Icma.az
close
up
RU
İstanbul danışıqları: Rusiya şərtləri sərtləşdirir, Ukrayna dialoqu mənasız sayır TƏHLİL

İstanbul danışıqları: Rusiya şərtləri sərtləşdirir, Ukrayna dialoqu mənasız sayır TƏHLİL

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının əsas gündəmini əsir və meyit mübadiləsi, itkin düşmüş uşaqların taleyi və siyasi məhbuslarla bağlı məsələlər təşkil etsə də, fundamental ziddiyyətlər yenə də əsas rol oynadı.

Rusiya tərəfi görüşü humanitar təşəbbüs kimi təqdim etməyə çalışsa da, Ukrayna nümayəndələri bunu formal xarakterli və nəticəsiz adlandırdılar. Moskva Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrinin Rusiya ərazisi kimi tanınmasını, Kiyevin NATO-dan imtina etməsini və neytral statusa keçməsini bir daha tələb etdi. Bu şərtlər isə sirr deyil ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə açıq şəkildə ziddiyyət təşkil edir.

Görüş, ümumilikdə, diplomatik prosesin davam etdiyini göstərsə də, sülhə gedən yolda hələ ki, ciddi irəliləyiş olmadığını ortaya qoydu.

Ukrayna tərəfi Rusiya ilə dialoqu mənasız sayır

Ukraynalı siyasi ekspert Valeriy Dımov APA-ya açıqlamasında qeyd edib ki, İstanbulda keçirilən son Rusiya-Ukrayna görüşü real danışıqlardan uzaq, formal xarakter daşıyıb, əvvəldən də ciddi nəticə gözlənilmirdi.

Onun sözlərinə görə, Rusiya tərəfi hələ də konstruktiv mövqe sərgiləmir və terrorçu yanaşma ilə “əsirlərlə ticarəti” “mübadilə” adı ilə təqdim edir.

“Mənim bu görüşdən heç bir gözləntim yox idi və İstanbulda baş verənlər, sadəcə, bir görüş idi, danışıqlar yox... Əgər biri səni məhv etmək istəyirsə, sən isə yaşamaq uğrunda mübarizə aparırsansa, bu şəraitdə heç bir razılaşma əldə etmək mümkün deyil. Kiminsə şeytana, sənin isə Allaha inandığın bir vəziyyətdə ortaq məxrəcə gəlmək də çətin olur. Əgər qarşında səni öldürmək istəyən bir qatillə qarşılaşırsansa və sən hələ də beynəlxalq hüquqa, münaqişələrin nizamlanmasına və ya təqdim etdiyin təkliflərin ciddiyə alınacağına ümid edirsənsə, bu, reallığı düzgün qiymətləndirməmək deməkdir. Belə halda, artıq ölü sayılırsan. Məhz buna görə mən bu görüşdən heç bir nəticə gözləmirdim. Nəticə etibarilə, bu görüş də əvvəlki kimi bitdi. Rusiya terrorçu dövlət kimi əsirlərin mübadiləsini bir növ “alverə” çevirib. Bununla belə, mövcud vəziyyəti nəzərə alaraq, ağır yaralanmış və xəstə olan bəzi şəxslərin Ukraynaya qaytarılma ehtimalı bizi sevindirir. Xüsusilə 18-25 yaş arası gənclərin geri qayıtması barədə razılıq ümidverici haldır. Həmçinin, 6 min insanın meyitinin qarşılıqlı mübadiləsi də müəyyən mənada nəticədir. Çünki Rusiya hətta cəsədlərlə belə alver edir. Biz bu təklifləri dəfələrlə irəli sürmüşük. Rusiya tərəfindən nümayiş etdirilən şovinizm, seksist ritorika və ümumilikdə baş verənlərə olan laqeydlik fonunda bu irəliləyişlərə sevinmək üçün əsaslar var. Məsələn, Medinskinin dediklərinə baxın: Guya oğurlanmış uşaqlarla bağlı məsələ Avropada uşağı olmayan nənələrə yönəlmiş təbliğatdır. Bu sözlərə heç bir şərh vermək istəmirəm, sadəcə, sitat gətirirəm. Elə absurd fikirlər səsləndirilir ki, düşünürəm, hətta Gebbels belə məzarda çevrilərdi. İndi isə Rusiya faktiki olaraq Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin artıq təsdiq etdiyi faktı qəbul etməyə başlayır: Putin və onun ətrafı ukraynalı uşaqları oğurlayıb. Bu gün, nəhayət, bəzi uşaqların ailələrinə geri qayıtmaq imkanı yaranır”, - deyə ekspert vurğulayıb.

İstanbulda mövqelər aydınlaşdı, nəticə hələ yoxdur

Rusiyanın Xəzər Strateji Tədqiqatlar İnstitutunun Baş direktoru İqor Korotçenko isə APA-ya açıqlamasında İstanbulda keçirilən Rusiya-Ukrayna görüşünu münaqişənin həlli yolunda atılan müsbət addım kimi dəyərləndirib.

O, Rusiya tərəfinin 6 min ukraynalı hərbçinin qalıqlarını təhvil verməyə və siyasi məhbusların azad olunmasına hazır olduğunu bildirib: “Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən ikinci görüş Ukrayna böhranının həlli yollarını axtarmaq baxımından müsbət addım kimi qiymətləndirilir. Görüş zamanı əsas diqqət tərəflərin memorandum mübadiləsinə yönəlib və nəticədə hər iki tərəf bir-birinin mövqelərini daha yaxşı anlamağa başlayıb. Baxmayaraq ki, Moskva və Kiyev tamamilə fərqli mövqelərə malikdir, Rusiya nümayəndə heyətinin təqdim etdiyi yanaşma kifayət qədər ətraflı, sistemli və konkret nəticələrə hesablanıb. Rusiya tərəfinin fikrincə, irəli sürülən təkliflər həyata keçirilsə, münaqişə tam şəkildə bitmiş sayılacaq. Rusiya, həmçinin, döyüşlərdə həlak olmuş 6 minə yaxın Ukrayna hərbçisinin qalıqlarını qaytarmağa hazır olduğunu bildirib. Bu, humanitar məqamların önə çıxarıldığı görüşdə vacib jest sayılır. Görüşdə siyasi məhbuslar məsələsi də xüsusi vurğulanıb. Rusiya nümayəndələri bu məsələnin memorandumda humanitar bölmənin əsas hissəsini təşkil etdiyini qeyd ediblər. Bildirilib ki, Ukraynada yüzlərlə insan əsassız ittihamlarla həbs olunub və Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) təcridxanalarında saxlanılır. Xüsusi olaraq, tanınmış mühəndis, “MotorSich” zavodunun sabiq rəhbəri Vyaçeslav Boquslayevin taleyinə toxunulub. O, Ukrayna qəhrəmanı adına layiq görülmüş və dörd dəfə Ali Radanın deputatı olmuş bir şəxsdir. Lakin Zelenski hakimiyyəti dövründə Rusiya ilə əlaqədə günahlandırılaraq, saxta ittihamla həbs olunub. Rusiya tərəfi hesab edir ki, bu addım Boquslayevi siyasi arenadan uzaqlaşdırmaq və gələcəkdə sağlam qüvvələrin liderinə çevrilməsinin qarşısını almaq məqsədi daşıyır. Rusiya görüşdə açıq şəkildə bəyan edib ki, Ukraynada siyasi məhbuslar şərtsiz şəkildə azad olunmalı, istəsələr, ölkəni tərk edə və ya xüsusi xidmət orqanlarının təqibindən qorunmalıdırlar. Çünki bu orqanlar siyasi sifarişləri yerinə yetirirlər”.

Rusiyanın irəli sürdüyü şərtlər sülh üçün nə dərəcədə uyğundur?

Rusiya tərəfinin irəli sürdüyü şərtlər Ukraynanın beynəlxalq hüquqla tanınan suverenliyi və ərazi bütövlüyü prinsipləri ilə kəskin ziddiyyət təşkil edir. Moskvanın Krım və digər işğal olunmuş ərazilərin Rusiya Federasiyasının tərkib hissəsi kimi tanınması, Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi və neytral status qəbul etməsi kimi tələbləri Kiyevin dövlət müstəqilliyinə və qərarvermə suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndirilir.

Ukraynalı ekspert Dımov da hesab edir ki, Rusiya tərəfinin irəli sürdüyü şərtlər Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə ciddi ziddiyyət təşkil edir: “Moskva Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrinin Rusiya Federasiyasının tərkib hissəsi kimi tanınmasını tələb edir və bu ərazilərin statusunun müzakirə mövzusu olmadığını bildirir. Həmçinin, Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi və neytral dövlət kimi qalması şərt kimi irəli sürülür. Bu tələblər beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini pozur və Ukraynanın dövlət suverenliyini məhdudlaşdırmağa yönəlmiş addımlar kimi qiymətləndirilir.

Rusiya Ukraynaya sülh danışıqları üçün irəli sürdüyü şərtlərlə ölkənin suverenliyi və ərazi bütövlüyünü ciddi şəkildə pozur. Moskva Krım və işğal etdiyi dörd bölgənin Rusiyanın ayrılmaz hissəsi kimi tanınmasını, Ukraynanın NATO-ya qoşulmamasını və neytral statusda qalmasını tələb edir. Eyni zamanda, Ukrayna ərazisində xarici hərbi qüvvələrin yerləşdirilməsinə və kütləvi qırğın silahlarının gətirilməsinə qadağa qoyulmasını istəyir. Bu maksimalist tələblər beynəlxalq hüquqla ziddiyyət təşkil edir.

İstanbulda keçirilən son görüşdə Rusiya bu şərtləri memorandum şəklində yalnız bir neçə saat əvvəl təqdim edib və ABŞ tərəfinin iştirakını istəməyib. Əsl məqsəd danışıqların imitasiyası və siyasi təzyiqin davam etdirilməsi idi. Putin bu yolla Avropa İttifaqının sanksiyalarını əngəlləməyə, Tramp isə Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır.

Trampın “yalnız uduzan tərəf sülh istəyir” ritorikası Rusiyanın terror hücumlarını davam etdirməsinə stimul verir. ABŞ Konqresində trampçı qanad Ukraynaya yardımları bloklayır, lakin son zamanlar Senatda Ukraynanı dəstəkləyən təşəbbüslər də güclənib. ABŞ ictimaiyyətinin əksəriyyəti Ukraynaya yardımın davam etdirilməsini və Putinə güzəşt edilməməsini tələb edir. Putin isə vaxt udaraq həm hərbi, həm siyasi cəbhədə üstünlük qazanmağa çalışır”.

Rusiyalı şərhçi Karotçenkonun sözlərinə görə, Rusiya təqdim etdiyi memorandumda Ukraynanın neytral statusda qalmasını, NATO-ya üzvlükdən imtina etməsini və Krım da daxil olmaqla dörd regionun Rusiya ərazisi kimi tanınmasını tələb edir. Rusiyanı tələblərində haqlı sayan ekspert bildirib ki, Moskva tərəfindən irəli sürülən memorandum həm siyasi, həm də hərbi şərtləri əhatə edir:

“Siyasi hissədə Moskva bir daha bəyan edir ki, Krım və dörd yeni region - Donetsk, Luqansk, Xerson və Zaporojye artıq Rusiya Federasiyasının ayrılmaz hissəsidir və bu ərazilərin statusu heç bir halda, nə faktiki, nə də hüquqi baxımdan müzakirə oluna bilməz. Bu isə Ukrayna qüvvələrinin adıçəkilən bölgələri tamamilə tərk etməsi və həmin ərazilərin Rusiya nəzarətinə verilməsi tələbini irəli sürür. Rusiya, həmçinin, Ukraynanın bloklara qoşulmayan, neytral dövlət kimi qalmasını əsas şərt hesab edir. Bu, NATO-ya üzvlüyün qadağan olunması, habelə Ukraynanın kütləvi qırğın silahlarına, o cümlədən nüvə silahına malik olmaması və belə silahların üçüncü ölkələr tərəfindən Ukrayna ərazisində yerləşdirilməsinin yolverilməzliyi anlamına gəlir. Rusiya, həmçinin, Ukrayna ərazisində heç bir xarici hərbi kontingentin olmamasını tələb edir. Ən əsas şərtlərdən biri də odur ki, gələcəkdə Ukraynanın neytral və bloklara qoşulmayan statusunun dəyişdirilməsinə heç bir cəhd edilməməlidir. Hərbi sahədə isə qarşılıqlı iddialardan imtina, vurulan hərbi zərərlərə görə kompensasiya tələblərinin aradan qaldırılması və bu öhdəliklərə nəzarət mexanizmlərinin yaradılması zərurəti vurğulanır. Rusiya bu memorandumu balanslı və hərtərəfli sənəd kimi təqdim edir və bildirir ki, əgər bu şərtlər qəbul olunarsa, dərhal və uzunmüddətli sülh bərqərar ola bilər. Rusiya ümid edir ki, ABŞ-ın 47-ci prezidenti Donald Trampın Administrasiyası bu təklifləri ciddi şəkildə nəzərdən keçirəcək və Ukrayna böhranının siyasi yolla tənzimlənməsi üçün əsas kimi qəbul edəcək. Əgər Kiyev, Avropa İttifaqı və Böyük Britaniya bu plandan imtina edərsə, Moskva xüsusi hərbi əməliyyatın qarşıya qoyduğu məqsədlərə hərbi yolla nail olacağını açıq şəkildə bildirir”.

İtkin düşmüş uşaqların taleyi

Oğurlanmış uşaqlarla bağlı İstanbul görüşündə konkret mexanizmlərin müzakirə olunması, bu məsələ üzrə əldə olunan razılıqlar danışıqların mühüm elementlərindən sayılır.

Ukraynalı politoloq Dımovun fikrincə, İstanbul görüşü ukraynalı uşaqların geri qaytarılması baxımından mühüm, lakin məhdud nəticə verdi: “Minlərlə oğurlanmış ukraynalı uşaqdan yalnız çox az bir qisminin, bəlkə də yüzdə birinin Ukraynaya qaytarılması ehtimalı yaranıb. Rusiya əvvəlki kimi oğurlamaları inkar etsə də, təqdim olunan siyahıları qəbul etməklə, faktiki olaraq bu uşaqların Rusiya ərazisində olduğunu etiraf etmiş oldu. Bu, ailələr üçün az da olsa ümid yaradır.

Hərbi cinayətlərin sənədləşdirilməsi davam edir. Haaqa Beynəlxalq Cinayət Məhkəməsi bu məsələləri ciddi şəkildə araşdırır. Rusiya nümayəndə heyətinin başçısı Medinskinin verdiyi absurd və antihumanist bəyanatlar Kremlin mövqeyinin qeyri-ciddiliyini bir daha göstərdi.

Bu uşaq oğurluqları təkcə hərbi deyil, bəşəriyyətə qarşı cinayətdir və cəzasız qalmayacaq. Beynəlxalq ictimaiyyətin və Avropa tərəfdaşlarının səyləri nəticəsində Rusiya müəyyən uşaqları geri qaytarmağa razılaşsa da, bu, yalnız prosesin başlanğıcı ola bilər. Ukrayna tərəfi ümid edir ki, digər uşaqların da taleyi aydınlaşdırılacaq və məsul şəxslər ədalət qarşısında cavab verəcək”.

Məsələyə dair fikir bildirən rusiyalı ekspert Korotçenko isə hesab edir ki, Ukrayna uşaqların itkin düşməsi məsələsini siyasiləşdirir: “Ukraynalı uşaqların “itkin düşməsi” ilə bağlı məsələ son dərəcə siyasiləşdirilib. Təbii ki, biz bu gün Rusiya Federasiyasına daxil olan və ya bizim azad etdiyimiz ərazilərdə uşaqları, qadınları, yaşlı insanları tək qoyub gedə bilmərik. Bu kateqoriyadan olan vətəndaşları Ukrayna Silahlı Qüvvələrinin daimi atəş və hücumları altında buraxmaq mümkün deyil.

Ona görə də, təbii olaraq, bu insanlar daha təhlükəsiz rayonlara təxliyə olunublar. Konkret mexanizmə gəldikdə isə, Rusiya nümayəndə heyətinin rəhbəri kimi Medinski İstanbul danışıqlarında açıq şəkildə bildirdi ki, Rusiya bu məsələlərin hamısını kompleks şəkildə qiymətləndirmək və müvafiq siyahılarda adı keçən hər bir şəxsin taleyini izləmək şərti ilə müzakirəyə hazırdır.

Eyni zamanda qeyd etmək istərdim ki, Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti işğalı altında olmuş Kursk vilayətinin bəzi rayonlarında rus mülki əhalisinə qarşı kütləvi vəhşiliklər, işgəncələr, məhkəməsiz edamlar və qətllər həyata keçirilib. Bu isə beynəlxalq humanitar hüququn normalarının birbaşa pozulmasıdır. Beynəlxalq ictimaiyyət Ukrayna milli bölmələrinin və Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən bu ərazilərdə törədilmiş hərbi cinayətlərin araşdırılması məsələsini gündəmə gətirməlidir. Bu cinayətlər həmin ərazilərdə, yəni Kursk vilayətinin müvəqqəti işğal olunmuş hissələrində baş verib və Ukrayna ordusu oradan çıxarılana qədər davam edib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 İyun 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see300

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see165

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin etmək iqtidarındadır...

06 İyun 2025 00:17see124

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see123

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see121

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see120

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see118

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see117

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see116

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see116

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see116

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see115

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see115

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see113

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see112

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see112

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see112

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see111

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see111

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri