Minasyanın korrupsiya dosyesi
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Serj Sarkisyanın kürəkəni qabaqdangəlmişlik edir
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın böyük qızı Anuşun əri, ölkənin Müqəddəs Taxt-Tacdakı sabiq (2013–2018) fövqəladə və səlahiyyətli səfiri Mikael Minasyan baş nazir Nikol Paşinyanı avqustun 8-də Vaşinqtonda imzaladığı sənədlərə görə tənqid edib. O, bununla bağlı fikirlərini sosial şəbəkə hesabında yazıb. Minasyan bildirib ki, həmin sənədlər Ermənistanın maraqlarına zidd məqamları özündə ehtiva edir və ölkənin suverenliyini zəiflədə bilər. O, Paşinyanı xarici təzyiqlər qarşısında (?) güzəştə getməkdə təqsirləndirib. Sabiq səfirin fikrincə, bu addım gələcəkdə Ermənistan üçün ciddi siyasi və təhlükəsizlik riskləri yarada bilər.
Minasyan yazıb: “Cəmi üç gün əvvəl Ermənistan baş naziri iki mühüm sənəd imzaladı. O, Ermənistanın strateji əhəmiyyətli ərazisini ABŞ-a güzəştə getdi. Bununla belə detallar dəqiqləşdirilmədi və müzakirə olunmadı. O, ATƏT-in Minsk qrupundan imtina etməklə, Naxçıvana maneəsiz keçidi təmin etməklə Azərbaycanın bütün tələblərini yerinə yetirdi. Bütün bunları ona görə etdi ki, “sülh” sözü, ən azı, kağız üzərində öz varlığının mənasının və 2021-ci ildə onları yenidən seçən inqilabçıların haqlılığının sübutu olsun. Bu qədər güzəştlər müqabilində heç olmasa “əsirlər”in azad edilməsinə və ələ keçirilən Ermənistan ərazilərinin (?) geri qaytarılmasına nail olmaq mümkün deyildimi? Sözsüz ki, mümkün idi. Amma indiki geosiyasi vəziyyəti nəzərə alsaq, Nikolla bundan artığına nail olmaq çətin idi. O, “Qarabağdan əl çəkək, soyqırımını unudaq və sakit və xoşbəxt yaşayaq” qlobalist ideologiyasının qələbəsini təmin etdi”.
Sabiq səfir bildirib ki, zəifləmiş İran, uzaqlaşdırılan Rusiya, gündən-günə hegemonluğunu gücləndirən (?) dominant Azərbaycan və Türkiyə şəraitində məğlubiyyət simvolu (N.Paşinyanı nəzərdə tutur–S.H.) maksimum mümkün olanı əldə etdi. O, hər şeyi güzəştə getdi, lakin mümkün olanı aldı. Təbii ki, bu cür situasiyalarda daha çox geopolitik güzəştlər əldə etmək olardı. Ancaq görünür, Nikolun rəhbərliyi altında mümkün deyilmiş.
Minasyanı erməni xalqının baş verənlərə etinasızlığı da hiddətləndirib. Bildirib ki, bu sövdələşmənin ən mühüm cəhətlərindən biri də erməni xalqının baş verənlərə biganəliyidir: “Qarşısına milli xəyanət və tarixi inkar etmək bahasına sülhün bərqərar olması vəzifəsi qoyulmuş adam alqışsız qaldı. Alqışlar və diqqət Devoyan ailəsinə yönəldi. Kiçik Sofi Devoyanın toyunun kadrlarına sosial şəbəkələrdə baxışların sayını, bəyənmələri (laykları) və taleyüklü məsələyə verilən reaksiyaları müqayisə edin. Rəqəmlərə baxın və ölkənin hara doğru getdiyini anlayacaqsınız. Bu, inqilabın ən böyük bumeranqıdır”.
***
Qeyd edək ki, M.Minasyan Ermənistanın keçmiş hakimiyyət elitasının ən korrupsioner fiqurlarından biridir. Onun korrupsiya sxeminin nədən ibarət olduğuna sonda aydınlıq gətirəcəyik. Hələlik isə onu deyək ki, Sarkisyanın hakimiyyətdə olduğu dövrdə müstəqil medianın ironiya ilə “Ermənistanın baş kürəkəni” adlandırdığı Minasyan həm şəxsi səbəblərdən, həm də siyasi baxımdan hazırkı iqtidara qarşı sərt mövqeyi ilə tanınır. Onun sosial şəbəkədə yaydığı son bəyanat da bu xəttin davamıdır. Minasyan Vaşinqtonda imzalanmış sənədlərə görə Paşinyanı kəskin tənqid edir, ümumi xora qoşularaq ittihamlarını “suverenliyin itirilməsi, strateji ərazilərin güzəştə gedilməsi və Azərbaycanın bütün tələblərinin yerinə yetirilməsi” kimi ifadə yükü son dərəcə ağır sözlərlə əsaslandırmağa çalışır.
Onun arqumentlərinin mahiyyətinə baxdıqda bir neçə mühüm məqam ortaya çıxır. Birincisi, o, hadisələrə tamamilə revanşist və necə deyərlər, keçmişə qayıdış prizmasından yanaşır. Onun Paşinyanı Naxçıvana maneəsiz keçidi təmin etmək, ATƏT-in Minsk qrupundan imtina etmək və Qarabağdan əl çəkmək kimi addımlara görə qınaması, əslində, Azərbaycanın 2020-ci ildən sonra regionda formalaşdırdığı reallıqları qəbul etməməkdən qaynaqlanır. Halbuki bu reallıqlar Koçaryan–Sarkisyan cütlüyünün qurub yaratdığı ordunun hərbi məğlubiyyətinin və 30 ilə yaxın davam edən işğal siyasətinin iflasının nəticəsidir. Minasyan kimi şəxslər isə hələ də köhnə dəst-xətti davam etdirərək Ermənistan cəmiyyətini revanşizmə sürükləmək niyyətindədirlər.
Digər tərəfdən Minasyanın iddialarında ciddi ziddiyyətlər var. O, bir tərəfdən Paşinyanı “bütün tələbləri yerinə yetirməkdə” ittiham edir, digər tərəfdən “indiki geosiyasi şəraitdə bundan artığına nail olmaq çətin idi” deyərək faktiki olaraq bu addımların qaçılmaz olduğunu etiraf edir. Bu, onun tənqidlərinin siyasi möhtəkirlik məqsədi daşıdığını göstərir. Başqa sözlə, Minasyan reallığı qəbul etsə də, ictimaiyyət qarşısında bunu fərqli şəkildə təqdim etməklə həm Paşinyanı zəiflətmək, həm də özünün və ətrafının revanşist mövqeyini gücləndirmək istəyir.
Onun “Azərbaycan və Türkiyənin dominant mövqeyi”, “İranın zəifləməsi” və “Rusiyanın uzaqlaşdırılması” kimi yarlıqları da təsadüfi deyil. Bu yanaşma ilə o, Ermənistanın gələcək taleyini hələ də xarici güclərin kölgəsində görən köhnə siyasi düşüncəni təkrar edir. Əslində, bu cür mövqe Ermənistanın müstəqil qərar vermək qabiliyyətinə qarşı bir növ etimadsızlıq ifadəsidir. Minasyan açıq şəkildə “daha çox geosiyasi güzəşt əldə etmək olardı” deyərkən də faktiki olaraq Ermənistanın gələcəyini yenidən hansısa himayədar dövlətlərin siyasi bazarlığına bağlamaq niyyətini ortaya qoyur. Onun hayları “etinasızlıqda və biganəlikdə” ittiham etməsi də maraqlıdır. O, sosial şəbəkələrdə bir toyun fotolarına olan maraqla öz təbirincə desək, taleyüklü məsələyə verilən reaksiyanı müqayisə edir. Halbuki bu müqayisə sadəlövh populizm nümunəsindən başqa bir şey deyil. Bu cür ittihamlar cəmiyyətdə yalnız qütbləşməni artırır.
