Icma.az
close
up
RU
İrəvan indi də ŞƏT in qapısını döyür

İrəvan indi də ŞƏT in qapısını döyür

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Paşinyanın “2 stul diplomatiyası”nın yeni ünvanı

Bir-biri ilə kəskin ziddiyyətdə olan müxtəlif güc mərkəzləri ilə eyni dərəcədə yaxınlaşmağı qarşıya məqsəd qoyan, bu siyasəti haqlı olaraq eyni vaxtda iki stulda əyləşmək, yaxud “iki stul diplomatiyası” kimi qiymətləndirilən Ermənistandan yeni xəbər var. Rəsmi İrəvan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq arzusunu ifadə edib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan özünün “Facebook” səhifəsində məlumat verib.

Badalyan bildirib ki, ŞƏT-in əsas prinsiplərini, xüsusilə ərazi bütövlüyü, güc tətbiq etməmək və sərhədlərin toxunulmazlığını bölüşən Ermənistan Respublikası ŞƏT-ə üzv olmaq arzusunu ifadə edib.

Qeyd edək ki, həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu ŞƏT 2001-ci il iyunun 15-də Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Rusiya liderləri tərəfindən Şanxayda təsis olunan beynəlxalq təşkilatdır. 2017-ci ilin iyunun 9-da təşkilata Hindistan və Pakistan, 2023-cü il iyulun 4-də İran, 2024-cü il iyulun 4-də isə Belarus üzv qəbul edilib. Beləliklə, hazırda ŞƏT-in 10 əsas, 2 müşahidəçi üzvü (Əfqanıstan və Monqolustan) və 14 dialoq tərəfdaşı var. Dialoq tərəfdaşları Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka və Ermənistandır.

Təşkilata üzv ölkələrin ümumi ərazisi 35 milyon kvadratkilometrdən çoxdur. Bu, Avrasiya ərazisinin 65 faizi deməkdir. 2022-ci ilə olan məlumata görə, ŞƏT ölkələrinin ümumi əhalisi təxminən 3,5 milyard nəfər idi. Bu isə dünya əhalisinin yarısıdır. Çin Xalq Respublikası iqtisadiyyatı 2014-cü ildən nominal ümumi daxili məhsula görə dünyada ikinci, alıcılıq qabiliyyəti paritetinə əsaslanan ÜDM-ə görə isə birincidir. Rusiya, Çin, Hindistan və Pakistan “kosmik klub”un üzvləridir.

ŞƏT, yumşaq desək, Qərbyönümlü kursu birmənalı şəkildə alqışlamayan ölkələrdən ibarətdir. Hətta, bu məqam üzv dövlətləri birləşdirən ortaq cəhətlərdən biridir, desək, yəqin ki, səhv etmərik. Bir sıra ölkələr, məsələn Rusiya, Çin və Belarus Qərblə kəskin qarşıdurma şəraitindədirlər. Bu mənada Ermənistanın ŞƏT-ə üzv olmaq arzusunu ifadə etməsi rəsmi İrəvanın xarici siyasət prioritetləri ilə bağlı təəccüb doğuran xəbərlər silsiləsindən növbəti məlumatdır. Ermənistan rəhbərliyi bir tərəfdən Rusiya ilə münasibətləri korlayır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyü dondurur, digər tərəfdən isə baş nazir Nikol Paşinyan faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə mayın 9-da keçirilən paradda iştirak üçün Moskvaya gedir. Sonra biz yenidən Qərbyönlü ritorika eşidirik: Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ermənistana səfər edir, Aİ-yə inteqrasiyaya doğru irəliləmək üçün İrəvana dəvət gəlir və qəfildən Ermənistan Xarici İşlər Nazirliyi ŞƏT-ə üzv olmaq arzusunu bəyan edir.

Bəs bütün bunları necə başa düşmək olar? Paşinyan və komandası nəyi, hansı prinsipləri rəhbər tuturlar? Onlar kimi yanlış yönəltməyə çalışırlar? Rəsmi İrəvanın real xarici siyasət hədəfləri nədən ibarətdir? Bu istiqamətdə XQ-nin suallarını cavablandıran politoloq İlyas Hüseynov bildirdi ki, Vətən müharibəsindən və antiterror əməliyyatından sonra Ermənistanın xarici siyasətində köklü dəyişiklik baş verib. Onun sözlərinə görə, əsas dəyişiklik bundan ibarətdir ki, Ermənistan xarici siyasətdə müxtəlif geopolitik qütblərlə bərabər münasibət saxlamağa cəhd edir: “Məndə belə təsəvvür yaranır ki, sanki Vətən müharibəsindən əvvəl və sonra Azərbaycan hansı siyasi xətti yürüdübsə, Ermənistan onu təqlid etməyə çalışır. Həm beynəlxalq platformalarda iştirakçılığın gücləndirilməsi, həm ikitərəfli və çoxtərəfli əməkdaşlıq ifadə edilməsi rəsmi Bakının siyasi kursudur. Xarici siyasətdə təqlidçilik də heç bir dövlətə başucalığı gətirmir. Hər zaman önəmli geosiyasi kurs yürüdən dövlət üstünlük qazanır. Onun arxasınca getməyə çalışan ölkələr isə izləyici mövqeyində olurlar. Çünki dominant qüvvə daim axtarışdadır, müxtəlif çağırışlara cavab verir, özünün xarici siyasətini şaxələndirir, yeni uğurlar əldə edir. Kənar qüvvələr isə buna can atmağa məhkum olurlar. Sanki Ermənistan da bu mövqedən çıxış edir”.

İ.Hüseynov qeyd etdi ki, Prezident İlham Əliyevin aprelin 22-24-də Çin Xalq Respublikasına etdiyi uğurlu dövlət səfərini hamımız xatırlayırıq: “Səfər çərçivəsində – aprelin 23-də imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın bəndlərinin biri Azərbaycan–ŞƏT əlaqələri barədə idi. Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirmişdi. Çin isə Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləmişdi. Biz bu səfərdən sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Çinə səfər etdiyini, həmkarı Van İ ilə görüşdüyünü görürük. Bundan az sonra isə İrəvanın ŞƏT-ə qoşulmaq niyyəti ifadə olunur. Bu, Azərbaycan xarici siyasətinin Ermənistan tərəfindən təkrarlanması anlamına gəlir. Sanki biz harda varıqsa, Ermənistan ora can atır, sanki biz harda güclüyüksə, Ermənistan orda iştirak etmək arzusundadır. Bu, qəribə təsəvvür yaradır və Azərbaycan xarici siyasətinin uğurunu bir daha təsdiqləyir”.

Politoloqun fikrincə, digər tərəfdən Ermənistan elə zənn edir ki, biz hansı platformada varıqsa, həmin platformadan İrəvana qarşı istifadə edəcəyik: “Bu səbəbdən Ermənistan hökuməti də həmin yolla gedir. Azərbaycan KTMT-də, Beynəlxalq Frankofoniya Təşkilatında yoxdur. Ermənistan hər zaman Azərbaycanın iştirak etmədiyi qurumlardan bizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Bu da qəribə mənzərə formalaşdırır”.

İ.Hüseynov hesab edir ki, Azərbaycan özünün xarici siyasətini daha da gücləndirməlidir. Onun fikrincə, Xarici İşlər Nazirliyində keçirilmiş son müşavirə deməyə əsas verir ki, bizim mövqelərimizin güclənməsi istiqamətində mühüm strategiyalar formalaşdırır. Bu strategiyaların icrasının nəticələri də ölkəmizin beynəlxalq uğurlarını artıracaq.

Siyasi tədqiqatçı, Qafqaz Siyasi Təhlil Mərkəzinin direktoru Əhməd Əlili isə bildirdi ki, Paşinyanın komandası üçün həlledici siyasi mərhələ yaxınlaşır. Onun sözlərinə görə, gələn il həddindən artıq gərginlik vəd edir: “Mən iyun ayında Ermənistanda keçiriləcək seçkiləri nəzərdə tuturam. Faktiki olaraq artıq ölkədə seçkiqabağı kampaniya start götürüb. Bu gün atılan bütün addımlara bu yarış kontekstində baxmaq olar. Türkiyə, Rusiya, Çin və beynəlxalq strukturlarla münasibətlərdəki manevrlərə də bu rakursdan yanaşmaq lazımdır. Görünür, Paşinyan Azərbaycanın xarici siyasətini, necə deyərlər, kopyalamağa çalışır. O, həm də tarazlıq nümayiş etdirməyə səy göstərir. Azərbaycan harada iştirak edirsə, Paşinyan da eyni platformalarda olmaq istəyir. Bu, İrəvanın hərəkətlərini əsasən izah edir”.

Ə.Əlilinin fikrincə, Ermənistanın hazırda ŞƏT və Çinlə yaxınlaşmaq istəyi Rusiyanın postsovet məkanında mövqelərinin zəifləməsi ilə bağlıdır: “2022-ci ilin yanvarında Qazaxıstanda baş verən hadisələr çoxlarının xatirindədir. O zaman Rusiya ölkə hakimiyyətinin KTMT-yə müraciətindən istifadə edərək Qazaxıstan ərazisində möhkəmlənməyə çalışdı. Hesab edilir ki, böhrandan uğurla çıxmaq Çinin sayəsində mümkün oldu. Pekin Moskvaya açıq şəkildə bildirdi ki, Qazaxıstanda sabitlikdə maraqlıdır. Nəticədə rus qoşunları geri çəkildi. Bu kontekstdə ŞƏT vasitəsilə Çinlə yaxınlaşma Paşinyana regional siyasətdə mövqelərini gücləndirmək üçün mühüm element kimi görünür”.

