Leo Butnarunun məsləhəti: çətir götürməyi unutmayaq... Rumın yazıları kitabından
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Səlim BABULLAOĞLU
Leo Butnaru (1949; rum.: Leo Butnaru) - görkəmli rumın-moldovan şair, tərcüməçi, esseistdir. 1949-cu ildə Moldova Respublikasının Nequren kəndində anadan olub. 1967-ci ildə "Moldaviya gəncləri" qəzetində ədəbi debüt edib. 1972-ci ildə Kişineu Universitetinin "filologiya və jurnalistika" ixtisası üzrə məzunu olub. "Moldaviya gəncləri", "Ədəbiyyat və incəsənət", "Moldoviya" jurnalında şöbə müdiri, redaktor və baş redaktor vəzifələrində çalışıb.
1976-cı ildə Butnarunun "İşıq qanadlarında" adlı ilk şeir kitabı nəşr edilib. 1977-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü olub. Həmin il rumın ədəbiyyatının klassiki Mixail Koqelniçyanu barədə essesinə görə "Moldaviya gəncləri" qəzetindən işdən çıxarılıb.
Leo Butnaru 1990-1993-cü illərdə Moldova Yazıçılar İttifaqının vitse-prezidenti olub. 1993-cü ildən Rumıniya Yazıçılar İttifaqının üzvüdür, bu təşkilatın bir çox mükafatlarını alıb, hazırda Rumıniya Yazıçılar Təşkilatı Konsiliumunun üzvü, təşkilatın Kişineu filialının rəhbəridir.
80-dən artıq kitabı nəşr edilib. Əsərləri dünyanın bir çox dillərinə çevrilib. Kitabları Rusiya, Fransa, Serbiya, Bolqarıstan, Ukrayna və b. ölkələrdə çap olunub. "525-ci qəzet","Ədəbiyyat qəzeti" və "Dünya ədəbiyyatı" dərgisində şeirləri dərc edilib. "Çətir götürməyi unutmayın" (2019), Azərbaycana ithaf etdiyi şeir silsiləsinin də daxil edildiyi "Mavi şəhər" (2023) poeziya topluları Bakıda nəşr edilib.
Xüsusən rus ədəbiyyatından ardıcıl tərcümələri ilə məşhurdur. Onun hələ sovet dövründə tərcüməçisi və tərtibçisi olduğu antologiyada Azərbaycan şairlərinin də (Nəbi Xəzri, Cabir Novruz) şeirləri yer alıb.
Fransız, rus və ispan poeziyasından elədiyi tərcümələr təqdirlə qarşılanıb, nüfuzlu ədəbiyyat mükafatlarına layiq görülüb. Moldova Milli Ədəbiyyat Mükafatına, Rumıniya və Moldova Yazıçılar Birliyinin mükafatlarına, Rumın Şairlərinin Müsabiqəsində baş mükafata layiq görülüb.
Əsərləri Azərbaycan dilinə də tərcümə edilib və şeirləri digər ədəbi nəşrlərlə yanaşı, "Dünya ədəbiyyatı" dərgisinin "Moldova poeziyası" xüsusi sayında işıq üzü görüb.
Kişineuda yaşayır.
Həmdərdlilik şəxsin əsas səciyyəvi xassəsinə çevriləndə, bu isə ancaq qəlbin tərbiyəsi ilə mümkün olur, şəxs(iyyət)in miqyası böyüyür, üstəgəl, həmin şəxs sənətlə məşğul olursa, onda sənətin, sənətkarın reflektivliyi ictimai məzmun və güc qazanmış olur.
"Geri dönmək", "əks etdirmək" kimi mənalar ifadə edən latın kəlməsi "reflexio" məhz "geri dönmək" çalarıyla sənətlə qohumdur. Çünki sənət-geri dönüşdür, geri dönüşlə gələcəyi qazanmaqdır, reprezentativdir, keçmişi gələcəkdə göstərmək imkanı və cəhdidir.
Çağdaş sənətkar, əgər oxucusuna hörmət edirsə, nə vaxtsa çox yaxşı anlayır və anlamalıdır ki, bütün gözəl əsərlər yazılıb, çəkilib, bəstələnib, var; demək, refleksiyası təkcə gündəlik yaşadığı həyat(ıy)la deyil, həm də ona qədər yaşanmış ömürlərin refleksiya kimi ortaya çıxardığı əsərlərlə bağlı olmalı, sintezlə baş verməlidir; birincini ikinci ilə tutuşduraraq baş verməlidir istənilən yaradıcı proses.
Müsahibələrinin birində görkəmli rumın-moldovan şair Leo Butnaru, əslində, yuxarıda nəzəri olaraq formulə etməyə çalışdığım fikri daha rahat ifadə edir:
"- Sizcə, ənənəvi poetik ölçü, ümumiyyətlə metr nə qədər vacibdir? Metr yol kimi tükənməyibmi, bitməyibmi?
- Təəccüblü sualdır. Rumıniyada və bütövlükdə əksər Avropa xalqlarının ədəbiyyatında verlibr barədə artıq xeyli vaxtdır ki, mübahisə etmir, bəhs açmırlar. Vacib olan poetik tərkibdir, maddədir. Forma deyil.
- Öz bədii metodunuzdan danışın...
- Təxminən sintez üçün lazım olan əsas şeylərdir deyə bilərəm, yaxud sadəliyin zərifliyi, zərifliyin sadəliyi üçün poetik, metaforik fikrin konsentrasiyası. Metod və üslub kimi yəni".
Bu, digər tərəfdən həm də sənə qədər mövcud olan "hazır cavabları" gözardı etməmək, üslubi həddi aşmadan hazırcavablıq etməkdir.
Şeirlərinin birində Leo Butnaru yazır:
"Mənim şeirim,
mənim nəsrim -
hələ ki yalnız indiki,
tək bir versiyada mövcud olan
ömrümün variantlarıdır..."
O ömrün ki, təkcə gerçək həyatda, günəşin altında yox, həm də yazı masasının arxasında, stolüstü lampanın şəfəqləri altında, kitabxanada yaşanıb; həmin kitabxanada Orxan Vəlinin şeir kitabı, həmin kitabda "Vətən üçün" şeiri; yaxud Qoqolun əsərləri, yaxud Jül Vernin "Kapitan Qrantın uşaqları" mütləq olub, oxunub.
Təsdiq üçün cənab Leonun 3 fərqli şeirini, parçaları oxuyaq:
"Nələr etmədik
bu Vətən üçün!?
Kimimiz öldük,
Kimimizsə heç doğulmadıq..."
"Məhşər günü bəzi ölülərin dirilməsinə haqq verən
sonuncu ayinin icrasından sonra
Rəbb məhkəmə katibi mələkdən soruşdu:
- Qoqolun ölü canları hanı? Onlarla nə edək?
Mələk bənizi ağarmış halda dedi:
- Aman Rəbbim, onlar heç ölməmişdilər ki..."
"Xoşbəxtliyin məni tərk etdiyini düşünəndə
"Versaci", "Cardin", "Boss", "New Man", "Lacoste", "Zara", "Escada"... kimi firmalara müraciət etdim.
Hər yerdə eyni elanla rastlaşdım:
"Biz doğulduğunuz köynəkləri yamamırıq!"
İndi bu cür şeyləri geymək dəb deyil, görünür".
Paqanelin dilindən Harun ər-Rəşidlə bağlı nəql edilən pritçaya, Orxan Vəlinin "Kimimiz öldük, /Kimimiz nitq söylədik" deyişinə ustaca refleksiyanı əlbəttə, hazırlıqlı oxucular sezdi.
Ya da "hazır cavab"ların usta bir hazırcavablılığa çevrilməsinin nümunəsini:
"Asteklər deyir:
- Tlauykalpantekutli...
Yəni Zöhrə ulduzunun sahibi...
Bəs sənin adın nədir?
Əgər adın yoxdursa,
bu astek adını daşıya bilərsən:
- Bəs sənin adın nədir?"
lll
"Poeziya və nazirlik" şeirində Leo Butnaru yazır: "Əlbəttə/ Mədəniyyət Nazirliyi əməkdaşlarının 80 faizi tankanın mövcudluğundan xəbərsizdilər,/ hayku barədə də, inanma ki, eşidiblər./ Yerdə qalanı, yəni hər beş nəfərdən biri- / söhbət poeziyadan getdiyi üçün/ dumanlı da olsa nəyisə xatırlayır,/ yaxud güman edirlər ki, / tanka tankçılar, / hayku hokkeyçilər barədə şeirdir. //. Təəssüf ki, / İqtisadiyyat Nazirliyi Emineskunun "Poeziya özü kasıblıqdır" sözünə məhəl qoymadı,/ Səhiyyə Nazirliyi isə əvvəlki kimi/ ölkədə ədəbiyyatın sağlamlığı barədə/ heç düşünmədi, / üstəgəl, dəhşətli xəbər də (bircə bu çatmırdı!) yayıldı; / Deyirlər Transilvaniyada,/ bəlkə də Pensilvaniyada/ bir nəfər dozanı keçdiyinə görə,/ yəni artıq şeir vurduğundan damara/ dünyasını dəyişdi.// Axır ki, bu qədər tənqiddən sonra/ Yer kürəsi naziri / kəndlərdə poeziyanı yaymaq kampaniyasını elan etdi.// Amma realist olaq:/ kəndli üçün hini/ Hindistandan daha vacibdir".
Ağrının, ironiyanın qarışdığı bu poetik mətn, əlbəttə, gündəmin ədəbiyyəti yediyi, udduğu, unutdurduğu bizim bu cürətkar zaman üçün daha anlaşılan, daha gerçəkçi və doğma görünür.
Leonun lirik-romantik, idealist şair damarıyla həm də sərt gerçəkçi, rasional əqli nəticələrin qarışdığı poetik qan axır.
Mən onun ana dilimizdə nəşr olunan ilk şeir kitabının - "Çətir götürməyi unutmayın" toplusunun əsas tərcüməçisi kimi (bəzi şeirləri Cavanşir Yusifli çevirmişdi), tərcümə isə ən diqqətli oxu üçün gözəl fürsət yaradır, Butnarunun elə bir şeiri olmadı ki, onu oxuyub çevirərkən hazırcavablıq, həssas, reflektiv ağılla yanaşı, sızıltı, ağrı hiss etməyim.
"Sübh şəfəqləri
yerdəki hər şeyə o qədər aşiq görünür ki,
günün başlanğıcında
gözəlliyin
dünyanı həqiqətən xilas edəcəyinə
inanırsan..."
Dostoyevskinin "Dünyanı gözəllik xilas edəcək" fikrinin bəxtinə bu dəfə Leonun şeiri üçün epiqraf olmaq yazılmışdı; yaxşı ki, yazılmışdı, çünki məhz Leonun şeirindən sonra sitat edilməkdən döyənək olmuş fikir sanki özü xilas olur, yalnız fikir/düşüncə olmaqdan qurtarırdı.
lll
Leo Butnarunun ana dilimizdə iki kitabı nəşr olunub. Sonuncu - "Mirvari şəhər" bizim üçün təkcə poetik məziyyətləri ilə deyil, həm kitabın əsas hissəsinin Jalə İsmayılın orijinaldan tərcüməsində təqdim olunan, Azərbaycanla, vətənimizlə bağlı olan 32 şeirinin təqdimatıyla da əlamətdardır. Üstəgəl, kitab bilinqva nəşrdir, rumın dilini öyrənmək istəyən həmvətənlərimiz, Azərbaycan dilini öyrənmək istəyən rumınlar üçün əlverişli vəsait, ədəbiyyatşünaslar, tərcümə tədqiqatçıları üçün ciddi mənbədir.
Leo əsl Kolumb ehtirası ilə yeni coğrafiyanı, yeni insanları, xüsusən həmkarlarını, yeni temperamenti, yeni mətbəxi, flora və faunanı diqqətlə kəşf edir, mənalandırır, bir ayrı cür təklif edir.
lll
Rus şair Biryukov yazır ki, Leo Butnarunun poeziyası yersiz optimizmə intellektual-bədii canatımdan keçən dərin skepsislə doludur. Sergey haqlıdır. Şübhə etməsən, tapa bilməzsən.
Leo Butnaru tapır. Bu dəfə həm də azərbaycanlı oxucularını. Həmin oxucular isə görkəmli şairin "Çətir götürməyi unutmayın" şeirindəki hüznlü məsləhətinə hökmən əməl edəcəklər:
"Axşam səkkizdən sonra
gəzməyə çıxacaqsınızsa
plaş geyinin
və çətir götürməyi unutmayın.
Meteoroloqlar xəbər verib ki,
bizim bu narahat dünyanın halına
səmadakı mələklər yenə də ağlayacaqlar".
4 dekabr 2025-ci il
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 29 Dekabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















