Icma.az
close
up
RU
Milli təhlükəsizliyimizə təhdid:

Milli təhlükəsizliyimizə təhdid:

Çox təəssüf ki, Azərbaycan cəmiyyətinin hüquq şüuru və mədəniyyəti yetərincə yüksək deyil. Bunun xeyli sayda obyektiv səbəbi var, amma ən başlıcası Azərbaycanın müstəmləkə keçmişinə bağlıdır. Müstəqil Azərbaycan hüquqi dövlət quruculuğunu uğurla keçən ölkələr arasındadır. Konstitusiyamız və həyatın bütün sferalarında ictimai münasibətləri nizamlayan qanunlarımız var. Milli qanunvericiliyimizin prinsip və normaları beynəlxalq konvensiyalara maksimum uyğun vəziyyətdədir.

Bəli, ayrı-ayrı qanunları, lap elə konstitusiyanın özünü də dəyişmək mümkündür. Hətta bir çox hüquqi-normativ aktların yenidən işlənməsi, təkmilləşdirilməsi zəruridir. Lakin bu zərurət heç bir vətəndaşın əsas hüquq və azadlıqlarını şübhə altına almadığı kimi, heç kimə qanunları pozmaq ixtiyarı da vermir. Ancaq çox tez-tez müşahidə edilən haldır ki, sosial şəbəkələrdə az qala “fövqəladə məhkəmələr” qurulur, təqsirsizlik prezumpsiyası altında olan hansısa şəxs “cinayətkar” elan olunur, cinayət törətməkdə şübhəli və təqsirli bilinənlər, hətta barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olanlar isə öyülür, dövlətin məhkəməsinin səlahiyyətlərini mənimsəmiş kimi özünü aparan virtual “hakimlər”dən bəraət alır. Cinayət işi ilə tanış olmadan, dəlil və sübutları görmədən, məhkəmə istintaqını və hakimin hökmünü gözləmədən hər hansı cinayət təqibi barədə fikir yürütmək sadəcə olaraq hüquqi savadsızlıq, məsuliyyətsizlik və qərəzkarlıqdır.

Odur ki, “Meydan” TV-nin bu günlərdə tutulmuş bir neçə əməkdaşının guya şərlənərək, tənqidə siyasi dözümsüzlük və mərləzi icra hakimiyyətinin sifarişi əsasında saxlanıldığını iddia etmək az-çox hüquqi şüuru və mədəniyyəti olan hər kəsdə təbbəssüm doğurmalıdır və doğurur. Eynilə barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olana qədər onları təqsirli saymaq da yersizdir. Əgər bir və ya bir neçə vətəndaş tutulubsa, onlara ittiham irəli sürülübsə, deməli, irəli sürülən ittihamın arxasında hüquq-mühafizə orqanlarının əlində ciddi əsaslar var. Kifayət qədər əsas olmadan heç kimi, xüsusən də ictimai diqqət mərkəzində olan vətəndaşları tutmaq, həbs qətimkan tədbiri seçmək, təqsirləndirilən şəxs qismində məhkəməyə çıxarmaq və barəsində hökm çıxarmaq çağdaş hüquq sistemində son dərəcə müşkül məsələdir.

Elə bu səbəbdən xaricdən maliyyələşdiyi üzə çıxan media subyektlərinin əməkdaşları barədə istintaq aparılmasına ayrı-ayrı ölkələrdən gələn reaksiyalar dəvəquşu ilə bağlı məşhur deyimi yada salır. Ancaq bu gün Gürcüstanda baş verənlərin, Ukraynada yaşananların, Suriyanı xəritədən silinmək təhlükəsi ilə üzləşməsinin arxasındakı amilləri nəzərdən keçirəndə məsələ heç də folklor səviyyəsində qalmır. Ölkəmizdə ən mükəmməl hüquqi-normativ aktlardan biri “Milli təhlükəsizlik haqqında” qanundur. İnsan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti respublikamızın milli təhlükəsizliyinin təmin olunmasının əsas prinsiplərindən biridir. Gürcüstan, Ukrayna, Suriya niyə bu hala gəldi, heç düşünmüsünüzmü? Doğrudur, möhtərəmlər, bu ölkələrdə insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığı pozdular və onların qarşılıqlı məsuliyyətini ortadan qaldırdılar. “Məxməri inqilab” layihələrinə sərf edilən milyardlar, vətəndaş cəmiyyəti institutlarının və fəallarının xarici təsir agentinə çevrilməsi nəticəsində yarandı bu reallıq. Əgər bu gün Avropa Parlamenti bir Azərbaycan siyasətçisini özü və arvadı Qarabağ münaqişəsinin başlanmasında rol oynayan, SSRİ və dünya miqyasında ermənilərin ağzı ilə danışmış Andrey Saxarovun adına olan mükafatla təbliğ etməyə cəsarət göstərirsə, deməli, bir cəmiyyət olaraq bizim də tarazlığımızı yoxlayır və pozmağa çalışırlar. Əgər son parlament seçkilərində qalmaqal yaratmağı bacaran biri Tiflisdə ermənilərə qoşulub Azərbaycana “etnik təmizləmə” iftirası atırsa, xarici təsir agentlərinin fəaliyyət sferasını daha geniş şəkildə dəyərləndirməyə ehtiyac duymalıyıq. Diqqət edin, dekabrın 5-də Avropa Parlamentində “Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqlər” müzakirə edilib. “Amerikanın səsi” radiosunun məlumatına görə, dinləmələrə video-konfrans vasitəsilə “jurnalist, insan hüquqları üzrə tədqiqatçı” Arzu Qeybullayeva da qoşulub. O, “Azərbaycan hökumətinin ötən ilin noyabrından etibarən “misli görünməmiş repressiyalara” start verdiyini, fəallar, jurnalistlər, həmkarlar ittifaqı fəalları, insan hüquqları müdafiəçiləri də daxil olmaqla bütün vətəndaş qruplarını hədəf aldığını” deyib. Arzu Qeybullayevanın Türkiyədəki erməni diasporunun nəşr etdirdiyi “Aqos” qəzetinin əməkdaşıdır. Tədbirdə erməni ruporu Saxarovun adını daşıyan mükafatın “laureatı” Qubad İbadoğlunun qızı, “no-war”çı Jalə Bayramova da iştirak edib. Bu tədbir nə məqsədinə, nə də məzmununa görə Azərbaycanda insan hüquqlarının qorunmasına xidmət edir. Tam əksinə, təşkil olunan “şou” Avropa Parlamentinin oktyabrın 24-də “Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı” qəbul etdiyi qətnamənin məntiqi davamıdır. Həmin qətnamədə müəlliflər Azərbaycandan “23 erməni hərbi əsirin”- yəni, sülh və insanlıq əleyhinə cinayət törətməkdə təqsirli bilinən “Artsax” liderlərinin azad edilməsini tələb edirdilər.

Bütün bunlar milli təhlükəsizliyimizə qanunda əksini tapmış təhdidlərdir. Avropa parlamenti və digər beynəlxalq təşkilatlar bir yerlərindən çıxartdıqları qətnamələr, verdikəri bəyanatlarla dövlət müstəqilliyimizə, suverenliyimizə və ərazi bütövlüyümüzə xələl gətirən mövqr tutur, konstitusiya quruluşunun qorunmasına, demokratik, hüquqi, dünyəvi dövlət kimi inkişafımıza mane olmağa, xalqımızın vahidliyini, həmrəyliyini, vətəndaş cəmiyyəti quruculuğunu pozmağa, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına qarşı çıxır. Sonuncu bəlkə də kimlərəsə qəribə gələcək. Amma bu, bir gerçəklikdir. Bu gün beynəlxalq təşkilatların “siyasi məhbus” siyahısında yer alanlar məhz ayrı-ayrı vətəndaşların hüquqlarını pozduqlarına, o cümlədən fərdlərin məcmusu olan cəmiyyətin nizamına qəsd etdikləri üçün təqsirləndirilir, yaxud barələrində ittiham hökmü çıxarılıb. Bunu qos-qoca Avropanın hüquqşünasları da bilir, bilməyə bilməzlər! Amma məqsəd Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, Cənubi Qafqazın bu türk və müsəlman xalqını tərəqqi relsindən çıxardıb Ukrayna, Gürcüstan, Suriyaya döndərmək olunca, nə fərdlərin, nə xalqın, nə də dövlətin hüquqları yadlarına düşmür.

“Abzas media” və digər işlərdə olduğu kimi, “Meydan TV” əməkdaşları barədə obyektiv istintaq aparılacaq, təqsirləri sübut olunarsa cəza, olunmazsa, bəraət alacaqlar. Bunu ali qanunlarımız deyir. Əsas sual budur: Azərbaycana gizli və qaçaq yollarla pul ötürənlər doğrudan da demokratiya, insan haqları, söz və media azadlığı kimi mövzularda səmimidirlərsə, niyə qanuni və şəffaf şəkildə, dövlətin prosedurlarına əməl edərək fəaliyyət göstərmirlər? Bunun suçu və məsuliyyəti Azərbaycanda deyil, əlbəttə. Öz milli informasiya məkanını formalaşdırmaq və qorumaq Azərbaycan Respublikasının həm vəzifəsi, həm də milli təhlükəsizlik məsələsidir. Milli təhlükəsizliyi ağır problemlərlə üzləşmiş ölkələrin təcrübəsi göstərir ki, kütləvi iğtişaşların salınmasına, hakimiyyəti zor gücünə qəsb etməyə xidmət edən planlar məhz anti-milli media seqmentləri formalaşdırılmaqla həyata keçirilir. Odur ki, söhbət hansısa jurnalistin, ictimai fəalın hansısa xarici fonddan 500, 1000 avro dollar qoparmasından yox, vətəndaş cəmiyyətinə qaçaq valyuta daşınmasının arxasındakı məkrli planlardan gedir.

Sosial İnformasiya Agentliyinin Analitik Qrupu

seeBaxış sayı:28
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri