Icma.az
close
up
RU
Mədəniyyət Tarlamızın fədakar Əkinçisi Azərbaycan mətbuatı 150

Mədəniyyət Tarlamızın fədakar Əkinçisi Azərbaycan mətbuatı 150

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vilayət QULİYEV

XIX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və ictimai fikir tarixi   qayda olaraq Mirzə Fətəli Axundzadənin adı ilə bağlanır. Təsadüfi deyil ki, milli humanitar elmimiz XIX yüzilliyi bəzən "Mirzə Fətəli əsri" də adlandırır.

Əlbəttə, bu fikrin doğruluğunu şübhə altına almaq, Şərqin ilk dramaturqunun, materialist-filosofun, əlifba islahatçısı, ədəbiyyat nəzəriyyəçisi və tənqidçinin geniş və çoxcəhətli fəaliyyəti üzərinə kölgə salmaq böyük ədalətsizlik olardı. Lakin qədim müdriklərin dedikləri kimi, "Platon mənim dostumdur, ancaq həqiqət ondan üstündür". M.F.Axundzadənin Azərbaycan, daha geniş kontekstdə isə yeni dövr Şərq-islam sivilizasiyası qarşısındakı xidmətlərinin əhəmiyyətini, miqyasını qətiyyən azaltmadan demək lazımdır ki, hadisə və şəxsiyyətlərin zənginliyi, cəmiyyət həyatının əksər sahələrində axtarış və novatorluq təmayülü ilə seçilən XIX əsr milli mədəniyyətimizin tarixindəki bütün yenilikçi meylləri, uğurları istisnasız şəkildə yalnız onun adı və fəaliyyəti ilə bağlamaq düzgün olmazdı.

Üstəlik də, nəzərə almaq lazımdır ki, altı məşhur komediyasını və "Aldanmış kəvakib" povestini yazıb bitirdiyi 1857-ci ildən etibarən Mirzə Fətəli fəal ədəbi-bədii yaradıcılıqdan uzaqlaşmışdı. Ömrünün son 20 ilini demək olar ki, ərəb əlifbasının islahı uğrunda səmərəsiz (bəlkə də lüzumsuz?) mübarizəyə və sırf milli maraqlar baxımından mühüm görünməyən "Kəmallüdövlə məktubları" traktatının nəşri ilə bağlı bitib-tükənmək bilməyən yazışmalara  həsr etmişdi.

Nəhayət, nəzərə almaq lazımdır ki, Mirzə Fətəli dövlət qulluqçusu, məmur idi. Rəsmi tellərlə Qafqaz canişinliyinə, Rusiya imperiyasına bağlı idi. Çiyinlərində rus ordusunun (daha doğrusu, milisinin) poqonları vardı. Söz və hərəkətləri üçün dövlət və qanun qarşısında məsuliyyət daşıyırdı. Hara qədər gedə biləcəyinin, nəyi açıq deyib, nə barədə isə susmalı olduğunun fərqində idi. Odur ki, hətta daxilən istəməsə də, bəlli oyun qaydalarına əməl etməli idi.

Dövrün Azərbaycan gerçəkliyi isə konkret işlər görməyə qadir olan, bundan ötəri lazım gələrsə, mənsəb və vəzifəsindən, imtiyazlarından, şəxsi maraq və xeyirindən imtina etməyi bacaran iş və əməl adamına, qarşısına bəlli məqsədlər qoyan  maarifçiyə daha çox ehtiyac duyurdu. Nəzəriyyədən, təlimatdan, öyüd-nəsihətdən gündəlik praktiki fəaliyyətə keçmək tələb olunurdu. Belə təmənnasız millət xadimi Həsən bəy Zərdabinin simasında meydana çıxdı.

Həsən bəy fəaliyyətə M.F.Axundzadənin binasını qoyduğu işlərin, cəmiyyət həyatına gətirdiyi ideyaların davamçısı kimi başladı. Bu mənada mədəniyyətimizin bu iki görkəmli siması arasındakı təbii varislik, sələf-xələf münasibətini görməyə və araşdırmağa böyük ehtiyac duyulur. Əgər belə gerçək, obyektiv baxış sərgilənsə, XIX yüzillik inkişaf mərhələləri, uğur və nailiyyətləri ilə Azərbaycan mədəni-ictimai fikir tarixində daha çox və daha ədalətli şəkildə Axundzadə-Zərdabi əsri adlandırıla bilərdi. Və bu, həqiqətən belə idi.

Fransız müəllifi Jül Renar "Gündəliklər"ində yazırdı ki, "hər məşhur kişinin kölgəsində əzab çəkən bir qadın yaşayır". Bəzən sənətdə və ədəbiyyatda da belə olur.  Məşhurların kölgəsi fədakar elm və maarif fədailərini, ömürlərini xalq işi üçün məşələ çevirənləri tam dolğunluğu ilə görməyə, göstərməyə imkan vermir. Bu mənada indiyə qədər Zərdabini Mirzə Fətəlinin "kölgəsindən" çıxarmaq, layiq olduğu, haqq etdiyi ucalığa yüksəltmək, "mükafatını vicdanından alan" əməl adamı kimi tanımaq və tanıtmaq üçün gərəkən işlərin görüldüyünü demək çətindir.

Zərdabi tariximiz və mədəniyyətimiz üçün kimdir?

Azərbaycan milli mətbuatının banisi!

Azərbaycan teatrının yaradıcısı!

Yeni tipli məktəblərin, xüsusilə də qadın təhsilinin təşəbbüskarı. 

Azərbaycanda milli şüurun, vətənpərvərlik və vətənə sahiblik hissinin tərbiyəsi yolunda birincilər sırasında fəaliyyətə başlayan publisist, ictimai xadim.

Azərbaycan Cümhuriyyətinin pərdə arxasında qalmış yolgöstərəni.

Təsadüfi deyil ki, XX əsrdəki ilk milli dövlətimizin qurucu atalarından olan Ə.Topçubaşov düz yüz il bundan əvvəl, 1925-ci ildə Həsən bəy haqqında Parisdə yazıb tamamladığı əsərə çox simvolik səslənən "Azərbaycanın yol göstərəni" (rusca orijinalında "Mayak Azerbaydjana") adını vermişdi.

Bakının xalqımızın milli, mədəni və iqtisadi mərkəzinə (gələcək paytaxt statusu da bu amillərə əsaslanırdı) çevrilməsi uğrunda mübarizənin pioneri.

Yenə də sadalamaq olar.

Yalnız "Əkinçi" qəzetinə görə Zərdabinin adı Azərbaycan mədəniyyəti və ictimai fikri tarixinə qızıl hərflərlə yazılmağa layiqdir.

Yalnız Bakıda tələbələrinin yardımı ilə hazırlayıb nümayiş etdirdiyi ilk teatr tamaşasına görə korifeylər sırasına daxil olmaq haqqı qazanıb.

Yalnız Vətəninin, ikiqat, üçqat zülm altına düşmüş həmvətənlərinin müdafiəsinə qalxdığı, ən azı milli-mədəni "zindəganlıq davasının" carçısı kimi çıxış etdiyi üçün Zərdabinin tarixi hünəri xalqın yaddaşında əbədi yaşamalıdır.

Lakin bu hünəri qiymətləndirmək, bu adı yaşatmaq, onu tarixə kiminsə istədiyi şəkildə deyil, doğru-dürüst həkk etmək üçün ilk növbədə ad sahibinin irsini, universal fəaliyyətini dərindən-dərinə  öyrənmək lazımdır.

Qeyd etdiyim istiqamətdə iş görülmədiyini demək doğru olmazdı. Filosof Ziyəddin Göyüşov Zərdabinin həyat və yaradıcılığının tədqiq və nəşri yolunda böyük zəhmət çəkib, ciddi uğurlara imza atıb. Onun rəhbərliyi altında Zərdabinin irsinin hələlik ən mükəmməl nəşri sayılan "Seçilmiş əsərləri" (rus dilində, Bakı, 1962) çap edilib. Müəllifin "Həsən bəy Zərdabinin dünyagörüşü" monoqrafiyası (rus dilində, Bakı, 1956) sanballı tədqiqat əsəridir. "Əkinçi" qəzetinin Əziz Mirəhmədov və Turan Həsənzadənin birgə səyi ilə nəşr olunan transliterasiya edilmiş tam mətni (Bakı, 1975) ilk qəzetimizin bütün saylarını müasir oxucu üçün əlçatmazlıqdan qurtarıb. Müxtəlif illərdə Heydər Hüseynov, Bəhmən Axundov, İzzət Rüstəmov, Vəli Məmmədov, Şeydabəy Məmmədov, Rəhman Bədəlov və digər alimlərimiz Zərdabi şəxsiyyətini, yaradıcılığını, mədəni-maarifçi və ictimai fəaliyyətini müxtəlif  aspektlərdən araşdıran əsərlər çap etdiriblər.

lll

Birinci olmaq həmişə çətin və məsuliyyətlidir. "Əkinçi"nin təcrübəsinə istinad etsək, Həsən bəy sadəcə ilk Azərbaycan qəzetini yaratmamışdı. Həm də qəzet mədəniyyətinin, ana dilində mətbuata maraq və tələbatın təməlini qoymuşdu. Həmin dövrə qədər yalnız poetik janrlar, ənənəvi "gül-bülbül" poeziyası üzərində köklənmiş Azərbaycan türkcəsində bəlağətdən uzaq, informativ səciyyəli qəzet dilini, publisist üslubu formalaşdırmışdı. "Ovcuna bir parça kağız alıb gözlərini göyə axıdaraq qafiyə axtaran" (Mirzə Cəlili) süxəndanları fəal ictimai mövqeli, xalq və cəmiyyət qarşısında məsuliyyət hissi duyan "qəzetçilərlə" əvəz etməyə təşəbbüs göstərmişdi. Qəzetin nə olduğunu bilməyən mühitdə məhdud sayda da olsa, milli oxucu kontingenti tərbiyə etməyə çalışmışdı. Nəşrin ikinci ilində artıq daimi abunəçilərlə birlikdə hər yeni sayı səbirsizliklə gözləyən mətbuat maraqlıları, məhəlli yenilikləri "Əkinçi" ilə bölüşməkdən çəkinməyən yerli müxbirlər meydana çıxmışdı. Hətta mətbu sözün populyarlığından şəxsi məqsədləri üçün istifadə etməyə çalışan diribaş işbazlar peyda olmuşdular. Məlumat almağa, yenilikləri öyrənməyə can atan insanlar üçün qəzet artıq gündəlik mədəni tələbatın ayrılmaz hissəsinə çevrilmişdi. Deməli, Həsən bəyin millət tarlasına səpdiyi toxumlar cücərməyə, hətta bəhər verməyə başlamışdı. "Əkinçi"  susdurulandan sonra çarizmin bəlli münasibəti səbəbindən uğurla nəticələnməsə də, XIX əsrin 80-90-cı illərində anadilli mətbuat təsis ilə bağlı çoxsaylı müraciətlər də bunun sübutudur.

Yəqin ilk baxışdan bir az qəribə görünəcək. Amma Azərbaycan türkcəsində qəzet nəşri ideyasının əhəmiyyətini, faydasını soydaşlarımızın özlərindən daha əvvəl və daha çox... qazdan ayıq ermənilər başa düşmüşdülər. Həsən bəyin məramında "erməni işinə" potensial təhlükə gördüklərindən  hər vasitə ilə ona mane olmağa çalışmışdılar. 1873-cü ildə Azərbaycan ziyalısının ana dilində qəzet nəşri ilə bağlı Senzura Komitəsinə müraciətindən sonra dərhal hərəkətə keçmişdilər. Qafqaz Kənd Təsərrüfatı cəmiyyətinin Kələntərov soyadlı erməni üzvü çar hökumətinin mövqeyini yaxşı bildiyi üçün neytrallaşdırıcı təklif irəli sürüb orijinal "Əkinçi"nin əvəzinə gürcü dilində çıxan "Saspalo qazeta"nın ("Kəndli qəzeti") tatarca "Kənd qəzetəsi" adlı dublikatını yaratmaq ideyasını ortaya atmışdı.

Aydın məsələdir ki, bu "canıyananlığın" məqsədi Azərbaycan türklərinin mədəni dünya ilə təması qarşısına sədd çəkmək, həmin dövrdə böyük gücə malik olan mətbuat dünyasına yaxın buraxmamaq idi. Kələntərovun təklifinə əsasən  qəzetin naşiri  gürcü yazıçısı, şair və publisist Georgi Sereteli, redaktoru isə islama arxa çevirib xristian dinini qəbul etmiş acar İvan Asatiani olmalı idi. Azərbaycan nəşrindəki materiallar Osmanlı türkcəsini yaxşı bilən Asatiani tərəfindən tərcümə olunub qəzetə yerləşdiriləcəkdi. Beləliklə, formal şəkildə müsəlman əhalinin qəzet tələbi (əgər ümumiyyətlə belə bir tələb vardısa! - V.Q.) yerinə yetirilmiş olacaqdı. Amma bu kələkbazlıq da necə deyərlər, müsəlmanların qara qaş-gözünə görə həyata keçirilmirdi. Qafqaz administrasiyası, yaxud "tatar" əhalinin sırf "erməni layihəsini" maliyyələşdirilməsi üçün 900 manat verməsi tələb olunurdu. Təbii ki, Qafqaz canişinliyi xərci üzərinə götürmədi. Qəzetdən, xüsusən də gürcü dilindən Osmanlı türkcəsinə tərcümədən ibarət qəzetdən fayda gözləməyən "tatar" əhalidən də bir səs-səmir çıxmadı. Xoşbəxtlikdən susmaq bu dəfə həqiqətən də qızıl oldu...

Amma Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, general Abdulla ağa Bakıxanov "Əkinçi"nin nəşrə başlaması üçün Həsən bəyə 1000 manat verəndə məlum oldu ki, "tatarlar" anadilli mətbuata o qədər də biganə deyilmişlər...

Beləcə xalqımıza mətbuat "yaratmaq" üçün qurulmuş erməni-gürcü-acar oyunu öz-özünə aradan qalxdı. İndi qalırdı Azərbaycan ziyalısının ana dilində çap edəcəyi  qəzetin nəşrinə rəsmi icazə almaq. Qafqaz Senzura Komitəsinin Şərq dilləri senzoru, həmin dövrdə Komitəyə müvəqqəti rəhbərlik edən və mətbuata münasibətdə daha çox etnik amilə əsaslanan erməni S.Məlik-Mehrabov (hətta erməni araşdırıcılar da onun əsas işi ilə birlikdə rüşvətxorluq, sələmçilik və donosçuluğa qurşanan ləyaqətsizin biri olduğunu etiraf edirlər) tayfadaşı Kələntərovdan sonra ikinci ciddi maneəyə çevrildi. Çünki Bakıda çıxacaq qəzetin hər sayının senzuradan keçirmək üçün Tiflisə gətirilməsini, yaxud göndərilməsini tələb edirdi. Üstəlik, Komitədə "yerli dili" yaxşı bilən senzorun olmadığını əsas tutub "tatar dilindəki" məqalələrin ruscaya tərcüməsi ilə birlikdə təqdim edilməsi tələbini irəli sürülürdü. Dövrün kommunikasiya şərtlərini və yeganə əməkdaşın Həsən bəyin özü olmasını nəzərə alsaq, əslində bu, dolayısı yolla nəşrin qarşısını kəsmək, təşəbbüsü beşikdə boğmaq cəhdindən və başqa bir şey deyildi.

Həsən bəylə Qafqaz Senzura Komitəsi arasındakı səmərəsiz yazışmalar iki ildən çox davam etdi. Yalnız azərbaycanlı ziyalıya rəğbətlə yanaşan Bakı qubernatoru, sovet dövründə "qırmızı qubernator" kimi tanınan  D.S.Staroselskinin (1832-1884) işə qarışması "Əkinçi'nin başı üzərindəki qara buludları dağıda bildi. Qubernatorun təkidli tələbi nəticəsində qəzetin senzurası istisna hal kimi quberniya idarəsinin dilmancı Nuh bəy Hüseynbəyova həvalə edildi. Staroselski meydana çıxacaq hər hansı məsələ ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bildirdi. Bundan sonra Məlik-Mehrabovun deyiləcək bir sözü qalmadı.

lll

Aradan 30 il keçəndən sonra, 1905-ci ilin dekabrında Həsən bəy Zərdabi "Həyat" qəzetində dərc olunan "Rusiyada əvvəlimci türk qəzeti" məqaləsində ana dilində mətbu orqan yaratmağı günün vacib məsələsinə və milli-mədəni inkişafın labüd amilinə çevirən zərurətdən bəhs edərək yazmışdı: "Bizim Cəmiyyəti-i Xeyriyyə bina tutmadığından, teatr təşkil etdiyimiz salonun boş qaldığı zaman anladım ki, müsəlman qardaşlarımızı bir yerə toplayıb məktəblər açdıraraq küçədəki uşaqları oxutmaq mümkün deyildir. Elmsiz bu dövrdə yaşamaq mümkün deyildir. Nə etməli? Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi bir gün başa düşən olacaqdır. Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir. Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaqdır. Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır!"

Beləliklə, cəmiyyəti-xeyriyyə vacib idi. Lakin qəzet ondan da vacib idi. Milli teatr yaratmaq zamanın tələbi idi. Lakin insanlara xeyriyyə cəmiyyətinin, yaxud teatrın faydasını anlatmaq üçün qəzetə olan tələbat daha böyük idi. Bu mənada "Molla Nəsrəddin" kimi, "Əkinçi"ni də təbiət, zəmanə özü yaratmışdı.

İlk qəzetimizin adı təsadüfi seçilməmişdi. Həm də bu adın yalnız nəşrin aqrar istiqamətini müəyyən etdiyini düşünmək sadəlövhlük olardı. "Əkinçi" sözünün altında böyük rəmzi məna vardı. Geniş və əhatəli fəaliyyət proqramı gizlənirdi. Qarşısına yalnız Azərbaycan kəndlisini çağdaş üsullar əsasında daha yaxşı işləməyə öyrətmək yox, həm də onun şüuruna, qəlbinə maarif toxumu səpmək vəzifəsini qarşıya qoyurdu. Təkcə "yağdan süd qayırmağı" öyrətmək yox, həm də yeri gələndə yumruq kimi birləşmək səriştəsi aşılamaq, Sabir demişkən, hələlik "istedadı qarışıq" millətin "yağı yağ üstə çıxıb ayranı ayranlıq" olmasına çalışmaq istəyirdi. Bir sözlə, maarif və mədəniyyət Əkinçisi üçün ən böyük tarla şüurunu fanatizm, cəhalət və laqeydliyin alaq otları basmış xalq kütlələri idi.

Zərdabi Azərbaycan mədəniyyəti tarixində belə bir Əkinçi oldu.

Onun XIX əsrin yetmişinci illərindən səpdiyi, hər pöhrəsinin, fidanının nazını çəkdiyi, qayğısına qaldığı maarif toxumlan cücərib xeyriyyə cəmiyyətlərinə, kənd məktəblərinə çevrildi. "Meyvələri" hələlik bir az kal və cır təsir bağışlayan "Kəşkül" və "Şərqi-Rus"u yaratdı. Xalqın imtahana çəkildiyi qanlı-qadalı 1905-ci ildə soydaşları üçün "Həyat", "İrşad", "Tərəqqi" oldu. Zamanı çatanda  "Molla Nəsrəddin"i, "Füyuzat"ı, "Açıq söz"ü ərsəyə gətirdi. Günün birində artıq taleyinə yiyələnmək qüdrəti hiss etmiş ölkənin adı - "Azərbaycan" şəklində meydana çıxdı. Cümhuriyyətin səsi oldu. Ən əsası isə Böyük Əkinçi sağlığında yorulmaz fəaliyyətinin ilk bəhrələrini gördü - fikirlərinin davamçısı kimi meydana atılan azsaylı, lakin cəsur, iradəli maarif ordusunun, qəzetçilər nəslinin bir zamanlar tək başladığı işi əzmlə davam etdirməsinin şahidi oldu.

Zərdabi sübut etdi ki, tək əldən də səs çıxar - təki bu əl xalqa uzanmış olsun!

İki il ərzində naşiri, redaktoru, əsas müəllifi, korrektoru, hətta kuryeri yalnız bir şəxsin - Həsən bəyin olduğu "Əkinçi"nin 56 sayı çıxdı. Qafqaz idarəçiləri tezliklə "tatar dilində" qəzet ideyasının qarşısını "vaxtında" almadıqlarına görə böyük səhvə yol verdiklərini anladılar. Ona görə fürsət yaranan kimi "ziyanlı" nəşri dayandırmaq üçün az qala hər sətri, hər sözü böyüdücü şüşə ilə oxumağa başladılar. Ən adi xəbərlərdə də sətiraltı mənalar axtarmaq mərəzinə tutuldular. Staroselskinin Bakı qubernatoru postunu tərk etməsi də əlavə imkan yaratdı.

Məlik-Mehrabov və Kələntərov kimi imkanlı ermənilərin bacarmadığını sıravi bir erməni - Bakı quberniya mətbəəsinin mürəttibi Minasov həyata keçirdi. Azərbaycan mətbuatına qənim kəsilənlər üçüncü cəhddə xəbis  niyyətlərinə çatdılar. Minasovun donosu əsasında 1877-ci ilin sentyabrında "Əkinçi"nin nəşri dayandırıldı. Əslində donos yazmayıb qəzeti yığmaqdan boyun qaçırsaydı, yenə eyni nəticə alınacaqdı. Çünki Bakıda başqa mürəttib yox idi. Vəziyyət belə acınacaqlı idi.

"Biz naxoş olduğumuza görə bu ilin axırıncı nömrələri vaxtında çıxmayacaq və onların haçan çıxacağı məlum deyil" - Həsən bəy qəzetin 1877-ci il sentyabrın 29-da işıq üzü görən sonuncu sayında sədaqətli oxucuları ilə belə vidalaşmışdı.

"Əkinçi" tam əsasla XIX əsrin 70-ci illərindəki Azərbaycan həyatının, cəmiyyətinin siması, ensiklopediyası adlandırıla bilər. "Hər vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri, elədiyi işlər, onlara lazım olan şeylər, xülasə onların hər biri dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan adam xalqı aynada görən kimi görsün" - ilk Azərbaycan qəzetinin əsas amalı və qayəsi bu səmimi, müdrik sətirlərdə əks olunmuşdu.

Həsən bəylə heç bir təmənna güdməyən könüllü yardımçıları "Əkinçi"nin məhz belə aynaya çevrilməsi üçün əllərindən gələni edirdilər. Qəzetin hər sayı yatmışları yuxudan oyatmaq üçün çalınan həyəcan təbili, çəkilən haray və fəryad idi. Taleyin ümidinə buraxılmış vətəndaşa çağırış, xitab idi: "Əkinçi" bir nasehi-müşfiqdir ki, deyir, qardaş, hünəriyyat və kəmalat toxumu əkin ki, izzəti-dövlət səmərə götürəsiniz. "Əkinçi" bir vaizdir ki, bizi əbdandarlıq (dünyəvi) elmlərinə vəz və təhrik edir. "Əkinçi" bir aynadır ki, bizə zillət və miskənət (miskinlik) eyiblərin nümayan (aşkar) edir. "Əkinçi" bir təbibdir ki, istəyir ki, pəndiyat və nəsayihin (öyüd-nəsihət) acı davaları ilə nadanlıq ixlatın (xıltın) bizdən dəf etsin və elmin şəhd məcunilə (bal şirəsilə) bizim məzacımızı qüvvətləndirsin. "Əkinçi" bir əzaxanadır ki, bizim hal və malımıza əza tutub ki, biz bəlkə bir çarə edək ki, bizdən sonra gələnlər nadanlıq mərəzinə düçar olmayalar" - daimi müəlliflərdən Əhsənül-Qəvaidin (bu təxəllüslə yazılmış məqalələrin müəllifinin gəncəli Hacı Məhəmməd Sadiq olduğu ehtimal edilir - V.Q.) sözləri qəzetin cəmiyyətdə yaratmağa can atdığı yeni dəyərləri, xalqı ayıltmaq istəyini və bu məsələdə mətbuata bəslənən ümidləri aydın əks etdirirdi.

"Əkinçi" dəyişən zaman və şərtlər daxilində xalqı sadəcə "birtəhər başını saxlamağa" deyil, ləyaqətli həyat uğrunda mübarizə aparmağa səsləyirdi. "Bizim zəmanəmiz dəyişib, biz elm sahiblərinə rast gəlmişik - deyə Həsən bəy "Daxiliyyə" rubrikası ilə verilən baş məqalələrin birində yazırdı: "Bizim ilə zindəganlıq cəngi edən millətlər (əsasən Cənubi Qafqazdakı qonşular - gürcü və ermənilər nəzərdə tutulurdu - V.Q.) elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə gedəcəkdir və bizlər mürur ilə (tədricən) zindəganlıq cəngində məğlub olub tələf olacayıq". Başqa sayında "Harayçı qardaş" təxəllüslü müəllif bu "zindəganlıq cəngindəki" məğlubiyyətin gətirəcəyi fəlakət və bəlaları nişan verərək həqiqətən də haray salırdı: "Pəs, qardaşlar, bunun səbəbi elmsizlik deyilmi ki, bizim gözəl vətənimizdə çörək tapmaq olmadığına binaən xalq baş götürüb diyarbədiyar gəzib külfətindən, millətindən, məzhəbindən əl çəkib milçək təki tələf olur?"

Həsən bəy əlacı sərvətdən, ad-sandan, əsil-nəsəbdən də yüksəkdə dayanan bir ucalıqda - azadlıqda görürdü. Kəndli azad deyildi. Mülkədarın, mollanın, polisin, vergi məmurunun, yağışın, quraqlığın, çəyirtkənin və s. asılılığında idi. Azad olsa, təhsil ala bilsə, bəlkə də həyatını tamam fərqli şəkildə qura bilərdi. Beləcə, "Əkinçi" hiss olunmadan siyasi mövzulara keçir, "təhlükəli" mövzulara baş vururdu. Şərq-Qərb antitezasına toxunan qəzet avropalıların inkişafının yeganə səbəbini məhz azadlığa qovuşa bilmələri ilə izah edirdi: "...Nə qədər Avropa əhli bizim təki azadlıqdan bixəbər olub, o vaxtacan bizdən bədtər avam olub. Amma bu halda azadlıq cəhətdən Avropa əhli çox tərəqqi edib və hər bir işdə bizdən irəli düşüb. Xülasə, Məşriq-zəmində (Şərq torpaqlarında) azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, tərəqqi etməyəcəyik və edə bilmərik".

Diqqətəlayiq haldır ki, "Əkinçi" Bakıda məhdud tirajla çap olunsa da, bir müddət sonra ümumrusiya müsəlmanlarının qəzetinə çevrilməyi bacarmışdı. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. "Qəzet Rusiyadakı  müsəlman əhalini yerindən oynatmışdı. O, bir elektrik cərəyanı kimi islam dünyasının içindən keçmişdi" - deyə ərinin yaxın köməkçisi Hənifə xanım "Həsən bəy Məlikov-Zərdabinin tərcümeyi-halı" adlı müxtəsər xatirələrində ailənin sevincini bölüşərək daha sonra yazırdı: "Qəzetin ilk abunəçiləri, onu birincilər sırasında salamlayanlar Omsk, Tümen, Çistopoldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları idilər".

Cəmiyyətin sağlam, mütərəqqi, milli və dini təəssüb duyğusundan xali olmayan hissəsi tədricən "Əkinçi"nin ətrafına toplanırdı. Zərdabinin Bakı real məktəbindəki keçmiş şagirdləri - Əsgərağa Adıgözəlov-Gorani, Nəcəf bəy Vəzirov, Məhəmmədtağı Əliyev qəzetə Moskvadan yazırdılar. Onlar xalqçılıq hərəkatının, mütərəqqi rus mühitinin təsiri altında daha irəli gedərək "Əkinçi"nin mövzu dairəsini genişləndirməsini, cəmiyyətə tənqidi münasibət sərgiləməsini vacib sayırdılar. Petrovski-Razumovski Akademiysının tələbəsi, təbiət etibarı ilə qızğın, üsyankar gənc olan Əsgərağa Gorani müəlliminin "ehtiyatlı" mövqeyindən narazı qaldığını gizlətməyib yazırdı: "Cəmiyyəti tənqid etmək fikrindən çəkinməklə bağlı xəbərdarlıq mənə qəribə görünür. Doğrudanmı "Əkinçi"nin proqramında belə bənd var? Məncə, cəmiyyəti tənqid etməmək əslində onunla razılaşmaq, bütün məsələlərdə mövqeyinə tərəfdar çıxmaq deməkdir. Doğrudanmı biz müsəlman cəmiyyətinin bütün tələblərini bəyənməliyik? Onda "Əkinçi'nin özü nəyə lazımdır? Xahiş edirəm, aydınlaşdırın - düzmü başa düşmüşəm? Biz mövcud cəmiyyətlə mübarizə aparmağa, bütün həyatımızı bu işə sərf etməyə borcluyuq".

"Bizim bütün səylərimizin faydası ancaq xalqa aiddir" - deyən Mirzə Fətəli ilk Azərbaycan qəzetini əlinə alıb oxumaq sevincini dadmışdı. "Vəkili-naməlumi-millət" təxəllüsü onun işində millətin öncülü və ağsaqqalı kimi iştirak edərək Tiflisdən məktublar göndərirdi. Bu şəhərdən olan müəlliflər arasında "müsəlman əhalinin" ən çox etibar etdiyi şəxs - Zaqafqaziya Şeyxülislamı Axund Əhməd Hüseynzadə vardı. Görkəmli maarifçi Mirzə Həsən Əlqədari və Ələkbər Heydəri Dağıstanın əhvalından yazırdılar. Şamaxıdan Seyid Əzim Şirvani "Pəs "Əkinçi" cəlalımızdır bizim, Nasehi-xoşməqalımızdır bizim. Səy edin, ey güruhi-niksifat, Ta bizim "Əkinçi etməyə vəfat" - deyə maarifə, tərəqqiyə can atan  soydaşlarını nəşr ətrafında birləşib onu yaşatmağa çağırır "Aləmi-islamı ehya edən" (islam aləmini dirildən) Həsən bəyin sadiq oxucuları, yaxın köməkçiləri olmalarını istəyirdi. 

"Əkinçi"nin sorağı uzaq Londona da gedib çatmışdı. Bakıya gələn  fransız jurnalist isə Zərdabinin təkbaşına qəzet çıxardığını eşidib onu ziyarətə gəlmiş, qısa söhbətdən sonra təəccüb və rəğbətini gizlətməyərək demişdi: "Siz həqiqi qəhrəmansınız. Bizdə belə kasıb qəzetdə işləməyə razı olan bir nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz xalqınızı ürəkdən sevirsiniz".

Heç şübhəsiz, Zərdabini hərəkətə gətirən xalq sevgisi, millətinin hər fərdində görmək istədiyi təəssübkeşlik hissi idi. XIX əsrin 70-ci illərində Cənubi Qafqazda milli münasibətlər zəminində ilk tektonik çatlar yaranmağa başlamışdı. Həsən bəy bunu aydın görürdü. "Əkinçi" köçüb gəldikləri yerdə mövqelərini möhkəmlədib  torpağın həqiqi sahibləri - Azərbaycan türkləri ilə açıq savaşa hazırlaşan erməni irticası qarşısında sipərə çevrilmişdi. "Əkinçi"nin saylarının birində qatı millətçilik mövqeyində dayanan erməni qəzeti "Mşak" və onun redaktoru Qriqori Arsruni ilə kəskin polemika yer almışdı. Həsən bəyin  "müsəlmanların" (Azərbaycan türklərinin) mənəvi birliyinin vacibliyi" haqdakı fikirlərinə torpaq iddiaları ilə (nə qədər tanış notlardır!) cavab verən Arsruni yazırdı: "Verin bizə bizim yerləri ki, keçmişdə onları güc ilə zəbt etmisiniz və ondan sonra gedib ittihadi - islami o səhralarda eləyin ki, orada islam bina olub..."

Bu həyasız bəyanatı "Əkinçi" səhifələrində bir sözünə də toxunmadan dərc edən Zərdabi ənənəvi erməni fitnəkarlığını yüksək təmkin və mədəniyyətlə cavablandırmışdı: "Ey cənab Arsruni, əgər ki, cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə rağibdirlər, amma neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi cənabınıza eyib deyilmi ki, bizim aramızda ədavət salırsınız?"

Zərdabi xalqın başına gətirilən fəlakətlərin, açılan oyunların başlıca səbəbini savadsızlıqda, cahillik və fanatizmdə görürdü. Bu bəlalardan xilas olmağın yeganə yolu isə geniş maarif şəbəkəsinin, dünyəvi təhsil sisteminin qurulması, haqq və hüququnu bilən savadlı vətəndaş yetişdirilməsi idi. Ona görə də soydaşların təkidlə məsləhət görürdü ki, ata-babaları kimi yaşamasınlar, "...barı gələcək vaxt üçün məktəbxanalar səyində olub, elm səbəbi ilə uşaqlarını sənətkarlığa və işlərə həris eləsinlər ki, özləri çəkən zillətləri uşaqlan çəkməsinlər".

"Əkinçi"nin fərqli maraqların toqquşduğu Qafqazda xalqa "zindəganlıq cəngindən" qalib çıxmaq üçün təkrar-təkrar verdiyi tövsiyə bu idi. Ona görə də çox mürəkkəb coğrafiyada yaşayan soydaşlarını tarixi-coğrafi, ictimai-siyasi baxımdan heç olmazsa, elementar biliklərə yiyələnməyə çağıraraq "Məcnun elədiyi qələti oxudunca elmi-coğrafi kitabı oxutsaq, həm yazıb-oxumağı öyrənərik, həmi dünya üzərində olan vilayətlərdən xəbərdar olarıq" -deyə özünəməxsus maksimalizmlə yeniləşməyə mane olan hər şeyi bir kənara atmağa səsləyirdi. Əlbəttə, bu sətirlər böyük Füzuliyə və ədəbiyyatımızın ölməz nümunəsi  "Leyli və Məcnun" poemasına qarşı çevrilməmişdi. Sadəcə Mirzə Fətəli kimi Həsən bəy də ictimai tərəqqi naminə klassik Şərq poeziyasının sehrindən, "gül-bülbül", "aşiq-məşuq" süjetinin qapalı dairəsindən  xilas olmağı, dövrlə ayaqlaşmağı zəruri sayırdı.

"Əkinçi" qısa müddətli mövcudluğu ərzində Azərbaycan türkünün təsəvvürlərini genişləndirən, onu ən azı yaxın çevrəsində baş verən proseslərlə bağlı məlumatlandıran onlarla məqalə çap etmişdi. Həsən bəy ustalıq və cəsarət sayəsində nəşrin fəaliyyətinə qoyulan bir sıra  qadağaları aşa bilmişdi. Nəticədə "Əkinçi" tək əkin-biçindən deyil,  üstüörtülü şəkildə, Ezop dili ilə cəmiyyətin xalqın ümdə problemlərindən, hətta siyasi məsələlərdən də söz açmağı bacarmışdı.

Xüsusən, 1877-78-ci illərdə Balkanlarda və Qafqazda geniş vüsət alan rus-Osmanlı müharibəsi fonunda müsəlman türklərə qarşı çevrilmiş xristian birliyi, Qərb ölkələrinin yeni "səlib yürüşü" barəsində müxtəsər xəbər və məlumatlara ehtiyatla da olsa yer verilmişdi. Təsadüfi deyil ki, hətta rus qəzetlərindən götürülən müharibə xəbərləri "Əkinçi"ni Osmanlıya rəğbətdə və Rusiya düşmənçiliyində ittiham etməyə  əsas sayılmışdı. Qışın soyuq keçəcəyi haqda xəbərsə rus ordusuna məğlubiyyət arzulamaq kimi yozulmuşdu. Bir sözlə, məlum  "Ördək" pritçası...

Qəzet qısa müddət ərzində Azərbaycan türkcəsinə onlarla yeni söz və ifadə gətirmişdi. Necə deyərlər, quru yerdə aydın, anlaşıqlı  qəzet dili, sadə və oxunaqlı publisist üslub yaratmışdı. Nəhayət, aradan onilliklər keçəndən sonra Sabirin  satiralarında, Mirzə Cəlilin felyetonlarında üzləşdiyimiz tiplərin bəzilərinin prototiplərinə, eskizlərinə Həsən bəyin qəzetinin səhifələrində rast gəlmək mümkündür. Ən başlıcası isə  "Əkinçi" yalnız XIX əsrdə deyil, XX əsrin əvvəllərində də əksər dövrü nəşrlər üçün oxucularla  "türkün açıq ana dilində" danışmaq baxımından əsl örnək, nümunə sayılmalıdır.

1877-ci ildə "Əkinçi" susdurulmasında Tiflisdə çalışdığı dövrdə ermənilərlə yaxınlaşan, azərbaycanlı əhaliyə isə soyuq, yad münasibətini isə gizlətməyən yeni Bakı qubernatoru V.M.Pozen də öz mənhus rolunu oynadı. Doğrudur, qəzetini bağladılar, ancaq Zərdabinin dilini bağlamaq, yeniliyin qabağını almaq mümkün olmadı. 1879-cu ildə Bağçasarayda  Rusiyanın ikinci türk qəzetini - "Tərcüman"ı nəşr etmək fikrinə düşən İsmayıl Qaspıralı Həsən bəyə məktub göndərib xeyir-dua istəmiş, qəzetə ümumi rəhbərliyi üzərinə götürməsini xahiş etmişdi. Hənifə xanım xatırlayırdı ki, "Bu məktub Həsən bəy üçün əsl toy-bayrama çevrilmişdi. "Baxın, artıq bizim ikinci qəzetimiz var, sonra üçüncüsü, dördüncüsü olacaq". O, uşaq kimi sevinirdi, "Tərcüman"ın fəaliyyətini böyük məhəbbətlə izləyir, uğurlarına hədsiz şadlanırdı". Zərdabda yaşadığı illərdə ona abunə yazılmışdı. Özü baxandan sonra hər sayını məscid minbərindən camaata oxumaqdan ötrü mollaya verirdi.

"Əkinçi" bağlansa da, Həsən bəyə təzyiqlər səngimirdi. Onu nəyin bahasına olursa-olsun Bakıdan uzaqlaşdırmağa çalışırdılar. Səbəb çox sadə idi. Şəhər tədricən yerli əhalinin - Azərbaycan türklərinin mədəni-iqtisadi mərkəzinə çevrilirdi. Belə şəraitdə xalqı hətta cüzi də olsa təşkilatlandırmağa, ona təhsil, teatr, qəzet, xeyriyyə cəmiyyəti kimi yasaq meyvələr daddırmağa çalışan Zərdabi təhlükəli şəxs sayılırdı. 1879-cu ildə o, təqib və təzyiqlərdən yorulub Bakı real məktəbinin müəllimliyindən istefa verdi. Daha doğrusu, buna məcbur edildi.

Amma təklif olunan yerlərə - Stavropola, Kutaisiyə, Kubana da getmədi. Bakıdan kənarda gimnaziya direktoru, yaxud inspektor təyinatı ilə bağlı vədlər də Həsən bəyi qərarından daşındırmadı. Dəhşətli isti, toz-torpaq və malyariyanın tüğyan etdiyi "kiçik vətəni" Zərdabı seçdi. Həyatının düz 16 ilini burada fırıldaqçı şeyxlərin, cahil mollaların, çapovulçu qaçaqların, at oğrularının, polis və pristavların  zülmündən xilas ola bilməyən xalqının arasında yaşadı. Bacardığı qədər həyatlarını yüngülləşdirməyə çalışdı. Həmin dövrdə bəlkə də çoxlarına Moskva universitetinin Azərbaycandakı ilk və yeganə  məzununun belə bir "daldabucaq" kəndi yaşayış yeri kimi seçməsi qəribə görünə bilərdi. Amma Həsən bəy heç bir qəribəlik hiss etmirdi. Çünki burada da fəaliyyət meydanı vardı, burada da insanlara lazım idi...

Müasirlərinin xatirələri, arxiv və qəzet materialları onun əyalətdə də "dinc oturmadığını" göstərir. "Kaspi"nin az qala hər sayında dərc olunan, əksəriyyəti tənqidi xarakter daşıyan məqalə və korrespondensiyaları, könüllü vəkillik xidməti, savadsız kənd adamlarının hüquqlarının qorunmasına sərf etdiyi enerji üçün Həsən bəyin fəaliyyətinin miqyası haqda təsəvvür yaradır. Patriarxal kəndin həyat tərzinə olan bu müdaxiləyə qarşı çıxanlar, onu  hətta ölümlə hədələyənlər də az olmamışdı. İş o yerə çatmışdı ki, qubernator özü yayın istisində Zərdaba gəlib Həsən bəydən verilən donosları yoxlamalı olmuşdu. Sonda isə böyük şəhərlərdə mənsəb, vəzifə tuta biləcək təhsilli şəxsin burada qallmasına təəccübünü gizlətməmişdi.

Doğma kəndində yaşadığı illərdə o, həmkəndlilərinə M.Ə.Rəsulzadənin məşhur sözləri ilə desəm, "az da olsa azadlıq daddırmağı" bacarmışdı. Kənddə yaşasa da, Həsən bəy "böyük dünya" ilə əlaqələrini heç vaxt kəsməmişdi. Elmi məqalələrində istinad etdiyi əsərlər və müəlliflər paytaxt yeniliklərini diqqətlə izlədiyini göstərirdi. Zərdabdan göndərdiyi vacib xəbərlər, elmi-publisist  yazılar "Kaspi" ilə bir sırada Tiflisin "Kavkaz" və "Obzor" qəzetlərində, Peterburqda isə "Zemledelçeskaya qazeta"da çap olunurdu. 1885-ci il yanvarın 12-sini (yeni üsulla 25-i) alma-materinin - Moskva universitetinin təsis olunduğu günü (daha çox Tatyana günü kimi tanınır) Kürün sahilində, bağça içərisindəki üçotaqlı sadə kənd evində gənclik xatirələri ilə baş-başa keçirmişdi. "Kaspi"yə o günün yaşantılarım əks etdirən kiçik, lakin təsirli və duyğusal bir məqalə də göndərmişdi.

Yazı aşağıdakı kədərli notla tamamlanırdı: "12 yanvarı öz daldabucaq tatar kəndimdə, universitet dediyimiz günəşin şüalarının hələ uzun illər bundan sonra da işıq sala bilməyəcəyi guşədə belə keçirdim. O günəş bizdən həddən çox uzaqdadır. Üstəlik də, şəfəqləri girdabına düşdüyümüz cəhalət zülmətini yarmaq üçün xeyli zəifdir. Əslinə baxsan, biz indi heç günəş haqda düşünmürük də... Balaca bir çıraq (mətndə azərbaycanca verilib -V.Q.) yandırılsa, ona da şükür eləməyə hazırıq".

On altı ilin ayrılığından sonra 1896-cı ildə Bakıya qayıdan Həsən bəy təəccüb və heyrətinə rəğmən, təkcə şəhərin deyil, insanların da dəyişdiyini görmüşdü. Hənifə xanımın yazdığı kimi, "gənc ictimai xadimlərin bütöv bir nəsli yetişmişdi, artıq əla pedaqoq kimi şöhrət qazanmış müəllimlər vardı, dəmirçinin oğlu bütün şəhərdə tanınan məşhur həkim olmuşdu və s."

Deməli, günəş şüasının çətinliklə işıqlandırdığı torpağa atılan  toxumlar da cücərmişdi. Əkinçinin və "Əkinçi"nin zəhməti hədər getməmişdi...

Zərdabi yenə də əvvəlki həvəs və enerji ilə çalışırdı. Üstəlik də, indi tək deyildi. Ətrafında yetirmələri, onun çağırışı ilə təhsil alıb cəmiyyətdə yer tutan keçmiş şagirdləri vardı. Tezliklə şəhər dumasına iki çağırış qlasnı seçilmişdi, Kürəkəni, ideya dostu Ə.Topçubaşovun redaktorluğu ilə çıxan "Kaspi'nin daimi əməkdaşlarından biri, daha doğrusu, redaksiyanın ikinci adamı kimi çalışırdı. Yenidən əvvəlki stixiyasına qovuşmuş, hadisələrlə dolu coşqun həyat yaşamağa başlamışdı. Köhnə qəzetçi Həsən bəy bütün varlığı ilə işinə bağlanmışdı. Həmkarlarından birinin xatırladığı kimi, "onun redaksiyadakı masasının qarşısında həmişə cəmiyyətin müxtəlif təbəqələrindən olan, kömək, yaxud məsləhət istəyən, məlumat almağa, yaxud sadəcə dostcasına söhbət etməyə gələn adamların uzun bir növbəsi dayanırdı". Digər qələm yoldaşları ilə bir sırada həm də Həsən bəyin zəhməti sayəsində  qəzet az vaxtda "müsəlman "Kaspi"si kimi şöhrətlənmiş,  hələlik "öz" mətbuatı olmayan milli ziyalıların tribunasına çevrilmişdi.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakının çətinliklə də olsa, etnik, mədəni və maliyyə-iqtisadi baxımdan Azərbaycan şəhərinə çevrilməsində Həsən bəyin xidmətləri danılmaz idi. Onun səyi nəticəsində Bakı Dumasına seçilən azərbaycanlı üzvlərin sayı qanunvericiliyin tələblərinə uyğun artırılmışdı. Şəhərə içməli su gətirilməsi, konka əvəzinə tramvay xətti çəkilməsi, yeni təhsil və səhiyyə ocaqlarının açılması, abadlıq işlərinin, sanitariya tədbirlərinin görülməsi və bir çox  məsələlərdə Həsən bəy həmişə fəal vətəndaş mövqeyindən, Bakının yoxsul, imkansız sakinlərinin maraq və mənafelərdən çıxış etmişdi. Müasirlərindən birinin yazdığı kimi, "O, şəhər işlərinə elə can yandırırdı, şəhərin mənafeyini elə canı-dildən müdafiə edirdi ki, sanki bütün şəhər  şəxsi mülkiyyəti idi". Öz "mülkiyyətinə", doğma "evinə" sahib çıxdığına, bu hissi soydaşlarına da aşılamağa çalışdığına görə velikorus şovinistlərinin və çar məmurları ilə sıx əlaqələrə malik erməni mafiyasının timsalında özünə xeyli düşmən qazanmışdı. Amma hədə və təqiblərə baxmayaraq, onu tutduğu yoldan çəkindirmək mümkün olmamışdı. Həsən bəy başladığı hər işə bütün qüvvə və enerjisini, ürəyinin hərarətini qoyurdu. Konkret fərd yox, bütün Azərbaycanı təmsil edən şəxs kimi hər yerdə nümunəvi olmağa çalışırdı. Bir örnək: bəzi qlasnılar Bakı Dumasının iclaslarına seyrək gəldikləri üçün intizamı pozanların siyahısını tutmaq qərara alınmışdı. Və bu zaman məlum olmuşdu ki, Həsən bəy qlasnı olduğu yeddi il ərzində bir iclas da buraxmayıb...

"Yeddi il mən Həsən bəyi şəhər Dumasının iclas zalında, qlasnılar kürsüsündə görmüşəm, yeddi il onun nitqlərini dinləmişəm və tam qətiyyətlə deyə bilərəm ki, bütün bu müddət ərzində qlasnılar arasında onun kimi ikinci namuslu, sabit adam görməmişəm" - qəzetçi həmkarlarından biri Həsən bəyin  əleyhdarları üzərində necə bir mənəvi üstünlüyə malik olmasından heyranlıqla bəhs etmişdi.

O, heç vaxt özü üçün yaşamamışdı. Şəxsi rahatlığı haqda düşünməmişdi. Milli mətbuatımızın patriarxı ömrünün son illərini xüsusilə yorucu, gərgin şəraitdə, xəstəliklərlə və insanların unutqanlığı ilə mübarizədə keçirmişdi. Amma yenə də əli işdən soyumamışdı. "Əkinçi" ənənələrini davamçısı "Həyat" qəzetinə məqalələr yazmış, atalar sözləri və zərb-məsəlləri toplamış, xalq nəğmələri məcmuəsi tərtib etmiş, məktəb proqramları üzərində işləmiş, Azərbaycan müəllimlərinin ilk qurultayının təşkilinə çalışmış, qurultayın sədri olmuşdu. Və bunları edərkən yalnız bir prinsipə əsaslanırdı: "İşinə qiymət - yəni mükafat umma. Xalq üçün çalış, onda o özü ardınca gedəcək və səni qiymətləndirəcək".

1907-ci ilin soyuq noyabr günlərində Zərdabinin vəfatının ümumxalq matəminə çevrilməsi, dəfnində Bakının fərqli din və millətlərə mənsub minlərlə sakininin iştirak etməsinin sirri nədə idi? Təbii ki, Həsən bəyin namuslu həyatı, fədakar əməyi, təmənnasız xidməti ona heç vaxt ardınca qaçmadığı ən yüksək mükafatı - ümumxalq sevgisini qazandırmışdı.

Zərdabinin vəfatının tək azərbaycanlılar deyil, türk xalqları arasında yaratdığı müştərək itki hissi bizi sovet tarix dərsliklərindən beynimizə yeridildiyi kimi Stolıpinin yox, daha çox Stalinin hakimiyyəti illərində itirilən, məqsədli şəkildə məhv olunan mədəni-mənəvi birliyimiz haqda düşünməyə vadar edir.

Stolıpin irticası dövründə (təbii ki, belə irticanın olmadığını iddia etmək fikrindən çox uzağam; "Sizə böyük sarsıntılar lazımdır, bizə isə böyük Rusiya!" prinsipi ilə hərəkət edən çar satrapı "böyük Rusiyanı" yaşatmaq üçün inqilabçıları deyil,  bütöv xalqları əzməyə hazır idi və əzirdi) "Molla Nəsrəddin" və "Füyuzat" çap olunurdu, Azərbaycan oğulları Arazın o biri tayındakı qan qardaşlarının - Məşrutə, hürriyyət və bərabərlik bayrağı qaldırmış Səttarxan ordusunun köməyinə tələsir, türk-islam birliyinə cəsarətli çağırışlar edirdilər.

Stalin irticası illərində isə Azərbaycan ziyalılığının seçmə nümayəndələri məhv edilmiş, xalqımıza qarşı "sürüşkən genosid siyasəti" həyata keçirilmişdi.  Pişəvəri hərəkatı beynəlxalq imperializmlə iş birliyi şəraitində qan gölündə boğulmuşdu. Azərbaycan xalqının, tariximizin və mədəniyyətimizin, dilimizin və əlifbamızın başına olmazın oyunlar açılmışdı.

Soruşula bilər ki, bütün bunların Zərdabiyə nə dəxli var?

Təbii ki, var.

İnsaf naminə deyək ki, Stolıpin irticasının tüğyan etdiyi dövrdə Bakıda Zərdabinin xalqın güc və birlik nümayişinə çevrilən, milli iradəni əks etdirən dəfn mərasimin qarşısını heç kim almamışdı.

37-ci il vakxanaliyasında türk əsilli xalqa, islam dininə mənsubluq az qala cinayət sayıldığından otuz il əvvəl sonsuz sayğı ilə Vətən torpağına tapşırılan Zərdabinin son mənzili də ona çox görülmüşdü. Barəsində heç bir cinayət işi açılmasa da, digər böyük azərbaycanlı - Nəriman Nərimanov kimi mənəvi terrora uğramış, adı və əməlləri zorla unutdurulmuşdu.

Təsadüfi deyil ki, 1937-ci ildə anadan olmasının 100 illiyini (həmin dövrdə Həsən bəyin 1837-ci ildə doğulduğu düşünülürdü) qeyd etmək heç kəsin yadına düşməmişdi. Eyni ildə böyük oğlu, Almaniyada mühəndislik təhsili almış Midhət Məlikovu "xalq düşməni" və "alman casusu" kimi həbs edib gedər-gəlməzə göndərmişdilər. 1950-ci ildə isə "Əkinçi"nin ilk sayının çapdan çıxmasının - yəni  Azərbaycan mətbuatının 75 illiyini qeyd edilməsi "unudulmuşdu". O da təsadüfi deyil ki, amansız təzyiqlərə dözməyib həyatına intiharla son qoyan akademik Heydər Hüseynovun başı bəlalı "XIX əsr Azərbaycan fəlsəfəsi və ictimai fikri tarixindən" kitabının bir fəsli Zərdabiyə həsr olunmuşdu.

Hələ bədnam "yenidənqurma" illərindən başlayaraq keçmiş sovet respublikalarının hamısında olduğu kimi, biz də "unudulmuşlar", xalqın ədəbiyyat və mədəniyyət tarixindəki "ağ ləkələr" haqda çox danışılıb. Zərdabi şəxsiyyəti və irsinin öyrənilməsi, əsərlərinin nəşri istiqamətində görülmüş işlərin əhəmiyyətini əsla azaltmadan hərdən mənə elə gəlir ki, son illər  bütün həyatı ilə xalqa xidmət örnəyi olan "Böyük Əkinçi" də sanki "unudulmaqdadır". Bunun belə olmadığını sübut etmək üçün Cəlil Məmmədquluzadənin Mirzə Fətəli haqqındakı məşhur sözləri ilə desəm, Həsən bəy barəsində "çox yazmaq və yaxşı yazmaq lazımdır".

lll

Kiyev universitetindəki azərbaycanlı tələbələr 1911-ci ildə bir araya gəlib nəşriyyat quranda ilk növbədə Zərdabinin əsərlərini çap etmişdilər. Bu, Ustada ehtiramla yanaşı, həm də, onun irsinin, fikir və ideyalarının xalqa çatdırılmasının vacibliyindən irəli gəlirdi. Tələbələr inanırdılar ki, soydaşlarına Həsən bəyin sözü ilə müraciət etsələr, səsləri daha tez eşidilər. Üstəlik də, insanlar gündəlik həyat və məişətləri ilə bağlı gərəkli, praktiki kitablar əldə etmiş olarlar.

Aradan keçən onilliklər Zərdabinin bir əsr yarım bundan əvvəl  toxunduğu həyəcanlı mətləblərin, Vətənin və torpağın, dilin və mədəniyyətin taleyi ilə bağlı əndişələrinin bir çox məqamlarda hələ də qüvvədə qaldığını göstərir. Onun toxunduğu, tənqidi münasibət bildirdiyi məsələlərin hamısını tam həll etdiyimizi söyləmək inandırıcı görünmür. Həmin məsələlər yüz əlli il əvvəlki "Əkinçi" və Əkinçinin sərgilədiyi hərarətli, yanğılı vətəndaş yanaşması tələb edir. Bu baxımdan aradan keçən onilliklər bir çox məqamlarda Həsən bəyi bizə yaxınlaşdırır. Həqiqət axtarışlarımızda, doğru yol seçimimizdə onun yenə də öz xalqının müdrik yol göstərənlərindən biri olduğunu hiss edirik.

Zərdabi tam əsasla bioqrafiyası ilə mübarizələri, şəxsiyyəti ilə əməlləri arasında bərabərlik işarəsi qoyula bilən ictimai fikir və mədəniyyət korifeyi idi. Çətinlik və əzabların, ümid və aldanışların müşayiəti ilə keçdiyimiz millət olmaq yolunun  Bələdçisi, Mədəniyyət Tarlamızın yorulmaz Əkinçisi idi...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Aprel 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see144

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see143

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see134

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see133

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see129

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see129

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see126

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see120

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see115

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see112

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see111

Orlando hava limanında təyyarə yanıb, 300 nəfər təxliyə edilib

22 Aprel 2025 07:59see108

Aysel Vaynşteynin xanımı ilə Foto

22 Aprel 2025 11:05see108

Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ

22 Aprel 2025 10:10see108

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see108

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see108

Bu qidalar sizin üçün təhlükə ola bilər

22 Aprel 2025 09:55see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri