Maraqlıdır ki, Azərbaycan Dəmir Yolları belə ifrat yüksək qiyməti hansı təbəqə üçün müəyyən edib?
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bu gün üçün Bakı - Qazax qatarına Birinci klass biletin qiyməti 147 manat nəzərdə tutulub. Vağzala qədər taksi ödənişlərini nəzərə alsaq bu rəqəm 170 manata qalxacaq. Ağlasığmazdır. Görəsən bu xidmətin daxilində nələr nəzərdə tutulub?"
Pravda.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.
O.Gündüz bildirib ki, dövlət sektorunda ezamiyyə xərcləri ilə bağlı qaydalarda dövlət qulluqçuları üçün belə yol xərcləri nəzərdə tutulmayıb: “Yəni nazirlər, yüksək vəzifəlilər güman ki, bundan istifadə etməyəcəklər. Biznes sektoru da, Qazax rayonunun sahibkarları da ağlım kəsmir ki, gediş-gəliş üçün 300 manatdan çox ödəsin. Belə olan halda maraqlıdır ki, Azərbaycan Dəmir Yolları belə ifrat yüksək qiyməti hansı təbəqə üçün, hansı metodlarla müəyyən edib? Biz gözləyirdik ki, Azərbaycan Dəmir Yolları hətta Bakı - Balakən qatarının qiymətlərini xeyli endirəcək. Monitorinqlər də göstərirdi ki, doluluq, bayramları çıxsaq heç vaxt yetərli olmur. Bir daha qeyd etmək istərdim ki, 6 il dayanmış dəmiryolu ilə ölkədaxili sərnişin daşınmasının yenidən bərpa edilməsi təqdirəlayiq bir addım olsa da qiymətlərin reallıqdan çox uzaq olması da bir o qədər məyusedicidir. Ümid edirəm Azərbaycan Dəmir Yolları və hökumət nəzərə alacaq”.


