Jurnalistlik yaşda deyil, başdadır
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Qurultay bitdi, indi söz işindir
Azərbaycan jurnalistlərinin doqquzuncu qurultayını da arxada qoyduq. Mətbuat Şurasının yeni İdarə Heyəti seçildi. Jurnalistikada ciddi iz qoymuş dostlarımızdan bəziləri ilə bu dəfə eyni idarə heyətində təmsil olunmaq baxımından vidalaşdıq, aramıza gənclər də gəldi.
Gəlin etiraf edək ki, eyni simaları eyni yerlərdə uzun müddət görmək yorucudur.. Bu fikri səsləndirmək heç kimə hörmətsizlik kimi qəbul edilməməlidir. İllərlə jurnalistikaya xidmət etmiş insanlara ehtiramımız sonsuzdur, onların təcrübəsinə hörmət etməklə yanaşı, yeni nəfəsə ehtiyac olduğunu da etiraf etməliyik.
Mənə görə ən böyük hörmət bir insana yeni üfüq göstərmək, yeni nəslin qarşısında qapı açmaqdır. Su da bir yerdə uzun müddət hərəkətsiz qalanda durğunlaşır. Jurnalistika isə durğunluğu heç vaxt bağışlamır. Dünya, informasiya, oxucunun gözləntisi dəyişir.
Dəyişiklik tək adların dəyişməsi ilə bitməməlidir. Düşüncədə, iş üsulunda və nəticədə özünü göstərməlidir. Yeni adlar köhnə vərdişləri davam etdirəcəksə, biz ancaq lövhədəki yazını yeniləmiş olacağıq.

Yeni İdarə Heyətinə uğurlar arzulayıram. Seçilməyən dostlarımıza da jurnalistikada möhkəm can sağlığı diləyirəm. Çünki jurnalistin çəkisi onun hansı siyahıda yer almasından çox, cəmiyyətin yaddaşında hansı iz buraxmasından asılıdır.
Məni maraqlandıran bu qurultayın jurnalistikanın özündə hansı dəyişikliyi yaradacağıdır. Qurultayda səslənən fikirlərdən belə təəssürat yarandı ki, jurnalistika daxilində yaşlılar və gənclər arasında bir bölgü aparmaq cəhdi var. Sanki bir tərəfdə təcrübə, digər tərəfdə yenilik dayanır. Az qala elə təsəvvür yaradılır ki, yaşlı olmaq əvvəlki dövrün, gənc olmaq isə müasir dünyanın nümayəndəsi olmaq deməkdir. Ən yanlış yanaşma məhz budur. Gerçək jurnalistlik yaşda deyil, başdadır. Pasport insanın neçə il yaşadığını göstərir, peşəkar düşüncənin neçə addım irəlidə olduğunu nümayiş etdirmir.
Özümü nə gənclərin, nə də yaşlıların tərəfində görürəm. Ona görəə də məsələyə hər iki tərəfdən baxmaq imkanım var. Dünyanın müxtəlif ölkələrində elə yaşlı jurnalistlər var ki, onların çevikliyi, hadisəyə münasibəti, sual vermək bacarığı çox gəncə nümunədir. Eyni zamanda, elə gənc jurnalistlər var ki, yeni texnologiyaları yaxşı mənimsəsələr də, xəbərin mahiyyətini, verilən məlumatın ictimai əhəmiyyətini anlamaqda çətinlik çəkirlər. Deməli, məsələ insanın özünü nə qədər yeniləyə bilməsindədir.
Türkiyənin Sabah qəzetinin müxbiri Yavuz Donat bu mənada diqqətimi çəkən jurnalistlərdəndir. Onunla çox tədbirlərdə, görüşlərdə olmuşam. Əlindən heç zaman qələm-dəftərin düşmədiyinin şahidi olmuşam. Sual verməyə, qeydlər aparmağa, hadisənin içində olmağa davam edir. İllərin təcrübəsi onun marağını öldürməyib. Jurnalist üçün peşəkarlıq neçə il işləməsi ilə ölçülmür, neçə il ərzində öyrənməyə davam etməsi ilə dəyərləndirilir.

Gənc olmaq üstünlük, yaşlı olmaq təcrübədir. Amma bunlar nə zəmanət, nə də toxunulmazlıqdır. Gəncin enerjisi təcrübə ilə birləşəndə, təcrübəli jurnalistin biliyi yeniliyə açıq düşüncə ilə tamamlananda peşə qazanır. Bir jurnalistin inkişafı “Neçə yaşın var?” sualında olmamalıdır, “Bu gün dünəndən daha yaxşı jurnalistsənmi?” sualında olmalıdır.
Jurnalistlik israr tələb edir. Cavab verilməyəndə yenidən soruşmaq, məlumat gizlədiləndə sənədlərin izinə düşmək lazımdır. Amma burada da bir sərhəd var. İsrarçılıqla həyasızlığı, prinsipiallıqla özünü nümayiş etdirməyi qarışdırmaq olmaz.
Jurnalist heç kimdən çəkinməməlidir, amma heç kimə hörmətsizlik etməyi də peşəsinin üstünlüyü saymamalıdır. Onun cəsarəti mövqeyinin dürüstlüyündə görünməlidir. Həqiqəti tələb etmək cəsarətdir. Özünü həqiqətin sahibi hesab etmək isə təhlükədir. Hamıdan ağıllı görünmək də jurnalistin vəzifəsində yoxdur.
Yeni dövrün tələblərini bilmədən müasir jurnalistikadan danışmaq çətindir. Süni intellekt, rəqəmsal platformalar, məlumatların təhlili, video və audio istehsalı, sürətli yayımlanma, auditoriyanın davranışını anlamaq peşənin gündəlik reallığıdır.
Süni intellekt haqqında bir həqiqəti də unutmayaq. O, verilən materialla işləyir. Məlumatı təhlil edə, mətn yarada, müqayisə apara bilər. Amma yanlış, natamam və ya qərəzli məlumatla işləyəndə onun nəticəsi də yanlış olacaq. Süni intellekt jurnalistikanın mühərrikidir, onun vicdanı isə jurnalistdir.

Jurnalist hadisəni anlamırsa, texnologiya onun çatışmazlıqlarını möcüzəvi şəkildə aradan qaldırmayacaq. Əksinə, səhvi daha sürətlə yaymağa kömək edəcək. Yaxşı xammal olmadan keyfiyyətli məhsul yaranmır. Jurnalistikada həmin xammal peşəkar müşahidə, etibarlı mənbə, fakt, müqayisə, kontekst və insan taleyinə həssas münasibətdir. Hər kəs məlumat toplaya bilər. Amma hər kəs məlumatın içindən cəmiyyət üçün əhəmiyyətli olanı seçə bilmir. Yeni dövr həm də jurnalistdən texnologiyanın edə bilmədiyi işi görməyi tələb edir.
Bəli, jurnalist süni intellektlə rəqabət aparmaq üçün ondan daha sürətli yazmağa çalışmamalıdır. O, daha yaxşı araşdırmalı və məsuliyyətli qərar verməlidir. Gələcəyin güclü jurnalisti həm texnologiyanı bilən, həm də insanı unutmayan şəxs olacaq.
Mətbuat Şurasının fəaliyyəti haqqında danışanda bir məqamı da açıq demək lazımdır ki, qurumun gələcəyi təkcə seçilən İdarə Heyətindən asılı deyil. Onun cəmiyyətdə hansı ehtiyaca cavab verməsin bağlıdır.
İlk qurultaylar yadımdadır. O dövrün ab-havası, mübahisələr, qruplaşmalar, səs-küy, jurnalistikanın gələcəyi ilə bağlı fərqli yanaşmalar vardı. O zamanlar medianın münasibətləri, peşə etikası və özünütənzimləmə məsələləri başqa bir tarixi şəraitdə müzakirə edilirdi.
İndi informasiya mühiti tamamilə dəyişib. Sosial şəbəkələr xəbərin yayılma sürətini artırıb, hər kəsi potensial informasiya yayıcısına çevirib. Dezinformasiya, süni intellektlə yaradılan saxta məzmun, şəxsi həyatın toxunulmazlığı, müəllif hüquqları, rəqəmsal təzyiqlər və etibar böhranı medianın qarşısında yeni suallar yaradıb. Belə bir dövrdə Mətbuat Şurasının missiyası da yenidən dəyərləndirilməlidir.
Əgər qurum yalnız şikayətləri araşdırmaq, mübahisələrə münasibət bildirmək və seçkilər keçirməklə kifayətlənəcəksə, dəyişən medianın ehtiyaclarını qarşılamaqda çətinlik çəkəcək. Əgər jurnalistlərin peşəkar müdafiəsinə, etik standartların inkişafına, rəqəmsal media savadlılığına və ictimai etimadın güclənməsinə real töhfə verəcəksə, onun qarşısında yeni fəaliyyət sahələri açılacaq. Mətbuat Şurası öz missiyasını başa vurmaq üzrə olan qurum kimi yox, missiyasını yeni dövrün tələblərinə uyğun yeniləməli olan qurum kimi düşünülməlidir.
Qurultayda Mətbuat Şurasının əvvəlki sədri Rəşad Məcidin gənclərə bir-birinə dəstək olmaq, eyni zamanda qruplaşmamaq barədə fikri diqqətəlayiq idi. Bu çağırışda mühüm məna var. Jurnalistikada həmrəylik lazımdır. Amma həmrəylik kor-koranə tərəfkeşlik olmamalıdır. Bir jurnalistin haqqı tapdalananda digər jurnalistlər onun yanında dayanmalıdırlar. Amma həmin jurnalist səhv edəndə də peşə həmrəyliyi həqiqətin üstünü örtmək vasitəsinə çevrilməməlidir.
İdarə Heyətinə seçilmək jurnalistikada üstünlük statusu qazandırmır. Bu, daha çox məsuliyyət götürmək deməkdir. Yeni üzvlərdən gözləntimiz odur ki, özlərini jurnalistikanın yeni problemlərinə cavab axtaran insanlar kimi göstərə bilsinlər. Seçilməyənlərdən də gözləntimiz var. Jurnalistikaya xidmətin idarə heyətində təmsilçiliklə ölçülmədiyini unutmasınlar. Jurnalistika hamımızdan böyükdür.

Bu yazını doqquzuncu qurultaya bir sözardı kimi də qəbul edə bilərsiniz. Mən nə yaşlıların, nə də gənclərin tərəfini tuturam. Mən Azərbaycan jurnalistikanın yanındayam. Elə yaşlı jurnalistlər var ki, onların təcrübəsi hələ uzun illər peşəyə xidmət edəcək. Elə gənclər var ki, onların düşüncəsi, enerjisi və yeniliyə açıqlığı medianın gələcəyini dəyişəcək. Hər iki tərəfin bir-birindən öyrənəcəyi çox şey var. Gənclər təcrübəyə yuxarıdan baxmamalıdırlar. Təcrübəlilər də yeniliyə qapılarını bağlamamalıdırlar. Mənim üçün jurnalistin yaşı onun doğum tarixindən çox, düşüncəsinin yenilənmə tarixi ilə bağlıdır. Ona görə də bir daha deyirəm, jurnalistlik yaşda deyil, başdadır.
Seçilənlərə bir daha uğurlar arzulayıram. Seçilməyənlərə də jurnalistikada möhkəm can sağlığı diləyirəm.
Qurultay bitdi. İndi söz işindir.
Düşünməliyik ki, jurnalistikada ən yaxşı yazı hələ yazılmyıb, ən vacib sual hələ verilməyib.
Və əsas odur ki, yeniliklər var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Oktyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















