlarının altında xırçıldayan sarı yarpaqlar və məktəbin həyətindəki bufetin  tüstülənən bacası - hamısı eyni gündə təkrarlanan bir filmin səhnələri idi sanki. Məktəb həyətinə girəndə bufetin qapısının qarşısında növbəyə düzülən uşaqları gördü. Onlar birinci növbənin şagirdləri idi, dərslərini bitirmişdilər.  Əllərində buxarı çıxan kökələr, vaflilər, yağlı piroqlar vardı. Qəpiklərin taqqıltısı, bişən şirniyyatların ətri, şən səslər bir- birinə qarışmışdı.

O ətri həmişəki kimi dərhal hiss etdi. Elə bil burnu yox, ürəyi idi qoxunu alan. Nəzərlərini yayındırıb uşaqların ləzzətlə yedikləri piroqlara, ağ kökələrə baxmaq istəmirdi, amma bacarmırdı. Bəzən ona elə gəlirdi ki, adicə baxışla da o bişintilərdən dada bilər. Amma olmurdu.

Tənəffüsdə sinfin pəncərəyə yaxın küncündəki partada oturdu. Çantasından çörəyi çıxardı. Elə o an yaxınlıqdakı bir uşaq pıçıltı ilə dedi:

- Qoxuya bax, yenə şor gətirib...

Bir neçə uşaq gülüşdü. O, tələsik çörəyi çantaya qoydu. Ona elə gəldi ki, şorun qoxusu sinifin pəncərəsindən məktəbin həyətinə yayılacaq və hamı bu uşaq kimi üzünü turşudacaq. Ürəyində özünu  danladı: "Duz deyir də. İndi məndən başqa kimdir məktəbə şor gətirən?"

Axşam atasına yaxınlaşıb çəkinə-çəkinə dedi:

- Ata, mənə də məktəbdə bufetdən nə isə almaq üçün bir az pul verərsən?

Atası gözünü televizorun ekranından ayırmadan:

- Anan çörəyin arasına şor qoyur. Həmişəki kimi aparıb, yeyərsən. Nədir, yoxsa xoşuna gəlmir? Yoxsa sən də hamı kimi olmaq istəyirsən?

Canını dişinə tutub dedi:

- Şoru hər səhər şirinçayla yeyir...

Atası üzünə elə baxdı ki, sözünün dalını gətirməyib susdu. İçini ağır, səssiz bir boşluq burüdü.

"O biri uşaqlar kimi olmaq nəyə görə pisdir, görəsən?" - deyə öz-özünə pıçıldadı.

Səhəri gün tənəffüsdə özünü saxlaya bilmədi, bufetin qarşısında dayanan uşaqlara yaxınlaşıb ərklə dedi:

- Mənə də verərsiz bir az?

Uşaqlar əvvəlcə baxışdılar. Sonra biri dedi:

- Get, şor-əppəyini ye də!

Hamısı qəhqəhə çəkdi. Boğazı düyünləndi, rəngi qıpqırmızı oldu, elə bil üzünün dərisi yanmağa başladı. Qaçıb sinfə girdi və pəncərənin qarşısında dayandı. Elə bil içində nə isə qırılmışdı. Göz yaşları yanağından süzüldü.

Dərsdən gəlib yemədiyi şorlu çörəyi mətbəxdə stolun üstünə qoyanda anası heç nə soruşmadı. Sadəcə əlini onun başına çəkdi. O gecə tikiş maşınının taqqıltısı daha uzun sürdü. Mağazada alış-verişdən qalan qəpik-quruşdan ayırıb, səhəri gün oğlunun pencəyinin cibinə qoydu.

Səhər pencəyini geyinib əlini cibinə salanda əli qəpiklərə toxundu, amma sevinmədi. Pulu cəld çıxarıb masanın üstünə qoydu. Dünənki səhvini, mənliyini sındırmağını heç cür özüna bağışlaya bilmirdi. O əhvalatdan sonra artıq içində ayrı bir hiss vardı.

Tənəffüs vaxtı bu dəfə sinfin küncündəki partada yox, həyətin ortasındakı skamyada oturdu. Çörəyin kağızını açmağı ilə şorun iyinin ətrafa yayılmağı bir oldu. Amma bu dəfə sıxılmadı, gizlənmədi. Qoy yayılsın, qoy qoxusun - bu, onun gerçəyi idi.

Birdən arxadan incə bir səs eşitdi:

- Boy, şor! Nə yaxşı! Mən şoru, onun qoxusunu çox sevirəm. Mənə bir az verərsən?

Dönüb baxdı. Sinif yoldaşı Gülnaz idi. Baxışlarında istilik, səsində titrəklik var idi. Qız onun gözlərinin  yaşardığını gördü, amma heç nə deməyib, yanında oturdu.

- Mənim babam da çox sevirdi şoru. Deyirdi ki, şor yeyən adam yaxşını pisdən ayırmağı öyrənər, xaraktercə möhkəm olar.

Nə isə deyib cavab vermək istədi, amma söz tapmadı. Yenə gözləri yaşardı, amma bu dəfə xəcalətdən yox, sevincdən.

Çörəyi iki yerə bölüb yarısını qıza verdi. Gülnaz da çantasından bir vafli çıxardıb ona uzatdı.

- Al, götür. Mən birini özüm yedim, bu, sənin olsun...

Birlikdə yeməyə başladılar. O gün nə xəcalət oldu, nə də utanc. Şor və vaflinin ətri bir-birinə qarışdı. Amma bu ətirlərdə nə qəriblik vardı, nə utanmaq.

Bu dəfə o qoxularda qəribə bir istilik vardı.

Zəng vuruldu. Əl-ələ tutub sinifə getdilər...

...Telefonuna gələn mesaj səsi kişini xəyaldan ayırdı. Nəvəsi Gülnaz idi.  Yazmışdı ki, baba, şor nə oldu? Gözləyirik axı!

KÖHNƏ PULQABI

Kişi özünü avtobusa çatdırıb tələsik içəri girdi, boş yer axtara-axtara arxa tərəfə keçdi. Əyləşmək istəyəndə oturacaqla avtobusun divarı arasına düşüb qalmış köhnə pulqabını gördü. Əyləşdi, amma bir müddət pulqabıya toxunmağa cəsarət eləmədi. Ona elə gəlirdi ki, pulqabını götürsə avtobusdakıların hamısı başlarını çevirib tənə ilə ona tərəf baxacaqlar. Amma ətrafda oturanlar öz işindəydi, hərə öz aləminə qapılmışdı. Yolun yarısında ürəklənərək pulqabını götürüb açdı - içində sellofanla bükülmüş 200 manat pul və bir bank kartı vardı. Kartın üstündə sahibinin adı və soyadı yazılmışdı.

Beynində ona yad olan, qərib, amma sırtıq bir səs baş qaldırdı: "Götür getsin. Onsuz da problemlərin içindəsən. Kim nə biləcək? Pul da sənin olsun, rahatlıq da". Amma içindən - ürəyinin başından da mülayim və dərin bir səs gəlirdi: "Sən kim olmaq istəyirsən? Bəlkə bu pul onu itirənin bir aylıq çorəkpuludur. O, bu itkinin ağrısını yaşadığı halda sən bu pulu necə rahat xərcləyəcəksən?"

Kişi dərindən nəfəs aldı. Əvvəl istədi üstü bir-iki yerdən süzülmüş pulqabını sürücüyə versin. Sonra karta baxıb fikirləşdi ki, pulqabını qaytarmaq üçün ipucu var, bu işi özü də yerinə yetirə bilər.

Avtobusdan düşəndən sonra telefonunu çıxarıb banka zəng vurdu. Kartın sahibinin adını dedi və bildirdi ki, onun itirdiyi pulqabını tapıb. Əlaqə üçün öz nömrəsini də qoydu. Bayaqkı sırtıq səs qulağından çəkilib getdi, ürəyinə xoş bir rahatlıq çökdü.

Ertəsi gün zəng gəldi. Tanımadığı  bir kişi idi.

- Salam. Tapdığınız pulqabı bizimdir. Qızım avtobusda itirib. Görüşə bilərik?

Vədələşib ertəsi gün görüşdülər. Orta yaşlı, sadə geyimli arıq bir kişi idi. Pulqabını aldı, açıb içindəkiləri yoxladı. Zahirən sakit görünsə də, içindən çölə - baxışlarına, səsinin tonuna, vücuduna hücum çəkən bir gərginlik hiss olunurdu. Dil-ağız eləmək əvəzinə qəfildən, nəzərlərini yayındıraraq dedi:

- Bilirsiniz necədir? Mən fikirləşirəm ki, siz bu pulqabını tapmamısınız, onu qızımın çantasından oğurlamısınız. İçində pulun az olduğunu görüb vicdanlı adam rolu oynamaq fikrinə düşmüsünüz. İndi polisə getsək, mən deyəcəm ki, siz oğrusunuz. Orda da sizi rahat buraxmaq üçün pul istəyəcəklər. Ən yaxşısı burda razılaşaq - mənə min manat verin, məsələ böyüməsin.

Kişi heyrətə gəldi. Bu sözlər qulağında sanki yad bir dildə səsləndi. Daxilində elə bil nə isə qırıldı. Nəzərləri qarşısındakı adamın gözlərində, üzündə ilişib qaldı. Yox, xəcalət, utanc, bir az da qorxu, təlaş kölgəsi çökmüş bu üz və gözlər o səsin dediklərini demirdi. Orda da bir boşluq vardı, fəqət əlacsızlıqdan, çarəsizlikdən yaranan yorğun bir boşluq.

- Bəlkə çay içək?, - dedi. - Hər şeyi orda danışarıq.

Pulqabı sahibinin içindəki gərginlik elə bir onu keyləşdirmişdi. Amma bunu büruzə vermək istəmirdi. Ona görə də dinmədi, razılaşdı.

Çayxanaya girib oturdular. Çay gəldi. Bir neçə dəqiqə susdular. Pulqabını tapan kişi armudu stəkanlara çay süzdü, sonra nəzərlərini çayxananın pəncərəsinə tərəf yönəldib çöldə küləyin təsirindən o tərəf-bu tərəfə yellənən ağaca baxa-baxa:

- Deyəsən, bu il payız bir az tələsir, - dedi və nəzərlərini pəncərədən yayındırıb gözucu qarşısındakı kişiyə baxdı. İndi onun rəqibinə çevrilmiş bu adam deyilənlərə reaksiya vermədi. Elə bil tikan üstündə oturmuşdu, vücudu burda, bu kiçik çayxanada olsa da, ruhu tamam başqa bir yerdə idi.

- İşləyirsiniz?

Pulların sahibi bir balaca diksinən kimi oldu, sanki qəfildən nə üçün burda oturduğunu fərqinə varıb qaşlarını çatdı:

- İndi işləyib-işləməməyini bir fərqi var? - deyə suala qeyri-müəyyən cavab verdi. - Bir də bunun məsələyə nə dəxli var?

- Bəlkə də yoxdur. Amma işləyən, tər tökən adam qazanılan hər qəpiyin qiymətini bilir. Özü də təkcə özünün yox. Belə adamlar heç vaxt başqalarına şər almazlar.

Qarşıdında oturmuş kişi bir az da büzüşdü və pulqabını tapan kişiyə  elə gəldi ki, həmsöhbəti hər sözdən bax beləcə büzüşə-büzüşə, kiçilə-kiçilə nağıllardakı kimi əriyib yox olacaq...

- Mən... mən heç kimə şər atmıram...

- Şər atmaq necə olur ki? Mən sizə yaxşılıq elədim. Sizsə məni borclu çıxarırsınız... Bu, kişilikdən deyil, axı.

Kişinin stəkan tutan əli əsməya başladı. Gözləri doldu, başını əlləri arasına alıb məxərlərini yerə dikdi. Araya üzücü bir sükut çökdü.

- Bağışlayın... Düz deyirsiniz, pis iş tutdum... - nəhayət, kişinin boğuq səsi gəldi, - Borcum var banklara. Əlim yaman dardadır. Bilmirəm nə edim, necə edim. Siz dünən zəng edəndə ağlıma gəldi bu sarsaq fikir... Düşündüm ki, bəlkə... nə bilim... Başımı itirmişəm.

Sözünün dalını gətirə bilmədi, Gözləri yaşardı. İradəsi qırılmış, ruhu əzillmişdi.

- Bilirsən, qardaş, adam başını itirə bilər, amma belə olanda da gərək ləyaqətini və vicdanını ititməyəsən - pulqabını tapan kişi dedi. - Elə mən də sənin kimi kasıb adamam. Həyat yoldaşım iki ildir rəhmətə gedib. Uşaqlarıma xəstə anam baxır.  Amma səni, ailəni əzablarla tək qoymamaq naminə vicdanımı iki yüz manata satmadım, sata bilmədim...

Sonra əlini cibinə atıb on manat çıxardı və masanın üstünə qoydu.

- Qoy, bu çayların pulu sizdən olsun. Mən sizə pul yox, bir güzgü verdim. Özünüzə yaxşı baxın. Həqiqi borcunuzu orda görəcəksiz...

Ayağa qalxdı. Bir anlığa dayandı, sonra əlavə etdi:

- Mən gedirəm. Siz də qalxın. Amma özünüz kimi.

Çayxanadan çıxdı, amma qapını nəyə görəsə örtmədi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri