London İmperial Kollecinin azərbaycanlı tələbəsi: Burada aldığım təhsillə öz ölkəmə daha faydalı olmaq prizmasından yanaşıram
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 28 aprel, Mikayıl Məmmədov, AZƏRTAC
AZƏRTAC xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələr haqqında materiallar silsiləsini davam edir. Budəfəki həmsöhbətimiz “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” xətti ilə London İmperial Kollecində təhsil alan Nərmin Abdullayeva olub. O, müsahibəsində keçdiyi təhsil yolu, xaricdə təhsil almaq motivasiyası, PR və marketinq sahəsində qazandığı təcrübə, habelə planlarından danışıb.
Kiçik yaşlarından biliyə həvəsi ilə həmyaşıdlarından seçilən Nərmin Tərtər şəhər 6 nömrəli məktəbi əla qiymətlərlə bitirib. O, məktəb illərində riyaziyyata xüsusi maraq göstərib. Eyni zamanda, onda bədii ədəbiyyata sevgi də yaranıb. Nərmin deyir: “Bədii ədəbiyyat oxumağa böyük marağım var idi. Azərbaycan ədəbiyyatı məndə mütaliəyə daha çox həvəs yaradıb”.
İngilis dilinə də böyük maraq göstərdiyini deyən Nərmin vurğulayır: “Bu dilin mənim üçün yeni imkanlar açacağına inanırdım”. Dövlət qəbul imtahanlarında 626 bal toplayan Nərmin Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə (ingilis dili üzrə) daxil olub və bakalavr pilləsini fərqlənmə diplomu ilə başa vurub.

Tələbə qız daha sonra qeyd edir: “Təhsil aldığım müddətdə və sonra həm şifahi, həm də yazılı tərcümədə fəal iştirak edirdim. SOCAR və Azərbaycan Cüdo Federasiyası kimi təşkilatlarda tərcüməçi kimi iş təcrübəm olub”. Daha peşəkar yüksəlişə və biliklərini genişləndirməyə can atan Nərmin UNEC Biznes Məktəbinin magistratura pilləsində ingilis dilində tədris olunan MBA idarəetmə proqramı üzrə təhsilini davam etdirib və onu da yüksək qiymətlərlə başa vurub. O əlavə edir: “Magistraturada təhsil aldığım müddətdə layihələrin idarə edilməsi, biznes strategiyası və innovasiya, marketinq kimi fənlərə xüsusi maraq göstərirdim”. Maliyyə və mühasibatlıq sahəsində biliklərini dərinləşdirmək istəyən Nərmin beynəlxalq ACCA F3 (maliyyə mühasibatlığı) sertifikatını əldə edib. Onun sözlərinə görə, keçdiyi bütün təhsil yolu onun peşəkar karyerası, cari fəaliyyəti və davamlı təhsili üçün möhkəm bünövrəyə çevrilib.
Nərminin peşə seçimi onun maraqlarının, qabiliyyətinin və təhsilinin məntiqi davamı idi. Onun linqvistik təhsili, inkişaf etmiş ünsiyyət bacarıqları, eləcə də MBA proqramında əldə etdiyi strateji düşüncə və analitik qabiliyyətləri PR/kommunikasiya və marketinq sahələrinə aparan yolu müəyyənləşdirib: “Dinamiklik, yaradıcılığın stimullaşdırılması və bu sahələrdə insanlarla səmərəli ünsiyyət imkanları mənim üçün həmişə cəlbedici olub. Hesab edirəm ki, kommunikasiya və marketinq sahələri müasir cəmiyyətin inkişafı üçün son dərəcə vacibdir. Bu sahələr təkcə əmtəə və xidmətlərin təşviqi ilə məhdudlaşmır, həm də təşkilatlarla ictimaiyyət arasında düzgün və şəffaf əlaqələrin qurulmasına, cəmiyyətlə qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşmasına xidmət edir. PR və kommunikasiya vasitələri vasitəsilə cəmiyyətin müxtəlif qrupları arasında körpülər yaradılır”.

Nərminin bu sahəni seçməsində ona örnək olan və ünsiyyətin gücünü aydın nümayiş etdirən insanların böyük təsiri olub. Bu, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı özünü büruzə verib. “Hər bir vətəndaş kimi, o vaxt mən də xəbərləri diqqətlə izləyirdim, ölkədə və xüsusən də doğma Tərtərdə baş verənləri həyəcanla öyrənirdim. Bilirsiniz ki, Tərtər şəhəri müharibə zamanı ən çox zərər çəkmiş bölgələrdən biri idi. Təəssüflər olsun ki, o zaman yayılan məlumatların bir qismi qeyri-dəqiq və etibarsız idi. Cəmiyyətin əksəriyyəti kimi mən də etibarlı mənbədən xəbər gözləyirdim. Bu məqamda cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin və Prezidentin köməkçisi Hikmət Hacıyevin bəyanatları cəmiyyətə inam və aydınlıq aşıladı. Bu, dövlətlə xalq arasında ünsiyyət körpüsünün nə qədər vacib olduğunu bir daha sübut etdi. Mənim arzum bu sahədə dövlətimizə hər zaman faydalı olmaq, etibarlı şəxslərdən birinə çevrilməkdir”.
Nərmin bu sahədə peşəkar karyerasına Formula 1 yarışlarının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətində başlayıb. O, daha sonra COP29 Azərbaycan Əməliyyat Şirkətinin Kommunikasiyalar departamentində menecer vəzifəsində çalışıb, bu sahədə bilik və təcrübəsini daha da genişləndirib.
London İmperial Kollecinin tələbəsi deyir: “Təhsilimi xaricdə davam etdirmək qərarıma bir neçə əsas motiv səbəb olub. İlk növbədə, qlobal üfüqlərimi genişləndirmək və öz sahəmdə beynəlxalq təcrübə qazanmaq istəyi bu qərarın əsas səbəblərindən biri olub. Kommunikasiya, PR və marketinq kimi sahələr daim dəyişir, yenilənir və onlar qlobal tendensiyalarla sıx bağlıdır. Nəzərə alsaq ki, biz artıq bütün sahələrdə məlumatların təhlilini öyrənməli olduğumuz bir dövrə qədəm qoymuşuq. Bu təhlilə əsaslanaraq, öz sahəmdə strateji qərarlar qəbul etmək, bu səbəbdən daha rəqabətli beynəlxalq mühitdə inkişaf etmək və biliklərimi dərinləşdirmək mənim üçün prioritet idi”.
Xaricdə təhsil həm də Nərminə məsələlərə müxtəlif yanaşmalar haqqında öyrənmək, fərqli mədəniyyətlərdən olan insanlarla ünsiyyət qurmaq və öz sahəsində innovativ düşüncəni inkişaf etdirmək üzrə unikal imkanlar yaratdı. “Bu təcrübə təkcə akademik deyil, həm də şəxsi inkişafda mühüm rol oynayır. Özümü yeni arenada sınamaq, müxtəlif sistemlərdə güclü tərəflərimi öyrənmək və çevik uyğunlaşma bacarıqlarına yiyələnmək imkanı xaricdə təhsilin mənə verdiyi əsas üstünlüklərdən biridir. Ən əsası, bu təhsilə təkcə şəxsi inkişaf vasitəsi kimi deyil, həm də ölkəmə daha faydalı olmaq, əldə etdiyim bilik və təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etmək yolu kimi baxıram. Məqsədim beynəlxalq təcrübə ilə yerli potensial arasında körpü yaratmaq, cəmiyyətimiz üçün dəyərli layihələrə töhfə verməkdir”, -deyə Nərmin vurğulayıb.

Nərmin üçün Dövlət Proqramı üzrə təhsil almaq qərarı vətənə faydalı ixtisaslı mütəxəssis kimi qayıtmaq arzusu ilə bağlı idi. O, bu fürsəti ilk dəfə rəsmi mənbələrdən öyrəndiyi deyir: “Azərbaycan Respublikası Təhsil Nazirliyinin gündəliyini yaxından izlədiyim üçün bu fürsət barədə ilk dəfə nazirliyin saytında və sosial şəbəkələrdə məlumat əldə etdim. Dövlət Proqramı çərçivəsində qəbul prosesi çoxmərhələli olub və ciddi yanaşma tələb olunurdu. Əvvəlcə proqramın şərtləri və tələbləri barədə məlumat toplayıb, qəbul üçün müraciət etmək qərarına gəldim. Prosesin birinci mərhələsi onlayn ərizə vermək idi. Bu mərhələdə müvafiq sənədləri hazırlamaq, şəxsi məlumatları və akademik göstəriciləri düzgün təqdim etmək lazım idi. Bu mərhələdən uğurla keçdikdən sonra növbəti addım müsahibədə iştirak etmək oldu”.
Müsahibə zamanı onun təhsil və karyera planları, şəxsi motivasiyası və proqramın məqsədlərinə uyğunluğu müzakirə olunub. Tələbə qız qeyd edir: “Bu mərhələdə həm peşəkar sahəyə aid, həm də şəxsi suallar verildi və mən bu proqramdan nələri gözlədiyim, ölkəmə və cəmiyyətimə necə töhfə verə biləcəyim barədə danışdım. Müsahibələr yüksək peşəkarlıq və şəffaflıqla keçirilir. Onların nəticəsi ekspertlərin rəyi əsasında müəyyən edilir”.
Son mərhələ qəbulla bağlı qərarın verilməsi idi və öz adını qaliblər siyahısında görmək Nərmin üçün böyük sevinc hissi doğurub.
Tələbə qızın London İmperial Kollecini seçməsi bir neçə əsas amillə bağlıdır. O deyir: “Təhsil sahəsinə qərar verəndən sonra dünyanın qəbul təklif edən ən yüksəkreytinqli universitetlərini araşdırdım. Təsadüfi deyil ki, London İmperial Kolleci “QS World Rankings”də 2-ci, Avropa və Böyük Britaniyada 1-ci yerdədir. Bu universitet elm və texnologiya, tibb, mühəndislik və biznes sahəsində yüksək akademik səviyyəsi ilə bütün dünyada tanınır və eyni zamanda, beynəlxalq kollec baxımından da güclü nüfuza malikdir. innovasiya, tədqiqat və praktik yanaşma buradakı təhsil təkcə nəzəri biliklərlə məhdudlaşmır, həm də bu sahədə real dünya təcrübəsi ilə zənginləşir.

Bundan əlavə, bu universitetin tədqiqat imkanları və beynəlxalq əlaqələri mənim peşəkar və akademik məqsədlərimə çox uyğundur. London İmperial Kollecində təhsil almaq, burada müxtəlif mədəniyyətlərdən olan tələbələrlə birlikdə biliklər ələdə etmək və dünyasəviyyəli professorlarla işləmək mənim üçün çox dəyərli təcrübədir. Mənim ixtisasım üzrə 53 müxtəlif millətin nümayəndəsi təhsil alır. Universitetdə keçirdiyim hər gün mənim üçün yeni bir kəşfdir”.
Nərmin London İmperial Kollecinə qəbul prosesinin çətinliyini də qeyd edir: “Müraciət etdiyim ixtisas çox yüksək akademik göstəricilər, praktik təcrübə və güclü motivasiya tələb edirdi. Müsahibə də daxil olmaqla, bir neçə mərhələni əhatə edən qəbul prosesində təkcə şəxsi və akademik nailiyyətlərimi deyil, həm də təhsil məqsədlərimi və gələcəkdə bu təhsillə nələrə nail olmaq istədiyimi ətraflı təsvir etməli idim . Xarici universitetlərin diqqət yetirdiyi əsas nüanslardan biri də tələbənin bu və ya digər formada cəmiyyətə və dünyaya faydalı olmaq istəyidir. London İmperial Kollecində qəbul dərəcəsi mövzudan asılı olaraq təxminən 5 ilə 10 faiz arasında dəyişir. Bu o deməkdir ki, burada kifayət qədər rəqabət var”.
Pedaqoji fəaliyyət təcrübəsinə malik olan Nərmin təkcə tələbə kimi deyil, həm də müəllim kimi təhsil məsələlərini təhlil edir: “Mən Xəzər Universitetində pedaqoji fəaliyyət göstərmişəm. Ona görə də təhsil məsələlərinə təkcə tələbə deyil, həm də bir müəllim kimi yanaşıram və onu təhlil edirəm. Vətənə qayıtdıqdan sonra da elmi fəaliyyətimi davam etdirmək niyyətindəyəm və həqiqətən də təhsil sistemində ən uğurlu hesab etdiyim nüansları ali təhsil müəssisələrimizdə tətbiq etmək istəyirəm".

Nərmin onu da bildirir ki, London İmperial Kollecində təhsil almaq hərtərəfli və yüksəkkeyfiyyətli akademik mühitə qərq olmağı tələb edir və bu, təbii ki, müəyyən çətinliklər və yüksək tələblərlə bağlıdır: “Universitetin tədris metodları həm nəzəri, həm də praktiki tətbiqlərdən ibarətdir və bu, tələbələrdən əldə etdikləri bilikləri həm müstəqil, həm də qrup şəklində tətbiq etməyi tələb edir. Çətinliklər əsasən yüksək intellektual tələblərdən, sürətli öyrənmə tempindən və tədqiqat işinə tələb olunan dərin yanaşmadan irəli gəlir. Bu, müəyyən mənada tələbələrdən vaxtın idarə edilməsi, qrup daxilində düzgün ünsiyyət bacarıqlarının formalaşmasını da tələb edir. Kitabxanada uzun saatlar keçirməklə yanaşı, bu çətinliklər həm də şəxsi inkişaf üçün əvəzsiz təcrübə və bacarıqlar verir”.
Böyük Britaniyanın təhsil sistemi bir sıra əsas xüsusiyyətlərə malikdir. Nərmin bununla bağlı deyir: “Birincisi, təhsil daha interaktiv və tədqiqat yönümlüdür. Müəllimlər tələbələrlə daha çox müzakirələr aparır və onların müstəqil tədqiqat aparması və mövcud problemlərə fərqli yanaşmalar ortaya qoyması gözlənilir. Bu, tələbələr üçün daha geniş perspektivlər və yaradıcı düşünmə imkanları açır. Bundan əlavə, kurikulumlar daha çox təcrübə qazanmağa istiqamətlənib, yəni tələbələr yalnız nəzəriyyənin öyrənilməsi ilə məhdudlaşmır, həm də onların real problemləri üzərində işləyən qruplar üzrə çalışırlar. Belə kip, 5-6 nəfərdən ibarət olan bu qruplar kiçik şirkətlərə bənzəyir, buna paralel olaraq, universitetlərin öz kitabxanalarına və məlumat resurslarına milyonlarla vəsait yatırmasının, eyni zamanda, digər aspektlərin mənim inkişafım üçün böyük imkanlar yaratdığını düşünürəm”.
Həmsöhbətimiz İmperial Kollecinin əsas xüsusiyyətlərindən də danışıb: “London İmperial Kollecinin əsas xüsusiyyətlərinə yüksək akademik standartlar, güclü tədqiqat mühiti və praktik yanaşmalar daxildir. Universitet öz tələbələrinə dünyasəviyyəli professorlarla təhsil almaq və innovativ layihələrdə iştirak etmək imkanı yaradır. Burada təhsil alan tələbələr həm nəzəri, həm də praktiki cəhətdən dərin biliklərə yiyələnir. Bundan əlavə, universitetin beynəlxalq əlaqələri və şəbəkəsi tələbələr üçün karyera imkanlarının yaradılmasında böyük rol oynayır. Bu təhsil müəssisəsində tətbiqi uğurlar da tələbələrə yüksək təhsil, gələcəkdə öz sahələrində lider olmaq imkanları yaradır”.
O, həmçinin beynəlxalq tələbələrlə ünsiyyət təcrübəsini bölüşür: “Artıq qeyd etdiyim kimi, mənim proqramımda 53 müxtəlif ölkədən tələbələr təhsil alır. Bu cür multikultural mühitdə olmaq həqiqətən böyük şansdır. Çox ünsiyyətcil olduğuma görə burada əlaqələr qurmaq mənim üçün asan oldu. Müxtəlif mədəniyyətlərdən olan tələbələrlə tanış oldum və onların çoxu ilə yaxın dostluq münasibətləri qurmağa başladım. Bu, mənə həmişə müxtəlif yanaşma tərzi tapmağa kömək etdi. Biz birlikdə idmanla məşğul oluruq. Fiziki cəhətdən aktiv insanam, amma dostlarım məni daha əvvəl heç vaxt etmədiyim idman hərəkətlərini sınamağa ruhlandırır. Müntəzəm olaraq qaçırıq və Londonun gözəl parklarında gəzintiyə çıxırıq. Səyahəti sevdiyim üçün Birləşmiş Krallığın bölgələrinə və yaxınlıqdakı ölkələrə səfərlər edirəm. Həmçinin universitetimizin təşkil etdiyi sosial tədbirlərə qatılıram. Teatr və konsertlərə də gedirəm. Belə desək, Londonda sadəcə yaşamağa deyil, burada keçirdiyim hər andan zövq almağa çalışıram”.

Böyük Britaniyada yaşayan azərbaycanlı tələbələrin üzləşə biləcəyi çətinliklər barədə bəhs edən Nərmin qeyd edir: “Xaricdə təhsil almaq, başqa ölkəyə köçmək qərarı göründüyü qədər asan olmaya bilər. Bu mühüm qərarı verməzdən əvvəl hər bir tələbə öz akademik, sosial və emosional hazırlığını diqqətlə dəyərləndirməlidir. Əks halda, bu proses tələbə üçün çox çətin ola bilər. Mən də öz yaxınlarıma məsləhət görürəm ki, bu barədə düşünsünlər, sonra xaricdə yaşamağa qərar versinlər. Yeni ölkədə dil maneələri, mədəni fərqlilik, onların qanunları və hətta iqlim dəyişikliyi kimi çətinliklərlə üzləşə bilərlər. Bu amillər müəyyən dərəcədə insanın həyat keyfiyyətinə təsir göstərir. Ancaq kifayət qədər yetkinlik səviyyəsinə çatmış və bu uyğunlaşma prosesinin öhdəsindən gəlmək üçün sabit psixikaya sahib olan insanlar həmin çətinlikləri asanlıqla aradan qaldıra bilərlər.
İstənilən halda xaricdə təhsil alarkən çətinliklər labüddür. Tədris sistemindəki fərqlər, qiymətləndirmə üsulları, müəllim-tələbə münasibətləri, hətta təhsil alan gənclər arasında münasibətlər müəyyən maneələr yarada bilər. Lakin bu çətinliklər şəxsi inkişaf və təcrübə baxımından çox dəyərli dərslərdir”.
Nərmin xaricdə təhsil almağı planlaşdıranlarla öz təcrübəsini bölüşür: “İlk növbədə, təhsil sahəsini müəyyənləşdirmək və onların gələcəkdə bu sahədən hansı nəticələri gözlədiyini aydın şəkildə anlamaq lazımdır. Ona görə də onlara maraq göstərdikləri sahədə yüksəkreytinqli, beynəlxalq mühitə malik universitetləri araşdırmağı tövsiyə edirəm. Araşdırma zamanı və universitetə müraciət etməzdən əvvəl orada təhsil alan tələbələr və ya artıq məzun olmuş gənclərlə, həmçinin universitetin akademik heyəti ilə əlaqə saxlamaqdan çəkinməyin. Bu mərhələdə çox yaxşı reaksiya və böyük təcrübə qazandım. Universitetlər tələbələrə qəbulun hər mərhələsində dəstək olmağa həmişə hazırdır. Proses zamanı “niyə” sualları sizə çox kömək edir və doğru yolda olduğunuzu göstərir: Niyə bu ölkə? Niyə bu şəhər? Niyə bu universitet? Niyə bu ixtisas? Niyə bu proqram? Bu suallara düzgün və dolğun cavab verən tələbə düzgün yolda olduğuna əmin ola bilər. Bütün sahələrdə - akademik, sosial və peşəkar istiqamətlərdə fəal olmaq çox vacibdir.
Hesab edirəm ki, peşəkar iş təcrübəsindən sonra magistraturada təhsil almaq daha faydalıdır, çünki o zaman siz iş mühitində öz sahənizdəki boşluqları daha yaxşı görə və inkişaf edə bilərsiniz. Nəhayət, hər bir tələbəyə başqalarının “bacarmazsan” kimi şərhlərinə qulaq asmamağı, yalnız öz yoluna diqqət etməyi və özünə inanmağı tövsiyə edirəm. Yalnız onlar özləri həyatda şanslarını yarada bilərlər. İnanıram ki, hər bir azərbaycanlı oğlan və qız buna nail ola bilər”.

Gələcəyə doğru inamla baxan Nərmin öz planlarını bölüşür: “Magistratura təhsilimi gələcək hədəflərimə doğru atılan mühüm addım kimi görürəm. Bu mərhələdə əsas məqsədim liderlik bacarıqlarımı və davamlı biznes strategiyalarımı təkmilləşdirməkdir. London İmperial Kollecinin tədris planı və peşəkar mühiti mənə müasir biznes çağırışlarına cavab verə biləcək strateji yanaşmaları və inkişaf prinsiplərini öyrənməyə imkan verir. Qazandığım bilikləri öz ölkəmin iqtisadi inkişafına yönəltmək, həm də sosial, ekoloji və iqtisadi layihələrə töhfə vermək istəyirəm. Mən Azərbaycanda kommunikasiya sektorunun inkişafına və effektiv kommunikasiya strategiyalarının həyata keçirilməsinə, eləcə də həm dövlət, həm də özəl sektorda strateji kommunikasiya təşəbbüslərində iştiraka diqqət yetirmək niyyətindəyəm. Xüsusilə, böhran kommunikasiyaları, sosial məsuliyyət layihələri və brend menecmenti kimi sahələrdə ekspert olmaq, həmçinin bu istiqamətlərdə yeni metod və yanaşmalar hazırlamaq istəyirəm. Ölkəmizin sürətli inkişafı və beynəlxalq layihələrin, xüsusən də Qarabağda həyata keçirilən proqramların sayının artdığı bir şəraitdə əsas vəzifələrimdən biri inkişafa yönəlmiş sosial və iqtisadi təşəbbüsləri təşviq etməkdir. Tərtərdə böyüdüyüm üçün Qarabağda baş verən hər bir yenilik mənim üçün çox dəyərlidir. Ölkəmə qayıdandan sonra bu bölgənin inkişafına töhfə vermək mənim əsas məqsədim olacaq”.


