Bir həyat hekayəti Əlisəfdər Hüseynov yazır
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əlisəfdər HÜSEYNOV
(Əvvəli ötən cümə sayımızda)
İlğım
Uşaq anasının cavab verməməsindən pərt olmadı. Kol-kosdan cızılmış, bir neçə yerdən yara tökən ayaqlarını taxta pilləkənin qarşısında qoyulmuş balaca vannaya saldı. Tələsik əyilib, guya ayaqlarını yuyurmuş kimi əlini görünür, çoxdan dəyişdirilmədiyinə görə lillənmiş suda isladıb bir neçə dəfə dizlərindən aşağı çəkdi. Sonra islaq əllərini nimdaş, çirkli donuna sürtdü. Əvvəl pilləkəndə, sonra eyvanın döşəməsində ləpir sala-sala anasına yaxınlaşdı. Əyilib qabdakı pomidorlardan birini götürdü və onu ağzına aparıb dişləməzdən əvvəl bir də, amma bu dəfə bir az saymazyana dedi:
- Mama, mənə gilas vermədilər...
Başına dəyən şapalaq son dərəcə gözlənilməz oldu. Uşaq ilan çalan kimi diksinib içini çəkdi:
- Ay Allah, dilim!.. - Hələ dişləməyə macal tapmadığı pomidoru yerə atıb hər iki əli ilə ağzını qamarladı. Qəfil zərbədən dişlədiyi dilini çölə çıxarıb inildədi:
- Ay Allah, öldüm... Ay mama!
- Sənə deməmişdim get, arxadan su gətir?! Demişdim, deməmişdim?! Gözünün qarasını sıxma mənə!
- Gətirəcəkdim də... - uşaq inildəməyinə ara verib, handan-hana dilləndi. - Qoydular ki! Vedrəni götürüb apardılar ki, gilas yığacağıq.
- Kim apardı, hara apardı, ay itin qarnından çıxan?!
- Fəhiynən Sahib da. Dedilər, gilas yığacağıq.
- Görüm Fərhad zəlil olsun! Görüm onun qarnına şiş batsın! Adamdır o? Deməli, yenə heyvanı atıb gəlib qarın otarır! - Qadın danışığına ara verdi, sonra başını yüngülcə qaldırıb az qala var səsi ilə qışqırdı:
- Fərhad, ay Fərhad!..
Oğlunun gəlib arxa tərəfdən eyvana dirsəkləndiyindən xəbəri yox idi deyə, gəlin üzünü həyətin aşağı başına tutmuşdu.
Anasının iki addımlığında dayandığı halda adının bu qədər hündürdən və qəzəblə səslənməsi uşağı qətiyyən hürkütmədi, heç nə olmamış kimi sakitcə, hətta bir az kişi ədası ilə dedi:
- Az, burdayam, qışqırıb boğasını yorma.
Anasını çevrilib əlindəki pomidoru oğluna tərəf vızıldatmaqdan allah bilir, nə saxladı.
- Ə, hanı qoyunlar? Harda qoyub gəlmisən, ay zəlil olmamış?
Ötən il onların quruqlarından yağ daman üç qoyunu bir dəqiqənin içindəcə ilim-ilim itmişdi, heç qığını da gördüm deyən olmamışdı. Kənddə günü düşdükləri adam yox idi, bilmirdilər kimdən şübhələnsinlər. 3-4 yerdə kitab açdırdılar, bir şey çıxmadı. O vaxtdan bəri səksəkədə idilər, qorxurdular ki, kəndə tülüngü dadanmış ola, girəvələyib bir-bir camaatın heyvanlarının axırına çıxa.
- Qoyunlar söyüdlükdə bala-bala yatışırlar. Bu istidə də qoyun otlayar? Bir də mənim üstümə niyə qışqırırsan ki? Bugünkü novbat kimindir, onun da üstünə qışqır da.
- Kimin novbatıdır ki, bu gün?
- Onu sevimli oğlun Sahibdən soruş...
Kənd sakinlərinin qoyunlarını hər gün qoyun sahiblərindən biri otarırdı. On beş gündən bir onların növbəsi idi - ayın ortasında Fərhad, axırında isə Sahib gedirdi novbata. Bu gün ayın axırı idi, amma dünən axşam iki qardaş öz aralarında xısınlaşıb belə qarara gəlmişdilər ki, sabahkı novbatı da Fərhad yola versin. Hansı şərtlə bunu eləmişdilər, yalnız özləri bilirdilər.
Bayaqdan eyvanın o biri başında eyni ilə qardaşı kimi dirsəklərinə dayaqlanıb baş verənləri kirimişcə izləyən Sahib adını eşidən kimi qıpqırmızı qızardı, hiss elədi ki bayaq qardaşını zəhərlənməsinin, sancmasının haqqını verəcək. Fərhadın ürəyini yumşaltmaq üçün qollarını havada oynadıb him-cimlə qardaşını çağırdı, sonra sol əlini dodaqlarına aparıb sağ əli ilə hulqumunun altından yapışıb boğaz çəkdi ki, sən mənim canım, sus. Amma iş işdən keçmişdi. Fərhad əlinə düşən fürsəti buraxmaq fikrində deyildi. Tələsmək lazım idi.
- Nə var, yenə nə Sahib, Sahib salmısan? - yenə də yetkin xoruz rolunu oynamaq istəyən beçə görkəmi, yenə də həmin kal səs.
- Nə olacaq? Sənin yerinə qoyun güdürəm, axırda da üzüm danlanır, - Fərhad dedi. - Ala bir manatını, get qoyunları özün otar - bunları deyib ciblərini eşələməyə başladı.
Fərhad deyəsən, baltanı lap dibindən vurmuşdu. Dünən Şuru kişinin gəlini dörd manat göndərmişdi ki, Sahib atasının və anasının ruhuna bir Yasin oxusun. Sahib da o pulu aparıb paltar şkafında paltosunun cibinə qoymaq əvəzinə iki manatıni Fərhada verib növbəsini ona satmışdı.
Fərhad sidq ürəkdən istəyirdi ki, anası Sahibə çımxırsın, bir-iki yağlı söz desin. İki manatın bir manatından ona görə belə asanlıqla keçirdi ki (qalan bir manatı qaytarmaq barədə söhbət gedə bilməzdi - gün artıq yarı olmuşdu), bayaq bağda yekə kişilər kimi ona ədəb-ərkan dərsi keçən qardaşının heç də anasının fikirləşdiyi kimi ağıllı, kamallı uşaq olmadığını sübut etsin, onu hörmətdən salsın.
Anasının dərindən nəfəs alıb sinəsinə çəkdiyi hava, o havanın qanadlarında çölə püskürəcək dadlı-dadlı sözlər gərilmiş dodaqlarında ilişib qaldı. Qadın körük kimi fısıldadı və üzünü böyük oğluna tərəf çevirib gözlərini doğrudan-doğruya ağartdı
- Ə, adam kişi olar ey! - Sahib xoruzlandı. - Nə oldu, ovcuna qızıl qoydular?
- Sənin kimi kişi olmaqdansa...
- Uuuuy, canım çürüdü mənim. Uuuuy, allah canınızı çürütməsin, yazıqsınız - qadın canavar ulamasına bənzər bir səslə elə inildədi ki, deyirdin içindəki hirs-hikkə qarası hələ yerinə gəlməmiş gözlərini deşib çölə püskürəcək. - Tez qayıt qoyunların yanına. Tez elə, ay zəlil olmamış.
Bu qədər canfəşanlıqdan sonra planının baş tutmaması Fərhadı pərtləşdirdi:
- Məndən nə istəyirsiniz e? Mən adam-zad deyiləm? Mən də acıb çörək yemək istəyirəm də. Qoyunlar məndən artıqdır? - səsi titrəyirdi. - Bir dəfə də buna deyin də! - başı ilə qardaşını göstərdi. - Göydən zənbilnən düşüb bəyəm?
- Ə, tez elə!
Fərhad daha dinmədi, dönüb həyətin ayağından uzanan dar cığıra çıxdı - bağın çəpərindən söyüdlüyə yol vardı - və hələ alça, nar ağaclarının arasında yoxa çıxmamışdı ki, arxadan qardaşının kal səsi eşidildi:
- Yaxşı, nadürüs! Darıxma...
- Sən də başından böyük qələt eləmə. Keç günorta namazını qıl, - bunu da anası dedi
lll
Bayaq dilini dişləmiş qızcığaz eyvanın sütununa söykənib burnunu qurdalayırdı. Nəzərləri tabaqda qalaqlanmış pomidorlarda idi. Ürəyindən keçirdi ki, irəli yeriyib bir pomidor da götürsün, amma anasını yenidən hirsləndirəcəyindən, təzə qapaz yeyəcəyindən ehtiyat elədiyinə görə yerindən tərpənmirdi.
Anası əllərini dizlərinin üstünə qoyub kürəyini sütuna söykəmiş, başını azca əyib gözlərini yummuşdu. Elə bil yüz ilin yuxusuna getmişdi və o dəm bu qadının təkcə günün altında yanıb-qaraldığına görə yox, vaxtı-vaxtında su, sabun görmədiyindən, kremlənib sığallanmadığından boğulub öz rəngini itirmiş sifətində məsum bir ifadə vardı. Onun bir az bundan əvvəlki vurhavurun iştirakçısı olduğuna inanmazdın. Bayaqkı əsəbiliyin, gərginliyin əlamətləri çəkilib gedəndən, canını o vurçatlasının içindən dartıb çıxarandan sonra mürgü döyən gəlinin üz-gözünün təbii cizgiləri qayıdıb öz yerini almışdı və bu cizgilər haqqında yalnız indi doğru-dürüst fikir söyləmək olardı. Yalnız indi görmək olardı ki, bayaq bir-birinə sıxılmaqdan az qala rəngi qaçmış dodaqları açıq qalanda, əsəbləşəndə qarası qaçan gözləri rahat-rahat dincələndə, ümumiyyətlə, bu qadın həmin o əzablı gərginliyin məngərəsindən qurtulanda çöhrəsinə elə bir işıq düşür ki, həyət-baca işlərində vaxtından əvvəl kobudlaşmış, toz-torpağı canına hopdurmuş vücudunun əyər-əskiklikləri o işığın içində əriyib yox olur, hətta o işıq bu qadını bir az göyçəkləşdirir də.
Qadın qəfildən köks dolusu nəfəs aldı, sonra sinəsindən yüngül bir inilti qopdu və xəfif xorultu səsi eyvana çökmüş sakitliyi pozdu...
Qızcığaz başa düşdü ki, anası yuxulayıb və nə qədər ki, beləcə kəsik-kəsik xoruldayır (burnunda ət vardı: bunu ona anası demişdi. "Nə ata evində bir gün gördüm, nə də ər evində. Bir çimdik ət nədir ki, əlində yesir qalmışam. Heç arvad xeylağı da xoruldayar?"), hər xırda şeyə görə yuxudan ayılmayacaq. Qız bunu yaxşı bilirdi, amma indi nəinki bu qız, ümumiyyətlə, dünyada heç kim bilmirdi ki, bütün bədəni ilə yaşadığı gerçəklikdən - həyətdə ocaq, təndir qalamağın, dirrikdən pomidor, xiyar yığmağın, arxdan su daşımağın, ocağın üstündə su qızdırıb paltar yumağın yorğunluğundan can qurtaran bu qadın öz yuxusunda indiyə qədər yaşamadığı və bundan sonra da yaşamayacağı ən xoş, ən bəxtiyar anların, həmişə həsrətində olduğu ləzzətli bir rahatlığın içində üzür. Orada qadının əynində ağ don vardı, saçları səliqə ilə daranmışdı, qulaqlarında, boynunda zinət əşyaları parlayırdı, özü kimi səliqə ilə geyinmiş qızının əlindən tutub qürurla yeriyirdi, yox, yerimirdi - sanki buludların üstündə asta-asta uçurdu...
Başmaqçıxan tərəfdəki otaqdan - əvvəllər aynabənd idi, sonralar söküb otaq eləmişdilər - qardaşının səsi gəldi: günorta namazı üçün azan deyirdi:
- Allahu əkbər, Allahu əkbər...
Qız səs salmamaq üçün barmaqlarının ucunda anası tərəfə gəldi, ehmalca əyilib pomidorlardan birini götürdü və dikəlib buradan uzaqlaşmağa macal tapmamışdı ki, arxa tərəfdən - babasıgilin otağından qalxan qıyya səsinə diksinib dik atıldı:
- Ölə bilməyən yazıq canım, vay! Ay camaat, qoymayın, boğacaqlar, öldürəcəklər! Vay canım, vay, vay!!!
Anası yüngülcə tərpəndi, dodaqlarının altında nəsə mızıldandı, amma deyəsən, bədənini o rahatlığın içindən dartıb çıxarmağa qüvvəsi çatmadı. Qayınanası yalnız ikinci dəfə qıyya çəkəndə səksəkə içində "həəəə" deyib gözlərini açdı və elə o andaca bayaqkı əsəbiliyin, dilxorluğun, narahatlığın yuxulamamışdan əvvəl ürəyinin başında düyünləndiyi nöqtədən bədəninin bütün əzalarına bir yorğunluq seli axdı. Bayaqkı ağrılı ifadə - elə bil indiyədək yaşadığı və bundan sonra da yaşayacağı ömrün fərəhsizliyinin əzabını çəkirdi, xəyallarının dumanlığında tamam itib-bata düşmüş ümidlərin, arzuların həsrətini yaşayırdı - yenidən qadının gözlərinə qondu, dodaqları yenidən bir-birinə sıxıldı.
- Həyyə əssəla, həyyə əssəla... - oğlu kəllə otaqda öz işi ilə məşğul idi.
Qızcığaz tələsik eyvandan düşdü, yalın ayaqlarını torpaq üstündə şappıldada-şappıldada bağa tərəf getdi ki, vedrəni götürüb su dalınca qaçsın. Qadın isə dərindən bir "ah" çəkdi, sonra əllərini yerə dayaqlayıb qalxdı, tabağı qaldırıb sağ əli ilə böyrünə sıxdı, balaca qazançanı da o biri əlinə götürüb eyvanın qurtaracağındakı mətbəx tərəfə addımladı.
- Vay! Vay! Ay Allah, ay camaat!
Qonşu otaqdan gələn səslər əcaib idi. Qaynanasının səsi xoda salınıb qazı artırılmış maşının mühərriki kimi astadan başlayıb nəfəsinin, boğazının imkan verdiyi ən zil nöqtələrdə qurtarırdı.
- Bismillahir-rəhmanir-rəhim, əlhəmdü lillahi rəbbil-aləmin, ər-rəhmanir-rəhim... - oğlu artıq namaza başlamışdı.
(Ardı var)


