Icma.az
close
up
RU
KEÇMİŞ ƏZİZ GÜNLƏRDƏKİ KİMİ Rafael Hüseynov yazır

KEÇMİŞ ƏZİZ GÜNLƏRDƏKİ KİMİ Rafael Hüseynov yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Rafael HÜSEYNOV
Akademik

Əvvəl-axır Dədə Qorqud deyən olur. Gəlimli-gedimli dünyanın son ucu ölümdür. Var olduğu müddətdə kasıb bir komadamı, dəbdəbəli saraydamı yaşamasından asılı olmayaraq bitəcəkdə hamının aqibəti eynidir. Sağkən sənə gərək olandan qat-qat iri mülklərdə yaşamağın mümkünsə də, həyat sona çatandan sonra axırıncı yuva hamı üçün mütləq eyni ölçüdədir.

Boy-buxunun hansı ölçüdədirsə, o qədər. Hətta məzarın üstünü kiminçünsə daha təmtəraqlı düzəltsələr də, bunun qəbrin özünə dəxli olmur. İnsana qazılmış məzarda daha heç kəsə imtiyaz verilmir. Qəbir bərabərləşdirir. Son mənzil hamı üçün eynidir.

Həqiqətən, məzar axırıncı mənzildir. Ömrün boyu hansı mənzillərdə yaşayırsan-yaşa, qəbir sonuncusudur.

Və dünyada tək-tək adamlara nəsib olur ki, son mənzilə köçəndən sonra öz əvvəlki mənzilinə qayıda bilsin. Üzeyir bəy qayıdıb, Mirzə Cəlil qayıdıb, Bülbül, Səməd Vurğun, Abdulla Şaiq, Hüseyn Cavid...

Bu baxımdan barmaqla sayılacaq qədər az şəxsiyyətimiz yarıyıb.

Yaddaşımda nənəmin uşaqlıq illərimdən qulağımda qalan sözləri səslənir. Söyləyirdi ki, gərək cümə axşamları evdə mütləq qazan qaynaya. Çünki bu evdən əbədi ayrılmışların ruhları həmin axşamlarda doğma ocağa qayıdır. İndiki ağlımla düşünürəm ki, belə deyən, dediyinə də, olsun ki, inanan ulularımız bu cür söyləyəndə onu düşünmürlərmiş ki, öz keçmiş evinə təşrif gətirən ruh da bişirilən təamdan dadsın. Ruhlar bizim kimi yeyib-içmir ki! Ruhların qidası, onlara enerji veribyaşadan - anılmaqdır. Ruhların cümə axşamları öz ocaqlarına qayıdışı söhbətini gələcəkdəkilərə ötürən dədələrimiz, zənnimcə, ona görə o gün evdə qazan asılmasını tövsiyə ediblər ki, gələnlər əzizlərindən nigaran qalmasın, gördüklərinə pərişanlaşıb getməsinlər, şahid olsunlar ki, evdə əmin-amanlıqdır, istəkliləri ac deyil, süfrələri ruzi-bərəkətlidir, həyatları öz axarındadır.

2025-ci ilin mayında Rəsul Rzanın 115 yaşı tamam oldu. Artıq onun və həyatının ayrılmaz parçası Nigar xanımın vəfatından 44 il keçirdi. O mənzildə ki onlardan əvvəl də yaşayanlar olmuşdu, Rəsul Rzasız, Nigarsız günlərdə də yaşayanlar oldu - qızı, kürəkəni, nəvələri. Amma 2025-ci ilin yazında, nəhayət ki, gedənlər getdi, evin xatirə muzeyinə çevrilməsi üçün aparılan təmir işləri bitdi, ev ilkin səliqəsi ilə təzədən bəzəndi (hərçənd, burada yaşadığı illər ərzində ailənin kiçik qızı Təranə xanım çalışmışdı ki, atasının-anasının vaxtındakı sahman imkan daxilində olduğu kimi qalsın) və yenə Rəsulla Nigar bu evin əsl sahibləri oldular. Onların xatirə muzeyi öz mənzillərindəcə yaradıldı, mayın son günündə qohum-əqrəba, dost-tanış, tanınmış ziyalılar toplaşaraq xatirə muzeynin açılışını keçirdilər. Bundan sonra daha həmişə belə olacaq. Elə keçmişlərdəki kimi, gündüzlər yenə gəlib-gedənlər çox olacaq, axşamlar, gecələrsə bütün gələnlər çıxıb gedəcək, yenə ömrün son illərində olduğu kimi, burada ikiləri qalacaq - Rəsul, Nigar.

Bəlkə başqalarının ruhlarının qayıtması söhbətinə şəkk də etmək olar. Ancaq onlar kimi ruh adamlarının - doğurduqları onlarla birlikdəykən də, onlarsız keçən onillərdə də daim ruhumuzu təsirində, cazibəsində saxlayanların heç vaxt tamam çıxıb getməməsinə, həmişə mütləq qayıtmasına necə inanmayasan?!

...Onları dəyişən vaxt, başqalaşan zəmanə tuş saldı.

Yoxsa ki, həyat vaxtın köhnə axarı və ləngəri ilə davam etsəydi, onun ayrı, bunun başqa yazısı olacaqdı.

O ailədə ki Nigar Rəfibəyli doğulmuşdu, o soyadı ki dünyaya gəlişi ilə Nigar qazanmışdı, ona səadətli, rəvan, rahat bir yol vəd edirdi. Babası Ələkbər bəy Gəncənin və bütöv Azərbaycanın ən mötəbər ağsaqqallarından idi. Rəfibəylilər qollu-budaqlı, köklü-köməcli bir nəsildi. Ələkbər bəy dünyadan köçəndə Azərbaycan qəzetlərində ən seçkin insanlar bunu şanlı bir millət atasının vəfatı kimi mənalandırmışdılar.

Azərbaycan müstəqillik qazanıb üçrəngli bayrağını ucaldanda Rəfibəylilər yenə öndə idilər. Nigarın atası Xudadat bəy ilk müstəqil milli hökumətin ilk səhiyyə naziri təyin edilmişdi, daha sonra isə Gəncənin baş valisi olmuşdu. Ailələrin niyyəti idi ki, Nigar böyüyəndə Xanxoylular nəslinin gəlini olsun. Bu sevda baş tutmadı, amma hər halda niyyət də yerini aldı - çox illər sonra, artıq başqa bir “dünyada” Nigarın qardaşı Kamil, Xanxoylu qızı ilə evləndi.

Nigar 1913-cü il təvəllüdlü idi və həmin çağların olmuşları da, babası da, atası da hafizəsində ayrı-ayrı dumanlı şəkillər kimi qalmışdı.

Sonra bolşeviklər zaval kimi gəldi, gəlişləriylə çox dudmanları kor qoydular, çox şərəfli nəsillərin axırına çıxdılar və dünənəcən gələcəyin səadətlər vəd etdiyi Nigar dönüb oldu gələcəyin hər an yeni uğursuzluqlar və biri digərindən ağır sınaqlar boyun olduğu bir zavallı.

1920-ci ilin 26-31 mayında, bolşeviklərin Cümhuriyyətimizi, istiqlalımızı işğalından heç bir ay ötməmiş bütün sovet tarixində etiarazçılığın, istiqlalçılığın nadir örnəyi kimi qalacaq fövqəladə hadisə baş vermiş, Gəncə üsyanı qopmuşdu. Bir neçə günlüyə də olsa, bütün Şuralar tarixində qalacaq dikbaşlığı edən mərd vətənpərvərlər Gəncədə sovet hakimiyyətini devirmiş, istiqlalımızı bərpa etmişdilər. Gəncə üsyanının önündə gedənlər də Rəfibəylilər olmuşdu. General-qubernator Xudadat bəy Rəfibəyli isə hələ üsyan başlanmazdan mümkün etirazların təşkilatçısı kimi həbs edilmiş, az sonra Bakıya aparılmış, Nargindəmi, ya Xəzərdəki hansısa başqa ölüm adasındasa qətlə yetirilmişdi.

O vaxt Nigarın 7 yaşı vardısa da, 70 ilə yaxın ömrü ərzində həmin müsibətlər onu daim qarabaqara izlədi.

Və sovet manyakal inadkarlıqla bu nəsildən Gəncə üsyanının qisasını almaqdan heç vaxt usanmadı, ədavəti axıracan apardı, Rəfibəyliləri qatı düşmənləri cərgəsindən bilmərrə çıxarmadı.

Azərbaycanda Şura hökuməti ayaq tutandan Rəfibəylilər sovetin və erməniçiliyin özünə ən qatı düşmən sandığı nəsillərdən birinə çevrildi.

Mövcud olduğu yeddi onil boyunca sovet dövləti Rəfibəyliləri doqquz dəfə ən amansız repressiyalara məruz qoydu. Həbs etdi, sürgünlərə yolladı, güllələdi. Gözlədi ki, yeni Rəfibəylilər yetişsin, sonra eyni bəlaları onların başına gətirdi. Rəfibəylilərin bir dəstəsi isə İrana, Türkiyəyə mühacirət etdi. Təntənəsini başlamış, sonralar öhdəsindən gəlmək dünya üçün müşkülə çevriləcək şər imperiyasının caynağından qurtulmuş mühacir Rəfibəylilər orada da asudə yaşaya bilmədilər. Təqiblər, təhdidlər orada da davam etdi. Rəfibəylilər izi itirmək üçün Türkiyədə üç müxtəlif soyadla ömür sürdülər: Arran, Sayqın, Əsgəran. Sovet İttifaqında qalanlar da bəyliklərini, Rəfibəyliliklərini gizlətmək üçün Qarayev oldular, Zamanov oldular, Rəfiyev oldular, Babayevə, Rəfizadəyə, Kərimliyə çevrildilər.

Çox gözə girməmək gərək idisə, gərək bir təxəllüsdən-filandan tapıb, ya ərinin familiyasını götürərək daldaya çəkilən ən əvvəl elə Nigar olaydı. Axı yazı-pozu adamı idi, imzası mətbuata çıxırdı, digər Rəfibəylilərə nisbətən o, daha üzdə idi.

Cümhuriyyət dönəmində ilk əmək nazirimiz olmuş Əhməd bəy Pepinovun qızı Sevda xanımın gələcəyin görkəmli aktyoru Lütfəli Abdullayevlə qovuşduğu günləri yada salaraq söylədiyi bir əhvalatı xatırlayarkən indi də qəhərlənirəm.

Sevda xanım deyirdi ki, nənəm izdivacımızın əleyhinə olduğundan Lütfəli məni illərcə gözləməli olmuşdu, toy günümüzün sabahı ona dedim ki, atamın məndən başqa övladı olmayıb, icazə verərsənmi mən ikili familiya götürüm, həm sənin, həm atamın soyadını daşıyım?

Lütfəli qayıtdı ki, kişi qızısan, mənim familiyamı götürməyinə ehtiyac yoxdur, elə Pepinova qal!

Nigar, bu zərif və yenilməz təbiətli qız çəkinmədi, qorxmadı, “nə olur-olsun” əzmi ilə ata-baba soyadına dönük çıxmadı, ən fırtınalı illərdə adının yanında təbərrik kimi daşıyaraq həm qorudu, həm ondan qüvvət aldı.

Təsəvvür edin ki, olduğundan daha uzun yarım əsr boyunca qart bir düşmənin hakimiyyəti altında yaşayaraq namuslu ədəbiyyat adamı olaraq qalmaq nə qədər mürəkkəb, həm də nə qədər təhlükəli, riskli bir yol getmək deməkmiş.

1931-ci ildə Nigar Rəfibəylinin 18 yaşı vardı. Sonradan taleyini bağlayacağı Rəsul Rzadan fərqli olaraq, o, Bakıya öz xoşuna gəlməmişdi, bu böyük şəhərə şöhrət ardınca, özünüifadə məqsədilə can atmamışdı. Onu anasıyla, dayısı ilə birgə Gəncədən bura sürgün etmişdilər.

Adının yanında şərəfli və sovetin nəzərincə ləkəli soyad, üzərində “xalq düşməni” damğası olan bir yeniyetmə qız ədəbiyyat aləminə atılırdı.

Və hər sözü üfürə-üfürə deməyə vadar edən xəfiyyə xislətli sovet gerçəkliyində belə bioqrafiyayla söz mühitinə gələrək özünü təsdiq eləməkdən ağlasığmaz istək təsəvvür etmək çətin idi. Nigar Rəfibəyliyə qəhrəman deməyib kimə deyəsən?! Sovet hökuməti laxladığı, dağıldığı son çağlaracan Rəfibəylilərlə ədavətini kəsmədi. Bu isə Nigar Rəfibəylinin bütöv ömrünü əhatə edən bir yol demək idi.

1931-ci ildə oçağkı Azərbaycan ədəbi gəncliyinin toplaşdığı əsas mərkəzlərdən olan Maarif Evində biri Göyçaydan, digəri Gəncədən gəlmiş iki gənc - Rəsulla Nigar ilk dəfə rastlaşdılar.

Qovuşdular və yarım əsr qoşa qaldılar.

Birgə addımladılar, birgə mübarizə apardılar və heç birinin sevmədiyi rejim onları yalnız öləndən sonra ayıra bildi.

Stalinin ölümündən sonra 1930-40-cı illərin siyasi repressiya qurbanlarının bağlı qapısı açılmağa başladı. 1956-1957-ci illərdə onminlərlə insana sovetin vurduğu siyasi damğalar silindi, bəraətlər dalğası bütün Sovet İttifaqını əhatə etdi. 1987-1988-ci illərdə isə SSRİ-də Kreml səviyyəsində yürüdülən aşkarlıq xətti çərçivəsində sovet siyasi keçmişinin bir çox qara-qura səhifələri də yenidən açıldı, özünüifşanın çərçivəsi bir az da genişləndi, ötən bəraətlər zamanı qıraqda qalan adlar da ucdantutma təmizə çıxarıldı. Amma bir zümrə vardı ki, sovet dövləti nəfəsi gedib-gələn axırıncı günlərədək onları bağışlamadı, ən qart düşmənləri cərgəsində saxladı və belələri bəraətini yalnız SSRİ-nin süqutundan, 1992-ci ildən etibarən almağa başladılar.

Bolşeviklərin Azərbaycanda hakimiyyəti qamarlayan kimi dərhal həbsə alaraq yox etdikləri Xudadat bəy Rəfibəylinin də taleyi həmin cür oldu.

Nə qədər ki sovet dövləti vardı, onun adı “qara siyahı”da qaldı.

Millətinin bəxtiyar gələcəyi üçün hər fədakarlığa hazır olmuş doktor Xudadat bəyin həyatı cavankən əlindən alınmışdı, dövlət təhlükəsizlik xidmətinin arxivlərində saxlanan köhnə cinayət işinin daha onun özünə heç bir təsiri yoxdusa da, övladları, yaxınları ömürlərini davam etdirməkdəydilər və məkrli rejimin gözündə onlar”xalq düşməni”nin varisləri, sonadək etibar bağlamaq mümkün olmayan ögeylər idilər.

Belə bir soyadla, belə bir ömür tarixçəsi və belə bir varisliklə Nigar Rəfibəyli bütün sovet dövründə ideoloji cəbhədə çalışdı, sözdən söz çıxarmaqda, hər kəlməni tərsinə çevirərək içərisində əks baxış tapmaqda pərgar olan cəmiyyətdə ədəbiyyat yaratmaqla məşğul oldu.

1930-cu illərin lap əvvəllərində özünün deyil, bir başqasının yazdığı şeirə görə yanlışlıq ucbatından haqsız ittiham edilməsi kənara qoyularsa, görün Nigar Rəfibəyli ədəbi aləmin labirintlərindən keçdiyi zaman boyunca hər sözünü dilə gətirərkən, hər misrasını qələmə alarkən necəusta davranmışdısa, həm ürəyi istəyənləri deyə bilmişdi, həm konyunkturlara uymamışdı, həm ədəbi mühitinüzdə olan simaları cərgəsində yer almışdı və haqqında da mətbuatda o dövrə xas ifşaçı, söyüşcül, eşərək sətirlər altından düşmənçilik ovqatı arayan yazılar çıxmamışdı.

Bu uzun və məşəqqətli yolu Nigar xanım başacan ləyaqətlə, qeyrətlə, dəyanətlə addımladı. Bir ideoloji düşmən ailəsi üçün ən yolverilməz peşə ilə məşğul oldu - şairlik etdi, hər zaman göz önündə oldu və sovet dövlətinin bir ədib üçün müəyyən etdiyi ən ali dərəcə olan “Xalq şairi” adına layiq görüldü. Bu titulu sadəcəNigar Rəfibəylinin şairliyinə verilən yüksək qiymət,onun ədəbi gücünün dövlət tərəfindən dəyərləndirilməsi saymaq düz olmazdı.

Nigar Rəfibəylinin qazandığı bu ad başqa istənilən şairimizin, yazıçımızın aldığı eyni addan mahiyyətcə büsbütün fərqli idi.

Bu, yenilməz ruhun zəfəri, damğalı soyadın qələbəsi, böyük ölçüdə -rejim tərəfindən şairənin timsalında Rəfibəylilərə verilən ən sanballı bəraət, dolayısı ilə, məşum rejimin Nigar xanım və nəslin qarşısında “Siz haqlıymışsınız!” etirafı idi.

...1931-ci ildən birlikdəydilərsə də, toyları çox sonra, qara ayaqlı 1937-nin 11 fevralında olmuşdu (“Toy” deyəndə xəyalınıza mağarlı, çal-çağırlı, şurlu məclis gəlməsin. Bir dəstə yaxın qohum, məhrəm dost, Birinci Paralel küçəsində (indiki Əli bəy Hüseynzadə küçəsi), ora necə sığışdıqları təəccüb oyadan, ikiotaqlı xırdaca balaca mənzildə yığışaraq şənlənmişdilər və “dam dolusu toyu var” deyişi elə bil məhz həmin balaca otaq haqqında söylənibmiş).

Tuthatutlar həmin ilin iyunundan, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının iyunun 3-də keçirilən nəhs XIII qurultayında - Mərkəzi Komitənin əzazil birinci katibi Mircəfər Bağırovun bir çox ədibi elə birbaşa “xalq düşməni” elan etdiyi məruzəsinin səslənməsindən bir neçə saat sonra başlanacaq.

Başda Hacı Kərim Sanılı, Əhməd Cavad, Hüseyn Cavid olmaqla iri bir dəstəni təxirə salmadan elə həmin iyunun 3-dən 4-nə keçən gecə aparacaqlar. Ancaq əslində bu həbslərə tədarüklər artıq bir neçə ay idi ki, gedirdi. Bir çoxunun adına NKVD-də də açılmış cinayət işlərini vərəqləmişəm. Həbs orderləri iyundan başlayaraq imzalanırsa da, həbslər üçün əsas kimi götürüləcəkmateriallar artıq əvvəldən asta-asta yığılır - qovluqlar bir neçə ay öncədən açılmışdı. O şahid sənədlərinaltındakı tarixlər əsl həqiqəti çatdırır. Proseslər planlı gedirmiş. Müəyyənləşdirilmiş meyarlara uyğun olaraq tutulmalılarınkateqoriyalar üzrə iri siyahıları əvvəlcə Bakıdan Moskvaya göndərilmişdi, oradan ilk növbədəkilər təsdiqlənib bura qaytarılmışdı, Bakıda da iyunun başlanğıcınadək bütün lazımi həbstədbirləri tökülmüşdü.

Fevralın başlanğıcında bir çoxlarının əl altından görülən bu faciəli hazırlıqlardan xəbəri yoxdusa da, hər halda tək-tək də olsaduyuq düşənlər varmış.

Elə onlardan biri Əli Nazim (1906-1941). “Gəlməsəm, daha yaxşı olar, sizə ziyan yetməsin” deyib Rəsulla Nigarın toyunda iştirak etməyən Əli Nazim, görünür, artıq qaçılmaz təhlükəni hiss edirmiş, ya bəlkə də yaxın həbsinin labüdlüyündən xəbərdarmış. Doğrudan da, həmin il ilklərdən biri kimi onun ardınca gələcəklər, Əli Nazimə 10 il həbs cəzası kəsiləcək, ancaq həmin müddət bitmədən -1941-ci ilin avqustunda həlak olacaq. Bu, həbs düşərgəsindəki növbəti adiləşmiş ölümlərdən biri idi, ya onu da müharibə başlanan çağlarda, bir sıra başqa sovet həbs düşərgələrində olduğu kimi, özləri gülləyə tutmuşdular?

Fevralın 11-i - deyib-gülürlərmiş, bəxtəvərlik içindəymişlər, Cavid, Cavad, Müşfiq sağlıqlar deyirmiş, şeirlər oxuyurmuş, masabəyi Kazım Ələkbərli həyatının son xoşbəxt yazıçı məclisini idarə edirmiş.

Lap az keçəcək, hamısı pərən-pərən düşəcək, həmin toydakıların neçəsi o ildən sağ çıxmayacaq və Rəsulla Nigar da həyatın bu xoşbəxt gecəsini sonralar hər xatırlayanda qüssələnəcəklər, ürəkləri xiffətdən sıyrılacaq, qəhqəhələrlə dolu, fərəhlə daşan şad günün hər anı sonralar yalnız kədər gətirəcək.

Nigar xanım dostlarla birgəliyin o axşamını da, Pirşağıda simsarların hamısının axırıncı dəfə hər axşam birlikdə olduqları 1936-cı ilin bəxtiyar yayını da, ondan əvvəlki illərdə sonra bir daha görə bilməyəcəyi munislərlə hər görüşünü də sonralar heç vaxt unuda bilməyəcək, daim həsrətlə anacaq. 1960-cı illərin bitər-bitməzində, artıq dünyanın nisbətən başqa, öz həyatının xoşbəxt, bir çox nigaranlıqların arxada qaldığı günlərində də xəyalən dünənlərə qayıdanda yeridolmaz itkilərin göynəyi yenə ürək sıxırdı. Yada salırdı 1936-cı ilin əvvəllərində Rəsulla bərabər Moskvada təhsil aldıqları çağlarda qış tətilində anasını görməkçün Bakıya gəlməsini, Akademiyanın böyük zalında keçirilən ədəbi gecədə Müşfiqlə yanaşı oturmasını, Müşfiq Rəsulu xəbər alanda “Bizi lap unutmusunuz” deyə ərklə gileylənməsini, Müşfiqinsə bu sözlərə cavab vermək əvəzinə ondan dəftərçəsini istəyərək orada bir bənd şeir yazmasını:

Ey şair,

Düşün öz-özünə, sən bir cahansan,

Başqadır gərdişin, başqadır yerin.

Gözlərdən, doğrudur, bu gün nihansan,

Bunun nə eybi var, könüldür yerin.

...O mənzilə ki Rəsulla Nigar 2025-in mayında bir daha buradan ayrılmamaqçün qayıtdılar, orada 44 il yaşamışdılar. Özümü də bəxtli insan hesab edirəm ki, şəxsiyyətləri də, yaradıcılıqları da ruhumca olan bu insanları o evdə birgə görmək də, qayıdışlarına şahid kəsilmək də mənə qismət oldu.

Vaxtilə Üzeyir bəyin köməkçisi və sonra da onun ev muzeyinin ilk direktoru olmuş Ramazan Xəlilov bir dəfə mənə böyük opera müğənnisi, Karmenlərin ən gözəli Fatma Muxtarova ilə ilk rastlaşmasından danışırdı. Deyirdi ki, içəri girdim, gördüm ki, Fatma xanım bir əlində əsgi, yanında su dolu vedrə, diz çöküb döşəməni yuyur. Mat-məəttəl qaldım ki, axı bu necə olur, axı o, əfsanəvi Muxtarovadır.

Nigar xanımla birinci dəfə həyatda tuş düşənəcən onu televiziyada seyr etmişdim, fotolarını görmüşdüm, şeirlərini oxumuşdum. Tələbə idim, radio ilə yenicə əməkdaşlığa başlamışdım, çiyni döyənək edən ağır reportyorum - səsyazanımla gəlmişdim Rəsul müəllimdən müsahibə almağa.

Bəlkə çox gənc idim ona görə mənə qəribə görünmüşdü - Nigar xanımı ev geyimində, sadə bir evdar qadın, ərinə, qonağına çay gətirən görmək mənə heyrətamiz gəlirdi.

Bu, “Göyərçin qızın dastanı”nı yazan, yasəmənləri, qərənfilləri, qızılgülləri öyən, durnalara nəğmə deyən Nigar xanım deyildi, “Mətbəx şeirləri”ni yazan Nigar ana idi:

Biri şit sevir,

biri şor sevir.

Biri bişmiş,

biri çiy pomidor sevir...

Birinin yeməyi yağsız gərək,

birinin xörəyi soğansız,

sarımsaqsız gərək...

Bütün günü yu, sil,

bişir, düşür.

Birinin qismətinə

yüksək masa arxasında oturmaq,

birinin qismətinə

qab-qacaq yumaq düşür.

Nə zərər,

bəzən yüksək məclislərdən

daha parlaq,

daha təmiz olur

Adi mətbəxlər...

Nigar xanım az yazmayıb. Şeirlər, poemalar, nəğmələr qələmə alıb, tərcümələr edib, publisistikası var. Amma o yaradıcılıq təpəri, o ilham potensialı ki Nigar xanımda idi, bunlardan azı onqat artığını doğura bilərdi - həm sayca, həm də xüsusi çəkicə.

Nigar xanım üçuşaqlı və daim qonaq-qaralı bir ocağın ev sahibəsi idi. Təbii, yüz cür məişət qayğıları hər gününü müşayiət edirdi. Ancaq onu az yazmaq məcburiyyətində qoyan nə məişət qayğıları idi, nə də mətbəxsərhədləri.

Ən başda siyasi hürkülər idi ki, axıracan ürəyindəkilərin çoxunu üzə çıxarmasına macal vermədi. Axı Nigar yazdığı hər kəlməyə şübhəcil rejimin əl altından daimi nəzarət etdiyini anlayırdı.

Hər sovet vətəndaşının vaxtaşırı doldurduğu şəxsi vərəqədə, yazdığı tərcümeyi-halında qarşısında həqiqəti göstərməli olduğu bənd - “Xaricdə və həbsdə olan yaxın qohumlarınız” Nigar xanım üçün dünyadakı sualların ən çətini idi.

Kimisə yazıb kimisə yazmamaq, nəyisə yazıb nəyinsə üstündən keçmək olmazdı. Bunu daha artıq qəbahət, saxtakarlıq adlandıracaq, siyasi don geydirərək bir az da əcaib yozacaqdılar. Lap heç kəsi göstərməsə də, doğma qardaşı Kamil Rəfibəylinin sovetin özünə dost saymadığı ölkələrdən olan Türkiyə Cümhuriyyətində yaşadığını necə dana bilərdi?

Lap dansın, onsuz da Nigarın Türkiyədəki hansı qohumunun hansı şəhərdə, hansı qohumunun Sovet İttifaqındakı hansı şəhərdəki hansı həbs düşərgəsində və dustaqxanada olduğundan hökumət onun özündən də yaxşı agahdı.

Qohumlar da nə qohumlar! Sovet Azərbaycanında əqrəbasından mühacirətdə yaşayan başqaları da vardı ki, heç yada düşmürdülər. Nigarınkılarsa birbaşa Moskvanın, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin ciddi nəzarətində idi. Çünki əmilərindən (tam əmi də olmasa, elə təxminən əmi, dayı səviyyəli qohumlardılar) biri Türkiyə ordusunda general idi, digəri Türkiyə Xüsusi Xidmətlərində, obiri Qarsın komendantı idi, doğmaca qardaşı da yenə Milli İstihbarat Təşkilatı ilə bağlı idi.

Ona görə də çöldəki bütün senzorlardan daha oyaq, daha kəskin senzor həmişə Nigarın öz içərisində olmalı idi. O, yazmamaqla, ürəyini yaradıcılığına boşaltmamaqla tək özünü deyil, ərini də, oğlunu da qoruyurdu.

Sovet rejiminin Rəfibəylilərə və Azərbaycana etdiyi ən böyük pisliklərdən biri də bizi Nigar Rəfibəylinin yazıla biləcək neçə-neçə işıq dolu əsərindən məhrum etməsi oldu.

Heykəl də qoymayın şairə vaxtsız,

Zaman sınağından qoy qalib çıxsın.

Nə oxucu ona söyləsin “baxtsız”,

Nə dövran uçurub heykəli yıxsın.

Qəlblərdə yaşasın onun heykəli,

Şeiri məşəl kimi illəri yarsın,

Gələcəyin xoşbəxt nəsillərinə,

Əsrindən, dövründən salam aparsın.

Rejim Rəfibəylilərdən ala biləcəyi son intiqamını aldı. Rəfibəylilərə edə biləcəyi son ağır pisliyini etdi. İmkan vermədi ki, Rəsulla Nigar eyni məzarlıqda yanaşı uyusun. O məzarlıqda ki, orada Mirzə Cəlillə Həmidə xanım yanaşıdır, o məzarlıqda ki, orada Üzeyir bəylə Məleykə xanım böyür-böyürədir. Rejim Nigar xanımı yalnız üzdən qəbul edibmiş. İçərisində onu elə düşmənləri, arzu etmədikləri sırasında saxlayırmış.

Sovet tar-mar olmayınca bu nəslə ağ gün yoxmuş.

Nigar Rəfibəylini həyat yolunun, sənət yolunun lap başlanğıcında doğma Gəncəsindən didərgin salmışdılar. Ləyaqətlə yaşadığı ömrə taleyin, tarixin üzrxahlığı və mükafatı kimi Nigar bu əziz şəhərə, atasının, anasının, babalarının, nənələrinin şəhərinə XX yüzilliyin bitəcəyində heykələ dönərək qayıtdı.

Nigar xanımın 1998-ci ildə Gəncədəki Xan bağında qoyulan, Münəvvər Rzayeva ilə Fəxrəddin Əliyevin düzəltdiyi abidəsinin açılış mərasimindəiştirak etmək də nəsibimiz oldu.

O açılışın bir rəmziliyi və gözəlliyi də bu idi ki, həmin gün abidənin üstündəki örtüyü çəkən hələ Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı illərdən bu nəslin həm ölkə içində, həm qürbətlərdəki təmsilçilərinin başına gələnlərdən heç kəsə məlum olmayan çox təfərrüatları bilən, bitmiş sovet dövlətinin liderlərindən olmuş və artıq müstəqil Azərbaycana rəhbərlik edən unudulmaz Heydər Əliyev idi.

1990-cı illərin əvvəllərində Rəfibəylilər nəsli haqqında kitabımı yazarkən Gəncədə 1920-ci illərin əvvəllərində balaca Nigarla məktəbdə oxumuş yaşı səksəni keçən nurlu xanımları danışdırırdım. Xatirələrini söyləyirdilər, amma keçmiş zamanda danışmırdılar, qocalmış insanlar kimi danışmırdılar, bir-birinin sözünü kəsə-kəsə elə həvəslə nağıl edirdilər ki, elə bil həmənki vaxtlardadırlar, üçüncü, dördüncü, beşinci sinifdə oxuyan qızlardırlar.

Tarix mənə çox yaxın gəlirdi...

“Gəlirdi” sözünün həm gəlmək, həm də görünmək mənasında!

Rəsul Rza cavanlığında mübariz olmağı əhd etmişdi, sonacan da mübariz olaraq qaldı.

Mənim fikrimcə (söz sözü çəkmişkən, Rəsul Rza məqalələri və esselərindən ibarət bir kitabının adını elə belə qoymuşdu - “Mənim fikrimcə”. Guya özünü daha dürüst sovet adamı kimi nümayiş etdirmək istəyən Məmməd Rahim də bundan az sonra nəşr edilən məqalələrindən ibarət kitabını, Rəsul Rzaya sataşırmış kimi, “Xalqın fikrincə” adlandırmışdı), böyük şairin həyatı boyu apardığı mübarizələri içərisində ən vaciblərindən biri, bəlkə də birincisi Nigarını qorumaq yolundakı ardıcıllığı idi.

Nədən Rəsul Rzanın mübarizələri içərisində Nigar sevdasını daha ucada tuturam? Çünki ola bilərdi ki, yolunun lap başlanğıcında Nigara görə o, çox şeyi, hətta hər şeyi itirsin. O bilirdi Nigar hansı nəslin övladıdır, dövlətin, rəsmi siyasətin bu nəslə hansı qəvi münasibəti bəsləməsindən də yetərincə məlumatlı idi, üstəlik bunu da çox gözəl anlayırdı ki, lazım hesab etdiyi anda bu dövlət və siyasət istədiyi başı “uf” demədəm kəsməyə hazır qədər qansızdır və bunu da dərk edirdi ki, Nigarla birləşməsi onun bütün gələcəyinin üstündən xətt çəkə bilər və Şura hökumətinin təbiətinə yaxşı bələd olduğundan bunu anlayırdı ki, həyatını bağladığı nəsillə dövlətin barışmazlığı müəyyən vaxt ötəndən sonra da səngiyən deyil, nə qədər sovet qalır, əğyarca yanaşma da yerində duracaq, bu minvalla, ömür-gün yoldaşı nəsli ilə birgə nə qədər həyatdadırlarsa, ona mütləq nə şəkildəsə maneəyə çevrilmiş olacaq.

Rəsul Rza mərdanəliyini onun şeirindən əvvəl bu əməlində arayın!

Onun Nigar sevgisinin ömrü düz 50 il çəkdi. Ölənəcən!

Abbas Zamanov 1985-ci ildə “Ulduz” jurnalında dərc etdirdiyi Rəsullu xatirələrində yazır ki, dostu ilə son dəfə Mərdəkandakı xəstəxanada, vəfatından üçcə gün əvvəl görüşüb və şairdə heç ölüm əhvalı yoxmuş. 1942-ci ildə Kerçdə olduqları dava günlərini təsvir edən təzə şeirlərini oxuyubmuş, Abbas müəllim yada salırdı ki, o şeirlərdə Əli Vəliyevin, Nəsir İmanquliyevin, mənim də adım vardı.

O məqaləni yazmasından 2 il sonra, evlərindəki bir görüşümüzdə söz necə oldusa Rəsul Rzadan düşdü, qayıtdı ki, düzdür, Rəsul ağır xəstə idi, amma hələ yaşaya bilərdi, xüsusən onunla axırıncı dəfə görüşüb ayrılanda ümidim artmışdı, halsız deyildi, özünə inamlı görünürdü, ancaq nə oldusa o üç günün içində oldu, görünür, kimsə dedi, ya özü duyuq düşdü ki, Nigarın vəziyyəti yaxşı deyil, ürəyi tab gətirmədi.

Bunu da xatırlayıram ki, 1980-ci illərin başlanğıcında Rəsul Rza ilə Nigar Rəfibəyli haqqında “İki ömrün işığı” adlı xatirələr toplusunu hazırlayarkən onlarla oturub-durmuş, üns bağlamış ayrı-ayrı adamları dindirərək xatirələrini yazıya alırdım. Maestro Niyazigildə idim. O danışırdı, Həcər xanımın yadına nəsə düşürdü, əlavələr edirdi (O səsləri də saxlamışam). Söhbət gəlib çıxmışdı onun üstünə ki, Nigarın sürgün edilmək təhlükəsi lap ciddiləşibmiş.

Rəsul qayıdır ki, Nigarı sürgün eləsələr, mən də onun ardınca gedəcəm.

Niyazi də zarafata salır ki, o vaxt dekabristlərin arvadları ərlərinin ardınca Sibirə gedirdilər, indi sən tərsinə edərsən.

Gülüşürlər...

Cavan idilər, odlu idilər, ümidlərlə, arzularla dolu idilər və hər məhrumiyyətdən, hər yaxınlaşa biləcək bəladan güclü idilər...

...Son mənzillərinin yanaşı olmasınaimkan verilmədi. Ancaq Allah gözəl Allahdır!

Pərvərdigar ucalardan baxaraq insan naqisliyinə bir daha güldü ki, istək mənimkidirsə, sən nəkarasan onun ziddinə gedəsən.

İlahi Rəsulla Nigarın iqbalına daha yaxşısını çıxardı - yaşadıqları ömürdən daha uzun müddətdə sözün müstəqim mənasında birlikdə olmaqçün öz əvvəlki mənzillərinə, hər halda səadəti sıxıntılarından qat-qat çox olan gözəl günlər sürdükləri evlərinə qayıtdılar.

Nigar Rəsula, Rəsul Nigara çoxlu şeirlər həsr edib. Amma Rəsul Rzanın Nigara 1957-ci ildə - toy axşamlarından 20 il keçərkən səfərdən - Moskvadan yolladığı bir teleqram da qalır və o teleqram da elə zərif şeir kimidir: “Nigar, əzizim! İyirmi il əvvəl boranlı bir fevral günü biz səninlə əl-ələ verib həyatın mürəkkəb, çətin yollarına çıxdıq. Bu iyirmi il boyunca bütün sınaqlardan keçib mətanəti sarsılmayan ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti soyumayan mərd əllərin üçün sağ ol! Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən ömrümü yenə səninlə bağlayar, həyatın daha çətin yollarında tərəddüdsüz səninlə əl-ələ verib gedərdim. Qoy üç sevimli balamızın sevinc və səadəti gələcək günlərimizi bəzəsin! Qoy məhəbbətimizin hərarəti onları hər cür fırtınalardan qorusun! Vəfa və sədaqətin qarşısında baş əyirəm”.

...İkinci Dünya müharibəsinin ən şiddətli ölüm-dirim döyüşlərinin getdiyi 1942-ci ildə Rəsul Rza əvvəlcə “Vəfa” adlı bir şeir, ardınca da pyes yazmışdı və əsər 1943-də ilk dəfə Adil İskəndərovla Ələsgər Şərifovun quruluşunda səhnəyə gəlmişdi. O günlər idi ki, insanların vəfaya, sədaqətə, etibara, inama ehtiyacıhər zaman olduğundan daha çoxdu. Söyləyirlər ki, müharibə bitənəcən sərasər 3 il səhnədən düşməyən “Vəfa”da tamaşaçılar hər dəfə Ələsgər Ələkbərovun, Hökumə Qurbanovanın, Rza Əfqanlının, Leyla Bədirbəylinin... bir-birindən parlaq aktyorlarımızın ifasını, pyesə əlavə gözəllik qatan Səid Rüstəmov musiqisini həyəcanla, kövrələrək, alqışlara qərq edərək qarşılayırmışlar. İlk tamaşadan 82 il sonra rejissor Mərahim Fərzəlibəyovun quruluş verdiyi, Azərbaycanın Müstəqillik Günü və Rəsul Rzanın ev-muzeyinin açılışı ərəfəsində - mayın 28-də göstərilən “Vəfa”ya şairin oğlu Anar elə Rəsul Rzanın öz irsindən yararlanaraq əl də gəzdirmişdi, bununla tamaşa bir az rövnəqlənmiş, Qarabağ Zəfərimizlə də həmahəngləşmişdi və artırmalar arasında həm Rəsul Rzanın, həm Nigar Rəfibəylinin sözlərinə müxtəlif illərdə bəstələnmiş nəğmələr də vardı.

“Vəfa” Rəsulla Nigarı yenə qovuşdurmuşdu. Yenə əl-ələ, yenə ürək-ürəyə, yenə nəfəs-nəfəsə idilər və qayıtmışdılar.

Dünyada hansı qüvvət səni məndən ayırar?!

Gözləyirəm səni mən, gözləyirəm hər anda,

Axşamın kölgəsində, üfüqlər qızaranda.

Sarı yarpaq düşəndə, isti külək əsəndə

Gözləyirəm səni mən gəlsən də, gəlməsən də!..

Bunca vəfa varsa, olarmı ki, gəlməsin?! Gəldi və bundan belə daha heç vaxt ayrılmadan, həmişə bir yerdə olacaqsınız - keçmiş əziz günlərdəki kimi doğma yuvada, bir tavan altında...

31 may 2025

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyun 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see176

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see138

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see135

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see123

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see120

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see120

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see118

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see118

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see118

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see117

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see117

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see115

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see115

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see114

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see114

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see114

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see113

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri