Keçmiş nişanlısını özünü öldürmə həddinə çatdıran şəxsə nə qədər cəza verilib?
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gəncə Apellyasiya Məhkəməsində özünü öldürmə həddinə çatdırmada və internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmədə təqsirləndirilən Qüdrət Hacıbabayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: 2023-cü ilin 12 noyabr tarixində Bərdə rayon sakini, 2000-ci il təvəllüdlü A.Qurbanovanın sirkə turşusu içərək intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Aparılmış araşdırmalarla İsmayıllı rayonu sakini, 1995-ci il təvəllüdlü Qüdrət Hacıbabayevin “İnstagram” sosial şəbəkəsində saxta istifadəçi hesabı yaradaraq A.Qurbanovaya məxsus fotoşəkilləri paylaşmaqla təhqir etməsi və böhtan atması, habelə onu rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlməsi nəticəsində sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib. Faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatırma) və 148-1-ci (internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) maddələrilə cinayət işi başlanıb, Qüdrət Hacıbabayev saxlanılıb. Bərdə Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. İttihama görə, Qüdrət Hacıbabayevlə A.Qurbanova əvvəllər nişanlı olub.
Kamal Məmmədov


