Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Bir istedadın izi ilə

Bir istedadın izi ilə

Icma.az, 525.az saytına istinadən bildirir.

Güney Azərbaycanı mən əvvəlcə xəritədə deyil, sözdə, fikirdə və yaddaşda tanıdım; şeirində səsini eşitdim, ədəbiyyatında ruhunu duydum, susduğu yerdə belə ürəyindən keçənləri hiss etdim. Mənim üçün o, sərhədimizdən kənarda qalsa da, doğmalığını itirməyən bir yurd yeridir. Çünki sərhədlər çəkilməzdən çox əvvəl söz, fikir və yaddaş bizi bir-birimizə bağlayıb, eyni dilin, eyni yaddaşın içində doğmalaşdırıb.

Güneyin ədəbiyyatı, milli düşüncəsi və sənət adamları da elə bu doğmalığın davamıdır. Orada yazılan hər misrada, yaşadılan hər milli dəyərdə ortaq mədəniyyətimizin izləri var. Güneyin söz adamlarını tanıdıqca ana dilinə bağlılığın, milli ruhun və yaddaşın onların yaradıcılığında necə güclü yaşadığını daha yaxından duyuram. Buna görə Güney Azərbaycan ədəbiyyatını izləmək mənim üçün sadəcə maraq deyil, mənə doğma olan bir söz dünyasına yaxınlaşmaqdır. Bu söz dünyasını düşünəndə isə yaddaşımda ilk olaraq böyük Şəhriyar, onun ölməz “Heydərbabaya salam” poeması və Səməd Behrənginin “Balaca Qara Balıq” əsəri canlanır.

Çünki bəzən bir xalqın yaddaşını tarix kitablarından daha çox bir şeir, bir hekayə, hətta bircə misra qoruyub saxlayır. Güneyin ədəbiyyatında da söz yalnız estetik vasitə deyil. Söz yaddaşdır, müqavimətdir, kimlikdir, insanın öz kökünə doğru uzatdığı görünməz əldir.

“Heydərbabaya salam” mənim üçün sadəcə bir poema deyil; doğma yurda, uşaqlıq xatirələrinə, ana dilinə və milli yaddaşa ünvanlanan səmimi bir salamdır. Şəhriyar Heydərbabaya müraciət edərkən, əslində, bütöv bir elin yaddaşını, kənd həyatını, adət və ənənələrini, insanlarını və keçmişə duyulan həsrəti misralara köçürür. Heydərbaba burada yalnız bir dağ deyil, doğmalığın, yurd sevgisinin və insanın öz köklərinə bağlılığının rəmzinə çevrilir. Poemanı oxuduqca sanki bir xalqın yaddaşı danışır, uzaqda qalan doğma yerlərin səsi eşidilir.

Şəhriyarın misralarında insan bəzən öz uşaqlığını görməsə belə, uşaqlığının həsrətini duyur. Çünki Heydərbaba artıq təkcə şairin xatirələrinin dağı deyil. O, ayrılığın o tayında qalan hər doğma yerin, hər itirilmiş zamanın adıdır.

Səməd Behrənginin “Balaca Qara Balıq” əsəri isə sadəcə uşaqlar üçün yazılmış bir nağıl deyil, azadlığa, sərbəst düşüncəyə və böyük dünyanı kəşf etməyə can atan bir ruhun hekayəsidir. Balaca balıq ona göstərilən sərhədlərlə kifayətlənmir, hamının doğru qəbul etdiyi yolu sorğulayır və öz həqiqətini tapmaq üçün axına qarşı üzməyə cəsarət edir. Onun yolçuluğu qorxuya, susqunluğa və məhdudiyyətlərə qarşı kiçik, amma mənalı bir üsyandır. Bu baxımdan Balaca Qara Balıq azad düşüncənin, cəsarətin və insanın öz yolunu seçmək istəyinin simvoluna çevrilir.

Əslində, Şəhriyarın Heydərbabaya boylanan nəzəri ilə Behrənginin dənizə doğru üzən balığının arasında görünməz bir bağ var. Biri köklərə qayıdır, digəri sərhədlərdən çıxmağa çalışır. Biri yaddaşın, digəri axtarışın səsidir. Hər ikisinin başlanğıcında isə insanın özünü və dünyanı anlamaq ehtiyacı dayanır.

Bu ədəbi yol bu gün də davam edir. Nəsillər dəyişir, ifadə formaları yenilənir, amma sözün qarşısında dayanan suallar dəyişmir. Kimlik, azadlıq, insan, yaddaş, tənhalıq və cəmiyyət müxtəlif biçimlərdə ədəbiyyata qayıdır. Hər yeni nəsil həmin suallara öz zamanının dili ilə cavab axtarır.

Son vaxtlar izlədiyim qələm adamlarından biri də gənc və istedadlı yazar Əli Çağladır. Onun yazıya münasibəti xüsusilə diqqətimi çəkir. Əli Çağla yazmaq haqqında belə deyir: “Mənim üçün yazmaq sadəcə bacarıq və ya şəxsi həvəs deyil. Yazmaq həyatın yazılı versiyasıdır. Amma bu versiyada bəzi əlçatmazlar əlçatan olur, imkansızlıqlar imkan tapır, ruhumun yaraları sağalır, boşluqlar dolur. Hər dəfə yazanda sanki həyatı yenidən qururam, içimdəki xaosu sözlərə çevirib nizamlayıram.”

Bu yanaşmada yazı artıq kağız üzərində qurulan mətn olmaqdan çıxır. O, insanın özü ilə söhbətinə, içində dağılmış parçaları yenidən bir yerə toplamaq cəhdinə çevrilir. Bəlkə də yazıçının sözlə münasibətinin ən həssas tərəfi elə budur: həyatda dəyişdirə bilmədiyini mətnin içində yenidən qurmaq.

Əli Çağla özünü daim axtarışda olan, yeniliyə meyilli və müstəqil düşünən ədəbiyyat adamı kimi təqdim edir. Yaradıcılığa ehtiyat və məsuliyyətlə yanaşır; hər hansı əsəri ortaya qoymazdan əvvəl onun formasını, dilini və orijinallığını ciddi şəkildə düşünür.

Əli Çağlanın ədəbi mövqeyində özünütənqidlə iddia yanaşı dayanır. O, hazır qəlibləri təkrarlamaqdan daha çox onları sorğulamağa, yeni ifadə imkanları axtarmağa üstünlük verir. Onun üçün ədəbiyyatda yalnız nə demək deyil, necə demək də xüsusi əhəmiyyət daşıyır. Buna görə yaradıcılığında forma, dil və üslub axtarışları ön plana çıxır.

Ədəbiyyatda öz səsini tapmaq bəzən yaxşı yazmaqdan da çətin məsələdir. Çünki sözlərin çoxu bizdən əvvəl deyilib, yolların çoxundan bizdən əvvəl keçilib. Yazıçının imtahanı məhz burada başlayır: tanış sözlər içindən öz səsini çıxarmaq, köhnə suallara başqa bir pəncərədən baxmaq. Əli Çağlanın ədəbi axtarışlarının mərkəzində də bu narahatlıq hiss olunur.

Ədəbiyyata yalnız söz sənəti kimi deyil, kino, teatr, fəlsəfə, memarlıq və digər sənət sahələri ilə əlaqədə baxması onun düşüncə dünyasının genişliyini göstərir. Əli Çağlanın yaradıcılığında hiss olunan əsas cəhətlərdən biri də məhz budur: axtarmaq, sınamaq və özünəməxsus bir yol tapmaq istəyi.

Onun “Şahmat” adlı hekayəsi də diqqət çəkən əsərlərindəndir. Burada şahmat sadəcə bir oyun deyil, insan həyatının, seçimlərin və həmin seçimlərin doğurduğu nəticələrin rəmzi kimi qarşımıza çıxır. Müəllif insanın çox zaman qazandığı xoşbəxtlikləri unudub məğlubiyyətlərini yaddaşında yaşatmasına toxunur. Keçmişdə buraxılan və dərs çıxarılmayan səhvlər isə zamanla yenidən insanın qarşısına çıxır. Hekayənin düşüncəsində həyat sanki şahmat taxtasıdır: hər addım bir seçim, hər seçim isə sonrakı gedişin başlanğıcıdır.

Bəlkə də həyatla şahmatın ən böyük oxşarlığı budur: edilmiş gedişi geri qaytarmaq mümkün deyil. İnsan yalnız həmin gedişdən sonra yaranan vəziyyətlə yaşamağı və növbəti addımını düşünməyi bacara bilər. Bu mənada “Şahmat”ın taxtası üzərində hərəkət edən təkcə fiqurlar deyil, insanın yaddaşı, peşmanlığı və seçimləridir.

Əli Çağla 26 iyun 2002-ci ildə Təbriz şəhərində anadan olub. Humanitar elmlər üzrə təhsil alıb. Gənc yaşlarından ədəbiyyata maraq göstərən yazar şeir, hekayə və roman janrlarında yaradıcılıqla məşğul olur. Əli Çağlanın şeir və hekayələri Azərbaycan, Türkiyə, İraq, İran və Almaniyanın müxtəlif mətbuat orqanlarında, eləcə də Güney Azərbaycan ədəbi mühitində yayımlanıb. O, eyni zamanda tərcüməçilik fəaliyyəti ilə məşğul olaraq Azərbaycan, Türkiyə və dünya ədəbiyyatının tanınmış əsərlərindən nümunələri tərcümə edib, Güney Azərbaycanda oxuculara çatdırıb.

Yazar “Dəlilərin sevgisi”, “Niyar karvanı” və “Balıqsız dəniz” romanlarının müəllifidir. Müəllif haqqında təqdim edilən məlumata görə, bu əsərlərin İranda nəşrinə hökumət tərəfindən icazə verilməyib. Onun yaradıcılığına “Oyanmaq”, “Katarina", “Oğru” və “Həyat və ölüm” kimi əsərlər də daxildir.

Əli Çağlanın yaradıcılığında yeni ifadə formalarına maraq, eksperimentə meyl və ənənəvi ədəbi qəliblərdən kənara çıxmaq cəhdi diqqət çəkir. Əsərlərinin adlarında belə bir narahatlıq, alışılmış mənaları yerindən oynatmaq istəyi sezilir. “Oyanmaq”, “Katarina", “Oğru” və “Həyat və ölüm” kimi adlar oxucunu sadəcə mətnə dəvət etmir, onun qarşısında sual qoyur. Sanki müəllif əvvəlcə sözlərin adi düzülüşünü pozur, sonra həmin pozuntunun içində başqa bir məna yaratmağa çalışır.

Bu şəhər çox unutqandır,

Bu şəhər duzu yeyib, duzqabını sındırandır.

Cəmi iki misrada şəhər cansız məkandan çıxıb xarakter qazanır. Unudan, nankorluq edən, yaddaşını itirən bir varlığa çevrilir. Buradakı şəhər bəlkə də təkcə küçələrdən, binalardan, daşdan və divardan ibarət deyil. O, insanların münasibətlərindən, unutduqlarından və unutdurduqlarından yaranmış mənəvi bir məkandır.

Əli Çağlaya görə, ədəbiyyatın cəmiyyətə verdiyi faydanı iqtisadi mənfəətlə ölçmək doğru deyil. Ədəbiyyat insanın və cəmiyyətin düşüncəsini inkişaf etdirməli, dünyagörüşünü genişləndirməli, eyni zamanda digər humanitar elm və sənət sahələri ilə qarşılıqlı əlaqədə olmalıdır.

O hesab edir ki, ədəbiyyat daim özünü yeniləməli və müasir insanla birlikdə dəyişməlidir. Əks halda zamanla cəmiyyətə təsir gücünü itirə bilər. Əli Çağlanın ədəbi mühitlə bağlı mövqeyi isə kifayət qədər sərtdir. Onun fikrincə, ədəbiyyatın inkişafına mane olan əsas problemlərdən biri müəyyən qrupların və ədəbi monopoliyaların şəxsi maraqları naminə yeni, fərqli və istedadlı müəlliflərin qarşısını kəsməsidir.

Əli Çağlanın üzərində dayandığı əsas məsələlərdən biri də təkrar və təqliddir. O düşünür ki, müasir şeirdə bir çox müəllif ya keçmişi, ya da bir-birini təkrarlayır. Buna görə “şeir ölüb” deməkdənsə, şairlərin yeni söz, yeni forma və yeni ifadə imkanları yaratmaq gücünün zəiflədiyini düşünür. Onun təsəvvüründə poeziyanın qarşısında hələ açılmamış qapılar və gedilməmiş yollar var. Öz yaradıcılığını da məhz həmin yolları tapmaq cəhdi kimi görür.

Əslində, ədəbiyyatın taleyində son söz deyilən bir anlayış yoxdur. Hər nəsil dilə öz nəfəsini gətirir, hər müəllif sözün köhnə divarında özünə yeni bir pəncərə açmağa çalışır. Bəzən həmin pəncərə uğurlu alınır, bəzən yox. Amma ədəbiyyatı diri saxlayan da nəticədən əvvəl bu axtarışın özüdür.

Təqlid onun üçün sadəcə zəif yaradıcılıq deyil, həm də ədəbiyyata və oxucuya qarşı məsuliyyətsizlikdir. Buna görə başqa bir müəllifi təkrarlamaqdansa, özünəməxsus dil və forma tapa bilmədiyi janrda yazmamağı üstün tutur.

Əli Çağla özünü ədəbiyyatda müəyyən bir zirvəyə çatmış müəllif kimi təqdim etmir. Yaradıcılığına əsl qiyməti gələcəyin verəcəyini düşünür. Bununla belə, Azərbaycan ağ şeirində fərqli və orijinal forma yaratmaq istiqamətində axtarış apardığını vurğulayır.

Bütövlükdə, Əli Çağla ənənəni tanıyan, amma onun sərhədləri ilə kifayətlənməyən, təqlidə qarşı çıxan, yenilik, forma və eksperiment axtarışına üstünlük verən gənc yazar təsiri bağışlayır. Onun düşüncəsində ədəbiyyat yalnız söz və estetikadan ibarət deyil; insanın və cəmiyyətin düşüncəsinə təsir göstərə biləcək mənəvi, fəlsəfi və ictimai bir qüvvədir.

Onun haqqında düşünərkən yazının əvvəlindəki misralara yenidən qayıdıram:

Bütün şəhər sözüm ilə güləşir

Güləşirəm, yıxıram,

Hərdən də yıxılıram, qalxıram…

Bəlkə də gənc yazıçının taleyi elə budur: sözlə, şəhərlə, zamanla, hətta bəzən özü ilə güləşmək. Hər dəfə qalib gəlmək şərt deyil. Əsas məsələ yıxıldıqdan sonra yenidən sözün arxasınca qalxmaqdır. Ədəbiyyatın özündə də bir az bu inad var. Yıxılır, susdurulur, unudulur, amma başqa bir şairin, başqa bir yazıçının dilində yenidən ayağa qalxır.

Mən bu gün,

Unutdum arxada buraxdığım dərdimi,

Sən isə buraxdın dəyişdiyin dərini

Nə bilim!

Hansı meşənin ortasında.

Dərdim, cırıq paltarlarım idi uşaqlıqda

Onları soyunub asqıdan asdım.

Böyüdükcə, böyüdü dərdlərim də

Asqıdan götürüb geydim, böyüklüyə ayaq basdım.

Sənin dərin dəyişiləndə iniltini duymadılar,

Səni öz sevdiklərin dəyişilmiş görəndə

Yanlarına qoymadılar.

Mənim dərdim böyüdükcə

Sevdiklərim kiçildilər, daha məni saymadılar.

Sən dərini tənhalığında soyundun,

Mən dərdimi tənhalığımda geyindim

Yağışın altında ağlayım deyə küçəyə çıxdım...

Əli Çağla insanın dəyişməsini təbiətin dəyişməsi ilə yanaşı qoyur. İlan köhnə dərisini soyunub yoluna davam edə bilir, insan isə keçmişindən belə asanlıqla ayrıla bilmir. Unutduğunu düşündüyü dərd belə haradasa onunla qalır, böyüyür, başqa şəklə düşür və bir gün yenidən qarşısına çıxır. Şairin düşüncəsində böyümək yalnız yaş almaq deyil, insanın öz içində daşıdığı yükün də dəyişməsidir. Əli Çağlanın şeir dünyasında insan çox vaxt özü ilə üzbəüz qalır. Tənhalıq, yaddaş, unutmaq, böyümək və itirmək bir-birinə qarışır. O, dərdi yalnız ağrı kimi deyil, insanı dəyişdirən, onunla birlikdə böyüyən bir hiss kimi təqdim edir. İlan dərisini dəyişərək əvvəlki halından ayrılır, insan isə nə qədər dəyişsə də, yaşadıqlarını tamamilə geridə qoya bilmir.

Bu düşüncə onun yaradıcılığında şəhər və insan münasibətində də özünü göstərir. Şəhər bəzən unudur, insan xatırlayır. İnsan unutmağa çalışır, yaddaş imkan vermir. Beləcə, söz onun üçün sadəcə hissləri ifadə etməyin yolu deyil, insanın öz içində baş verənləri anlamaq cəhdinə çevrilir.

Güney Azərbaycan ədəbiyyatına baxanda Şəhriyarın Heydərbabaya ünvanladığı səsdən, Behrənginin böyük dünyaya can atan Balaca Qara Balığından bu günün gənc yazarlarının ədəbi axtarışlarına qədər uzanan bir söz yolu görünür. Zaman dəyişir, nəsillər dəyişir, sözün şəkli dəyişir, amma ana dilində düşünmək, yaddaşı yaşatmaq və insanın öz həqiqətini sözlə ifadə etmək ehtiyacı qalır.

Bəlkə də ədəbiyyatın gücü elə bundadır. İnsan hər şeyi özü ilə apara bilməsə də, yaşadıqlarından bir sözü, bir xatirəni, bir duyğunu gələcəyə saxlaya bilir.

Samir Əsədli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Avqust 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see568

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see293

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see202

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri