Icma.az
close
up
RU
“Mən həmişə vəzifənin məsuliyyətini səlahiyyətlərindən uca tutmuşam”

“Mən həmişə vəzifənin məsuliyyətini səlahiyyətlərindən uca tutmuşam”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalq Qəzeti TV-nin “Ulduz” jurnalı ilə birgə layihəsi

Xalq Qəzeti TV-də “Ayrı söhbət” proqramının qonağı görkəmli yazıçı-dramaturq, ictmai xadim Hidayət Orucovdur

– Salam əziz dostlar, efirdə Xalq Qəzeti TV, studiyada Qulu Ağsəsdir. “Ayrı söhbət” proqramı “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovla birgə səyimiz nəticəsində ərsəyə gəlir. Bizim verilişimiz – qəzet və jurnalın layihəsi Xalq Qəzeti TV-də yayımlanacaq, “Xalq qəzeti”ndə və “Ulduz” jurnalında isə söhbətin mətni çap olunacaq. İlk qonağımız şair, yazıçı, dramaturq, publisist, ictimai xadim, hamımızın sevimlisi, təqdimata ehtiyacı olmayan Hidayət Orucovdur.

– Hidayət müəllim, xoş gəlmisiniz! Biz Əflatun müəllimlə bu layihə haqqında danışanda təxmini siyahını nəzərdən keçirdik. İlk nömrədə sizi seçdik, ona görə ki, Hidayət Orucov ələ düşməyən adamdır. O efirləri sevmir və biz onu, adətən, kamera qarşısında görmürük. Baxmayaraq ki, 1968-ci ildə 24 yaşında cavan bir oğlan böyük bir teatrın rəhbəri olub və o vaxtdan da məsul vəzifələrdə işləyib. Bugünə qədər də heç bir qalmaqalda, o cümlədən, məmura xas olan korrupsiyada, kimisə haqsız işdən çıxarmada və s. adı hallanmayıb. Bu təmizliyi, paklığı vəzifə adamı olaraq necə qorumusunuz? Şair, yazıçı, publisist, tərcüməçi kimi qorumağınız bəllidir. Bəs məmur olaraq necə oldu ki, siz bütün bu intriqalardan uzaq qaldınız?

– Təşəkkür edirəm mənim fəaliyyətimlə bağlı yüksək fikirləriniz üçün. Mən bu suala qısa cavab vermək istəyirəm. Birincisi, bu bizim ailəmizdən gələn ənənədir, həm də mən Qərbi Azərbaycanda doğulmuşam, orda böyümüşəm, bizim ailəmiz orada yaşayıb. Mənim babam, nənəm, anam hələ 1918-ci ildə qaçqın düşüblər. Qonşu rayona – Zəngilana pənah aparıblar. Ermənistan sovetləşəndən sonra qayıtmaq imkanları olub və yenidən Zəngəzura – bizim doğma kəndimiz Maralzəmiyə qayıdıblar. Anam o vaxt 13 yaşındaymış. Sonralar uşaqlığındakı yaddaşından silinməyən acı xatirələri bizə danışardı. Bir sözünü heç unutmuram.

“Sovet hökumətinin bayrağı bir az aşağı düşən kimi erməninin yumruğu yenə bizim başımızdadır”. 1988-ci ildə məhz belə oldu. Qorbaçovsayağı “yenidənqurma” (o vaxtların özündə də mən mətbuatda onu “yenidənqırma” adlandırmışam) dövlətin sütunlarını sarsıtdı, mənəviyyatsızlıq baş alıb getdi.Anam ikinci dəfə, bu dəfə ömrünün ağbirçək çağında didərgin düşdü. Çox təəssüf ki, anam 44 günlük mücadilənin “dəmir yumruğ”unu görmədi. Əlbəttə, erməni təqibləri də mənim formalaşmağımda, həyatımda ciddi rol oynayıb.

İkincisi, dediyiniz kimi mən çox gənc yaşlarımda yüksək vəzifəyə təyin olunmuşam. Hələ 20 yaşında məktəb müdiri idim. O vaxt ailə vəziyyəti ilə bağlı Bakı Dövlət Universitetində qiyabi şöbəyə dəyişildim. 6 illik qiyabi təhsili 5 ilə bitirdim. Birinci kursu bitirdikdən sonra ikinci kursun imtahanlarını “ekstern” yolu ilə verdim. Üçüncü kursa əmrim verildi. O vaxtlar Azərbaycan Dövlət Universitetində əyani şöbə 5 il, qiyabi şöbə 6 il idi.

Sonra rayona getdim və məktəb müdiri oldum. 20 yaşında “Sovet Ermənistanı” qəzetinin ədəbi işçisi, 24 yaşım tamam olmamış isə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru təyin edildim. Məni sevməyənlər deyirdilər ki, onun pioner baş dəstə rəhbəri olmaq vaxtıdır, amma o böyük kollektivə, qədim teatra direktor təyin olundu. Görəsən, neçə həftə orada davam gətirə biləcək?

Amma o vaxt teatrda çox fədakar kollektiv yarada bildik. İncəsənət Universitetinin (o zaman institut adlanırdı) bir qrupu oraya göndərilmişdi. Ermənilər 1965-ci ildə –uydurma genosidin 50 illiyindən sonra daha da fəallaşmışdılar. Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı açıq mübarizə aparırdılar. Qardaş Türkiyəyə qarşı ağlasığmaz ittihamlar irəli sürürdülər. Amma Azərbaycan teatrının tarixinə çox böyük səhifələr yazıldı.

Sizin sualınıza konkret cavab olaraq deyim ki, bu, bizim ailənin əxlaqı, cəmiyyətə münasibətindən irəli gəlir. İkinci isə – mən o vaxtdan indiyədək həmişə vəzifənin məsuliyyəti barədə düşünmüşəm, səlahiyyətləri barədə yox. Tutaq ki, mən dövlət teatrının direktoruyam, mənim məsuliyyətim nədir, hansı işləri görməliyəm? Nəşriyyatın baş redaktoruyam, ictimaiyyət, cəmiyyət məndən nə gözləyir? Yaxud, siyasi və ya diplomatik fəaliyyətdəyəm, yenə də həmin vəzifələrin məsuliyyəti haqqında düşünürəm. Bugün belə mən hər bir addımımda öz məsuliyyətim barədə düşünürəm.

– Hidayət müəllim, bu görüş öncəsi sizin kitabınız haqqında yazdığım “Burdan min atlı keçdi” adlı essemi də oxudum. Maraqlı məlumatlarla yanaşı, fotoşəkillər də diqqətimi cəlb etdi. Mənə elə gəlir ki, siz indi cavanlaşırsınız. Həmişə ağsaqqal, müdrik olmusunuz. Bu, həddən artıq məsuliyyəti üzərinizə götürdüyünüz üçün, həmişə kostyumda, qalstukda, ciddi görünüşdə olduğunuz üçünmü bizə elə gəlib. Sanki, Hidayətin çoxdan 80 yaşı olub.

– Müxtəlif rəylər, fikirlər, yanaşmalar ola bilər. Dediyim kimi, mən keçdiyim yolların, daşıdığım vəzifələrin məsuliyyətini həmişə səlahiyyətlərimdən çox uca tutmuşam, yəni bununla bağlıdır. Həyatımda, yaşadığım illərdə yalnız Allahın hüzurunda və vicdanım qarşısında hesabat vermişəm.

– Hidayət müəllim, 80 yaş və 41 kitab. Bu, çox böyük məsuliyyətdir. Dövlət vəzifəsində işləyib, öz şaxəli yaradıcılığınız, tərcümələrinizlə 2 ildən bir kitab çıxarmaq uzun gecələrin hesabına baş tutub?

– 41 kitab köhnə məlumatdır. Əslində indi ondan çoxdur. Bəli, zəhmətkeşlik mənim ailəmin, doğulduğum, böyüdüyüm bölgənin – Zəngəzurun ənənəsidir. Əgər mənim fəaliyyətimdə müsbət tərəflər varsa, ailəmizə və Zəngəzurda gəncliyimdə gördüyüm köhnə kişilərə minnətdaram. Ancaq mən özümdən çox narazıyam. Məsələn, daha çox əsər, şeir, nəsr, publisist yazılar, esselər, pyeslər yaza bilərdim. Mən tutduğum vəzifələrdəki fəaliyyətimi şəxsi yaradıcılığıma görə məhdudlaşdırmamışam. Əksinə, bədii yaradıcılığımı tutduğum vəzifələrin qanunlarına görə müəyyən etmişəm.

– Hidayət müəllim, sizin ikon olmağınızın bir özəlliyi var. Siz 1967-ci ildə nəşr olunan və hazırda mənim çalışdığım “Ulduz” jurnalının 1 illiyi haqqında diplom işi yazmısınız. Biz istərdik onu təkrarən çap edək.

– Məmmuniyyətlə. O unudulmaz bir səhifədir həyatımda. Çünki mən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasından xahiş etmişdim ki, mənə Füzulidən, Nəsimidən, Mirzə Fətəli Axundovdan, Cəlil Məmmədquluzadədən diplom işi versinlər. Bu işləri koordinasiya edən müəllimdən dörd dahi fikir sahibi, yazıçı, yalnız Azərbaycan ədəbiyyatı deyil, Şərqdə, Qərbdə tanınan, sevilən sənətkarlar haqqında diplom işi verməyi xahiş etmişdim. Amma vəziyyət dəyişdi.

Böyük şairimiz Bəxtiyar Vahabzadə Bakı Dövlət Universitetinin professoru idi. İndi necədir– bilmirəm, o vaxt hər bir dosent, professorun dərs yükü vardı və o dərs yükünü çatdıra bilməmişdi. Beləliklə, kafedranın müdiri bizim böyük yazıçımız, mütəfəkkirimiz, fikir sahibimiz, alimimiz Mir Cəlal Paşayevdən xahiş etmişdi ki, ona bir-iki nəfər yaxşı oxuyan diplomçu tələbə verilsin. Həmin tələbələrin diplom işi rəhbəri olsun və dərs yükünü yerinə yetirə bilsin.

1968-ci ilin may ayının əvvəlləri idi. Biz artıq sonuncu kursda idik, universiteti bitirirdik. Onu qeyd edim ki, mənim kafedradan xahiş etdiyim mövzular klassik ədəbiyyatdan, 20-ci əsr ədəbiyyatından idi. Bəxtiyar Vahabzadə isə sovet dövrünün müəllimi idi və mövzusu bununla bağlı olmalı idi. Məni kafedraya çağırdılar. O vaxtlar Azərbaycan klassik ədəbiyyatı, sovet, xarici ədəbiyyat, ədəbiyyatşünaslıq və s. bir kafedrada – Azərbaycan ədəbiyyatı kafedrasında idi. İndiki İqtisad Universitetinin binasında yerləşirdi. Bu kafedra əsas girişin ikinci mərtəbəsində idi.

Kafedraya daxil oldum və gözlədim. Mir Cəlal müəllim yer göstərdi, əyləşdim, geniş otaqda var-gəl edə-edə bir az fikirləşdi və məndən soruşdu ki, “Ulduz” jurnalı çap olunur, bilirsən? Dedim, əlbəttə. Dedi: “Hə, sən şairsən, diplom işinin mövzusu olsun “Ulduz” jurnalının poeziyası”. Jurnal o vaxtlar 1 il idi ki fəaliyyət göstərirdi. Mən jurnalın poeziyasını, nəsrini, tənqidini yenidən oxudum və “Ulduz” jurnalının 12 nömrəsindən ibarət diplom işi yazmalı oldum.

Əvvəla, onu deyim: müdafiədən öncə öz təşəbbüsümlə diplom işini “Ulduz” jurnalına təqdim etdim ki, oxusunlar. Məmməd Araz o vaxtlar “Ulduz”un məsul katibiydi, mənim işimin ilk baş rəyçisi oldu. Yüksək fikirlər dedi, onu da əlavə etdi ki, bizdə işi demək olar, hamı oxuyub. Bir məqam indiyədək gözlərimin önündədir: vərəqlərin kənarında neçə yerdə eyni məzmunlu qeydlər etmişdi: “Çox düzgün tutub” və bu qeydlərin demək olar ki, hamısı ayrı-ayrı müəlliflərin tənqidinə aid idi.

“Ulduz” jurnalının yaranması Azərbaycan ədəbi mühitində böyük hadisə idi. Yalnız Azərbaycanda deyil, Sov. İKP MK-nın qərarı ilə bütün müttəfiq respublikalarda yaranmışdı. O zamanlar partiyanın mərkəzi komitəsinin qərarı olmadan ciddi bir tədbir keçirmək, jurnal yaratmaq mümkün deyildi. “Ulduz” jurnalı həmin illərdə çox böyük işlər gördü. Mənim İrəvanda çap olunan ilk kitabım “Məni səsləyəndə” haqqında gənc şair, publisist Səyavuş Sərxanlının böyük bir məqaləsi “Ulduz” jurnalında çap olundu.

Təvazökarlıqdan uzaq da olmasın, “Ulduz” jurnalı mövzusundakı diplom işi müdafiəm çox ciddi əks-səda verdi, tərifləndi. Professor Xalid Əlimirzəyev mənim diplom işimin rəyçisi idi. Çox yüksək qiymətləndirdi və dedi ki, bu, universitetin elmi əsərlərində çap olunmalıdır. Bəxtiyar Vahabzadə də yüksək rəy yazdı və hazırda diplom işinin ön səhifəsindədir. Bir epizodu da qeyd edim, heç vaxt yadımdan çıxmır.

Titul vərəqəsində diplomçunun, mövzunun, kafedra müdirinin və elmi rəhbərin adları var idi. Elmi rəhbəri isə təbii ki, filologiya elmləri doktoru, professor Bəxtiyar Vahabzadə yazmışdım. Bəxtiyar Vahabzadə bu sözləri pozdu və dedi ki, mən şairəm. Qaldı: “Elmi rəhbər– Bəxtiyar Vahabzadə”.

Diplom işində yalnızca bu dəyişiklik olundu. Dövlət imtahanı komissiyasının rəhbəri məşhur dilçi Mirzə müəllim idi, akademiyadan gəlmişdi. Bütün komissiyanın tərkibi yüksək fikirlər səsləndirdilər və qərara gəldilər ki, diplom işi universitetin elmi əsərlərində çap olunsun. Amma mən dərhal İrəvana qayıtdım. Bir-iki ay sonra məni dövlət teatrına direktor təyin etdilər və mən bu işi davam etdirmədim.

– Hidayət müəllim, “Ulduz” jurnalında ilk dəfə şair kimi neçənci ildə çap olunmusunuz?

– Dəqiq yadımda olmasa da, 1969–1970-ci illər idi. Şeirlərim mütəmadi çap olunmağa başladı. Allah rəhmət eləsin Cabir Novruz, Əhməd Cəmil, Yusif Səmədoğluna. Onların zamanında mən İrəvanda yaşayırdım. Yusif Səmədoğlu ilə həmişə xoş münasibətlərim olub, istedadlı nasir kimi ona çox hörmət edirdim. Mənim üçün həm görkəmli Azərbaycan nasiri, həm də Səməd Vurğunun oğlu idi. Bir epizodu da deyim ki, mən həmişə Yusif müəllimin yanına gedəndə o çətinliklə ayağa qalxardı. Mən düşünürdüm ki, görkəmli nasirdir, Səməd Vurğunun oğludur deyə, belə edir.

Səməd Vurğunun 80 illiyində mənim təhsil aldığım və qızıl medalla qurtardığım Mığrı rayonunun Aldərə kənd məktəbində Səməd Vurğunun büstünün açılma mərasimi idi. O məktəbə Səməd Vurğunun adının verilməsi prosesində mən də iştirak eləmişdim. Mən o vaxt maarif naziri (indiki elm və təhsil naziri), mərkəzi komitənin müvafiq qurumları, şöbələri ilə, hətta mərkəzi komitənin ideologiya üzrə katibi ilə danışıqlar aparırdım ki, o məktəbə Səməd Vurğunun adı verilsin. Və verildi.

1986-cı ildə büst açılanda Azərbaycandan nümayəndə heyəti getdi oraya. Buradan Yusif Səmədoğlu, Aybəniz xanım və digər yazıçılar qrupu getmişdik. Açılış oldu və mən Azərbaycandan gələn nümayəndə heyətini öz kəndimizə, Maralzəmiyə – evimizə dəvət etdim. Süfrə ətrafında anam, qardaş-bacılarım da var idi. Yusif Səmədoğlu mənim haqqımda tostda dedi ki, “mənim belimdə radikulit var, incidir. Mən heç kəsin gəlişinə ayağa durmuram. Hidayət yeganə adamdır ki, o mənim yanıma gələndə mən ayağa dururam”.

Demə, beli incidirmiş, ona görə çətinliklə ayağa qalxırmış. Bu həqiqəti biləndən sonra Yusif müəllim mənim gözlərimdə, ürəyimdə daha da ucaldı.

– Hidayət müəllim, artıq vaxtınız var, bütün bunları yazmaq istərdinizmi?

– Bilirsiniz, siz bayaq xatırlatdığınız “Burdan min atlı keçdi”də mən müəyyən məqamları yazmışam. Və haqlısınız, əlbəttə, bunlar, bütövlüklə yazılmalıdır.

(ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Dekabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see230

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see188

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see179

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see173

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see170

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see142

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see142

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see140

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see136

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see135

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see133

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see130

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see127

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see126

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see125

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see125

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see125

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see125

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri