Icma.az
close
up
RU
Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 iyun, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, iqtisad elmləri doktoru, Tbilisi Dövlət Universitetinin professoru Vladimer Papava ilə müsahibəni təqdim edir.

- Qlobal logistika zəncirlərinin transformasiyası kontekstində Orta Dəhlizin geosiyasi əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Müasir qloballaşma şəraitində, xüsusilə bu prosesin getdikcə daha çox qarşıdurma xarakteri aldığı bir dövrdə, nəqliyyat dəhlizlərinin əhəmiyyəti böyük dərəcədə artır. Hazırda dünyanın aparıcı gücləri arasında həm siyasi, həm də hərbi səviyyədə qarşıdurmalar müşahidə olunur. Belə bir vəziyyətdə sabit və dayanıqlı logistika marşrutlarının təmin olunması prioritet məsələyə çevrilir. Bu gün Avropa ilə Asiyanı birləşdirən üç əsas marşrut mövcuddur: Rusiya üzərindən keçən Şimal dəhlizi, İran və Türkiyə üzərindən keçən Cənub dəhlizi və Azərbaycan ilə Gürcüstan üzərindən keçən Orta Dəhliz. Şimal dəhlizi Rusiya 2022-ci ildə Ukraynaya hərbi müdaxilə etdikdən və Qərbin sanksiyaları tətbiq olunduqdan sonra faktiki olaraq bloklanmış vəziyyətə düşüb. Cənub dəhlizi isə elə əvvəlindən, xüsusilə də İrandakı siyasi vəziyyət və bu ölkənin rolu səbəbilə bir sıra suallar doğururdu. Hazırda isə İsraillə İran arasında başlayan müharibə və ABŞ-ın da bu prosesə dolayısı ilə cəlb olunması bu marşrutun etibarlılığını ciddi şəkildə azaldıb. Beləliklə, Orta Dəhliz hal-hazırda Avropa ilə Asiyanı birləşdirən ən real, sabit və qısa marşrut olaraq qalır.

Qeyd etmək lazımdır ki, Çin 2013-cü ildə “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürdüyü zaman Orta Dəhliz bu layihənin ilkin xəritələrində yer almamışdı. Yalnız Azərbaycan və Gürcüstan rəhbərliyinin səyləri nəticəsində bu dəhliz sonradan layihəyə daxil edildi. Bu gün isə o real fəaliyyət göstərən yeganə quru marşrutdur və həm Asiya, həm də Avropa ölkələrinin maraqlarına tam cavab verir. Hazırda əsas vəzifə — Orta Dəhlizin buraxılış qabiliyyətinin artırılmasıdır. Əminəm ki, infrastrukturun genişləndirilməsinə yönələn investisiyalar da tapılacaq.

- Mövcud geosiyasi şəraitdə Zəngəzur dəhlizinin perspektivlərini necə qiymətləndirirsiniz? Bu dəhliz Orta Dəhlizin davamı ola bilərmi?

- Zəngəzur dəhlizi, şübhəsiz ki, böyük əhəmiyyətə malikdir. Gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi şübhə doğurmur. Bu dəhliz, həmçinin Orta Dəhlizin buraxılış qabiliyyətinin artırılmasında mühüm rol oynaya bilər.

- Ukraynada müharibənin başlanmasından və Yaxın Şərqdəki gərginliyin artmasından sonra Avropa İttifaqı və Çinin Orta Dəhlizə marağı necə dəyişdi?

- Çin hər zaman mövcud olan bütün marşrutlardan istifadə etməyə çalışıb, buna görə də mənim fikrimcə, o nəqliyyat dəhlizlərini bir-birinə rəqib deyil, qarşılıqlı bir-birini tamamlayan marşrutlar kimi görür. Bu, çox vacib bir yanaşmadır. Avropa İttifaqı da Asiya ilə, xüsusilə Çin və Mərkəzi Asiya ölkələri ilə dayanıqlı əlaqəyə maraq göstərir. Şimal dəhlizinin bloklanması və Cənub dəhlizinin ən azından qeyri-sabit olması fonunda, Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib.

- Gürcüstanın bu dəhliz çərçivəsində logistika və enerji habına çevrilmək potensialını necə qiymətləndirirsiniz? Bu məqsədlə hansı islahatlar və investisiyalar tələb olunur?

- Gürcüstanın, xüsusilə də Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcəyi təqdirdə, həqiqətən də ciddi potensialı var. Bu iki ölkə artıq Cənubi Qafqazda bir növ tandem formalaşdırıblar və məhz bu formatda onlar mühüm regional logistika və enerji mərkəzinə çevrilə bilərlər. Bunun üçün ilk növbədə nəqliyyat infrastrukturu, enerji sahəsi – o cümlədən bərpaolunan enerji mənbələrinin inkişafı – və əlavə dəyər yaradacaq sənaye layihələrinə genişmiqyaslı investisiyaların cəlb olunması vacibdir. Həmçinin önəmlidir ki, Gürcüstan və Azərbaycan birgə təşəbbüsləri və layihələri beynəlxalq platformalarda – istər iqtisadi, istər nəqliyyat, istərsə də enerji forumlarında fəal şəkildə irəli sürsünlər. Bu, Avrasiya inteqrasiyası və dayanıqlı tranzit marşrutlarının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

- Çin-Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Avropa marşrutu üzrə dayanıqlı infrastrukturun yaxın illərdə yaradılması nə dərəcədə realdır? Bu istiqamətdə ilk növbədə hansı əsas maneələr aradan qaldırılmalıdır?

- İlk növbədə dəmir yolu xətlərinin buraxılış qabiliyyəti artırılmalıdır. Daha sonra – Xəzər və Qara dəniz limanlarının inkişafı gəlir. Bunlar texniki xarakterli məsələlərdir və investisiyalar olduqda həll edilə bilər. Lakin burada siyasi məqamlar da mövcuddur: region ölkələri və Avropa bu dəhlizin inkişafına maraq və səylərini koordinasiya etməyə hazırlıq nümayiş etdirməlidirlər.

- Siz Orta Dəhlizin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və “Bir kəmər, bir yol” kimi digər layihələrlə rəqabət riski yaratdığını, yoxsa əksinə, sinerji doğurduğunu düşünürsünüz?

- Mən bu layihələr arasında rəqabət görmürəm. Bu marşrutların hamısı Avrasiyanın daha geniş nəqliyyat və iqtisadi memarlığının tərkib hissəsidir. Çin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsü ilkin mərhələdən etibarən geniş və çoxşaxəli nəqliyyat əlaqələrinin qurulmasına yönəlmişdi və zaman keçdikcə Orta Dəhliz bu şəbəkənin mühüm hissəsinə çevrildi. Hazırkı geosiyasi qeyri-sabitlik şəraitində bir istiqamətdən asılılığı azaltmaq üçün bir neçə alternativ və bir-birini tamamlayan marşrutlara malik olmaq son dərəcə vacibdir. Orta Dəhliz bütün Avrasiya nəqliyyat sisteminin çevikliyini artırır, onun dayanıqlığını möhkəmləndirir və region ölkələri üçün ticarət, tranzit və iqtisadi əməkdaşlıq sahəsində daha çox imkanlar yaradır. Beləliklə, o, digər marşrutlarla rəqabət aparmır, əksinə, bütövlükdə Avrasiya məkanının strateji dayanıqlığını gücləndirir.

- Türkiyə və Azərbaycan Orta Dəhlizin həyata keçirilməsində hansı rolu oynayır? Ankara–Bakı–Tbilisi adlı yeni geoiqtisadi oxun formalaşmasından danışmaq olarmı?

- Bu geoiqtisadi ox artıq formalaşıb və aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Türkiyə, Azərbaycan və Gürcüstan enerji və nəqliyyatdan tutmuş, müdafiə sahəsində əməkdaşlıq və rəqəmsal transformasiyaya qədər əsas istiqamətləri əhatə edən davamlı strateji tərəfdaşlıq qurublar. Orta Dəhliz məhz bu tərəfdaşlığın praktik təzahürüdür. Bakı-Tbilisi-Qars dəmir yolu, neft və qaz kəmərləri, həmçinin dəniz limanlarının inkişafı kimi infrastruktur layihələri bu oxun təməlini təşkil edir. Bu gün əsas məsələ yalnız mövcud nailiyyətləri qoruyub saxlamaq deyil, həm də bu oxun potensialını genişləndirməkdir. Bunun üçün fəaliyyətlərin koordinasiyasını artırmaq, gömrük və tarif tənzimləməsini təkmilləşdirmək, həmçinin birgə investisiyaların cəlb olunması vacibdir. Geosiyasi qeyri-sabitlik və dəyişən qlobal logistika şəraitində məhz bu ox Avropa ilə Asiya arasında dayanıqlı bağlantıların təmin edilməsində açar rol oynaya bilər.

- Dəhliz ölkələri arasında gömrük, nəqliyyat və rəqəmsal inteqrasiya sahəsində koordinasiya nə dərəcədə vacibdir? Belə əməkdaşlıq üçün real mexanizmlər mövcuddurmu?

- Ən başlıcası – dəhliz iştirakçıları arasında gömrük və tarif siyasətinin koordinasiyası və balanslaşdırılmasıdır. Bu olmadan malların fasiləsiz və iqtisadi cəhətdən səmərəli hərəkətini təmin etmək mümkün deyil. Tranzit prosedurlarının rəsmiləşdirilməsi üçün vahid yanaşmanın yaradılması, sənədləşmənin standartlaşdırılması və bürokratik maneələrin aradan qaldırılması zəruridir. Nəqliyyat sahəsində qrafiklərin sinxronizasiyası, logistika üzrə tələblərin unifikasiyası və birgə rəqəmsal infrastrukturun inkişafı tələb olunur. Bütün proseslərin rəqəmsallaşdırılması – yüklərin elektron işlənməsindən tutmuş hərəkətlərin izlənməsi üçün ümumi platformaların tətbiqinədək – xüsusilə önəmlidir.

Əməkdaşlıq mexanizmləri artıq mövcuddur: bu, Azərbaycan, Gürcüstan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli sazişlər, həmçinin beynəlxalq layihə və təşəbbüslərdə iştirakdır. Lakin Orta Dəhlizin potensialından tam istifadə etmək üçün institusional koordinasiyanın gücləndirilməsi və bütün iştirakçı ölkələrin siyasi iradəsi zəruridir.

- Orta Dəhlizin infrastrukturuna əlavə investisiyaları necə cəlb etmək olar?

- Ölkələrimiz beynəlxalq platformalarda – iqtisadi forumlarda, nəqliyyat konfranslarında və investisiya sammitlərində – razılaşdırılmış infrastruktur və logistika layihələrini birlikdə irəli sürməlidirlər. Bu zaman təkcə təşəbbüsləri təqdim etməklə kifayətlənməmək, həm də investorlar üçün mövcud reallıqları, inkişaf perspektivlərini və Orta Dəhlizin strateji əhəmiyyətini aydın şəkildə nümayiş etdirmək vacibdir. Müasir geosiyasi vəziyyət özü yeni və dayanıqlı marşrutların axtarışını aktuallaşdırır və bu imkandan bacarıqla istifadə etmək lazımdır. Eyni zamanda, layihələri texniki-iqtisadi əsaslandırmalarla müşayiət etmək və beynəlxalq maliyyə institutlarını fəal şəkildə prosesə cəlb etmək vacibdir. Bu da öz növbəsində, özəl kapitalın inamını artıracaq və daha irihəcmli investisiyaların cəlb edilməsinə imkan yaradacaq.

- Orta Dəhlizin uğuru halında Qara dəniz regionunun rolu necə dəyişəcək? Bu ərazini sabitlik və inteqrasiya zonasına çevirmək mümkündürmü?

- Region ölkələri qarşılıqlı əlaqəni gücləndirər, infrastrukturu inkişaf etdirər və iqtisadi əməkdaşlığı artırarlarsa bu tamamilə mümkündür. Lakin çox şey Rusiyanın növbəti addımlarından asılı olacaq. Hazırda Rusiya, Ukraynaya qarşı davam edən müharibə və gərgin xarici siyasəti səbəbindən Qara dəniz məkanında əsas destabilizasiyaedici amil olaraq qalır. Hərbi təhdid səviyyəsini azaltmaq və siyasi dialoqu təmin etmək mümkün olsa, Qara dəniz regionu dayanıqlı inteqrasiya, tranzit və inkişaf məkanı ola bilər. Sabitliyin gələcəyi sülhə, açıq bazarlara və etibarlı nəqliyyat əlaqələrinə yönəlmiş ölkələrin səylərindən asılıdır.

- Və nəhayət, Orta Dəhliz yalnız nəqliyyat marşrutu olmaqla kifayətlənməyib, Şərq və Qərb arasında yeni regional əməkdaşlıq modelinin əsası ola bilərmi?

- Şübhəsiz ki, ola bilər. Mən Orta Dəhlizi yalnız nəqliyyat marşrutu kimi deyil, öncəliklə iqtisadi dəhliz kimi qiymətləndirirəm. O bazarları birləşdirmək və infrastruktur yaratmaq qabiliyyətinə malikdir ki, bu da iqtisadi artımı təmin edəcək, Gürcüstan və Azərbaycan məhsullarının daha geniş bazarlara çıxışını təmin edəcək. Bu, Mərkəzi Asiya və Çindən başlayaraq Avropaya qədər bütün region ölkələrinin qarşılıqlı faydalı inkişafına aparan yoldur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri