“Mən güclü duyğuları olan güclü insanam”
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məlum olduğu kimi, Arda Turan məşqçi karyerasında yeni bir səhifə açmaq qərarına gələrək Ukrayna nəhəngi “Şaxtyor”un başına keçib.
"Football-plus.az" xəbər verir ki, Atletiko” və “Barselona”da oynamaqla Avropada böyük populyarlıq qazanan 38 yaşlı Turan indi də məşqçi kimi özünü xarici klubda sübut etməyə çalışacaq. Arda dünən ilk dəfə “Şaxtyor”un futbolçuları ilə görüşərək onlarla söhbət edib. Türkiyəli mütəxəssis bu həftənin əvvəlində isə klubun saytına ilk müsahibəsini verib. Özü də o, saytın əməkdaşlarını İstanbuldakı evində qəbul edib. Həmin müsahibə ilə sizi tanış edirik.
Onu da xatırladaq ki, “Şaxtyor” Avropa Liqasının 1-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi “İlves”i keçəcəyi təqdirdə “Beşiktaş”a rəqib olacaq.
- Qonaqpərvərliyinizə görə minnətdarıq. İlk müsahibəni sizdən evinizdə götürürük. Buna görə də təşəkkür edirik.
- Mən də sizə təşəkkür edirəm. Sizi burda görmək mənim üçün xoşdu.
- Karyeranıza dair xatirələrin yer aldığı bir otaqdayıq. Burda sizin üçün ən dəyərli titul hansıdı?
- Bəli, bu otaq xatirələrlə zəngindi. Burda yer alan hər şey mənim üçün özəldi. Ancaq onların arasından birini seçməli olsam, yəqin ki, “Atletiko” ilə qazandığım La Liqa çempionluğunu qeyd edərdim. Çünki həmin 38 həftə ərzində o dönəmin ən güclü “Barselona” və “Real”ına qarşı mübarizə apardıq. Amma bütün bunlar futbolçu kimi qazandıqlarımdı. Artıq məşqçiyəm və indi də məşqçi kimi nələr edə biləcəyimi görəcəyik.
- Ümumiyyətlə, “Şaxtyor” haqda düşüncələrinizi bilmək maraqlı olardı.
- Çox şanslıyam. Çünki “Şaxtyor” kimi dərin bir tarixə, ənənələrə malik olan bir klubda çalışacam. Bu mirasa köməkçilərimlə birlikdə bəzi detallar əlavə edəcəyik və hər futbolçuya “Şaxtyor” kimi klubun bir parçası olduğunu hiss etdirəcəyik. Yəni böyük və yaxşı bir ailə olacağıq. Birlikdə önəmli işlərə imza atacağıq.
- Klub rəsmiləri ilə danışıqlar prosesi necə keçdi? Sizi təklifi qəbul etməyə vadar edən əsas səbəb nə oldu?
- Xoşuma gələn birinci məqam o oldu ki, ilk görüşdəcə biz yalnız oyundan və meydandakı olaylardan danışdıq. Çünki futbol və oyunun detalları haqda danışmağı sevirəm. Qarşımdakı insanların da mənim kimi detallara önəm verdiklərini gördüm. İkinci məqam “Şaxtyor”la hədəflərimizin üst-üstə düşməsidi. Mən futbolçu karyeramda həmişə böyük uğurlar qazanmağı hədəfləyirdim. Məşqçi kimi də beləyəm. “Şaxtyor” da zatən qarşısına ciddi hədəflər qoyan klubdu. Danışıqlar zamanı bu klubla Avropada titul qazanmağın mümkün olduğunu anladım.
- Müqaviləyə imza atmamış “Şaxtyor”u nə dərəcədə incələdiz?
- Sizin təxmin etdiyinizdən daha çox incələdim. Zatən “Şaxtyor”dan bəhs ediriksə, deməli, böyük klubdan danışırıq. Ancaq daha dərindən incələdikdə yaxşı oyunçular, yaxşı klub, yaxşı təşkilatçılıq ilə qarşılaşırsan. Düşünmək ilə öz gözlərinlə görmək arasında böyük fərqlər var. Mən həqiqətən də böyük potensialımızın olduğunu, hər şeyin ən yüksək səviyyədə təşkil edildiyini və mükəmməl futbolçularımızın olduğunu gördüm. Bunların hamısını incələyəndən sonra “Şaxtyor”a gəldim.
- Son aylarda Türkiyədə Taras Stepanenko ilə çalışdız. O, yanvarda “Eyüpspor”a gəldi. “Şaxtyor”la bağlı onunla aranızda hansı söhbətlər oldu?
- Taras, təbii ki, Ukrayna futbolunun və “Şaxtyor”un əfsanələrindəndi. Ona böyük hörmətim var. İlk vaxtlar “Şaxtyor”la bağlı söhbətimiz olmadı. Çünki həmin vaxt klubun başında başqa məşqçi var idi. Elə mən özüm də başqa bir klubdaydım. Sonra yavaş-yavaş bəzi şeylər haqda danışmağa başladıq. Onun peşəkarlığı məşqdə dərhal diqqətimi cəlb etdi. “Şaxtyor” məktəbini keçdiyi, o mədəniyyətdən gəldiyi dərhal hiss olunurdu. Gənclərə münasibətdə çox peşəkar davranırdı. O da mənim məşq sistemimi, oyunçularla davranışımı, problemləri həll etmək tərzimi bəyəndiyini söylədi. “Şaxtyor”da gənc istedadların olduğunu və mənim futbol anlayışımla orda böyük uğurlar qazana biləcəyimi dedi.
- “İnstaqram”da 10 milyondan çox təqibçiniz var...
- O qədər ünlüyəm ki... (gülür)
- Həqiqətən ünlüsüz. Sizi təqib edənlər arasında hətta Messi də var. Bu insanlar kimlərdi və bu qədər populyarlığı nə vaxt qazanmısız?
- Mən duyğularla yaşayan insanam. İşin idman tərəfindən baxanda bəlkə də Türkiyə futbolu tarixinin ən yaxşı karyeraya malik futbolçusu olmuşam. “Qalatasaray”, “Atletiko”, “Barselona”... Məni görmək, izləmək istəyən gənclər üçün örnəyəm. Mənim həyatımı izləmək istəyirlər. Elə “Şaxtyor”un da 10 milyon təqibçisi var. Bu, yaxşı haldı. Mən “Qalatasaray”da böyümüşəm. 10 milyonluq kütlə arasında, sözsüz ki, türk gəncləri, “Qalatasaray”lılar, “Atletiko” fanatları da var. Təqibçilərimə müraciət edəcəm. “Qalatasaray”, “Atletiko” və “Barselona” fanatlarının artıq “Şaxtyor”u da bütün platformalarda izləməsini istəyirəm.
- Baş direktor Sergey Palkin və idman direktoru Dario Srna ilə söhbətdə hansı maraqlı məqamlar oldu?
- İlk növbədə Palkinin çox centlmen bir insan olduğunu vurğulamalıyam. İnsani keyfiyyətləri dərhal diqqətimi cəlb etdi. Ancaq öncə mənimlə baş skaut Salvatore əlaqə qurdu. Srnanı isə futbol oynadığım dönəmdən gözəl tanıyıram. Dəfələrlə bir-birimizə rəqib olmuşuq. Mən solda oynayırdım, o isə sağ cinahda. Xorvatiya ilə Türkiyənin oyunlarında çox qarşılaşmışıq. Bəzilərini biz, bəzilərini də onlar qazanmışdı. Onunla futboldan danışdıq. Oyun fəlsəfəmə uyğun olaraq “Şaxtyor”un daha baxımlı oynaması, nəticələrinin daha yaxşı olması üçün planlaşdırdığımız dəyişikliklərdən danışdıq. İlk vaxtlar həmişə çətin olur. Amma sonradan hər şey düzəlir...
- Srna ilə AÇ-2016-dakı oyununuz bardə danışdızmı? Həqiqətən də bir vaxtlar kapitan kimi üz-üzə gəlmişdiz və indi isə ikiniz də “Şaxtyor” kimi böyük klub üçün çalışacaqsız.
- Srna, adətən, qalib gəldiyi oyunlardan danışmağı xoşlayır (gülür). Mən ona yalnız AÇ-2008-də qalib gəldim. 1/4 finalda çox mühüm qələbə qazanmışdıq. Srna əla futbolçu idi. Mən hücumameyilli oyunçu olduğum üçün geri qayıdıb onun arxasınca qaçmağı xoşlamazdım. Bu, çox çətin bir iş idi. Şadam ki, heç olmasa, indi eyni tərəfdəyik. Srna futbolu dərindən bilir və fikirlərimiz üst-üstə düşür. İkimiz də müasir futbolun tərəfdarıyıq. Təbii ki, bəzən fikir ayrılıqlarımız olacaq. Ancaq birlikdə hədəflərimizə çatacağımıza inanıram.
- Kiyevə ayaq basarkən özəl şəkildə qarşılandız. Şəhərin qəlbində nəhəng ekranda özünüzü izlədiz. Həmin an nələr hiss etdiz?
- Belə təqdimatları futbol oynadığım dönəmdə çox görmüşdüm. Amma bunu məşqçi kimi yaşamaq başqa aləmdi. Kiyevdə belə qarşılanmaq hələlik məşqçi karyeramın ən unudulmaz anlarından biridi. Ondan bir müddət öncə klubdan mənə zəng gəldi və harda olduqlarımı soruşdular. Təyinatımı rəsmən açıqlamaq istədiklərini dedilər. Mən də o anda uşaqlığımın keçdiyi valideynlərimin evinə yollandım. “Şaxtyor”un rəsmi açıqlamasını atamın və anamın yanında gözləməyə başladım. Əslində ailəmlə, yoldaşımla, uşaqlarımla istənilən yerə gedə bilərdim. Amma mən yenə də uşaqlığımın keçdiyi Bayrampaşaya yollanaraq valideynlərimin yanında bu xəbəri qarşılamaq istədim. Mən güclü duyğuları olan güclü insanam. Amma oyunçuların və bütün komandanın duyğuları daha önəmlidi. O cür qarşılama mərasimi təşkil edən hər kəsə minnətdaram. Elə insanam ki, hər kəsi düşünməyə çalışıram. Müsahibə götürəni, kamera çəkəni, klubun aşpazını, formalara nəzarət edəni, avtobusun sürücüsünü, qısası, hər kəsi. Çünki çempionluq təkcə oyunçularla yox, komandadakı hər kəslə bağlı olan bir şeydi. Mövsümün sonunda evə gedəndə “mən çempionam və bu komandanı çempion etdim” deyə bildikdə çox xoşbəxt olacam.


