Məşğulluğa dövlət dəstəyinin hədəfi iqtisadi tərəqqi, sosial rifahdır
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni strategiya işsizliyin aradan qaldırılmasını nəzərdə tutur
Prezident İlham Əliyevin 2026-cı il 20 iyul tarixli sərəncamı ilə təsdiq edilən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda məşğulluq layihələrinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına tam inteqrasiyasının gerçəkləşdirilməsi qarşıya mühüm vəzifələr kimi qoyulub.
6 prioritet istiqaməti əhatə edən Tədbirlər Planında, eyni zamanda, mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın gücləndirilməsi kimi bu gün zəruriliyi xüsusi vurğulanan məsələlər də yer alıb.
“Elektron peşə atlası”
Tədbirlər Planına əsasən, qeyd edilən dövrdə qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, regionlarda gənclərin startap layihələrinin dəstəklənməsi, özünüməşğulluq proqramına cəlb olunan şəxslərin biznes subyektləri kimi formalaşdırılmasını təşviq edən yeni mexanizmlərin yaradılması da nəzərdə tutulur. Bütün bunlarla yanaşı, daimi iş yerlərinin açılması məqsədilə KOB subyektlərinin keyfiyyətli məsləhət xidmətlərinə çıxış imkanlarının, aqrar sektorda əmək məhsuldarlığının artırılması məqsədilə müasir texnologiyaların tətbiqinin genişləndirilməsinin diqqətdə saxlanılacağı da bildirilir.
Sənəddə xüsusilə kənd yerlərində turizm infrastrukturunun inkişafı sahəsində tədbirlər həyata keçiriləcəyi, “İşəgötürənlər və sahibkarlar birlikləri haqqında” Qanun layihəsinin hazırlanacağı, əmək miqrasiyası üzrə qanunvericiliyin təkmilləşdiriləcəyi, iş yerində öyrənmə (usta yanında şagirdlik və təcrübəkeçmə) üzrə yeni mexanizmin yaradılması üçün normativ hüquqi bazanın hazırlanacağı da diqqətə çatdırılır.
Bu dövrdə məşğulluq sahəsində göstərilən xidmətlərin elektronlaşdırılmasının genişləndirilməsi, məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması, peşə hazırlığı mərkəzləri şəbəkəsinin gücləndirilməsi də prioritet istiqamətlər sırasında yer alır.
Tədbirlər Planına əsasən, 2026–2030-cu illər ərzində beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin tətbiqinə başlanılması, “yaşıl” iqtisadiyyata keçid şəraitində müasir bacarıqların qazanılması məqsədilə peşə hazırlığı proqramlarının təkmilləşdirilməsi, dual peşə təhsili modelinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün fəal məşğulluq proqramlarının sayının artırılması ilə bağlı layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur.
Eyni zamanda, regionlarda işsiz və işaxtaran şəxslər (xüsusilə gənclər) üçün onlayn və hibrid təlimlərin təşkili, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatından istifadə etməklə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin görülməsi kimi məsələlərin reallaşdırılması planlaşdırılır. Dövlət uşaq müəssisələrindən məzun olmuş əməkqabiliyyətli şəxslərin məşğulluğunun dəstəklənməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi üzrə dövri müayinələrin aparılması da bildirilir.
Məşğulluq Strategiyasında bildirilir ki, sözügedən dövrdə “Peşələr üzrə elektron atlas”ın məzmunu və strukturu ilə bağlı beynəlxalq təcrübə öyrəniləcək və bunun əsasında müvafiq informasiya sistemi yaradılacaq. Sənədə əsasən, elektron atlas istifadəyə verildikdən sonra təhsil, peşə təlimi və əmək bazarı iştirakçıları arasında məlumatlandırma tədbirləri həyata keçiriləcək.
Peşələrin siyahısı və məzmununda baş verən dəyişikliklərə uyğun olaraq mütəmadi yenilənəcək yeni informasiya sisteminin əsas məqsədlərindən biri işsiz və işaxtaran şəxslərin əmək bazarında mövcud peşələr barədə məlumatlılığını, bilik və bacarıqlarını artırmaq, onların əmək bazarına inteqrasiyasını gücləndirmək, eləcə də uyğun karyera imkanlarını genişləndirməkdir.
KOB-ların dəstəklənməsi
Məşğulluq layihələrinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi də qarşıya mühüm vəzifə kimi qoyulub. 6 prioritet istiqaməti əhatə edən Tədbirlər Planında bütün bunlarla bərabər, məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, KOB subyektlərinin dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi kimi prioritet istiqamətlər yer alıb.
İqtisadçı-ekspert Cümşüd Əhmədov söhbət zamanı bildirdi ki, son illər regionlarda KOB subyektlərinin investisiya və innovasiya fəallığının artırılması məqsədilə onların biznes fəaliyyətinin daha da gücləndirilməsi, bu istiqamətdə dəstək mexanizmlərinin tətbiqinin, dövlət satınalmalarında iştirak imkanlarının genişləndirilməsi, eləcə də regionlarda investisiya mühitinin stimullaşdırılması və startapların maliyyələşdirilməsi istiqamətində davamlı kompleks tədbirlər həyata keçirilir.
Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair yeni Tədbirlər Planında da yerlərdə KOB sistemi üzrə investisiya fəallığının stimullaşdırılması, istehsal olunan malların və xidmətlərin daxili və xarici bazarlara çıxışının dəstəklənməsi istiqamətində bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
İqtisadiyyat, Kənd Təsərrüfatı, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, habelə yerli icra hakimiyyəti orqanları, habelə Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən planlaşdırılan müəyyən layihələrin reallaşdırılması ilə KOB subyektlərinin investisiya və innovasiya fəallığının stimullaşdırılması üçün əlverişli şərait yaradılacaq. Eyni zamanda, bu sahədə mövcud iş yerlərinin qorunub saxlanılması və yeni iş yerlərinin yaradılmasına dəstək göstərilməsi istiqamətində müəyyən işlər görüləcək.
Regionlarda investisiya fəallığının artırılması, xüsusilə KOB-ların üzləşdikləri problemlərin aradan qadırılması məqsədilə bir sıra dəstək və stimullaşdırma tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur. Məsələn, məşğulluq strategiyasının icrasına dair Tədbirlər Planında KOB klasterlərinin yaradılması və yeni istehsal sahələrinin açılması məqsədilə subsidiyaların, habelə sərmayə qoyuluşlarında gömrük və vergi güzəştlərinin tətbiq edilməsi planlaşdırılır.
Cümşüd Əhmədovun sözlərinə görə, Tədbirlər Planında innovativ layihələrin maliyyələşməsi məsələsinə də mühüm önəm verilir. Bununla bağlı bir sıra əhəmiyyətli tədbirlərin icrası nəzərdə tutulur. Məsələn, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən perspektivdə mikro, kiçik və orta sahibkarların elmi-tədqiqat və innovativ layihələrinin dəstəklənməsi üçün xüsusi qrant müsabiqələrinin təşkil ediləcəyi qarşıya mühüm vəzifə kimi qoyulur. Sənəddə, eyni zamanda, KOB subyektlərinin yerli və xarici maliyyə resurslarına çıxışının dəstəklənməsi, o cümlədən investorların cəlb edilməsi və maliyyə institutları ilə birgə əməkdaşlığın qurulması istiqamətində müvafiq layihələrin icrasına üstünlük verilir.
Biznes fəaliyyətinə yaşıl işıq
KOB subyektlərinin maliyyəyə çıxışının asanlaşdırılması məqsədilə fondların yaradılması da prioritet istiqamətdən biridir. Tədbirlər Planında bu istiqamətdə icrası nəzərdə tutulan layihələrin gerçəkləşdirilməsi prosesə maliyyə institutlarının cəlb edilməsini, o cümlədən zəmanət və ixrac-idxal fondlarının yaradılmasını şərtləndirir, alternativ maliyyə vasitələri sahəsində beynəlxalq təcrübələrin tətbiqini sürətləndirir.
İqtisadçı-ekspert Aydın Ələsgərov bildirdi ki, Tədbirlər Planında biznesin idarə edilməsi, yeni texnologiyaların tətbiqi və rəqəmsallaşma sahəsində KOB subyektləri üçün mütəmadi təlim və məsləhət xidmətlərinin göstərilməsi də xüsusi diqqətdə saxlanılır. Başqa sözlə, bu yolla mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün səmərəli məsləhət və informasiya dəstəyi sistemi formalaşdırılır, onların bilik və bacarıqlara çıxışının təmin edilməsi reallaşdırılır.
Eyni zamanda, sözügedən özəl bölmənin inkişafı istiqamətində müxtəlif təlimlər, seminarlar, praktiki təcrübə proqramları təşkil edilir, bununla da təşviqatın aparılması, habelə biznes təşəbbüsləri olan, yeni fəaliyyətə başlamaq istəyən və yeni fəaliyyətə başlayan KOB subyektlərinin dəstəklənməsi diqqətdə saxlanılır.
