Mən, heç vaxt Putinə səs verməmişəm
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Rusiyanın Xantı-Mansiysk vilayətinin yaşayan, vaxtilə Rusiya Dövlət Dumasında deputat köməkçisi işləmiş, hazırda isə Azərbaycan Xalqlarının Asambleyasının sədri olan Vadim Əbdürrəhmanov Rusiya-Azərbaycan arasındakı gərginlik, Şimal qonşumuzun hüquq-mühafizə orqanlarını azərbaycanlılara qarşı diskriminasiyarı, diasporalarımızın mövcud fəaliyyəti və s. haqqında Globkom.info – a müsahibə verib. Newscenter.az həmin müsahibəni təqdim edir:
- Necə oldu ki, Rusiyada yaşamaq qərarına gəldiz?
- Uşaqlığım, yeniyetməliyim sovet dövrünə düşdü, gəncliyim isə müharibə illərinə təsadüf elədi. 1991-96-cı illərdə Azərbaycan ordusunda hərbi xidmətdə keçirdim. Demobilizasiya olduqdan sonra xəstəliyə tutuldum. Nə qədər çalışsam da, Vətənimdə müalicə oluna bilmədim, çünki məndən böyük pullar istəyirdilər. İş elə gətirdi ki, Rusiyaya gəldim və burda məni pulsuz, təmənnasız müalicə edərək sağaltdılar. Ondan sonra Rusiyanın Xantı-Mansiysk Muxar Vilayyətində yaşamaq qərarına gəldim. Artıq 29 ildir ki, burda yaşayıram.
- Xantı-Mansiyskdə azərbaycanlılar çoxdurmu və orada soydaşlarımıza münasibət necədir?
- Səmimi deyim ki, burda azərbaycanlılar həm çoxdurlar, həm də nüfuzlu etnik qrup hesab olunur. Bunun da səbəbi soydaşımız, məşhur geoloq-alimimiz Fərman Salmanovla bağlıdır. Məhz bütün ittifaq üzrə məşhur geoloqumuz bu diyarlarda neft tapan ilk şəxsdir. Fərman Salmanovun “qara qızıl” kəşfindən sonra bu vilayyətdə həm insan axını, həm də canlanma oldu. Belə ki, tatarlar, çeçenlər, ukraynalılar və başqa xalqların nümayəndələri burda çalışmağa gəldilər. Azərbaycanlılar dediyim kimi burda böyük çoxluq təşkil edir, Xantı-Mansiyskin əhalisinin 10%-dən çoxunu soyadaşlarımız təşkil etsə də, Rusiyanın rəsmi dairələrində bu vilayyətdə təxminən 5%-in azərbaycanlılar olduğunu qeyd edir. Bu da təbii ki, yalandır. Mən 15 ildən çoxdur aktiv siyasi fəaliyyətlə məşğulam, Xantı-Mansiysin ən böyük şəhəri Surqutda elə 30 min soydaşımız yaşayır. Vilayəyyətin ikinci böyük şəhəri olan Nijnevartovsk isə 20 min azərbaycanlı yaşamaqdadır. Sözüm o ki, adı çəkilən vilayyətdə soydaşlarımız çoxdur.
- Aktiv siyasi fəaliyyətlə məşğul olduğunuzu dediz, bu barədə bir qədər ətraflı danışardız…
- 15 ildir ki, siyasi fəaliyyətdəyəm, onun 5 ilini Rusiya Dövlət Dumasının deputatı Vçeslav Nikolayeviç Titovun köməkçisi olmuşam. Adı çəkilən millət vəkili həmçinin Rusiya Kommunist Partiyasının rəhbəri Züqanovun da baş məsləhətçisi olub. 3 il Xantı-Mansiysk Vilayyətinin yerli parlamentində deputat köməkçisi olmuşam. 6 il də Xantı-Mansiyskdəki Kommunist Partiyasının filialının rəhbəri olmuşam. Sonra isə partiyadan getdim, 50 yaşımda isə təqaüdə çıxdım. Bunar rəğmən mustəqil siyasətçi kimi karyeramı davam etdirirəm.
- Partiyadan çıxmağınızın səbəbi nə idi?
- İstər Dumada, istərsə də partiyada çalışdığım vaxtlar azərbaycanlılar tez-tez yanıma şikayətə gələrdilər. Onlar nə ev, nə maşın, nə də vəzifə istəyirdilər. Yeganə amalları tapdalanmış hüquqlarını bərpa edilməsi idi. Bu sahədə bacardığım qədər soydaşlarımıza kömək etməyə çalışdım. Amma görəndəki bəzi yuxarı dairələrdə bizlərə qarşı ikili standartlara yol verilir, buna etiraz olaraq partiyadakı vəzifəmdən getdim.
- Bəs diasporalarımız nə işlə məşğul idi?
- Sizi inandırım ki, Xantı-Mansiysk Vilayyətində nə qədər haqları tapdalanan azərbaycanlıların məsələləri ilə bağlı diasporalara müraciətlər etmişəm, hətta soydaşlarımız da onlara dəfələrlə müraciətlər etməsinə və həmin təşkilatlardan bir xeyir görmədikdə mənim üstümə gəlirdilər. Bir çox hallarda soydaşlarımıza kömək etsəm də, bəzən mən də gücsü qalır, onlara kömək edə bilmirdim. Sözüm odur ki, bir çox diaspora təşkilatlarımızın yalnız adları var. Onlardan nə xalqımıza, nə də Rusiya-Azərbaycan münasibətlərinə bir faydası var. Çünki diaspora rəhbərlərinin çoxu öz ciblərini və biznesdəki maraqlarını güdürlər.
- Bəs, siz azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı alternativ təşkilatlar, icmalar yaratmaq istiqamətində hər hansı iş görürsüzmü?
- Bəli, müəyyən işləri gücümüz səviyyəsində aparırıq. Bu ilin yazında Surqut şəhərində yaşayan soydaşlarımızın düşünən beyinləri yeni təşkilat - Azərbaycan Xalqlarının Asambleyası yaratdılar. Yekdil səslə də məni həmin asambleyanın sədri seçdilər. Mayın 7-də isə rəsmi qeydiyyatdan keçdik. Bu təşkilatın başlıca məqsədi Rusiyada, əsas da Xantı-Mansiyskdə yaşayan soydaşlarımızın hüquqlarını qorumaq, onlara bacardığımız dəstəyi vermək və Rusiya-Azərbaycan münasibətlərində gərginliyin aradan qaldırılması və s. bu kimi fəaliyyətlərdir.
- Azərbaycan Xalqlarının Asambleyasının Rusiyadakı diaspor və digər bu kimi təşkilatlardan fərqləndirən əsas cəhətlər nədir?
- Əsas fərqləndirən məqamlardan birincisi odur ki, biz yuxarıda qeyd etdiyim kimi bir çox diaspor rəhbərləri kimi Rusiyanın yuxarı dairələrinə, məmurlarına yaltaqlanaraq şəxsi bizneslərini inkişaf etdirmək güdmürük.
İkinci, mən sədr olsam da, qeyri-məhdud səlahiyyətlərə malik deyiləm. Mənimlə yanaşı müavinlərim və “Ağsaqqallar Şurası” da fəaliyyət göstərəcək və təşkilatımızda əsasən kollegiyal idarəçilik hökm sürəcək.
Üçüncü, digər diasporalardan fərqləndirici məsələdən biri də Azərbaycanda yaşayan hər bir etnik qrupun nümayəndələrinin bizim təşkilatda yer alması və onların sırasından bir nəfərin sədrin müavin vəzifəsinə irəli çəkilməsidir. Yəni, Azərbaycan Xalqlarının Asambleyasında azərbaycanlılarla yanaşı, ləzgi, avar, tat, talış, udin, çaxur, haput və digər etnik azlıqlar yer alacaq və və onlardan arasında bir nəfər sədrin köməkçisi olacaq. Onu da xüsusi vurğulayım ki, bir qrup ləzgilər və Balakən-Zaqatalada yaşayan etnik azlıqlarımız əksər hallarda hüquqlarının qorunması üçün Dağıstan diasporlarında birləşirlər. Azərbaycan Xalqlarının Asambleyası olaraq Azərbaycanda dünyaya göz açmış, sonralar isə Rusiyaya köç edən bütün etnik qrupların nümayəndələri təşkilatımızda bir araya gətirmək və onlara güvən verib, arxalarında durmaq istəyirik.
- Rusiya ilə Azərbaycan yalnız qonşu yox, həm də bir-birilə strateji müttəfiq, geniş ticari münasibətləri olan ölkələrdir. Buna rəğmən 2024-cü ilin dekabrında Qroznı səmasında mülki təyyarəmizin vurulması və Rusiyada yaşayan etnik azərbaycanlılara qarşı diskriminasiyalar dövlətlər arası münasibətlərdə kəskin soyuqluq yaratdı. Bu barədə nə deyərdiz?
- Əvvəla onu vurğulayım ki, Rusiya-Azərbaycan münasibətlərinin pozulmasını istəməyən və əvvəlki mehriban qonşuluğun yenidən bərpa olunmasını arzulayanlardanıq və bu istiqamətdə maksimum çalışırıq. Rusiya ilə qonşu, strateji müttəfiqliklə bərabər həm də bu ölkəyə çörək pulu dalınca gələn və uzun illərdir Rusiyanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız çoxluq təşkil edir. Heç bir ikinci xarici ölkəyə bu qədər çox azərbaycanlı axın etmir. Bununla yanaşı rusiyalı hərbçilərin təyyarəmizi səbəbsiz yerə vurmasını pisləyirik. Hələ də ümidliyik ki, bu məsələ öz həllini tapacaq, günahkarlar cəzalarını alacaq və iki dövlət arasında münasibətlər əvvəlki axarına qovuşacaq. Təəssüfləndirici məqamlardan biri də odur ki, hər iki tərəfdən münasibətlərin daha da pisləşməsini istəyən və bunun üçün əlindən gələn hər şeyi edən qüvvələr var.
- Bəs, Rusiyada etnik azərbaycanlılara diskriminasiya, onların həbs edilməsi, biznes fəaliyyətlərini məhdudlaşdırmaq və s. bu kimi hallar da var...
- Kimin hansı günahının olmasından, qanun pozuntusuna yol verməsindən asılı olmayaraq heç bir şəxsin OMON tərəfindən səbəbsiz yerə fiziki güc tətbiq edilməsinə, döyülərək öldürülməsinə haqq qazandırmaq olmaz. Bu məsələdə bizlər də Rusiya hüquq-mühafizə orqanlarının qınayırıq. Amma bir məsələ var ki, baş verən bu xoşagəlməz hadisəni fürsət bilib, iki dövlət arasında soyuqluğu qarşıdurmaya, hətta müharibəyə də keçid etməsi üçün alışıb yananlar var. Rusiyanı dövlət olaraq faşist, rusları isə tamamilə şovinist kimi təbliğ edənl bəzi Azərbaycan mətbu orqanlarının katalizatorluq etməsini görürük. Həmçinin Rusiyaya qarşı düşmənçilik mövqelərini səsləndirən ictimai, siyasi şəxslər də tapıldı. Təbii ki, bu cür çıxışlardan sonra Rusiya Dumasında və mediada bir qrup anti Azərbaycan mövqeli deputatların və jurnalistlərin bizə qarşı irqçi çıxışlarla cavabları da gecikmədi. Bir məsələni dəqiq demək lazımdır ki, Rusiyada heç bir Azərbaycan vətəndaşı qətlə yetirilməyib. Fiziki zorakılığa məruz qalan və öldürülənlər etnik azərbaycanlılar olsa da, onlar 20-25 ildir burda yaşayırlar və Rusiya vətəndaşlarıdırlar. Həmin öldürülən, həbs olunan şəxslərin də illər əvvəlki əməllərində cinayət faktları aşkarlanıb.
- Hansı cinayət əməllərdən danışırsız?
- Rusiyanın iri şəhərlərində, o cümlədən Yekaterinburqda zəngin azərbaycanlı iş adamlarının çoxu uzun illər əvvəl kriminal və qanunsuz yollarla biznes qurublar. Həmçinin bir çox diaspor təşkilatlarımızdakı vəzifəli şəxslərin də kriminal keçmişi var. Yekaterinburqdakı bəlli hadisədən danışırıqsa, 20 il əvvəl azərbaycanlı iş adamı öldürülüb, həmin qətl də Səfərov qardaşlarının da əli olduğu bildirilir. Neçə il keçməsindən asılı olmayaraq ortada qətl varsa, dövlət onun üstünün açılması üçün əlindən gələn hər şeyi etməlidir. Bu hal bütün dövlətlərin qanunlarında eynidir. Əlbəttə ki, yuxarıda qeyd etdiyim kimi heç bir hüquq-mühafizə orqanına ixtiyar verilmir ki, cinayətdə təqsirləndirilən şəxsləri döyərək öldürsün, bunu edənlər qanun qarşısında cavab verməlidirlər. Amma heç kimə o cümlədən də soydaşlarımızın keçmişdə cinayət törətmələrinə və ya cinayətdə iştirakçı olduqlarına görə cəzasız qalmalıdır deyə bir qanunsuzluğa da yol verilə bilməz. Sizə əminliklə deyirəm ki, tək Yekaterinburqda yox, Rusiyanın böyük şəhərlərində, o cümlədən mənim yaşadığı Xantı-Mansiyk vilayətinin böyük şəhərlərində də kriminal, qanunsuz yollarla böyük biznes quran, diasporlarda vəzifə tutan azərbaycanlılar var. Yuxarıda mən elə belə yerə demədim ki, Rusiyadakı Azərbaycan diasporalarının rəhbərlərinin mütləq əksəriyyəti soydaşlarımıza köməklikdən çox, iqtidar nüməyəndələrinə, dövlət məmurlarına yarınaraq, onların əllərini yalayaraq bizneslərini qorumaq və genişləndirmək barədə düşünürlər.
Gəlin, sizə Surqut şəhərində şahidi olduğum bir məqamdan danışım. İllər əvvəl adı çəkilən şəhərdə bazarın azərbaycanlı direktoru və köməkçisi müəmmalı şəkildə öldü. Daha sonra bazar Azərbaycan diasporasının sədri Azad Seyidovun nəzarətinə keçdi. Müəyyən vaxtdan sonra həmin şəxsin qanunsuz yollarla bazara sahibləndiyinin üstü açıldı və bəlli oldu ki, bütün sənədlər saxtadır. Yalnız bir neçə il əvvəl Surqutdakı bazar ölən direktorun varislərinə qaytarıldı. Həmin Azad Seyidov 16 il bazara rəhbərlik etdiyi dönəmdə bir çox şəxslərə 312 milyon rubl atıb, xeyli yeyintiyə və vergi qaçaqmalçılığına yol verib. Buda bizim pul ilə 6 milyon manatdan çox pul edir. Hazırda isə Azad Seyidov Rusiyadan qaçıb və Azərbaycandadır. Amma onun müavini Amil Abbasovu saxlayıblar və o Surqut şəhərinin sərhədlərindən çıxmamağı ilə bağlı iltizama qol çəkib. Onun da 20 milyon rubl insanlara borcu var. Bu hələ məhkəmə istintaqı nəticəsində məlum olan borclardır. Tədqiq olunmayan və üzə çıxarılmayan dələduzluqlar da var. Həmin əməllərdəki pul atmalar nəzərə alınsa, qeyd etdiyim rəqəmlərin bir neçə qat artacaq. Belə onlarla faktlar sadalaya bilərəm, sadəcə uzunçuluq etmək istəmirəm.
- Demək istəyirsiz ki, Yekaterinburqdakı iş adamı, Sverdlovsk əyalətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvü olan və polis zorakılığına, mənəvi terrora məruz qalan Şahin Şıxlinski də kriminal yol ilə zənginləşib?
Şıxlinskinin həyatı və fəaliyyəti barədə dəqiq nəsə deyə bilmərək. Onunla şəxsi tanışlığım olmayıb. Amma Yekaterinburqdakı yoldaşların, əsas da sadə, kasıb soydaşlarımız onu neqativ, öz mənafeyini güdən biri kimi xarakterizə edirlər. Bir məsələni də sizin vasitənizlə Azərbaycana və xalqımıza çatdırmağı özümə borc bilirəm. Rusiyada elə olur ki, 2 yox, 4-5 azərbaycanlı öldürülür. Amma onlar kasıb-kusub, yiyəsiz olduqları üçün qabardılmır. Amma pullu soydaşımız öldürüləndə və ya həbs ediləndə bütün dünyaya çatdırılır. Yəni, diasporlarımız bu məsələdə də həqiqət, ədalət yox, sinfi mənsubiyyət və bürokratik yöndən məsələlərə yanaşır. Sözüm o ki, Azərbaycan tək pulluların, biznesmenlərin yox, kasıb soydaşlarımızın da hüquqları uğrunda ayaqlanmalıdır.
- Putin iqtidarına münasibətiniz necədir?
- Mən, solçu əqidəli adamam, heç vaxt Putinə səs verməmişəm. Səsimi ancaq kommunistlərə və sosialistlərə vermişəm. Hansı vəzifədə olmağımdan asılı olmayaraq həmişə hazırkı Rusiya iqtidarını qınamışam. Bu gün də Putin adminstrasiyasını tənqid edirəm. Bütün ictimai, siyasi görüşlərimizdə də etirazlarımızı bildiririk. Elə bu yaxınlarda Putin iqtidarının Dövlətin Milli Siyasətinin informasiya müşahidəsi üzrə Surqut şəhərindəki cavabdeh sədri Andrey Nikolayeviç Xudoleev ilə görüşümüz zamanı da Vladimir Vladimiroviçin yürütdüyü siyasətdən narazı olduğumuzu bildirdik. Putin hökümətində yer alan bir çox vəzifəlilər qeyd edir ki, Azərbaycanda 30 ildən çoxdur İlham Əliyev başqa olmaqla “Naxçıvan klan”ını hakimiyyətdədir, prezindent vəzifəni atasından təhvil alıb, o, hakimiyyətdən getməlidir və s. bu kimi fikirlər səsləndirirlər. Amma nədənsə bu sözləri deyənlər öz gözlərində çöpü görmürlər. Ona qalsa, Putin də 25 ildir ki, Prezident kürsüsündə əyləşib. Əsrin 1/4 qədərdir Rusiyanın tacsız-taxtsız qalstuklu çarı olan Putinin hakimiyyəti ölmədən heç kimə təhvil verməyəcəyi dəqiqdir. Odur ki, biz hazırkı Rusiya iqtidarına müxalifətdəyik və bizə qarşı qərəzli siyasətlərinə də etirazımızı bildiririk və bildirəcəyik. Onu da xüsusi vurğulayım ki, hər bir ölkədə, o cümlədən 25 ildir Rusiya Federasiyasında qeyri-məhdud hakimiyyətə sahib Putinq iqtidarında heç nə təsadüfi, məqsədsiz deyil. Eləcə də Çeçenistanın hava məkanı üzərində Azal təyyarəsinin vurulmasını da təsadüf hesab etmirəm.
- “Qarabağ Azərbaycanın ayrılmaz tarixi torpağıdır” şüarını Rusiya yüksək dairələrində və ruslar arasında təbliğ edə, onlara çatdıra bilirsinizmi?
- Əlbəttə ki, bu sahədə işlər aparırıq, bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik. Hətta Azərbaycan ərazi, suverenliyi, dövlət atributları, dilimizə və digər bu kimi dəyərlərə qarşı əks-təbliğat, aşağılanma hallarını görən kimi dərhal Rusiya Baş Prokurorluğuna və aidiyyatı orqanlarına şikayətlərimizi bildirir, məsələləri ictimailəşdiririk. Onu da xüsusi vurğulayım ki, Dumada Azərbaycana qarşı qərəzli olan zatulinlərin, mediyadakı axmaq solovyovlar belə Qarabağın Azərbaycan torpağı olduğunu bilir və təsdiq edirlər. Sadəcə ikili standartlarından da əl çəkmirlər.
- Rusiya ilə münasibətlərdə böhrana görə ölkəmizdə rus dilinə, mədəniyyətinə qarşı çıxışlar olur. Hətta məktəblərdə rus bölmələrinin bağlanması aşkar təbliğ olunur. Bu barədə nə deyərdiz?
- Bu ilin iyul-avqust aylarını Vətəndə keçirdim, Bakıda bir çox mədəni tədbirlərə dəvət olundum. Həmin tədbirlərdə və camaat arasında kifayət qədər rus dilli kəsimlərə rast gəldim. Düşünmürəm ki, Azərbaycanda rus dilinə məhdudiyyət qoyulması və məktəblərdə rus bölmələrinin bağlanması bir an içində baş versin. Sadəcə bəzi qaragürühlar var ki, diqqət çəkmək və ya iki ölkə arasında qarşıdurma yaratmaq üçün alışıb yanırlar. Azərbaycanlıların rus dili başda olmaqla bir neçə dildə danışması ancaq uğura və inkişafa gətirə bilər.
- Azərbaycanda olduğunuz müddətdə hansı çatışmazlıqları gördüz?
- Həm araşdırmalarımdan, həm burda yaşayan qohum-dost-tanışlarımın dediklərindən və müşahidələrimdən bir daha gördüm ki, Azərbaycanda sosil-iqtisadi məsələlərdə çatışmazlıqlar, nöqsanlar digər 3 Qafqaz ölkəsiylə müqayisədə çoxdur. Ermənistan ilə Gürcüstandan fərqli olan sosial rifah və insanların layiqli həyat səviyyəsi işində işlər ya zəif görülür, ya da düzgün görülmür. Xülasə, qeyd etdiyim məsələlərdə qonşularımızdan çox geri qalırıq. Prezident İlham Əliyevin daxili siyasətindən narazı olsaq da, xarici siyasətini dəstəkləyirik.
- Xantı-Mansiysk əyalətində 50 mindən çox soydaşımızın yaşadığını dediniz. Bəs azərbaycanlılar orda ana dilində danışmasını təmin etmək və dilimizi populyarlaşdırmaq üçün məktəb, baxçalar açılması sahəsində bir iş görülürmü?
- Səmimi deyim ki, Surqut şəhəri başda olmaqla Xantı-Mansiyk əyalətində nəin ki, azərbaycanlılar, hətta talışlar, ləzgilər, avarlar və digər etnik azlıqlar rahat ana dillərində danışırlar. Burda dünyaya göz açan uşaqlarım rus, ingilis dilləriylə yanaşı dövlət dilimizi - azərbaycancanı, ana dilimiz olan tatca da danışırlar. Təəssüflər olsun ki, diasporalarımız məktəb açılması işində bu vaxta kimi heç bir tədbir görməyib. Təbii ki, gələcəkdə azərbaycan dilində məktəbin açılması üçün aidiyyatı orqanlara müraciət edəcəyik. Hələlik isə SSRİ-in “Sosialist Əməyi Qəhramanı” olan və bu diyarlarda neft tapan Azərbaycanın böyük oğlu Fərman Salmanovun taxdadan olan ev muziyenin yaxşılaşdırılması sahəsində işlər görürük. Onu da xüsusi vurğulayım ki, Xantı-Mansiysk əyalətində hər bir xalq rahat öz ana dilində danışır və buna görə kimsə onu təqib etmir. Ümumi götürəndə, öz övladlarım daxil, bütün azərbaycanlı uşaqların bir neçə dillərdə danışmasının tərəfdarıyam.

Mən burdayam! Putinə mesaj verdi
15 May 2025 15:03
Zelenskidən Putinə MESAJ: Mən burdayam! VİDEO
15 May 2025 15:18
Trampdan Putinə XƏBƏRDARLIQ “Əgər mən olmasaydım...”
27 May 2025 22:26
Tramp: Mən hələ də Putinə inanıram
08 Mart 2025 09:52
Mən Putinə inanıram Donald Tramp KONKRET
07 Mart 2025 22:42

