Icma.az
close
up
RU
KAMAL ABDULLA İLƏ MÜSAHİBƏ

KAMAL ABDULLA İLƏ MÜSAHİBƏ

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az "Kamal Abdulla -75 layihəsi çərçivəsində" Orxan Həsəninin Xalq yazıçısı Kamal Abdulla ilə müsahibəsini təqdim edir.
Xalq yazıçısı Kamal Abdulla ilə Azərbaycan Dillər Univeristetində görüşürük. Bir qədər söhbətləşəndən sonra Filologiya fakültəsindən məzun olduğumu öyrənib, tələbəlik illərini xatırlayır.

Böyük Azərbaycan mənim üçün Filologiya fakültəsinin birinci kursunda aydın oldu. Bu fakültəyə müxtəlif rayonlardan adamlar gəlmişdilər; qazaxlı, gəncəli, lənkəranlı. Onlarla ünsiyyətdən sonra başa düşdüm ki, Azərbaycan nədir? O vaxta qədər Vətən haqqında şeirlər deyirdik, amma Vətənin mənasını anlamırdıq. Filologiya fakültəsinə qəbul olandan sonra Azərbaycanı hiss elədik. Bir-birimizə sıxılıb oturduq və zamanla başa düşdük ki, bir-birimizə yox, Azərbaycana sıxılıb oturmuşuq.

Bu ilin dekabrında yetmiş beş yaşınız tamam olur. Cerom Selincerin belə bir cümləsi var: uşaqlıq kosmos kimidir, heç vaxt qurtarmır. Yetmiş beş yaşın zirvəsindən baxanda uşaqlıq Sizə nə qədər yaxın görünür?
Mirzə Fətəli Axunodov küçəsində kiçik bir həyətimiz var idi. İndi getsən, görərsən ki, iki metrəlik dar küçədir, amma o vaxt bu bizə çox böyük görünürdü. O küçədə futbol oynayardıq, qaçardıq, öz əlimizlə köhnə əskidən kos düzəldərdik. O vaxt maşın çox gəlib-getməzdi, uzaq başı öz təkərli qutusu ilə dondurma satan keçərdi, uşaqlar onun ətrafına yığışardı. Daha sonra məktəb həyatı başladı və biz başqa bir məhəlləyə köçdük. Bizim kiçik həyətimiz məhəllə ilə əvəz olundu. Bu məhəllə “Cəfər Cabbarlı adına kinoteatr”ın arxasında, Dağlı məhəlləsi idi. Oranın özünəməxsus kodeksləri vardı. Yaşda səndən bir ay böyük onların sözü yüz faiz keçirdi. Ona görə həyatımın çox maraqlı bir dövrünü Dağlı məhəlləsində yaşadım. Yaxın dostlarım, yoldaşlarım oldu. Cürbəcür həngamələrdən çıxdım. Mən həngamələrdən çıxmış adamam. O həngamələr başqa şəkildə bu günə də davam edir. Əgər bunları xatırlaya bilirəmsə, uşaqlığım mənə yaxındır.

Ədəbiyyatla ilk təmasınız kimlərin vasitəsi ilə olub?
Ədəbiyyatla məşğul olmağın mənim üçün iki mərhələsi var. Birinci mərhələ qeyri-şüuru, yəni fəhmlə başlayır, daha sonra şüurlu. Fəhmlə məşğul olmağa, bəlkə, on yaşımdan başlamışam, bundan heç xəbərim olmayıb. Dayım Əli Sultanlı Azərbaycan Antik ədəbiyyatın qurucularından biri idi. Antik ədəbiyyat Azərbaycanda onun yazdığı “Antik ədəbiyyat tarixi” kitabı ilə inkişaf etməyə, özünü göstərməyə başladı. O kitabda çox maraqlı məqamlar vardı. Maraqlı məqamlardan biri o idi ki, elmi təhlillərlə yanaşı Azərbaycan dilində olmamasını nəzərə alaraq müəllif mifoloji süjetləri necə var, kitaba əlavə etmişdi, nağıl kimi. Məsələn “İlliada”dan, “Odisseya”dan süjetlərə rast gəlirdin. Sofoklun, Evripidin əsərlərindən çıxış edərək, Yunan mifologiyasıyla təmas qururdun. Bu təmas mənimlə on yaşımdan başlayıb, süjetləri nağıl kimi o kitabdan oxumuşam.
Sonra mənə orta məktəbdə Zərbəli Səmədov adlı bir müəllim dərs keçdi. O, məni, nəsə gördüyündəmi, ya nədənsə, həmişə Mirzə Kamal çağırardı. Yaşlı, son dərəcə böyük təcrübəyə malik müəllimdi. “Sosialist Əməyi Qəhəmanı” adını almışdı. Mənimlə dərsdən əlavə ədəbiyyatdan, şeir sənətindən, qafiyədən, ritmdən söhbətlər edərdi. Oxumağa əlavə ədəbiyyat verərdi və mən oxuyub onunla müzakirə aparardım.
Bir də mən öz şeirlərimi başqa bir dayım olan Məhəmmədhüseyn Təhmasibin həyat yoldaşı Bilqeyis xanıma tez-tez oxuyardım, onunla bu şeirlər barəsində söhbətləşərdik.
İlk təmasım bu insanlardı.
Daha sonra ədəbi mühitə qoşuldunuz...
Ədəbi mühitlə münasibətim evdə başlamışdı. Dediyim kimi, dayım ədəbiyyatçıydı, Azərbaycan filologiyasının tanınmış nümayəndələrindən biri Ağamusa Axundov yeznəm idi. Ağamusa Axundov dilçi idi. Orta məktəb illərindən mənə müəllimlik edirdi. Dilçiliyi o mənə sevdirdi. Və həmin sevgiyə görə indiki Bakı Dövlət Univerisitetinin Filologiya fakültəsinə qəbul oldum. O vaxt fakültəyə ev şairi kimi getmişdim. Elə bilirdim, çox böyük uğurlar əldə edəcəyəm. Ancaq gəlib gördüm ki, burada artıq hazır şairlər var; Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli və başqaları... Bu yolu əzabla, qafiyə axtara-axtara keçib gəlmişdim, amma onlar Afina Zevsin başından doğulduğu kimi, elə bil həyata şair kimi doğulub gəlmişdilər. İnanmıram ki, Ramiz, Sabir qafiyə axtarsınlar, necəsə ritmin axarına düşməyə cəhd etsinlər. Nüsrət haradasa sevgidən necə yazmaq haqqında fikirləşsin. Bütün bunlar onlara hazır şəkildə, təbii formada gəlirdi. Buna görə ali məktəbdə öz qınıma çəkildim, elmlə məşğul olmağa başladım.
“Dədə Qorqud” həyatınıza bu mərhələdə daxil oldu...
Bəli! O vaxt professor Musa Adilovla birgə işləyirdik. O, məni Dədə Qorquda “yoluxdurdu”. Və üçüncü kursdan başlayaraq “Kitabi Dədə Qorqud Dastanın” Musa müəllimlə birgə söz lüğətini hazırlamağa başladım. Söz lüğətini yazmaq çox çətin iş idi. Biz belə çalışırdıq: məsələn, dastanın ilk cümləsini – “Rəsul əlehissəlam zamanına yaqın Bayat boyından Qorqud Ata derlər bir ər qopdı”nu balaca kağıza yazmalısan. “Rəsul” sözünün altından xətt çəkirsən, sonra həmin cümləni bir də yazırsan və bu dəfə “əleyhissəlam” sözünün altından xətt çəkirsən, sonra bir dəfə də yazırsan və bu dəfə “zamanına” sözünün altından xətt çəkirsən. Yəni, cümlədə nə qədər söz varsa, cümləni bir o qədər yazmalısan. Bəlkə də, bu gün də “Kitabi-Dədə Qorqud” dastanın bəzi hissələrini buna görə əzbər bilirəm. O vaxt çox ağır işə başlamışdım və bu mövzu məni diplom işinə gətirib çıxardı. Daha sonra Moskvada aspirantura illərində “Kitabi-Dədə Qorqudda sintaktik paralelizm” adlı namizlədik işini yazdım, bu isə sonradan “Gizli Dədə Qorqud” silsiləsinin yazılmasına təkan verdi. Dədə Qorqudla doğmalıq bu gün də mənimlə addımlayır.
"Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı Sizi cavabsız qoyan hansısa suallar olub? Sizcə hələ də bu dastanın içində oxucunu və tədqiqatçını gözləyən açılmamış sirlər var?
Bir ara mənə elə gəldi ki, "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı nə varsa, dedik və bu iş bitdi. Yəni artıq burada dilçinin dilçiyə, ədəbiyyatçının ədəbiyyatçıya, yazıçının yazıçıya ötürəcəyi bir mətləb qalmadı. Amma bir qədər keçdi və bizim böyük alimimiz, dostum Rafiq Əliyevlə birgə həm “Kitabi-Dədə Qorqud” dastanı, həm də onun məşğul olduğu qeyri-səlis məntiq nəzəriyyəsi ilə bağlı söhbətlər etdikcə hiss etdik ki, dastanda qeyri-səlis məntiq nəzəriyyəsindən gələn mehin ləpələri dalğalanır. Beləliklə, “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabları yarandı. Dədə Qorquda bu istiqamətdən yanaşdıq və gördük ki, onun dərinində hələ öyrənilməmiş çox mətləblər gizlənib. Biz hələ onun üfüqlərinə yaxınlaşmamışıq, amma o üfüqləri görürük.
Son vaxtlar yazıçılar arasında ədəbi mühitin əhəmiyyəti barədə xeyli müzakirə gedir. Bəziləri deyir, mühitsiz yazıçı yetişə bilməz, bəzilər isə istedadın həmişə özünə yol tapacağını müdafiə edirlər. Kamal Abdulla üçün ədəbi mühit nə qədər vacibdir?
Mənim ədəbi mühit anlayışım bir filologiya fakülətsində mühazirə eşitdiyim adamlar vasitəsi ilə formalaşıb, bir də çayxanalarda. O çayxanalarda həqiqi ədəbi mühit var idi. Çayxanalarda müəyyən əsərlərə, müəyyən yazıçılara verilən qiymət rəsmi qiymətdən fərqliydi. Orada Ramiz Rövşənə, Sabir Rüstəmxanlıya, Eldar Baxışa və başqa şairlərimizə verilən qiymət bizim üçün son dərəcə maraqlıydı. Və bu çayxanların öz üzvləri, daimi gəlib-gedənləri vardı.

Yəqin, Sizin ədəbi nəsildə bir çox gənc yazıçı yaradıcılığa böyük enerjiylə başlasa da, zamanla ədəbiyyatdan uzaqlaşıblar. Bəzən qayğılar, bəzən məcburiyyətlər onları ədəbiyyatdan qoparır. İllərlə bu sahədə fəaliyyət göstərmiş biri kimi Sizcə yazıçını yaradıcılıq yolunda saxlayan ən əsas qayə nədir?
O, elə bir şeydir ki, yazıçıda cavabı yoxdur. Niyə yazır? Çünki yazmaya bilmir. Bu sözdə böyük həqiqət var. Yazmaq istədiyin bir şeyin arxasına düşürsən və ondan ayrıla bilmirsən. Səhər yuxudan oyananda da beynində cümlələr, fikirlər, abzaslar fırlanır. Tələsirsən ki, gəlib kağıza köçürəsən. Bu çox incə, intim və zərif məsələdir. Onu hər adam pafosa söykənib ifadə eləyə bilməz.
Yəni tale məsələsidir.
Bu sirri-xudadır.
“Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox” bir-biri ilə bağlı olsa da, hərəsi fərqli estetik və fəlsəfi qatlara malik romanlardır. Siz bu romanları yazarkən əvvəlcədən trilogiya kimi planlamışdınız, yoxsa yazı prosesi özü onları bir-birinə bağladı?
Mən trilogiya yazmağı qarşıma məqsəd qoymamışam. Amma ola bilər ki, romandan romana keçən oxşar məqamlar var. Bu məqamlar üç romanı haradasa birləşdirir. Məsələn, “Qarağac”. Bu detal özünü həm “Yarımçıq əlyazmada”, həm “Sehrbazlar dərəsində”, həm də “Unutmağa kimsə yox”da göstərir. Əgər oxucular, tədqiqatçılar romanları birləşdirən başqa detallar görüblərsə, əlbəttə, trilogiya hesab edə bilərlər.
Müəyyən bir yaşdan sonra müəlliflər öz əsərlərində dəyişiklik eləmək istəyirlər. Məsələn, Uliyam Folkner “Səs-küy və qəzəb” romanının sonrakı nəşrlərinə çoxlu redaktelər edib. Ceyms Coys “Ulis” romanına ömrünün sonuna qədər düzəlişlər elədi. Eləcə də, Borxes, Eliot. Bizim ədəbiyyatda isə bunun ən bariz nümunəsi İsa Muğannadır. O, hətta öz imzasını da dəyişdi. Bəs Kamal Abdulla əsərlərində hansısa hissələri dəyişmək ehtiyacı hiss edibmi?
Mənə elə gəlir ki, əvvəlki həyatımda redaktor olmuşam. Yəni əlimdə qələm hər cümlənin alternativini düzəltməyə çalışmışam. Bu mənada, mənə həmişə elə gəlib, cümlənin daha yaxşı variantını yazmaq olardı. Hətta indi də bəzi kitablarımda kiçik düzəlişlər edirəm. Amma bu o demək deyil ki, əsəri yenidən həmin düzəlişlərlə çap edəcəyəm. Xeyr! Sadəcə, ola bilər, gələcəkdə tədqiqatçılar bu əsərləri araşdıranda mənim hər cümləyə olan münasibətimə yer ayırarlar. Ümumiyyətlə, cümləyə də, abzasa da birmənalı şəkildə, ehkam kimi baxmaq olmaz. Mən ehkamlardan qaçan adamam. Həm Dədə Qorqud kimi şəxsiyyətin ehkamından, həm cümlənin ehkamından. Azərbaycan dilinin potensialında yazıram nə deməkdir? O deməkdir ki, cümlənin ehkamından qaçıram.
Ədəbiyyatda “Atalar və oğullar” məsələsi kifayət qədər geniş yayılıb. Kamal Abdulla üçün yaradıcılığa ilk gələn vaxtlar ata obrazları kimlər olub? Kobud ifadə eləsək, hansı yazıçılara baxıb onlara oxşamağa çalışmısınız?
Oxşamağa çalışmışam deməzdim, amma son dərəcə təsirləndiyim yazıçılar, əlbəttə, olubdur. Bunlar Servantes, Borxes, Umberto Eko, Bulqakov. Mən bu müəllifləri 1970-80-ci illərdə oxuyurdum. O vaxt Azərbaycanda çox adam hələ bu müəlliflərdən bəzilərinin adını tanımırdı. O vaxt Moskvada bu müəlliflərin kitabları əldən-ələ gəzirdi. Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, İsa Hüseynov.
Siz Moskva dediniz... Sovet dövründə Qorki adına ədəbiyyat institutu var idi. Gənc müəllflər həmin institutda təhsil alır, öz vətənlərinə yazıçı kimi bişib qayıdırdılar. Azərbaycan ədəbiyyatından da bir çox müəllif orada təhsil alıblar. Sizin Yaradıcılıq fakültəsi layihəniz mənə o ideyanı xatırladır. Bu ideya sizdə hansı ehtiyacdan yaranmışdı?
Azərbaycan ədəbiyyatında istedadla bağlı heç vaxt problem olmayıb, amma intellektlə bağlı ciddi problemlər əvvəl də var idi, indi də. Mən bir ara müşahidə etdim ki, bizim ədəbi prosesdə intellektual qat son dərəcə zəifdir. Hiss edirsən, müəllifin yaradıcılıq həvəsi var, enerjini haradansa alır, o enerjini özündən keçirməyə çalışır, amma həm də onu hiss edirsən, o, məzmununa, intellektaul qatına görə son dərəcə zəifdir. Beynimə bu insanları çayxanalardan yığışdırıb “Yaradıcılı fakültəsi” adında bir ocağa dəvət etmək kimi dəli bir fikir gəldi. O vaxt buna imkanım çatırdı. Bəzi müəlliflərin birilik və savad səviyyələri ədəbiyyat adamın yaraşmırdı. Onlara bu bilik və savadı vermək istədim. Necə? Rəhman Bədəlov, Niyazi Mehdi və bir çox ədəbiyyat və mədəniyyət adamları onlara mədəniyyət tarixindən, mifologiyadan, ədəbiyyat tarixindən dərslər deməyə başladılar. Eyni zamanda Slavyan Univeristetində “Filoloqun kitabxanası” adlı bir seriya yaratdım. “Filoloqun kitabxanası” deyəndə biz yalnız filologiyaya aid kitabları nəzərdə tutmadıq, filoloqa lazım olan kitabları nəzərdə tutduq. Bu riyaziyyat, fizika kitabları da ola bilərdi. Həmin “Yaradıcılıq fakülətəsi” öz bəhrəsini verdi. İndi qələminə şübhə etmədiyimiz elə müəlliflər var ki, onlar başqa ixtisas sahibi, başqa elmlərə aid nümayəndələr olsalar da, həmən intellektual səviyyədən çıxış edərək sözlərini deyirlər. Güman edirəm, vaxtında “Yaradıcılı fakültəsi”ndə oxuduqları dərslər, onlara kömək edir.


Layihənin öz missiyasını yerinə yetirdiyini düşünürsünüz?
O vaxt üçün yerinə yetirdi. Onu Azərbaycan Dillər Univeristetində də yaratmaq istədim və yaratdım, amma həmin effekti, təəssüf ki, vermədi.
Bu yaxınlarda Bakı Beynəlxaq Kitab Festivalı başlayacaq. Siz də bir çox beynəlxaq kitab festivallarında iştirak etmisiniz. Sizcə Azərbaycanda baş tutan kitab festivalları ilə Qərb ölkələrində baş tutan festivallar arasında hansı əsas fərqlər var? Əksik və üstün tərəfləri nələrdir?
Belə festivalların birinə sözün aşkar mənasında qibtə elədim. Litvada mənim “Sehbrazlar dərəsi” kitabım çap olunmuşdu. Həmin kitabın təqdimadı o festivallardan birində keçirilirdi. Mühiti gördüm və heyrətdən bilmədim nə edim. Ora ailələr gəlirdi. Analar, atalar balaca uşaqlarının əlindən tutub festivala gətirirdilər. Onlar kitab almağa bayram kimi baxırdılar. Bu festibal yox, kitab bayramı idi. Haradasa oturub oxuyurdular, haradasa oturub nəsə qeyd edirdilər. Eyni zamanda müxtəlif müzakirələr keçirilirdi. Mənim müzakirəm keçirilən otağa adam əlindən düşmək mümkün deyildi. Azərbaycanda da bu gün belə festivallar keçirilir. Amma, yəqin, uzaqdır deyə yeri imkan vermir. O bayram effektini, təəsssüf ki, görə bilmirəm. Yəni, bayram effektini nəzərdə tuturam.
Bəlkə də, sadəcə azərbaycanlıların kitaba marağı yoxdur...
Deməzdim maraq yoxdur. Maraq var, o marağı başqasına ötürmək ehtiyacı yoxdur. Məsələn, valideynin özünün marağı var, amma onu övladına ötürmək, qolundan tutub kitab almağa aparmaq istəmir. Ki uşaq kitaba toxunsun, səhifələrini çevirsin, bir sözlə kitabla tanış olsun.
Litış dili ilə bərabər dünyanın 20 dilinə təcümə olunmusunuz. Azərbaycanda tək-tük müəlliflər dünya dillərinə tərcümə olunur. Ancaq Azərbaycan ədəbiyyatı bir marka kimi dünya ədəbiyyatında mövcud deyil. Dünya deyəndə şübhəsiz ki, mədəni mərkəz hesab olunan Qərb nəzərdə tutulur. Müsahibələrinizdən birində demişdiniz ki, xarici ədəbi prosesə daxil olmağa hələ çox var. Çox var, bəs o prosesə qoşulmaq üçün Azərbaycan yazıçısı nə etməlidir? Bəlkə, məsələ yazıçı ilə bağlı deyil? Bu işi kordinasiyalı şəkildə Azərbaycan dövləti görməlidir?
Söhbət əgər tərcümədən gedirsə, tərcümə prosesi əsərin təqdimatından başqa mədəniyyətin ayrılmaz parçası kimi yaşamalıdır. Bizim ədəbiyyatımızın dünyada yeri var, ya yoxdur? Bu çox qəribə sualdır. Mənə elə gəlir, qoyuluşu düzgün deyil. Azərbaycan da dünyanın bir hissəsidir. Bu məntiqlə əsər yazılırsa, artıq dünya ədəbiyyatıdır. Buna belə baxmaq lazımdır. Dünyaya çıxmaq dedikdə, bunu necə başa düşməliyik? Əsəri dəfələrlə tərcümə eləmək? Elmi və ya müxtəlif kitaba bağlı portallarda müzakirələri? Bütün bunlar son dərəcə nisbi anlayışlardır. Elə yazıçılar var ki, əsərləri həm univeristetlərdə təqdim olunur, həm kitab bazarlarında müzakirələri keçirilir, hansısa ölkədə iki dəfə, üç dəfə çap edilir, hətta pirat nəşrləri də olur, amma yenə elə bil nəsə çatmır. Nə çatmır? Dillərdə əzbər olmalıdır? Nə olmalıdır ki, biz deyək, Azərbaycan ədəbiyyatı dünya miqyasına çıxıb.

Bəlkə də, nüfuzlu mükafatlar almalıdır...

Demək, “dünyaya çıxmaq” üçün hökmən mükafatlar almaq lazımdır. Deyə bilərikmi Nobel alan belarus yazıçı-şairə Svetlana Alekseyeviç “dünyaya çıxıb”? Axı o da Nobel mükafatına layiq görülüb! Dünyaya çıxmağı mükafatlar vasitəsi ilə müəyyənləşdirmək, məncə, düzgün deyil.
Haqqımda Amerikada amerikalı professor Statkeviç çox böyük bir məqalə yazmışdı. O məqaləni “Yarımçıq əlyazma”nın Amerikada çap olunan nəşrinə ön söz kimi təqdim elədim. İndi mən dünyaya çıxmışam, ya yox?
“Yarımçıq əlyazma” Londonda böyük bir kitab mağazasında müzakirəyə çıxarılıb. İngilislər gəlib məndən imza alırdılar. İndi mən dünyaya çıxmışam, ya yox?
Moskvada “İnnastrannaya literatura” jurnalında – bu jurnal keçmiş Sovet respublikalarından heç kimi çap eləmir, diqqətini ancaq başqa ölkələrə tutur – kitabımın müzakirəsini təşkil olundu və çap edildi. Bu müzakirədə ona yaxın rus tənqidçisi, filosofu, yazıçısı vardı. O hadisədən sonra məni “Rusiya Pen Klubu”na üzv seçdilər. İndi mən dünyaya çıxmışam, ya yox?
Braziliyada çap olundum. Mənə elə gəlir, hətta Brazilyada Çingiz Abdullayev də çap olunmayıb. İndi mən dünyaya çıxmışam, ya yox?
Yaponiyada iki kitabım çapdan çıxdı. Biri professor İçiro İtonun, digəri pofessor Murakaminin tərcüməsində. Fransada iki dəfə, Rusiyada üç dəfə, İtaliyada iki dəfə. Bu nə deməkdir? İndi mən dünyaya çıxmışam, ya yox?
Bunlar hamısı göstəricidirsə...
İtaliyada kitabım çap olunandan sonra Umberto Eko məni evinə dəvət elədi. Və kitabım haqqında son dərəcə isti, gözəl sözlər söylədi. O sözlərdən biri hələ də qulağımdadır: “Sənin romanın cəlbedicidir, amma onu plyajda oxumaq olmaz”. Yaxud məni başdan ayağa kitablarla dolu evində gəzdirəndə əlini atıb qalın və nəhəng bir kitab çıxardı və dedi: “bu Coysdur, o sizdən də qəliz yazır”. Bu mənim üçün tərif kimi bir şeydir. İndi mən dünyaya çıxmışam, ya yox?
Bütün bunlar necə baş verdi?
Mən öz əsərlərimin uğrunda mübarizə aparmamışam. Sadəcə əvvəl-əvvəl təklif eləmişəm. Məsələn, Fransada bir nəşriyyat məndən bəzi əsərlər istəyib, demişəm ki, belə bir romanım var, ürəyinizdən keçər, baxarsınız. Təklif var israr yoxdur. Bu nəşriyyatlar, redaktorlar özləri yaxın düşüblər. Yalnız əsərlərin tərcüməsi ilə məşğul olmuşam, bəzən tərcümə ilə də məşğul olmamışam. İndi əsərlərimi ispan dilinə çevirmək istəyirlər. Heç xəbərim olmayıb! Ümumiyyətlə, ispan dilində tərcüməm yox idi. Əgər bunu məqsədli şəkildə eləsəydim, əvvəl ispan dilindən başlayardım. İndi İspaniyada, Venezuelada kitabımın çapı planlaşdırılır. Bunun üçün əlimi ağdan qaraya vurmamışam, amma bəzi adamları inandıra bilmirəm. Onlar elə bilir ki, işimi-gücü atıb kitablarımın təbliği ilə məşğul oluram.


Ənvər Məmmədxanlı ilə “Qoşma” verlişindəki söhbətinizdə ona belə bir sual verirsiniz: “Siz Azərbaycan ədəbiyyatının daha yaxşı olması üçün əlinizdən gələn hər şeyi etdinizmi?” O isə cavab verir ki, yox, hər şeyi etmədim…Mən bu sualı yenidən Sizə ünvanlamaq istəyirəm?
Ağır məsələdir. Bu suala “hər şeyi etdim” cavabını vermək olmaz. Amma hər şeyi etməyə çalışdım.
Son vaxtlar hansı kitabları oxuyursunuz?
Ancaq öz kitablarımı. Onlar mənə maraqlı gəlir.
Bəs müasir Azərbaycan ədəbiyyatından hansı müəlliflər diqqətinizi cəlb edir?
Gənclərdən Şərif Ağayar, Cavid Zeynallı, Kəramət Böyükçölün adını çəkərəm.
Kamal müəllim, soyuqqanlı insansınız?
Yəqin ki, yox!
Bu Sizə nədəsə mane olub?
Əlbəttə! Bəzən elə çılğın hərəkət eləmişəm ki, sonra peşmanlığını çəkmişəm. Amma əgər mən ədalətsiz hərəkət etmişəmsə – heç bir insan bundan xali deyil – hökmən üzr istəmişəm.
Bəs yeni kitab layihəniz varmı?
Mən həmişə nəsə yazandan sonra elə bilmişəm tamamiylə boşaldım. Və daha heç nə yaza bilməyəcəyəm. Sonra yenidən mənim beynimə hansısa enerji daxil olur və əsər yazılır. İndi isə ancaq artıq yazmış olduqlarımla məşğulam.
Yetmiş beş yaşda Sizi nə xoşbəxt edir?
Xatirələr. Kiminsə xatırlamağa imkan varsa, bu xoşbəxtlikdir.

Keçmiş prezident veriliş aparıcısı olacaq "Dart Veyder"in işıq qılıncı fantastik qiymətə satıldı Dövlət dəstəyi ilə istehsal ediləcək filmlərin növbəti pitçinqi keçirilib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:18
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see217

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see171

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see156

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see142

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see134

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see130

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see129

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see126

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see124

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see124

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see122

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see120

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see120

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see118

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see116

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see114

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see113

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see112

Kobud məşhurların siyahısı yayıldı

24 Sentyabr 2025 21:55see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri