Laçında keçirilən Üçtərəfli Zirvə Toplantısı ilk növbədə “Böyük Qayıdış”ın zirvə nöqtəsi kimi qiymətləndirilməlidir RƏY
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
28 May- Müstəqillik Günündə Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan Üçtərəfli Zirvə Toplantısı ilk növbədə «Böyük Qayıdış»ın zirvə nöqtəsi kimi qiymətləndirilməlidir. Bu zirvədə çiyin-çiyinə ucaldılan üç qardaş ölkə bayrağı tarixin “Böyük Qayıdış” səhifəsinin mühüm hadisəsi oldu. Laçının böyük beynəlxalq görüşlərə, tədbirlərə evsahibliyi etməsi ilə Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda gördüyü genişmiqyaslı quruculuq işlərini dünyanın gözü önünə sərdi. Üç ölkə liderinin eyni gündə Laçında görüşünün baş tutması həmçinin Vətən müharibəsindən sonra bölgənin təhlükəsizliyinin və sabitliyinin təmin olunduğunun bariz nümunəsidir.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Samir Vəliyev deyib ki, Azərbaycan dövlətinin xarici siyasəti milli maraqlara, beynəlxalq hüququn prinsiplərinə və regional sabitliyin qorunmasına əsaslanır.
Deputat bildirib ki, dövlətimiz beynəlxalq arenada balanslı və çoxşaxəli siyasət yürütməklə qonşu ölkələrlə dostluq münasibətlərini inkişaf etdirməyə, qlobal təşəbbüslərdə fəal iştirak etməyə və strateji tərəfdaşlıqları gücləndirməyə önəm verir: “Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatda bir sıra dövlətlərlə, o cümlədən Türkiyə və Pakistan kimi qardaş ölkələrlə yüksək səviyyəli əməkdaşlıq münasibətləri qurub. Bu əməkdaşlıq münasibətləri, yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Humanitar, mədəni və hərbi sahələri də əhatə edir. Azərbaycan-Türkiyə-Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib, müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Mayın 28-də Laçın şəhərində keçirilən Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü bu reallığın aydın göstəricisidir. Həmin gün Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirdə də Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirak etməsi də əsl qardaşlıq nümunəsidir. Hər üç lider tədbirdəki çıxışlarında bir daha birlik və həmrəylik mesajları verdilər. Prezident İlham Əliyevin çıxışındakı bu məqam xüsusi vurğulanmalıdır: “Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”. Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə əsaslanan münasibətlər son dövrlərdə intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib. Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevrilmək potensialına malikdir. Bu əməkdaşlıq modeli təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı faydalı və tarazlı münasibətlərin formalaşmasına töhfə verir”,-deyə Samir Vəliyev vurğulayıb.
Politoloq Rəşad Bayramov deyib ki, Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illər keyfiyyətcə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:

“Bu münasibətlər təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə söykənən əlaqələr son zamanlar intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində əməkdaşlıq vasitəsilə daha da möhkəm məcrada qərar tutub. Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkili bu əməkdaşlığın strateji xarakter daşıdığını təsdiqləyir. Üçtərəfli əməkdaşlıq təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, həm də humanitar, mədəni və hərbi sahələri əhatə edir. Bu gün Azərbaycan, Türkiyə və Pakistan beynəlxalq münasibətlər tarixində yaxın dost, qardaş ölkələr kimi xüsusi yer tutur. Üç ölkə liderinin son Laçın səfərini ilk növəbdə dünyaya Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı mesajının verilməsi kimi qəbul etmək olar. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin işğaldan azad olunmuş ərazilərimizə birgə səfəri, xüsusilə, bu tarixi səfərin Azərbaycanın Müstəqillik gününə təsadüf etməsi, üç ölkə liderinin görüş üçün işğaldan azad olunmuş Qarabağı, Laçını seçməsi də əslində özündə olduqca mühüm mesajları ehtiva edir. Məlumdur ki, Türkiyə və Pakistan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdir. Müstəqillik Günündə hər iki ölkənin liderinin Azərbaycanda olması ölkəmizin müstəqilliyinə və suverenliyinə daim dəstək verəcəklərinə dair mesaj kimi qəbul oluna bilər. Həm Türkiyə, həm də Pakistan işğal dövründə də Azərbaycana verdikləri dəstəklə, eləcə də 44 günlük Vətən müharibəsində bütün platformalarda Azərbaycanın haqq savaşını müdafiə etmələri ilə ölkəmizə qarşı hücumlarda yanımızda olduqlarını sübut ediblər. Bu baxımdan indi Türkiyə və Pakistan liderlərinin işğaldan azad olunmuş Laçına birgə səfərləri özündə bütün dünyaya “Qarabağ Azərbaycandır!” müsajının verilməsini ehtiva edir. Üç ölkə lideri arasında keçirilən son sammit ölkəmiz üçün Türkiyə və Pakistanla əlaqələrin prioritet olduğunu bir daha nümayiş etdirmiş oldu. Bu əməkdaşlıq və dostluq ölkələrin yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevrilmək potensialını ortaya qoymaqla yanaşı, həm də regionda sabitliyə, beynəlxalq səviyyədə qarşılıqlı faydalı və balanslaşdırılmış münasibətlərin formalaşmasına töhfə verir”.
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova



