Magistraturaya qəbul imtahanları bir daha təsdiqlədi: İki qapı arasında DİM ə yer yoxdur!
Icma.az, Aznews.az-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Magistraturaya qəbul imtahanları bir daha təsdiqlədi: İki qapı arasında DİM ə yer yoxdur!.
Bu gün Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanı keçirib. Rəsmi məlumata görə, imtahanda iştirak etmək üçün 21926 bakalavr ərizə təqdim edib. Sual kitabçası ilə tanış oldum və bir daha bu qərara gəldim ki, DİM adlı qurumu əvvəlcə ləğv, daha sonra dezinfeksiya etmək lazımdır ki, nəinki özü, hətta qoxusu da Azərbaycan təhsilindən çəkilsin. Çünki bu gün keçirdiyi imtahanlarla DİM bir daha sübut etdi ki, o, əslində magistratuya qəbul olunub-olunmamasından asılı olmayaraq 21926 gəncin həyatına, karyerasına qəsd edib, Azərbaycanda elmin inkişafına daha bir amansız zərbə vurub.
Niyəsini izah edim.
DİM bakalavrlara üç istiqamətdə- ingilis dili, informatika, məntiq üzrə suallar ünvanlayıb.
Bir-bir baxaq.
1. Azərbaycan Respublikasının "Təhsil haqqında" qanununun 7.1 maddəsinə görə, "Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir". Bu, o deməkdir ki, dövlət öz vətəndaşlarından təhsilini növbəti pillədə davam etdirmək üçün hər hansı xarici dil biliyi tələb edə bilməz. Magistraturaya xarici dil tələbinin qoyulması birmənalı şəkildə QANUNSUZDUR, dövlət dilinə və təhsil hüququna qəsddir, üstəlik, elm üçün heç nə ifadə eləməyən absurddur.
ABŞ öz vətəndaşlarından magistraturaya qəbul üçün hər hansı xarici dil tələb etmədiyi kimi, Almaniya da eyni prosesdə almanlardan ingilis dili, yaxud İsveçrə universitetləri öz dil daşıyıcılarından fransızca tələb eləmir. Burada əsas qayə həm də odur ki, universitetlər öz tələbələrini onlara lazım olan tədris vəsaitləri ilə öz rəsmi dövlət dillərində təmin edirlər. Xarici dil tələbi xarici ölkə vətəndaşlarına qoyulur.
Bu gün DİM-in Azərbaycan gənclərindən xaric dil tələb etməsi o deməkdir ki, bizim təhsil sistemi, yumşaq desək, öz məsuliyyətsizliyinin (müasir standartlara uyğun biliklər istehsal etməklə bağlı) cəzasını tələbələrə kəsir.
Yəni, bu, həm də o deməkdir ki, Azərbaycanda müasir bilik vəsaitləri yoxdur, universitetlər öz təməl görəvini yerinə yetirmir.
Yəni, canınız çıxsın... gedin repetitor yanına! Ki, elm əvəzinə test texnologiyaları öyrənin, sonra da siz də o görəvini yerinə yetirməyən müəssisənin bir parçası olun. Süni İntellekt- filan, əşi, onlara boş verin, elə bilin ki, belə bir şey yoxdur, bir andaca istənilən mətni tərcümə etməyi də bacarmır. Siz kurslara gedin, kurslara!!!
2. İnformatika sualları barədə. Bütün dünyada təhsilin məqsədi tələbələrə müəyyən bacarıq bəxş etməkdir. Bu gün Azərbaycanda 4 il bakalavr təhsili almış bir tələbənin Microsoft Office proqramlarından istifadə edə bilməməsinə inanmaq mümkün deyil. Bütün tələblər masa kompüterləri, notbuklar bir yana dursun, mobil cihazlarda dastan yazar. Amma bir məsələ var. Bu gün imtahan verənlərdən mühüm bir qismi, yəqin ki, informatikadan sualların bir çoxuna cavab verə bilməyəcək. Səbəbi də budur ki, tələbə praktiki bildiyi bir şeyi nəzəri olaraq əzbərləyib yadda saxlamır. Bir misal deyim. Deyək ki, Word mətninin ortasına şəkil yerləşdirmək lazımdır. İstifadəçi bunu praktiki bacarır, ancaq ona sual verəndə ki, şəkli Word dokumentində mətnin ortasına yerləşdirmək üçün paneldə sağdan neçənci düyməni basmaq lazımdır, bunu yadına sala bilmir. DİM-in bugünkü bütün sualları təxminən bu sayaq idi. Hə, lap guya tələbənin kompüter bacarıqlarını yoxlamaq istəyirsən, çox pakizə. Ver bir mətni, yanında da şəkli, cədvəli, denən, buyur, slayd yarat, məsələn. Belə olan halda, 99 % keçəcək. Amma DİM-ə bu lazım deyil. DİM-ə lazımdır ki, tələbə kursa, hazırlığa getsin ki, onun test texnologiyalarını mənimsəsin.
3. DİM-in məntiqi təfəkkürü yoxlamaq üçün ortaya qoyduğu sistem "tap tapmaca, gül yapmaca" fəndlərinin məcmusudur. Bu suallar ancaq şagirdləri və tələbələri repetitor yanına göndərməyə yarayır.
Əvvəla, Azərbaycan ali məktəblərində məntiq dərsi bəzi xüsusi ixtisaslar xaricində tədris olunmur. Yəni, sən öz hazırladığın tələbəni məntiqdən məhrum etmisən, sonra ondan məntiq tələb edirsən. Bu, Elm və Təhsil Nazirimiz demişkən, sadəcə olaraq, ayıbdır.
Digər tərəfdən, magistratura nə üçündür? Magistratura onun üçündür ki, bakalavr dərəcəsindən sonra akademik fəaliyyətlə məşğul olmaq istəyənlər daha bir mərhələ təhsil alsınlar, elmi araşdırma aparmağa hazır olsunlar. Odur ki, magistratura təhsili üçün, əslində, cəmi iki tələb olmalıdır:
- Tələbə bakalavr dövründə hər bir sahə üzrə araşdırma aparmaq üçün nə qədər fundamental bilik əldə edib?
- Tələbə elm üçün lazım olan ən əsas şərtə- hipoteza qurmaq bacarığına nə qədər malikdir?
Bunun birincisini DİM yoxlamır və yaxşı ki də yoxlamır, necə deyərlər, evimiz lap yıxılardı.
İkinci məsələyə gəlincə, tələbənin hipoteza qurmaq bacağını qiymətləndirmək üçün o qədər şəkil-şükülə gərək yoxdur. Üç dağınıq mətn verirsən və tapşırırsan: həqiqətə ən oxşar olan ehtimalı yarat, yəni hipoteza qur. Elmi təfəkkür hipoteza qurmaq bacarığıdır. Bu qədər sadə!!!
Yəqin, soruşacaqsınız ki, sənin təklifin nədir?
Deyim.
Əvvəla, magistraturaya qəbul işini qaytarıb universitetlərin özünə vermək və universitetlərin muxtariyyətini artırmaq lazımdır.
Əlavətən, bu gün sənəd vermiş 21926 bakalavrın hər birini magistraturaya qəbul etmək gərəkdir. Bəli, düz oxudunuz, hər birini!
Hə, magistraturanı onlardan neçə nəfər bitiricək, bu, başqa məsələdir.
Giriş qapılarını tam açmaq, ancaq çıxış üçün ELM vermək və sonda onu tələb etmək lazımdır.
Bu iki qapı arasında isə DİM-ə heç bir ehtiyac yoxdur. DİM lüzumsuz, ziyanlı və milli təhlükəsizliyimizə təhdid yaradan qurumdur. Açın dövlətimizin "Milli təhlükəsizlik haqqında" qanununu, 7.11.1 bəndini oxuyun, özünüz də görəcəksiniz.
Taleh ŞAHSUVARLI