Yeni texnologiyaların tətbiqi və rəqəmsallaşma sahəsində KOB subyektləri üçün mütəmadi təlim və məsləhət xidmətlərinin göstərilməsi həm də startapların, ailə biznesinin, qadınlar, əlillər və gənclər arasında innovativ sahibkarlığın təşviqini təmin edir. Həmçinin bu layihə KOB subyektləri üçün yeni satış kanallarının yaradılmasına və satış həcminin artırılmasına real zəmin yaradır, kiçik və orta sahibkarlıq subyektlərinin bazarlara çıxışını dəstəkləyir.
Tədbirlər Planında qeyd edilir ki, 2026–2030-cu illərdə regionlarda investisiya fəallığının stimullaşdırılması, istehsal olunan malların və xidmətlərin daxili və xarici bazarlara çıxışının dəstəklənməsi məqsədilə müəyyən tədbirlər həyata keçiriləcək. KOB subyektlərinin investisiya və innovasiya fəallığının stimullaşdırılması üçün əlverişli şərait yaradılacaq. Sahibkarların məlumatlandırılması, onlar üçün təlimlərin təşkil edilməsi, dayanıqlılığının gücləndirilməsi, mövcud iş yerlərinin qorunub saxlanılması və yeni iş yerlərinin yaradılmasına dəstək göstərilməsi istiqamətində də müvafiq tədbirlər görüləcək.
Aydın Ələsgərovun sözlərinə görə, məşğulluq strategiyasının həyata keçirilməsinə dair sözügedən plan ölkəmizdə məşğulluğun dövlət tərəfindən yaxından dəstəklənməsinə və yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Xüsusən də bölgələrdə daha çox vətəndaşlar özünüməşğulluq proqramına cəlb ediləcək və bu da onların özünün sahibkara çevrilməsini şərtləndirəcək. Aqrar sektor da daxil olmaqla turizm və iqtisadiyyatın bir sıra fərqli sektorlarında dövlət dəstəyinin artırılması və təlimlərin keçirilməsi, fərqli təşviq vasitələrindən istifadə edilməsi nəzərdə tutulur ki, bu da həmin sektorlarda iş yerlərinin sayının artmasına imkan verəcək.
Yuxarıda xatırlatdığımız kimi, son illər mikro, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin tənzimlənməsinə diqqət daha da artırılıb, bu sahədə xidmətlərin vahid strategiya və koordinasiyalı həyata keçirilməsi təmin olunub. Bununla da sahibkarların dövlət qurumları ilə münasibətlərində daha çevik, şəffaf və nəticəyönümlü mexanizmlərin formalaşmasına şərait yaradılıb.
Eyni zamanda, KOB-ların ehtiyaclarının yerində öyrənilməsi, qarşılaşılan çətinliklərin operativ həll edilməsi, eləcə də normativ-hüquqi təşəbbüslərin hazırlanmasında sahibkarların rəyinin nəzərə alınması diqqətdə saxlanılıb. KOB evləri və KOB dostu şəbəkəsi vasitəsilə dövlət xidmətlərinə çıxış genişləndirilib və asanlaşdırılıb, regionlarda sahibkarlar üçün birbaşa dəstək mexanizmləri yaradılıb. Qrant dəstəyi, daxili bazar araşdırması, sərgi və ticarət şəbəkələrinə çıxış, “Startap” şəhadətnaməsi, ödənişsiz təlim və məsləhət xidmətləri və s. bu mexanizmlər sırasında yer alıb.
Ölkə sahibkarlarına, xüsusilə KOB subyektlərinə dövlətin geniş dəstəyinin nəticəsidir ki, son 6 ildə 5 KOB evi (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) və 1 xidmət mərkəzi (Xaçmaz rayonunun Xudat şəhəri) fəaliyyətə başlayıb. Bu dövrdə KOB evlərində sahibkarlara 1,5 milyona yaxın xidmət göstərilib, 129 layihəyə 2,2 milyon manatdan çox qrant ayrılıb.
Bu dəstək mexanizmlərinin tətbiqi nəticəsində KOB-ların innovativ fəallığı, yeni biznes təşəbbüsləri artıb, əməkdaşlıq imkanları güclənib. Ümumilikdə, əldə olunan nəticələr sahibkarlıq subyektlərinin bazar mühitinə adaptasiyasını sürətləndirib və onların davamlı inkişafına real zəmin yaranıb. Qarşıdakı dövrdə isə dəstək mexanizmlərinin daha da təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi prioritetlər sırasında yer alıb.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 23 İyul 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















