Ölkədə sosial müdafiə və fəal məşğulluğa qayğı artır
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dinamik inkişaf yolunda inamla addımlayan, tarixi Zəfər qazanan ölkəmizdə sosial müdafiə tədbirləri uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov XQ-yə bildirdi ki, ölkənin sosial təminat sistemi ildən-ilə gücləndirlir, bu sahəyə ayrılan vəsaitlər davamlı olaraq artırılır:
– Pensiya təminatı sosial təminat sisteminin mühüm komponentidir və 1,1 milyon vətəndaş bu sistemlə əhatə olunub. İlin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (426 milyon manat) çox olmaqla 4 milyard 568 milyon manat vəsait yönəldilib. Pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 595 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 633 manata çatıb. Müavinət və təqaüd təminatı sahəsinə ayrılan vəsaitlər də artır.
Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu bu ilin 7 ayında 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü (o cümlədən 505 min nəfərə müavinət olaraq 738 milyon manat, 405 min nəfərə Prezident təqaüdü olaraq 474 milyon manat, 158 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 102 milyon manat) verib.
Fondun gəlirləri 2026-cı ilin yanvar–iyul aylarında proqnozla müqayisədə 5 faiz və ya 239 milyon manat çox olmaqla 5 milyard 56 milyon manat təşkil edib. Xərcləri isə cari ilin 7 ayında 4 milyard 811 milyon manat olub.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 431 milyon manat çoxdur. Onu da bildirək ki, məcburi dövlət sosial sığorta daxilolmaları cari ilin 7 ayında 4 milyard 48 milyon manat olub, yəni bu daxilolmalarda artım proqnoza nisbətən 6 faiz və ya 240 milyon manat təşkil edib.
Müsahibimiz daha sonra qeyd etdi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərindən ibarət 164 xidmətin “bir pəncərə”dən, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan yaradıb. DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri bu il də davam edib.Bu istiqamətdə növbəti mühüm addım kimi, avqustun 11-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verərək bildirib ki, bu mərkəzdə əhaliyə 164 sosial xidmət göstəriləcək. Ümumilikdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərəcəyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.
Cari ilin ötən dövründə Tərtərdə, Neftçalada DOST filialları istifadəyə verilib və yeni DOST mərkəzlərinin, filiallarının açılması üçün də hazırlıq işləri aparılır. Ümumilikdə indiyədək 8 DOST Mərkəzi (Bakı, Abşeron, Bərdə), 3 DOST filialı (Şuşa, Tərtər, Neftçala) və 3 DOST məntəqəsi (Zəngilan, Kəlbəcər, Füzuli) açılıb. Bu ilin 7 ayında DOST mərkəzlərində 590 min vətəndaşa, ümumilikdə ötən dövrdə 4,7 milyon vətəndaşa xidmət göstərilib. Onların göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 99 faiz üzərindədir.
Onun sözlərinə görə, sosial rifahda mühüm rol oynayan aktiv məşğulluq proqramları da daim genişlənir. Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-iyul aylarında 103 min şəxsi münasib işlərlə təmin edib. Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası 2026-cı ildə də uğurla davam edir. Bu il 973 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Fəal məşğulluq tədbirlərinin bir istiqamətinin də işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə, bununla da məşğulluq imkanlarına yiyələnməsini təmin etmək olduğunu diqqətə çatdıran Fazil Talıbov bildirdi ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən son illərdə peşə hazırlığı infrastrukturunun təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılıb, yeni peşə hazırlığı mərkəzləri yaradılıb:
– Hazırda bu mərkəzlərin ölkə boyu genişləndirilməsi işləri davam etdirilir. Bu ilin 7 ayında Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 10,3 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub. İlin sonunadək qurum tərəfindən daha 6650 şəxsin bu kurslara cəlb olunması nəzərdə tutulur.
Gənc nəslin əmək bazarına uyğun düzgün peşə seçiminə dəstək verilməsi məqsədilə peşəyönümü xidmətlər də göstərilir və cari ilin yanvar-iyul aylarında 119,7 min şəxsə bu peşəyönümü xidmətlər göstərilib. Ümumilikdə, agentlik tərəfindən bu ilin yanvar-iyul aylarında 234 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Onu da əlavə etdi ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən isə 2026-cı ilin 7 ayında 30,2 min şəxsə əlillik təyin edilib. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində isə bu ilin yanvar-iyul aylarında əlilliyi olan min şəxsi reabilitasiya xidmətləri ilə təmin edilib. Həmçinin 7,9 min şəxsə 318 min reabilitasiya vasitəsi verilib.
Nazirliyin 7 aylıq məlumatı bir daha göstərir ki, son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar dünya səviyyəsində yüksək qiymətləndirilib və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən 300-dən artıq mükafat və sertifikatla təltif olunub. Onların arasında “Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri” təşəbbüsünə görə BMT-nin Dövlət Xidmətləri Mükafatı da var.
Mustafa KAMAL
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 21 Avqust 2026 03:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















