Icma.az
close
up
RU
İslamabad Bakıya oxşayacaq

İslamabad Bakıya oxşayacaq

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

İslamabad, 11 iyul 2024-cü il

Münasibətlərimiz onilliklər ərzində davam edir və … səmimi xarakter daşıyır. Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq.

Məhəmməd ŞAHBAZ ŞƏRİF,
Pakistan İslam Respublikasının Baş naziri

İslamabad, 11 iyul 2024 -cü il

Məlum olduğu kimi, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Təbii ki, nizamı pozulmaqda olan dünyamızın nüvə arsenalına malik olan dövlətlərindən, İslam dünyasının ən böyük ölkələrindən, Azərbaycanın ən sədaqətli dost və tərəfdaşlarından birinin ali liderinin paytaxtımıza dövlət səfəri kimi nüfuzlu ziyarətə gəlməsi barədə mütləq yazmalıyıq. Ancaq bu missiya şəxsən mənim üçün o qədər də asan deyil. Çünki, nədən başlamaq problemi var. Həm əməkdaşlıq etdiyimiz sahələr çoxdur, həm dostluq və tərəfdaşlıq etdiyimiz tarix çoxsaylı əlamətdar faktlarla zəngindir, həm perspektivdə bərabər reallaşdıracağımız mühüm layihələr yetərincədir, həm də əvvəllər bu barədə çox yazmışıq.

Üstəlik, mən bu sətirləri Baş nazirin Bakıda keçirdiyi görüşlərdən əvvəl qeydə alıram. Yəni mətbuat bu mötəbər tədbir barədə geniş məlumat yayacaq.

Bəs onda nədən başlayaq? İslamabadın son otuz ildə daim Azərbaycanın yanında olmasındanmı? Daşnak qonşularımızın Azərbaycanın ərazilərini işğal etdiyinə görə Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdən biri olduğundanmı? İslamabadın 44 günlük İkinci Qarabağ müharibəsindki şanlı Zəfərimizdən sonrakı qətiyyətli addımlarındanmı? Müharibə dövründə ölkəmizin hər yerində Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının yanaşı dalğalanmasındanmı? Pakistan Senatının Xocalı soyqırımını pisləyən qətnamə qəbul etməsindənmi? Ötən ilin yayında Astanada “ŞƏT plyus” formatında keçirilən Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüşün əhəmiyyətindənmi? Yoxsa, cənab dövlət başçımızın 2024-cü ilin iyulunda İslamabadda qarşılanmasının hər bir detalının bədxahlarımıza göz dağı olmasındanmı? Yəni məqalə hazırlamaq prosesində jurnalist üçün faktların azlığı yox, çoxluğu çətinlik yaradır.

Yeri gəlmişkən, dövlət başçılarının elə səfərləri olur ki, həmin səfər barədə ancaq tərəflərin hər ikisinin mətbuat təmsilçiləri söz açırlar. Uzaqbaşı, tərəflərdən hansınınsa ən yaxın dostu olan ölkədəki jurnalistlər həmin səfərə münasibət bildirirlər. Vəssalam! Azərbaycan Prezidentinin Pakistan səfəri zamanı isə bütün İslam ölkələrinin və Türkdilli dövlətlərin mətbuat təmsilçiləri sevinc və məmnunluqla, bədxahlarımız isə böyük həyəcan və təşvişlə söz açmışdılar. Nikol Paşinyana müxalif mövqedə dayanan erməni siyasətçiləri isə “Sos!” siqnalı verirdilər ki, rəsmi Bakı dünyanın nüvə ölkələrindən birini öz qardaşına çevirdiyi vaxtda Paşinyan iki yüz illik himayədarımız olan nüvə dövlətinə – Rusiya Federasiyasına gah dirsək göstərir, gah da kəllə atır.

İrəvana “od qoyan” başqa bir fakt isə Azərbaycan, Türkiyə və Pakistan arasındakı iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin xofu idi. Erməni “ziyalıları”nın ətini ürpəşdirən bu faktı Türkiyə mətbuatı belə qiymətləndirmişdi: “Üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə imkan verir”.

Yeri gəlmişkən, ingilis dilində nəşr olunan “The Express Tribune” qəzeti “Pakistanla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə dair 15 sənəd imzalanıb” adlı məqalədə oxucuların diqqətinə çatdırıb ki, iki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlığa dair anlaşma memorandumu, tranzit və preferensial ticarət, mineral ehtiyatlar və geologiya, informasiya texnologiyaları və kommunikasiyalar, elm və texnologiya, kiçik və orta sahibkarlıq və digər sahələr üzrə sazişlər imzalanıb, həmçinin 2024-2029-cu illər üzrə mədəni mübadilə proqramının mübadiləsi olub.

Bundan başqa, “Whenewsenenglish” nəşrinin “Azərbaycan Prezidenti İlham Əliyev İslamabada iqtisadi əməkdaşlıq gündəliyi ilə gəlib” və “The İnternational News” qəzetinin “Azərbaycan Prezidenti Pakistanda iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edir” sərlövhəli məqalələrində vurğulanırdı ki, iki ölkə energetika, infrastruktur, nəqliyyat daşımaları və bir sıra digər sahələrdə, o cümlədən müdafiə sənayesində bir sıra layihələri nəzərdən keçirib: “Prezident İlham Əliyev qeyd edib ki, iqtisadiyyat, ticarət və sərmayələr sahələrində güclü əlaqələr qurulacaq, qarşılıqlı ticarətin həcmi artırılacaq. Bu məqsədlə ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən edilib və bu, yalnız başlanğıcdır”.

Yaxud, “Minute Mirror” nəşrində dərc olunmuş “Şahbaz Şərif Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı gücləndirir” sərlövhəli məqalədə qeyd edilirdi ki, Pakistanın Baş naziri qarşılıqlı mənfəətli layihələrə ilkin olaraq 2 milyard dollar dəyərində investisiyalarla bağlı müzakirə aparıldığını, noyabrda onun Azərbaycana səfəri zamanı (xatırladaq ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ötən il noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlmişdi) bu sərmayəyə dair razılaşmaların imzalanmağa hazır olacağını deyib. Diqqətə çatdırılıb ki, tərəflər qarşıdakı illərdə bu rəqəmi daha da artırmağı planlaşdırırlar”.

İslamabadda çıxan “The Nation” qəzetində isə tanınmış pakistanlı siyasi icmalçı Tazin Axtarın müəllifi olduğu məqalədə qeyd olunur ki, Şərqlə Qərbin qovuşduğu və Avropaya qapı açan Cənubi Qafqazın inkişaf edən iqtisadi gücü olan Azərbaycan Respublikasının Prezidenti Pakistanda ikigünlük səfərdədir. O, ikitərəfli münasibətlərin əsl qurucusu olan atası, ümummilli lider Heydər Əliyevdən hərarətli hissləri və qardaşlıq qurmaq həvəsini miras almış lider, Pakistanın böyük dostudur”.

Bu dostluq və tərəfdaşlıq münasibətlərinin tarixçəsinə nəzər salarkən xüsusi vurğulanmalı məqamlardan biri də odur ki, Pakistan Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkədir. Azərbaycanın dövlət müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr sonrakı il iyunun 9-da qurulmuşdur.

Əvvəlcə Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Xarici İşlər Nazirliyimizin elektron resurslarından oxuyuruq ki, Pakistan Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da yaradılıb. 1993-cü il aprelin 30-da Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Bu ölkə ilə əməkdaşlığımızın inkişafına stimul verən əsas amil isə Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ilin aprel ayında Pakistanda rəsmi səfəri olub. Həmin səfər zamanı iki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən 9 sənəd imzalanıb.

Son zamanlar isə bu əməkdaşlıq və tərəfdaşlıq tendensiyası daha iti sürətlə inkişaf etdirilir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqı Vətən müharibəsi dövründə Pakistan dövlətinin sərgilədiyi prinsipial mövqeyin, ölkəmizin haqq işinə verdiyi siyasi-mənəvi dəstəyin əhəmiyyətini yaxşı başa düşür və yüksək qiymətləndirir.

Ekspertlərin “dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın nümunəsi” adlandırdığı Azərbaycan – Pakistan münasibətləri haqqında qələmə aldığımız bu sətirləri Baş nazir Məhəmməd Şahbaz Şərifin ötən ilin iyulunda Azərbaycan Prezidenti ilə birlikdə mətbuata verdiyi bəyanatdakı fikirlərlə tamamlamaq istərdik: “Bu səfər, həqiqətən də, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın tamamilə yeni dövrünü açacaq. Mən qeyd etmək istərdim ki, bir qədər əvvəl sizin burada əyləşən ekspertlərinizdən biri tərəfindən hazırlanmış İslamabadın abadlaşdırılması planı təqdim olundu…O, özünün abadlaşdırma planını təqdim etdi. Biz bu cür planları bəzən İstanbuldan nümunə götürürdük, indi isə Bakıdan nümunə götürürük. Onun komandası bu yaxınlarda İslamabada səfər edəcək. Daxili işlər naziri də buradadır. Heyətin rəhbəri bu fürsətdən istifadə edib İslamabadı Bakıya oxşadacaq. Bu, İnşallah, Sizə məşhurluq gətirəcək”.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see303

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see298

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see247

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see245

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see242

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see240

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see228

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see226

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see221

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see217

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see212

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see207

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see200

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see199

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see194

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see188

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see187

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see170

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri