Milli Kitabxanada təqdimat “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında”
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də Milli Kitabxanada Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın yeni nəşr olunan “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının müzakirəsi və təqdimat mərasimi olub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Milli Kitabxananın direktoru professor Kərim Tahirov akademik Kamal Abdullanın Azərbaycan filologiyasının, əsasən də qorqudşünaslığın, mətn dilçiliyinin hərtərəfli öyrənilməsi və inkişafındakı mühüm xidmətlərindən danışıb.
O bildirib ki, müzakirə və təqdimatı keçirilən kitab Azərbaycan Yazıçılar Birliyi tərəfindən Azərbaycanın Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına bu ilin ədəbiyyat sahəsində dövlət mükafatına təqdim edilib.
Xalq şairi Sabir Rüstəmxanlı akademik Kamal Abdullanı böyük alim və yazıçı adlandıraraq kitabı sanballı tədqiqat əsəri hesab etdiyini, kitabda dünya mifologiyası ilə müqayisələrin çox dərin elmi, bir az da poetik şəkildə təhlil edildiyini söyləyərək bu kitaba Dövlət mükafatının verilməsini bütövlükdə Dədə Qorqud adına, dastanına, aliliyinə veriləcək qiymət kimi dəyərləndirib.
Xalq yazıçısı, Dövlət mükafatı laureatı Elmira Axundova əsəri böyük qazax yazıçısı Oljas Süleymenovun “Az-Ya” əsəri ilə müqayisə edərək bu iki dahiyanə yazılmış əsərlər arasında paralellər aparmış akademik Kamal Abdullanın Dədə Qorqud mövzusuna sadiqliyindən danışıb, onun böyük ədəbi ənənələrin daşıyıcısı kimi Dövlət mükafatına tam layiq olduğunu bildirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə nazirliyin dil və ədəbiyyat sahəsində olan bütün mütərəqqi addımları dəstəklədiyini diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu Kamal Abdullanı unikal və ensiklopedik zəkaya malik alim və yazıçı adlandırıb, onun “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabından qaynaqlanan həm bədii, həm də elmi yaradıcılığı haqqında danışıb.
Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Kamal Abdullanın Azərbaycanda Dədə Qorqud araşdırmalarının ən ciddi müəllifi sayıldığını söyləyib.
Xalq şairi Vahid Əziz Kamal Abdullanın yaradıcılığında Azərbaycan ədəbi varlığının mükəmməl təhlil edildiyini, bu fundamental tədqiqatın müxtəlif rakurslardan öyrənilməsinin vacibliyini bildirib.
Akademik Muxtar Kazımoğlu-İmanov Kamal Abdullanın hələ gənc yaşlarından Dədə Qorqud mövzusu ilə Musa Adilovun rəhbərliyi ilə məşğul olduğunu qeyd edib, "Kitabi-dədə Qorqud" dastanının poetikasına giriş", "Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud" dastanı", "Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” kitabları, “Beyrəyin taleyi” dramı və digər əsərlərinin adlarını çəkib, onun Azərbaycan postmodernizminin banisi hesab edildiyini, ən müasir və ən arxaik mədəniyyət sirlərinə baş vuran yazıçı olduğunu vurğulayıb.
Tədbirdə digər çıxış edənlər Kamal Abdullanın fundamental düşüncə sərgilədiyi çoxsaylı sanballı əsərləri haqqında, həmçinin təqdimatı keçirilən kitabın orijinallığı barədə danışıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 22 Aprel 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















