Kreml seçim qarşısında: Kiyevin atəşkəsə “hə” cavabı Moskvanı çətinə salıb
Icma.az, Ayna portalına istinadən məlumat verir.
Mərkəz rəhbəri: “Atəşkəslə müharibə sadəcə sürünən fazaya keçəcək ki, bu, bir müddətdən sonra müharibənin yenidən alovlanması anlamına gəlir”
Martın 12-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar müsbət nəticələnib. Belə ki, Ukrayna ABŞ-ın 30 gün müddətinə dərhal müvəqqəti atəşkəs təklifini qəbul edib. Ukrayna Prezidentinin dəftərxanasının danışıqların yekunu üzrə dərc etdiyi məlumatda deyilir ki, atəşkəsin həyata keçirilməsi üçün Rusiyanın razılığı tələb olunur.
“Ukrayna ABŞ-ın tərəflərin qarşılıqlı razılığı ilə uzadılması imkanı ilə 30 günlük atəşkəs tətbiq etmək təklifini Rusiyanın da bu şərtlərlə razılaşması və yerinə yetirməsi şərti ilə qəbul etməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar Rusiyaya çatdıracaq ki, bu, onun tərəfində qarşılıqlılıq sülhə nail olmaq üçün açardır”, - bəyanatda deyilir.
Bundan əlavə, ABŞ və Ukrayna arasında aparılan müzakirələrdən sonra hərbi yardımın bərpası və kəşfiyyat məlumatlarının mübadiləsi barədə qərar qəbul edilib. Birgə bəyanatda qeyd edilir: “Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və təhlükəsizlik yardımını bərpa edir”.
Həmçinin ABŞ və Ukraynanın davamlı sülhün bərpası istiqamətində mühüm addımlar atdığını vurğulanır. Tərəflər Ukrayna xalqının öz dövlətini müdafiə edən cəsarətini yüksək qiymətləndirib və sülh yolu ilə nizamlanma prosesinə başlamağın vaxtının yetişdiyi barədə razılığa gəliblər. Bundan əlavə, nümayəndə heyətləri sülh prosesi çərçivəsində, o cümlədən yuxarıda qeyd olunan atəşkəs dövründə humanitar səylərin əhəmiyyətini müzakirə ediblər. Müharibə əsirlərinin mübadiləsi, mülki şəxslərin azad edilməsi və məcburi köçkün ukraynalı uşaqların geri qaytarılmasına xüsusi diqqət yetirilib.

“Hər iki nümayəndə heyəti danışıqlar qruplarının tərkibini müəyyənləşdirmək və Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək davamlı sülhə nail olmaq üçün dərhal danışıqlara başlamaq barədə razılığa gəliblər. Birləşmiş Ştatlar bu konkret təklifləri Rusiya nümayəndələri ilə müzakirə etməyi öhdəsinə götürüb. Ukrayna nümayəndə heyəti sülh prosesinə avropalı tərəfdaşların cəlb edilməsinin vacibliyini bir daha vurğulayıb”, - deyə Ukrayna Prezidentinin dəftərxanasının bəyanatında vurğulanıb.
Ağ Evin sözçüsü Karolayn Levitt öz növbəsində qeyd edib ki, iki ölkə nümayəndə heyətləri arasında görüş məhsuldar keçib və Amerika tərəfi "müsbət xəbərlər" alıb: “Bu görüşlə bağlı aldığımız və Prezidentə verilən xəbər müsbətdir”.
Ekspertlərin bu razılaşmaya baxışları fərqlidir. Bəzi analitiklər hesab edir ki, atəşkəs imzalanması sülhə aparan yolun başlanğıcıdır. Amma əksəriyyət atəşkəsin müvəqqəti olacağını, bir müddətdən sonra müharibənin yenidən aktiv fazaya keçəcəyini proqnozlaşdırırlar.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ağ Evdə Ukrayna və ABŞ lideri Volodimir Zelenski ilə Donald Tramp arasında yaşanan mübahisədən sonra dünyada Ukraynanın taleyi ilə bağlı ajiotaj var idi:
- Həmin qalmaqalla bağlı Zelenskini böyük əsksəriyyət haqlı sayırdı, bildirilirdi ki, Ukrayna lideri Trampın cavabını verməklə doğru etdi. Amma soyuq başla düşünənlər hesab etdi ki, Ukrayna ABŞ-ın dəstəyindən məhrum olmamalıdır. Tramp nə qədər çılğın siyasətçi olsa da, Zelenski ilə aşağılayıcı rəftar etsə də, ABŞ lideridir və onunla hesablaşmaq lazımdır. Avropa da Zelenskiyə məsləhət gördü ki, Amerika lideri ilə uzlaşmanın yolu tapılmalıdır. Nəhayət, Zelenski Vaşinqtonla danışıqları bərpa edə bildi. Hesab edirəm ki, Ciddədə Ukrayna və ABŞ nümayəndələrinin görüşü, müzakirələri Zelenskinin uğurlu siyasi gedişidir. Əldə olunan razılaşma da müsbətdir.
- Müsbət məqam nədən ibarətdir?
- Birincisi, bu gün Ukrayna üçün atəşkəs çox vacibdir. Amerikanın hərbi dəstəyindən, kəşfiyyat məlumatlarından məhrum olmaq müharibədə Ukraynaya çox böyük zərbə demək idi. Zelenski atəşkəsə razılaşmaqla iki addım atmış oldu: həm Trampla münasibətləri bərpa etmiş oldu, yardımlar da davam edəcək, həm də topu Kremlin meydanına atılmış oldu. Rusiya Prezidenti Vladimir Putin indi düşünür ki, Trampa nə cavab versin. “Yox” desə, Trampla münasibətləri korlanacaq, “hə” isə demək istəmir. Zelenski ağıllı gediş edərək Vaşinqton və Moskvanı bir növ, üz-üzə qoymuş oldu. İndi Trampla Putin münasibətlərinə aydınlıq gətirməlidir. Moskvadan Vaşinqtona “yox” cavabı verilərsə, Rusiyaya qarşı sanksiyalar davam edəcək. Hansı ki, Putin çox istəyir ki, Trampla münasibətlər bərpa olunsun, Rusiyaya qarşı sanksiyalar ən azı yumşalsın. Eyni zamanda, Amerika Ukraynaya hərbi yardımı davam etdirəcək ki, bu, Putinin maraqlarına cavab vermir. Moskva Vaşinqtona atəşkəs təklifi ilə bağlı “hə” deməkdə də tərəddüd edir. Hesab edirəm ki, ABŞ və Ukrayna nümayəndələrinin Ciddədəki görüşündən sonra Putinin güc strukturlarının rəhbərləri ilə birgə təcili toplantı çağırması və dörd saatdan artıq müzakirələr aparılması da bununla bağlıdır. İndi Putin Trampın təklifinə nə cavab verəcəyini ölçüb-biçir.
- Rusiyanın atəşkəsə “hə” demək istəməməsinin səbəbi nədir?
- Səbəb Putinin iştahının böyük olmasıdır. Kreml rəhbəri istəyir ki, işğal etdiyi Ukrayna ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi qəbul olunsun. Söhbət genişmiqyaslı müharibədə ələ keçirilən və bölgələrdən gedir. Baxın, Ukraynanın NATO-ya daxil olmayacağı aydınlaşıb, Krımın ilhaqına görə Moskvaya təzyiq edilmir. Düzdür, Krımı beynəlxalq aləm Ukrayna ərazisi kimi qəbul edir, amma yarımadanın qaytarılması ilə bağlı Rusiyaya ciddi təzyiqlər yoxdur. Buna baxmayaraq, Rusiya atəşkəsə ona görə razılaşmaq istəmir ki, işğal etdiyi ərazilərin Kiyev tərəfindən Rusiyaya təslim edilməsini arzulayır. Üstəlik, Putin istəyir ki, Kurskdan Ukrayna qoşunları çıxarılsın. Bir neçə gündür ki, Rusiya ordusu Kurska şiddətli əks-hücumlar həyata keçirir. Hətta Ukrayna ordusunun çətinə düşdüyü, mühasirədə qaldığı barədə məlumatlar da var. Rusiya bunu tələsik etməsinin səbəbi odur ki, Putin atəşkəsi qəbul etməyə məcbur qala biləcəyini anlayır. Kreml rəhbəri heç olmasa, Kursk ətrafındakı əraziləri azad etdikdən sonra atəşkəsə razılıq vermək istəyir. Məncə, indiki mərhələdə Putinin Trampa “yox” deməsi çətindir.
- Rusiyadakı ictimai-siyasi xadimlər, Kremlə yaxın ekspertlər bildirirlər ki, Rusiyanın hazırkı şərtlərlə atəşkəsə getməsi düzgün deyil...
-Putin anlayır ki, Zelenski atəşkəsə “hə” deməklə onu Trampla üz-üzə qoydu. İndi Kreml Trampa hansısa cavab verməlidir. Putin Kremlə yaxın ekspertlərə göstəriş verdirib ki, atəşkəsə qarşı olduqlarını desinlər. Amma məncə, Putin atəşkəsə “hə” deyəcək. Bu da bir hiyləgərlikdir. Çünki atəşkəs məsələnin həlli deyil. Məsələn, Azərbaycan 1994-cü ildə Ermənistanla atəşkəs imzaladı. Bildirildi ki, sülh danışıqları aparılacaq, saziş imzalanacaq, işğala son qoyulacaq. Lakin bunların heç biri baş vermədi və nəticədə 2020-ci ildə İkinci Qarabağ müharibəsi baş verdi. İndi Ukrayna müharibəsi ilə bağlı atəşkəs məsələnin birdəfəlik həlli deyil. Atəşkəs o demək deyil ki, bu, qorunacaq, toqquşmalar olmayacaq. Rusiyalı rəsmilər Xarkov və Odessaya iddialarını gizlətmirlər. Atəşkəsə necə əməl olunacağı da bəlli deyil. Lakin Zelenski addımını atdı, qərarını verdi. İndi Putin nə edəcəyini düşünməlidir.
- Yeri gəlmişkən, Ciddə görüşündən əvvəl Ukrayna Rusiya paytaxtı Moskvaya misli görünməmiş dron hücumu etdi. Danışıqlar ərəfəsində belə genişmiqyaslı hücum qərarı verildi?
- Ukrayna dünyaya göstərmək istədi ki, hələ də güclüdür və lazım olarsa, Rusiya paytaxtı qarışıq bütün şəhərlərini vura bilir. Onu da deyim ki, kütləvi dron hücumları təkcə Moskvaya yox, Rusiyanın digər iri şəhərlərinə də həyata keçirilib. Ukrayna bu hücumu ona görə Ciddə görüşündən bir gün əvvəl etdi ki, Ciddədə atəşkəsə razılıq verəcəyi qərarı qəbul etmişdi. Axı atəşkəsə razı olandan sonra hücum etmək çətinləşir.
- Atəşkəs imzalansa və danışıqlar başlasa, bu, sülhə gətirib çıxaracaqmı?
- Mən inanmıram ki, yaxın vaxtlarda ümumiyyətlə, sülh danışıqları başlasın. Atəşkəs imzalana bilər, amma bu da müəyyən müddət üçün. Ola bilər atəşkəs müddəti bir neçə dəfə uzadılsın. Amma Rusiyanın atəşkəsə əməl edəcəyi də inandırıcı deyil. Rusiya hədəfinə çatmayanadək atəşkəs pozulacaq. Eyni zamanda, atəşkəsdən Rusiya yararlanmaq istəyə bilər, toparlanmaq üçün zaman qazanmış ola bilər. Məlumdur ki, üç ildən çoxdur davam edən müharibə Rusiyaya da böyük zərbə vurub, hərbi gücü tükənib, şəxsi heyət baxımından çox böyük itkilər verib. O da məlumdur ki, Ukrayna işğalı qəbul etməyəcək və Rusiyanın şərtləri ilə sülh sazişi imzalanmayacaq. Atəşkəslə müharibə sadəcə sürünən fazaya keçəcək ki, bu, bir müddətdən sonra müharibənin yenidən alovlanması anlamına gəlir. ABŞ isə atəşkəsin olmasını, müharibənin qızğın fazasının dayanmasını istəyir. Bununla Tramp dünyaya göstərmək istəyəcək ki, seçki kampaniyası dövründə verdiyi vədə əməl etdi, müharibəni titirdi. Bunu Tramp uğuru kimi təqdim etməyə çalışır. Amma bu, müharibənin bitməsi anlamını vermir.