Sabiq diplomat hiyləgərlik edərək bu açıqlama ilə bir neçə istiqamətdə məqsədlər güdür. Bu məqsədlərə Paşinyanı “milli xəyanətkar” kimi təqdim edərək siyasi mövqeyini zəiflətmək, cəmiyyətdə müharibə yolu ilə itirilənləri geri qaytarmaq kimi illüziyanı yenidən canlandırmaq və keçmiş hakimiyyətin siyasi iddialarını möhkəmləndirmək üçün xarici güclərin dəstəyi zərurətini önə çıxarmaq daxildir. Ancaq Ermənistan cəmiyyəti daha bu cür bəyanatları ciddiyə almır. Haylar başa düşürlər ki, belə yanaşmalar Ermənistanı konstruktiv diplomatiyadan uzaqlaşdırır və regionda sülh prosesinə zərbə vurur. Başa düşürlər ki, sülh yalnız kağız üzərində deyil, reallıqda bərqərar olmalıdır və bu, kompromiss yanaşma tələb edir. Minasyan isə kompromisi zəiflik, güzəşti isə xəyanət kimi təqdim etməklə əslində Ermənistanı yenidən təcridə aparan xətti müdafiə edir. Nəticə etibarilə Minasyanın açıqlamaları həm ideoloji, həm də praktiki baxımdan keçmişin təkrarından başqa bir şey vəd etmir. O, nə real alternativ plan təqdim edir, nə də daha yaxşı nəticənin hansı yolla əldə ediləcəyini izah edir. Beləliklə, bu tənqidlər Ermənistan siyasətində köhnə və uğursuz yanaşmaların təzə pafosla təqdim olunmasından ibarətdir. Əslində isə İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni geosiyasi şəraitdə Ermənistanın qarşısında duran yeganə yol uzunmüddətli sülh və qarşılıqlı əməkdaşlıqdır.
***
Minasyana yönəlmiş korrupsiya ittihamlarına gəldikdə isə qeyd etməliyik ki, S.Sarkisyanın hakimiyyəti dövründə nüfuzlu və imtiyazlı mövqeyə sahib olan Mikael uzun illər Ermənistanın diplomatik və iqtisadi sahələrində əsas fiqurlardan biri kimi çıxış edib. Onun karyera yüksəlişi birbaşa qayınatasının adı ilə bağlıdır. 2007-ci ildə Ermənistan baş nazirinin köməkçisi olan Minasyan bu vəzifəni 2008-ci ilə qədər icra edib. Sarkisyan prezident seçilən kimi Minaksyan da iş yerini Prezident Administrasiyasına dəyişib. 2008-ci ildən 2011-ci il noyabrın 3-dək S.Sarkisyanın administrasiyası rəhbərinin birinci müavini olub.
Hakimiyyət dəyişikliyindən sonra, yəni 2018-ci ildə Paşinyan hökumətinin korrupsiyaya qarşı kampaniyası çərçivəsində Minasyan haqqında bir sıra ciddi ittihamlar səsləndirilib. Ermənistan İstintaq Komitəsi onu çirkli pulların yuyulması, qanunsuz sahibkarlıq fəaliyyəti, gəlirlərini gizlətmək, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə böyük həcmdə əmlak əldə etməkdə ittiham etdi. İstintaq materiallarında Minasyanın böyük həcmdə daşınmaz əmlak və kommersiya aktivlərini ailə üzvlərinin və yaxın tərəfdarlarının adına rəsmiləşdirdiyi, ölkədən külli miqdarda vəsait çıxardığı iddia olunur. 2020-ci ilin mayında İrəvan məhkəməsi onun barəsində həbs qərarı çıxarıb. Lakin Minasyan ölkədən kənarda olduğuna görə bu qərar icra edilməyib. Daha sonra onun adı beynəlxalq axtarış siyahısına salınıb. İstintaq materiallarında göstərilir ki, Minasyan öz cinayət əməlləri ilə dövlətə 350 milyon dollar məbləğində ziyan vurub. İttiham aktında onun fəaliyyətində çirkli pulların yuyulması əməliyyatlarının xarici banklar vasitəsilə həyata keçirildiyi qeyd olunur. Bu baxımdan Ermənistan ictimai rəyində Minasyanın adı illərdir ki, “Sarkisyan hakimiyyətinin korrupsiyası” sözü ilə sinonim kimi çəkilib. Onun diplomatik fəaliyyəti dövründə əldə etdiyi böyük sərvət, xüsusilə də xaricdəki bahalı daşınmaz əmlakları, keçmiş hakimiyyətin ümumi korrupsiya mirasının simvollarından biridir. Bu səbəbdən Ermənistan cəmiyyətinin böyük əksəriyyəti hesab edir ki, Minasyan dövlət maraqlarını deyil, özünün və Sarkisyan ailəsinin siyasi revanşını düşünür.
Səxavət HƏMİD
XQ

