Məhkəmə qadını polis şöbəsinin qarşısında döyən Türkiyə vətəndaşı ilə bağlı qərarı açıqladı
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Abdullah Samedin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Nərimanov Rayon Məhkəməsinin təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinməsi və ona aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətə islah işləri cəzası təyin edilməsinə dair hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılıb.
İttihama görə, hadisə 19 mart 2024-cü il tarixdə saat 19:00 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasının qarşısında qeydə alınıb.
Belə ki, Türkiyə vətəndaşı Abdullah Samed zərərçəkmiş Səmayə Əsədova (adı, soyadı şərtidir) ilə aralarında yaranmış mübahisə zamanı qadının əsassız şikayəti barədə ona olan iradını bəhanə edib. Sonra o, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Səmayəni iki əli ilə qəsdən sağ çiyin nahiyəsindən vuraraq ona sağlamlığa az ağır zərər yetirib.
Hadisədən sonra Abdullah Samed saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov


