Lev Nussimbaum: Azərbaycanın sirr dolu əfsanəvi yazıçısı
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Lev Nussimbaum: Azərbaycanın sirr dolu əfsanəvi yazıçısı
“Cümhuriyət” qəzeti "Azərbaycanlı olmayan azərbaycanlılar" rubrikasına başlayıb. Bu rubrikada oxuculara Azərbaycanda doğulmuş, böyümüş, çalışmış, ancaq milliyyətcə Azərbaycan türkü olmayan, dünyada tanınmış böyük şəxsiyyətlər təqdim edilir.
“Cebheinfo.az” rubrikanın ilk məqaləsini təqdim edir.
O, qatarda doğulmuş,Bakıda böyümüş, Berlində islamı qəbul etmiş, İtaliyada yaşamış, lakin bu dünyadan sirləri ilə birlikdə yalnız köçüb getmiş bir azərbaycanlıdır. Azərbaycan tarixinin və 1930-cu illər Avropasının sirr dolu əfsanəvi yazıçısından, mədəniyyətlər arasında sıxışıb qalan bir adamın hekayəsindən, Məhəmməd Əsəd Bəy(Essad bəy), Qurban Səid kimi tanınan Lev Nissimbaumdan danışacağıq.
Neftin parıltısında doğulan uşaq
1905-ci ilin 20 oktyabrında Sürixdən Leninlə görüşdən Bakıya gələn hamilə qadın Basya (Berta) Sofiya Davıdovna Slutski Kiyev yaxınlarında elə qatardaca övladını dünyaya gətirir. Körpəyə Əsəd (Essad) adını verirlər. "Əsəd" ərəbcə aslan, şir deməkdir. Anası onu rusca "Lev, Leo" deyə çağırır. Amma Kiyev Dövlət Arxivində və Kiyev Sinaqoqunda olan sənədlər onun Kiyevdə dünyaya gəldiyini, Kiyev Sinaqoqunda qeydiyyata alındığını göstərir. Bəs niyə yazıçı bütün ömrü boyu Kiyevi gizlədir? Çünki bu,onun Osmanlı şahzadəsi haqqında yaradılmış əfsanəsini darmadağın edirdi. Əsəd bəy Avropada özünü Osmanlı şahzadəsi kimi təqdim edirdi.
Bakını hər zaman türk dünyasının bir hissəsi kimi qəbul etdiyindən , Ukraynanın paytaxtı onun bu obrazı üçün uyğun gəlmirdi. Anası (Berta) Basya Davidovna Slutski Malorusyadan( Belarus) olan yəhudi idi. Fəal bolşevik, solçu Basya inqilabi fikirləri ilə tanınırdı və neft maqnatı olan ərinin varını gizlicə bolşeviklərə göndərirdi. Bu səbəbdən də ailə arasında tez- tez münaqişələr baş verirdi. Basya (Berta) 16 fevral 1911-ci ildə Bakıda, Lev hələ beş yaşında ikən intihar edir.
Alman əsilli dayə Alisa fon Şlütte Əsədə (Lev) analıq edir. Alman dayənin sayəsində Əsəd kiçik yaşlarından 3 dildə danışırdı: Azərbaycan, rus və alman. Alman dilini mükəmməl bilməsi kitablarını bu dildə yazmasına səbəb olur. Atası çox zəngin neft maqnatı idi. Hətta o qədər zəngin ki, öz neft səhmlərinin bir hissəsini Nobel qardaşlarına satmışdı.
Ümumiyyətlə, Əsəd bəyin milliyyəti ilə bağlı məqamlar mübahisəlidir. Əsəd bəyin yazdığı "Şərqdə neft və qan" əsərinə görə, atası müsəlman neft maqnatı olub,Rusiyadan siyasi dustaq kimi Bakıda həbsdə olan Basyanı (Berta) azad edərək onunla evlənib. Sonralar Əsədin inqilabi baxışlarını görən atası ona “Sən doğurdan da ananın oğlusan” deyirdi. 1914-1920-ci illərdə Lev Nussimbaum( Əsəd bəy) Bakıda 2 nömrəli rus dilli kişi gimnaziyasında təhsil alır. 1918-ci ildə Lev və atası Bakıda baş verən qırğınlar səbəbilə müvəqqəti olaraq şəhərdən qaçmalı olurlar.
Essad Bəy ilk kitabı "Şərqdə qan və neft"-də bu hadisələri təsvir edir. Kitabda atasının və özünün Türkmənistan-İran vasitəsilə səyahət etdiyi bildirilir, lakin həyatı sirlərlə dolu Əsəd bəyin bu səyahətinə dair təəssüf ki, heç bir rəsmi məlumat qeydə alınmayıb. Əsəd bəy kiçik yaşlarından Bakının neft zənginlərinin məclislərində iştirak edir. 1914-cü ildə Sara Aşurbəylinin evində yeni il gecəsində çəkilən fotoda 9 yaşlı Əsəd də var.
Əsədin “Nissunbaum hekayəsi”
1918-ci ildə mayın 28- də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ona və atasına ümid olur. Lakin 23 ay sonra, 1920-ci ildə Əsəd məktəbi bitirmədən, bolşeviklər Bakını işğal edərkən atası onu Tiflisə- xalası Bertanın yanına göndərir. Ehtimal edilir ki,atası Bakıda qalır. Tiflisdə Əsədin “Nissunbaum hekayəsi” başlayır. Xalası Bertanın əri Tiflis yəhudisi, kiçik tacir Abraaham Nissunbaum idi.
O, 1875-ci ildə Tiflisdə anadan olmuşdu. Xalası və əri Abraaham Nissunbaum Əsədlə birlikdə Avropaya getmək üçün Tiflis bələdiyəsindən yeni sənədlər alır. O, yeni sənəddə Ukraynada doğulmuş Leo Nissunbaum kimi göstərilir. Bunu dayəsi Alisa Şlütte Əsəd bəy haqqında yazdığı xatirələrində də qeyd edir. O, Əsədin bütün sənədlərinin it -bata düşdüyünü və ona Gürcüstanda yeni sənədlər alındığını deyir. Essad Bəy "Neft və qan" kitabında 15 yaşında Azərbaycandan ayrıldığı üçün böyük sevinc hiss etdiyini yazır. Kitabın son hissəsində o yazır: "O anda mənim üçün Avropa başladı. Köhnə Şərq ölmüşdü”.
Rus-yəhudi keçmişindən türk bəyinə çevrildi
Lev xalası Berta və xalasının əri Abraaham Nissunbaumla İstanbula gedir. O dövrdə minlərlə qaçqın İstanbula sığınırdı. 17 yaşında İstanbuldan Berlinə gedən Lev Nissunbaum eyni vaxtda həm gimnaziyaya, həmdə Fridrix-Vilhelm Universitetinin Şərq bölümünə daxil olur. 3 il kimsə bilmədən təhsilini belə davam etdirir, lakin heç birini bitirə bilmir. Amma hər kəsə fəlsəfə üzrə namizəd dərəcəsi aldığını deyir. Ən böyük marağı isə hər zaman Şərq olur.
1922-ci ildə Leo Nissunbaum Berlində türk konsulluğunda Hafiz Paşanın iştirakı ilə islamı qəbul edir və rəsmi olaraq adını Məhəmməd Əsəd bəy kimi rəsmiləşdirir. Beləcə, o, öz rus-yəhudi keçmişi ilə vidalaşıb, özünü tamamilə bir türk bəyi kimi təqdim etməyə başlayır. Əsəd bəy heç bir vaxt özünü yəhudi kimi təqdim etmirdi, hətta bunu inkar edirdi. Onun heç bir əsərində yəhudi mədəniyyətinə dair iz yoxdur.
Onun kitabxanasında hər zaman islam və şərq tarixinə dair kitablar üstünlük təşkil edib. Buna Bakı illəri, bəlkədə atasının azərbaycanlı olmağı böyük təsir göstərib. "Əli və Nino" əsərində Əlinin atası ilə söhbətləri Əsədin atasına olan həsrətini bariz nümunəsidir. 1926-cı ildə o, "Die literarische Welt" (“Ədəbi dünya”) jurnalında Essad Bəy təxəllüsü ilə yazmağa başladı. Bu ad altında ən azı 120 məqaləsi dərc olundu. 1930-cu illərin əvvəlində Essad Bəy Qərbi Avropanın məşhur yazarlarından birinə çevrilir. 1929-cu ildə Məhəmməd Əsəd bəyin "Şərqdə neft və qan" əsəri Almaniyada diqqətləri üzərinə çəkir. Əsər o qədər uğurlu olur ki, hətta alman yazarlarını belə kölgədə qoyur. Ümumiyyətlə, Əsəd bəy 10 ildə 16 dəyərli əsər yazır. Arxivlərdə onun 144 tarixi-siyasi məqaləsi var.
"Gestapo"-ya donos
Təəssüf ki, Əsəd bəylə eyni dövrdə, eyni şəhərdə yaşayan mühacir soydaşlarımız ona paxıllıq etməyə başlayırlar. "Şərqdə neft və qan" əsərinin uğurundan sonra Berlində dərc olunan "Qurtuluş" jurnalının redaktoru Hilal Münşi Əsəd bəyi Almaniyada məhv etməyi qarşısına məqsəd qoyur və onun haqqında "Gestapo"-ya donos və təqib məktubları yazmağa başlayır.
Məlumata görə, Hilal Münşi və digər azərbaycanlı mühacirlər "Gestapo"-ya saysız böhtan məktubları göndərir və yazırlar ki, Əsəd bəy Azərbaycanın və Almaniyanın düşmənidir. Hilal Münşi “Odlu Yurd” jurnalının 1930-cu il mart sayında yazır ki, 1921-ci ildə Berlində “Eden” adlı hoteldə sonralar Əsəd bəy kimi tanınan Leo Nussimbaum və atası Abraham onun yanına gələrək Abrahamın 14 yaşlı oğluna təhsil almaq üçün Azərbaycan hökumətindən maliyyə yardımı istəyirlər. Lakin Hilal Münşi Abrahamın verdiyi qeyri-müəyyən cavablara görə onlara inanmır.
Abraaham Kiyevdə yəhudi qətliamından sonra Bakıya gəldiyini, burada yaşadığını və bu səbəbdən azərbaycanlı sayıldığını söyləyir. Lakin söhbət əsasında onun Gürcüstan təbəəsi olduğu ortaya çıxır. Münşi onlara açıq şəkildə Azərbaycan hökumətinə müraciətdən imtina etmələrini bildirir. Daha sonra Hilal Münşi yazır ki, 9 il sonra Leo Nussimbaum ilə yenidən rastlaşıblar:
“Leo ilə Berlinin Aleksandr fon Humboldt cəmiyyətində rastlaşdım. Məni görən kimi gülərüzlə yanıma gəldi və dərhal ötən 9 ildəki tərcümeyi-halından danışmağa başladı. O,Berlin Universitetindəki təhsilinin müsbət nəticə vermədiyindən şikayətləndi, lakin maddi vəziyyətinin yaxşılaşdığını, mütərəqqi alman qəzetlərində kiçik hekayələr, romanlar yazdığını bildirdi”.
Leo Münşiyə Əsəd bəy imzasını götürdüyünü, almanların bu imzaya daha maraqla yanaşdığını universitetin şərq şöbəsinə müraciət etdiyini, lakin türk dilini kifayət qədər bilmədiyi üçün qəbul edilmədiyini söyləyir. Münşi məqaləsinin davamında “Şərqdə neft və qan” əsərini təhlil edərək, Əsəd bəyin Azərbaycanın, Qafqazın, Şərqin tarixini təhrif etdiyini yazır. Daha sonra Hilal Münşi və digər mühacirlər bəyanat yayaraq bu əsərin böhtan xarakterli olduğunu bildirirlər.
Bəyanatda Alman Qafqaz Ordusunun 60 min insanı qətl etməsi iddiasının yalan olduğu deyilir. Bu bəyanat Əsəd bəyin fəaliyyətinə təsir edir, lakin onun Avropada məşhurlaşmasına mane ola bilmir. Beləliklə də Əsəd bəyin "Stalin" və digər əsərləri Almaniyada qadağan edilir və o, ölkəni tərk edir. Berlində Azərbaycan Cəmiyyətinin üzvləri bu kitabın yayılmasını yanlış hesab edirdilər. Kitab 10 dildə tərcümə olunmuş və böyük auditoriyaya malik idi.
Onun Avropa cəmiyyətinə hadisələri bütün çılpaqlığı ilə təsviri mühacirlərdə etiraz doğururdu. Mühacirlər yanlış olaraq öz ölkələri haqqında yalnız pozitiv məlumatın yazılmasını istəyirdilər. Problemlərin sadəcə ölkə daxilində qalması tərəfdarı idilər. Siyasi baxımdan Essad Bəy monarxist idi. 1931-ci ildə o, "Alman-Rus Bolşevizminə” qarşı hərəkata qoşuldu.
Tədqiqatçı, jurnalist Daniel Lazar bu təşkilatın üzvlərinin əksəriyyətinin ya nasist olduğunu, ya da qısa müddətdə nasist olacağını qeyd edirdi. Essad Almaniyanın Hohenzoller sülaləsinin bərpasını müdafiə edən "Sosial Monarxist Partiyası"na da üzv olmuşdu. Bundan əlavə, o, Aleksandr Kazımbəyin rəhbərlik etdiyi faşizmə meylli "Gənc Rus"(Mladorossi) hərəkatı ilə əlaqələri də vardı(Aleksandr Lev oğlu Kazımbəy Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazımbəyin nəvəsi idi).
3 dəfə intihara cəhd
1932-ci ildə Əsəd bəy zəngin, yəhudi əsilli ayaqqabı ticarətçisinin qızı 20 yaşlı Erika Lovendalla ailə qurur. Dayəsi Alis Şlutte yazır: “Əsəd bəy əsil müsəlman ərdir”. 1933-cü ildə Əsəd bəy həyat yoldaşı və qayınatası ilə birlikdə Amerikaya gedir. Amerikada onu Stalin və ll Nikolayın bioqrafiyasını yazmış yazıçı kimi tanıyırlar, "NeW Times" kimi tanınmış qəzetlər "Çarın bioqrafı Amerikada" deyə onun haqqında yazırlar. Avropada faşizm yayıldığı bir vaxtda yəhudilərə qarşı təzyiqlər artır.
Həyat yoldaşı Erika Əsədə Amerikaya qaçmağı təklif edir. Əsədə daha öncədə Amerikada yaşamaq təklifi gəlmişdi, amma qəbul etməmişdi. Əsəd bəy Erikanın təklifini rədd edir. Amerika onun ruhuna yad idi. Erika özündən yaşca çox böyük olan yazıçı Rene Fülöp Müllerle Əsəd bəyə xəyanət edir və onlar birlikdə Amerikaya köçür.
Erikanın valideynləri yalnız 1937-ci ildə bu nikahı ləğv etdirməyə nail olurlar. Erika Amerikada mətbuata açıqlama verərək “Mənim Osmanlı şahzadəm əslində Kiyevdən olan yəhudidir” deyə bir yazı dərc etdirir. Bu hadisə Əsəd bəyi dərindən sarsıdır və o, uzun müddət Berlin yaxınlığındakı sanatoriyaların birində müalicə alır.Həyatının sonuna qədər yanında olan dayəsi Alis Şlutte onu 3 dəfə intihardan xilas edir. Bu hadisə Əsəd bəydə ömrünün sonuna qədər dərin iz qoyur.
“Əli və Nino”nun "Sevgidən bixəbər kişi”si
Məhz böyük sarsıntılar keçirdiyi bir zamanda Əsəd bəy "Əli və Nino" əsərini qələmə alır. Bu gün Azərbaycanı dünyaya tanıdan ən məşhur əsərlərdən biridir. Dünya bu əsərlə Azərbaycan haqqındakı tarixi həqiqətləri öyrəndi. Essad bəyi bu depressiyadan Avstriyalı baronessa Elfride Ehrenfels çıxarır.
1933-cü ildə Essad bəyin müsəlman və türkpərəst olmasına baxmayaraq, onun əsil kimliyi nasistlərə məlum idi və bu səbəbdən o, avstriyalı baronessa Elfride Ehrenfelsin dəvəti ilə Almaniyadan Vyanaya gedir və Vyana ətrafında Lixtino adlı qəsəbədə yaşayır. Lixtino faşizmdən qaçan miqrantların sığınacağı idi. Essad bəy məşhur "Əli və Nino" romanını burada yazır. Onun romanı mühacir yazarların nəşriyyatı olan "Thaw" nəşriyyatında çap olunur.
Elə bu zaman Qurban Səid təxəllüsü zərurəti yaranır. Təqib olunduğuna görə artıq Məhəmməd Əsəd bəy adını istifadə etmək olmazdı. Nəşriyyatla müqaviləyə də Elfride Ehrenfels imza atır və bu üzdən əsərin müəllifinin uzun müddət Elfride Ehrenfels olduğu güman edilir. 1978-ci ildə Elfrida Ehrenfels yazdığı deklarasiyada bildirir ki, 1937-ci ildə Qurban Səid imzası ilə yazılan əsər Məhəmməd Əsəd bəyindir və birlikdə onun çap olunmasına qərar veriblər. 1938-ci ildə Almaniya Avstriyanı işğal etdikdə, Nussimbaum (Essad bəy) Mussolinin dəvəti ilə İtaliyaya gedir və Romada otelə yerləşir.
Mussolini onun bioqrafik yazar kimi məşhur olduğunu bilirdi və Əsəd bəydən onun da bioqrafik kitabını yazmasını xahiş edir.Əsəd bəy Mussolini haqqında artıq kifayət qədər material toplayaraq kitabı yazmağa başlamışdı. O, Romada otellərin birində saatlarla onu Mussolinin yanına aparacaqlarını gözləyir.
Lakin Hilal Münşi burada da ondan əl çəkmir. Berlindən Romaya yazdığı danos bu görüşün baş tutmasına mane olur. Essad yenə də ümid edir ki, Mussolini onu görüşə dəvət edəcək. O, dostunun dəvəti ilə müvəqqəti getdiyi Positano sahil qəsəbəsində 4 il- yəni ömrünün sonuna qədər qalır. Positano da yaşadığı illərdə maliyyə vəziyyəti pis olduğundan baronessa Elfride və dayəsi Alis Şlutte ara-sıra ona pul göndərirlər. Ömrünün sonlarına yaxın o, "Sevgidən bixəbər kişi” romanını yazır. Bu kitab Əsəd bəyin özünün avtobioqrafiyası olur. O, uşaqlığından sonuna qədər demək olar hər şeyi yazır.
Aclıqdan ölən istedad
Əsəd- Lev Nissumbaum-Qurban Səid Positanoda aclıqdan və nadir qan xəstəliyindən əziyyət çəkərək vəfat edir. Aşağı ətraf damarlarında tromb səbəbindən qanqrena yaradan bu xəstəliyin adı "Buerger" idi. Bəzi tədqiqatçıların yazdığına görə, bu, yəhudi kişilərində rast gəlinən xəstəlik idi. Ehtimal edilir ki, həkimlər "Raynaud" xəstəliyi ilə qarışdırıblar, çünki Essad Bəy yəhudi mənşəyini həkimlərdən gizlədib və bu, səhv diaqnoza səbəb olub.
1940-cı illərin əvvəllərində "Buerger " xəstəliyi haqqında çox az məlumat var idi və bu xəstəliyinmüalicəsindən biri də siqareti tərgitmək idi. Essad Bəy isə ağır siqaret aludəçisi idi və bu səbəbdən 36 yaşında olduqca ağır və ağrılı bir ölümlə dünyasını dəyişdi. O, Positanoda hər zaman getdiyi yüksək təpədə,üzü qibləyə, müsəlman adəti ilə dəfn edilməyini vəsiyyət edir.
O, Azərbaycanda keçən uşaqlığını təsvir edərkən Bakının qədim saraylarından belə yazırdı:
"Mən geniş qumlu Ərəb səhrasını gördüm, küləkdə dalğalanan qarlı ağ burnus geymiş atlıları gördüm, Məkkəyə yönəlmiş dua edən peyğəmbərlərin sürülərini gördüm və bu divarla bir olmaq, bu səhrayla bir olmaq, bu anlaşılmaz, mürəkkəb yazıyla bir olmaq, bütün İslam Şərqiylə bir olmaq istədim. Bizim Bakımızda bu mədəniyyət Avropa mədəniyyətinin qalib zərbələri altında ehtiramla dəfn olunmuşdu... Mən uşaqlıq illərimin hər gecəsini bu ərəb tikililərini yuxuda görməklə keçirdim... Bilirəm ki, bu hiss mənim həyatımın ən güclü duyğusu idi".
O, yaşadığı zaman kəsimində heç vaxt öz həqiqi evini tapa bilmir – nə Bakıda, nə Berlində, nə də İstanbulda. Amma onun əsərləri yaşayır və haqqındakı suallar hələ də cavabsızdır. O, Şərq və Qərbin arasında qalan və elə ömrünü də bu sərhəddə başa vuran yazıçı idi.
Səbinə Uğur
"Cebheinfo.az"
Açar sözlər: yazıçı Azərbaycan rubrika


