İnsult: hər dəqiqəsi bir həyatı itirmək və qazanmaqdır...
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
29 oktyabr -Ümumdünya İnsultla Mübarizə Günüdür. Bu günün əsas məqsədi insultun təhlükələri barədə məlumatlılığı artırmaq, xəstəliyin qarşısının alınmasının mümkün olduğunu cəmiyyətə çatdırmaq və vaxtında tibbi yardımın əhəmiyyətini vurğulamaqdır. İnsult qəfil baş verir, lakin onun yaratdığı ağır fəsadların bir çoxunun qarşısını düzgün profilaktika və operativ müdaxilə ilə almaq mümkündür.
İnsult nədir və niyə təhlükəlidir?
İnsult beynin müəyyən hissəsinə qan axınının kəskin pozulması nəticəsində yaranan ciddi tibbi vəziyyətdir. Beyin hüceyrələri oksigen və qida maddələri ilə kifayət qədər təmin olunmadıqda zədələnməyə başlayır. Bu isə insanın hərəkət, nitq, yaddaş və digər funksiyalarına təsir göstərə bilər.
İnsultun əsasən iki növü var. Birinci növ-işemik insult beyinə qan aparan damarın laxta ilə tutulması nəticəsində yaranır. İkinci növ, yəni hemorragik insult isə beyindəki qan damarının partlaması və qanaxma baş verməsi ilə əlaqədardır.
Hər iki vəziyyət təcili tibbi müdaxilə tələb edir. İnsultdan sonra bəzi insanlar tam sağala bilsələr də, digərlərində hərəkət məhdudiyyəti, danışıq çətinliyi, yaddaş problemləri və uzunmüddətli əlillik yarana bilər. Nəticələr əsasən insultun növündən, zədələnmənin miqyasından və tibbi yardımın nə qədər tez göstərilməsindən asılıdır.
Dünyada insultla bağlı vəziyyət
Ümumdünya Səhiyyə Təşkilatının 2025-ci ildə dərc etdiyi məlumatlara əsasən, 2021-ci ildə dünyada təxminən 11,9 milyon yeni insult hadisəsi qeydə alınıb. Həmin il insultla yaşayan insanların ümumi sayı 93,8 milyon nəfər olaraq qiymətləndirilib.
Dünya İnsult Təşkilatının 2025-ci il qlobal məlumatlarına görə, 25 yaşdan yuxarı hər dörd insandan birinin həyatı boyu insult keçirməsi ehtimal olunur. Bu göstəricilər problemin yalnız yaşlı insanlara aid olmadığını, müxtəlif yaş qruplarını əhatə etdiyini göstərir.
İnsult dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri olaraq qalır. Problemin miqyası səhiyyə sistemləri qarşısında həm xəstəliyin qarşısının alınması, həm də xəstələrə vaxtında və keyfiyyətli tibbi yardım göstərilməsi kimi mühüm vəzifələr qoyur.
Mütəxəssislərin diqqət yetirdiyi əsas məqamlardan biri də risk amillərinin böyük hissəsinin idarə oluna bilməsidir. Yüksək qan təzyiqinin nəzarətdə saxlanılması, tütün istifadəsindən imtina, sağlam qidalanma və fiziki aktivlik insult riskinin azaldılmasında mühüm rol oynayır.
Azərbaycanda vəziyyət necədir?
Azərbaycanda da insult ciddi ictimai sağlamlıq problemlərindən biridir. Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib.
İllər üzrə rəqəmlərə baxdıqda insultdan ölüm halları 2021-ci ildə 7803 olub. 2022-ci ildə bu göstərici 6362-yə enib, 2023-cü ildə 6447, 2024-cü ildə 6429, 2025-ci ildə isə 6469 olub. Beləliklə, 2025-ci ildə insultdan ölüm sayı 2021-ci illə müqayisədə 1334 nəfər və ya 17,1 faiz az olub. Bununla belə, 2025-ci ildə göstərici əvvəlki illə müqayisədə 40 nəfər artıb. Kəskin miokard infarktından ölüm göstəricilərində isə 2021-ci ildə 4737 nəfər qeydə alınıb. Sonrakı illərdə bu rəqəm 4085, 4362 və 4239 olub. 2025-ci ildə isə kəskin miokard infarktından 4040 ölüm qeydə alınıb. Bu göstərici 2021-ci illə müqayisədə 697 nəfər və ya 14,7 faiz azdır. Eyni zamanda, 2025-ci ildə əvvəlki illə müqayisədə kəskin miokard infarktından ölüm halları 199 nəfər azalıb. Ümumilikdə, təqdim olunan rəqəmlər göstərir ki, 2021-ci ildən 2025-ci ilə qədər həm insultdan, həm də kəskin miokard infarktından ölüm göstəricisində azalma olub. Lakin insult üzrə 2025-ci ildə əvvəlki illə müqayisədə artım qeydə alınıb.
İnsultla mübarizədə Azərbaycanda da əsas diqqət ürək-damar xəstəliklərinin profilaktikasına, yüksək qan təzyiqinin vaxtında aşkarlanmasına, diabet və xolesterin səviyyəsinin nəzarətdə saxlanılmasına, eləcə də təcili tibbi yardımın əlçatanlığına yönəldilməlidir.
Problemin real miqyasını daha dəqiq müəyyənləşdirmək üçün yeni insult hallarının sayı, xəstəxanaya müraciət müddəti, ölüm göstəriciləri və xəstəliyin yaratdığı əlillik barədə müntəzəm, müqayisə edilə bilən statistik məlumatların toplanması da əhəmiyyətlidir.
İnsultun əsas səbəbləri və risk amilləri
İnsultun yaranmasında bir sıra amillər rol oynayır. Onların arasında ən mühümlərindən biri yüksək qan təzyiqidir. Nəzarətsiz hipertoniya beyin damarlarının zədələnməsi və insult riskinin artması ilə əlaqəlidir.
Digər risk amilləri də var:
-Yüksək xolesterin-damarların daralmasına və qan dövranının pozulmasına şərait yarada bilər.
-Şəkərli diabet- damarların zədələnməsi riskini artırır.
-Siqaret və digər tütün məhsulları-damar sisteminə mənfi təsir göstərir.
-Az hərəkətli həyat tərziq-ürək-damar xəstəlikləri riskini yüksəldə bilər.
-Düzgün olmayan qidalanma-xüsusilə duzun həddindən artıq qəbulu və balanssız qidalanma risk yaradır.
-Ürək xəstəlikləri-xüsusilə bəzi ritm pozuntuları beyində damar tutulmasına səbəb ola bilən laxtaların yaranması riskini artırır.
-Artıq çəki və yaş-digər risk amilləri ilə birlikdə xəstəliyin yaranma ehtimalına təsir göstərə bilər.
Bununla yanaşı, insult hər zaman yalnız yaşlı insanlarda baş vermir. Gənclərdə də müəyyən xəstəliklər və digər risk amilləri nəticəsində insult yarana bilər. Buna görə qəfil meydana çıxan əlamətləri yaşdan asılı olmayaraq ciddi qəbul etmək lazımdır.
İnsultun əlamətləri nədir?
İnsult zamanı əlamətlər qəfil başlayır. Ən çox rast gəlinən xəbərdarlıq əlamətləri üzün bir tərəfinin əyilməsi, qol və ya ayaqda qəfil zəiflik, danışığın pozulması və nitqi anlamaqda çətinlikdir.
Bundan əlavə, qəfil görmə pozuntusu, tarazlığın itirilməsi, başgicəllənmə və səbəbi aydın olmayan güclü baş ağrısı da təhlükəli vəziyyətin əlaməti ola bilər.
İnsultun əsas əlamətlərini yadda saxlamaq üçün sadə qayda var: üz-qol-nitq.
-Üz-insandan gülümsəməsini istəyin. Üzün bir tərəfi aşağı düşürsə, bu, xəbərdarlıq əlaməti ola bilər.
-Qol-hər iki qolunu qaldırmasını istəyin. Qollardan biri zəifdirsə və ya aşağı düşürsə, diqqətli olun.
-Nitq-sadə bir cümlə deməsini istəyin. Nitqi dolaşıqdırsa və ya sözləri anlamaqda çətinlik çəkirsə, insult ehtimalı var.
Bu əlamətlərdən biri müşahidə olunarsa, dərhal təcili tibbi yardım çağırmaq lazımdır. Əlamətlər bir neçə dəqiqədən sonra keçsə belə, tibbi yardımdan imtina etmək olmaz. Bu, keçici işemik həmlə ola bilər və daha ağır insultun xəbərçisi sayılır.
İnsult zamanı nə etmək lazımdır?
İnsult şübhəsi olduqda vaxt itirmək olmaz. Əlamətlərin başladığı vaxtı qeyd etmək və bunu həkimlərə bildirmək vacibdir. Xəstəyə həkim göstərişi olmadan dərman, xüsusilə aspirin və ya qan durulducu preparat vermək olmaz. İnsultun qanaxma ilə bağlı olub-olmadığı yalnız tibbi müayinə ilə müəyyən edilə bilər. Qida və su vermək də düzgün deyil, çünki udma funksiyası pozula bilər.
Müasir tibbdə insultun bəzi növlərində damar daxilindəki laxtanı əridən dərmanlardan və ya laxtanın xüsusi üsulla çıxarılmasından istifadə olunur. Lakin bu müalicələrin tətbiqi xəstənin vəziyyətindən, insultun növündən və simptomların başlanmasından keçən müddətdən asılıdır. Buna görə ilk dəqiqələrdən düzgün hərəkət etmək həyati əhəmiyyət daşıyır.
İnsultun qarşısını almaq mümkündürmü?
İnsult riskini azaltmaq üçün gündəlik həyat tərzinə və sağlamlıq nəzarətində bir sıra tədbirlərə əməl etmək lazımdır.
İlk növbədə qan təzyiqi mütəmadi ölçülməli, yüksək göstəricilər olduqda həkimə müraciət edilməlidir. Diabeti, yüksək xolesterini və ürək ritm pozuntusu olan şəxslər müalicə və nəzarət planına əməl etməlidirlər.
Duzun azaldıldığı, tərəvəz və meyvələrlə zəngin balanslı qidalanma, müntəzəm fiziki aktivlik, tütün istifadəsindən imtina və kifayət qədər yuxu da sağlamlığın qorunmasına kömək edir. ÜST böyüklər üçün həftədə ən azı 150 dəqiqə orta intensivlikli fiziki aktivliyi tövsiyə edir.
Dərmanları özbaşına dayandırmaq, qan təzyiqi normal olduğu üçün müalicəni buraxmaq və ya profilaktik məqsədlə həkim məsləhəti olmadan preparat qəbul etmək düzgün deyil. Hər kəsin risk amilləri fərqli olduğundan müayinələr və profilaktik tədbirlər fərdi qaydada müəyyənləşdirilməlidir.
İnsultdan sonra reabilitasiya da vacibdir
İnsultla mübarizə yalnız xəstənin həyatını xilas etməklə bitmir. Sağ qalan şəxsin gündəlik həyata qayıtması, hərəkət və nitq qabiliyyətinin bərpası, mümkün qədər müstəqil yaşaması üçün reabilitasiya mühüm əhəmiyyət daşıyır.
Fizioterapiya, nitq terapiyası, psixoloji dəstək və digər reabilitasiya xidmətləri xəstənin ehtiyaclarına uyğun təşkil edilməlidir. Reabilitasiyanın nə vaxt və hansı intensivlikdə başlanacağı tibbi vəziyyətə əsasən müəyyənləşdirilir.
Ailə üzvlərinin dəstəyi, xəstənin müntəzəm tibbi nəzarətdə saxlanılması və təkrar insult riskinin azaldılması sağalma prosesinin vacib hissələridir.
İnsultla mübarizə məlumatlılıqdan başlayır
Ümumdünya İnsultla Mübarizə Günü cəmiyyətə mühüm bir həqiqəti xatırladır: insultun qarşısının alınması üçün atılan hər addım, vaxtında tanınan hər əlamət və gecikdirilməyən hər tibbi müdaxilə insan həyatında həlledici rol oynaya bilər.
Dünyada olduğu kimi, Azərbaycanda da bu sahədə maarifləndirmənin genişləndirilməsi, risk amillərinin erkən aşkarlanması, təcili tibbi yardımın vaxtında göstərilməsi və reabilitasiya xidmətlərinin gücləndirilməsi vacibdir.
İnsult qəfil başlaya bilər, amma onun riskini azaltmaq üçün tədbirləri bu gündən görmək mümkündür. Çünki söhbət yalnız bir xəstəlikdən deyil, insanların həyatını, sağlamlığını və gələcəyini qorumaqdan gedir.
Mətanət Məmmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 29 Oktyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