Onu da bildirək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iyunun 25-27-də Çində rəsmi səfərdə olub. O, səfər çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşüb, həmçinin digər rəsmi şəxslərlə müzakirələr aparıb. Ermənistanın ŞƏT-ə üzv olmaq niyyəti onun geosiyasi yönünü müəyyən edə bilməməsinin daha bir göstəricisidir. İrəvan bir tərəfdən Qərbə inteqrasiya iddiaları irəli sürür, digər tərəfdən isə Rusiya və Çin kimi güclərin dominantlıq etdiyi təşkilatlara can atır. Bu, ənənəvi eyni vaxtda iki stulda əyləşmək siyasətinin davamı kimi görünür və strateji qeyri-müəyyənliyin dərinləşdiyini təsdiqləyir. ŞƏT-in əsas prinsiplərindən biri olan ərazi bütövlüyünün Ermənistan tərəfindən dəstəklənməsi isə ikili standartları xatırladır. Çünki rəsmi İrəvan uzun illər Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaqla bu prinsipə zidd mövqe tutub. İndi həmin prinsipi qəbul etdiyini bildirməsi ya səmimiyyətsizlik, ya da taktiki gedişdir. Üstəlik, Ermənistanın bu addımı Qərb dairələrində də ciddi suallar doğura bilər. Eyni zamanda, bu, Rusiyanın artan təzyiqlərindən yayınmaq üçün edilən müvəqqəti manevr də ola bilər. ŞƏT-ə üzvlük istəyi, əslində, Ermənistanın regional təşkilatlara qapı döyməklə təhlükəsizliyini kənardan təmin etmək istəyindən qaynaqlanır. Lakin belə ziddiyyətli və prinsipsiz kursla nə Rusiya, nə də Qərb Ermənistanı tam etibarlı tərəfdaş kimi qəbul edəcək.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənc valideynlər niyə övladlarına milli ad verməkdən çəkinirlər?

23 Avqust 2025 02:18see163

“Tramp Putini dayandıra biləcək yeganə şəxsdir” Zelenski

22 Avqust 2025 20:24see135

AFFA nın baş katibi “Qarabağ”ın qonağı olub Şəkillər

23 Avqust 2025 06:01see133

Avtomobil almaq istəyənlərə şad xəbər: say artdı, xərc azaldı 4 min manat...

23 Avqust 2025 07:01see130

“Putin Ukraynaya hücum barədə düşünməsin deyə...”

23 Avqust 2025 04:32see130

Premyer Liqa klubu 70 milyona hücumçu alır

22 Avqust 2025 23:39see127

Benfika dan Beşiktaş a maraqlı mesaj

22 Avqust 2025 23:46see127

Ali Baş Komandanın Kolatağ və Vəngliyə səfəri Böyük Qayıdışın sevinc anları

22 Avqust 2025 18:27see123

Əhalinin qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb RƏY

23 Avqust 2025 15:33see123

Manaf Ağayevin illər ərzində cavanlaşması diqqət çəkdi VİDEO

22 Avqust 2025 16:06see123

Sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib ŞƏRH

23 Avqust 2025 07:31see122

Aİ Ukrayna üçün 4 milyarddan çox vəsait ayırdı

22 Avqust 2025 17:48see122

Slavyan Universitetində plan yerləri nə qədər dolub? Rektor AÇIQLADI

23 Avqust 2025 16:11see121

Niger ordusu: Boko Haram ın lideri öldürülüb

23 Avqust 2025 00:11see121

Kralı təhqir edən siyasətçi və milyarderə bəraət verildi

22 Avqust 2025 18:15see121

Qars İğdır Dilucu dəmir yolu xətti Orta Dəhlizlə strateji inteqrasiyanı gücləndirəcək Deputat

22 Avqust 2025 16:31see120

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see119

Əməkdar artist ilk dəfə ərini PAYLAŞDI VİDEO

22 Avqust 2025 16:28see118

İsrailə yüzlərlə raketlə hücum başladı: Fövqəladə vəziyyət elan edildi

23 Avqust 2025 00:19see118

Avropa İttifaqından məğlubiyyət ETİRAFI “Putin istədiyini aldı”

22 Avqust 2025 14:18see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri