Məhkəmə dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxslə bağlı qərar verdi
Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.
Ali Məhkəmədə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında adam oğurluğunda təqsirləndirilən Şamo Qocayev, Ayaz Heydərli və Anar Talıblının barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamo Qocayev 10 il, Ayaz Heydərli 8 il 6 ay, Anar Talıblı isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd: İstintaqla müəyyən edilib ki, Şamo Qocayev keçmiş həyat yoldaşı Aygün Əhmədovanı dayısı oğlu Ayaz Heydərli və Anar Talıblı ilə birgə oğurlayıb. Onlar Aygün Əhmədovanın müqavimətini qırmaq üçün bədənin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə yüngül dərəcəli bədən xəsarətləri yetirməklə adam oğurluğu cinayətini törədiblər. Şamo Qocayev və Ayaz Heydərliyə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək), Anar Talıblıya isə Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) maddələri ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov


