Moskva və Tehranın “Tramp marşrutu”na “hə” deməsi fərqlidir
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Zəngəzur dəhlizi kənar aktorların maraqlarının birləşmə – ayrılma nöqtəsidir
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş yaradan və Zəngəzurdan keçən Tramp marşrutu (TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) ilə bağlı avqustun 8-də Ağ Evdə imzalanan razılaşmadan sonra Tehran sərt bəyanatlar səsləndirdi. Amma az sonra İran hakimiyyətinin siyasi tonunda dəyişiklik hiss olundu ki, bu da onun layihəni qəbul etməyə hazır olduğu mənasına gəlir.
Xüsusən də XİN rəhbəri Abbas Əraqçi Vaşinqton sammitinin nəticələrini və Tehranla İrəvan arasında sonrakı təmasları şərh edərkən dedi ki, “Ermənistan tərəfi bizim bütün qırmızı xətlərimizə əməl ediləcəyinə” inandırıb. “Təbii ki, bu məsələnin miqyası (Vaşinqtondakı razılaşmalar) hələ tam aydın deyil. Ermənistan baş naziri cənab Paşinyan prezidentimizə zəng etdi, onların xarici işlər naziri mənimlə əlaqə saxladı və xarici işlər nazirinin müavini Tehrana gəldi. Onlar bizə hərtərəfli izahatlar verdilər. Baş verənlər və baş verə biləcəklər fərqli şeylərdir. Mən demirəm ki, indiki proseslər bizi narahat etmir...”, – Əraqçi bildirib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı müzakirələrin əvvəlində əsas ideya, guya, Ermənistanın Sünik rayonunu “ələ keçirmək” və bununla da Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında birbaşa quru əlaqəsi yaratmaq olub. “Sonradan söhbət 5-10 kilometr enində dəhliz yaradılmasından gedirdi ki, bu dəhliz Ermənistanın suverenliyində deyil, Azərbaycanın nəzarətində olacaqmış. Həmin vaxt bizim ciddi geosiyasi narahatlıqlarımız var idi və silahlı qüvvələrimiz sərhəddə yerləşdirilmişdi, hərbi mövcudluq yaratmışdıq. Amma Azərbaycan bizi əmin etdi ki, belə ssenarilər istisna edilir”.
İndi söhbətin yalnız Ermənistanda qeydiyyatdan keçmiş və həmin ölkənin qanunları və yurisdiksiyasına uyğun şəkildə fəaliyyət göstərəcək Amerika şirkəti tərəfindən çəkilən yoldan getdiyini vurğulayan iranlı nazir İrəvanın Tehranı bu yolun Ermənistanın tam suverenliyi altında olacağına əmin etdiyini bildirib: “Bizim yaxınımızda Amerika qoşunları olmayacaq, İranın bütün qırmızı xətləri nəzərə alınıb”.
Əraqçi əlavə edib ki, bu, təhlükəsizlik və ya hərbi fəaliyyətlə məşğul olmayan Amerikanın özəl mühəndis şirkətidir. Orada ABŞ hərbçisi yoxdur və təhlükəsizliyi erməni strukturları təmin edir. Üstəlik, İrəvan Amerikanın özəl mühafizə firmalarını belə ölkəyə buraxmır: “ABŞ Prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycanın imzaladığı birgə bəyannamədə bildirilir ki, regionun sərhədləri dəyişməz qalır, bütün ölkələrin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilir. Bu, bizim mövqeyimizlə tam uyğundur”.
Prezident Məsud Pezeşkian və onun kabineti Vaşinqton razılaşmasının İranın maraqlarını təhdid etməsi ilə bağlı iddiaları “şişirdilmiş” adlandırıb. Görünən odur ki, Tramp marşrutu İran rəhbərliyində ciddi fikir ayrılığına səbəb olub. Artıq Tehran başa düşür ki, onun Zəngəzur dəhlizinin (TRIPP) işə düşməsinin qarşısını almaq imkanları məhduddur. Üstəlik, Ermənistanla quru sərhədinin bağlanması ilə bağlı narahatlıq özünü doğrultmayıb. Ermənistana səfəri öncəsi keçirdiyi iclasda Prezident Pezeşkian İrəvan–Bakı razılaşması ilə bağlı Tehranın konstruktiv qarşılıqlı fəaliyyət və qarşılıqlı fayda vasitəsilə regional əməkdaşlığı genişləndirmək və qonşu ölkələrlə əlaqələri gücləndirmək öhdəliyini təsdiqləyib.
***
İranın ardınca Rusiya da “Tramp marşrutu”na loyal yanaşdığını açıqlayıb. Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya Azərbaycanla “Tramp marşrutu” kimi tanınan nəqliyyat dəhlizi yaratmaqda Ermənistanı dəstəkləyir. O vurğulayıb ki, İrəvan Moskvanın mühüm strateji müttəfiqidir və Ermənistan hakimiyyəti bu layihənin ölkəyə xeyir verəcəyinə inanırsa, Rusiya onları dəstəkləyir. “Əgər onlar Vaşinqtonda müvafiq bəyannamənin imzalanmasının daha yüksək təhlükəsizlik təminatları təmin edəcəyinə inanırlarsa, bu, yaxşıdır. Axı biz də Cənubi Qafqazda sülh proseslərinin tərəfdarıyıq” – Overçuk bildirib. Deməli, Moskva baş nazirin müavininin dili ilə bəyan edir ki, Rusiya Azərbaycanla nəqliyyat dəhlizi yaratmaqda Ermənistanı dəstəkləyir. Üstəlik, üçtərəfli hökumət komissiyaları çərçivəsində əvvəllər əldə edilmiş razılaşmaların icrasını müzakirə etmək üçün Overçukun gələn həftə İrəvana səfəri gözlənilir.
Bundan əvvəl Rusiya XİN rəsmi bəyanatında “Tramp marşrutu” ilə bağlı razılaşmadan narazılığını ifadə edərək, Moskvanın “üçüncü ölkələrin” regiona müdaxiləsini bəyənmədiyini və nəqliyyat marşrutlarının açılmasının Rusiyanın iştirakı ilə üçtərəfli razılaşmalar çərçivəsində baş verməli olduğunu vurğulamışdı. Bəyanatda, həmçinin qeyd olunurdu ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və onun ərazisindən malların tranziti birliyin qaydaları ilə tənzimlənir. Rusiya sərhədçilərinin Ermənistanın İranla sərhədində yerləşdiyi də xatırlanırdı.
Fəqət, Overçukun bəyanatı fonunda Moskvanın “Tramp marşrutu”na və ümumilikdə Ağ Evin Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün atdığı tarixi addıma münasibətinin dəyişdiyini söyləmək hələ tezdir. Ola bilsin ki, Rusiya bu marşrutdan ABŞ-la daha geniş sövdələşmənin bir hissəsi kimi, məsələn, Ukrayna məsələsi və ya ikitərəfli münasibətlərin bərpası kontekstində istifadə etməyi düşünür. Yəni, istisna etmək olmaz ki, Moskva “Tramp marşrutu”na razılıq verməklə Vaşinqtondan əlavə dividendlər alacağını gözləyir.
***
Rusiya baş nazirinin müavini A.Overçukun “Tramp marşrutu” ilə bağlı loyal açıqlamasına rəsmi İrəvan hələlik reaksiya bildirməsə də, müstəqil ekspert və blogerlər müxtəlif versiyalar irəli sürürlər. Misal üçün, politoloq Suren Surenyants Aleksey Overçukun son bəyanatına istinad edərək, Rusiyanın “Tramp marşrutu”nun işə salınmasının Ermənistana xeyir verəcəyi ilə bağlı mövqeyini şərh edərkən bildirib ki, bu layihə ətrafında Rusiya ilə Vaşinqton arasında müəyyən razılaşmaların olması qeyri-mümkün deyil: “Overçukun bəyanatı çoxlarını təəccübləndirdi: Moskvadan sərt imtina gözləyirdik, lakin belə bir ifadə eşitdik – “Ermənistan üçün yaxşı olarsa, biz onu dəstəkləyəcəyik”. Surenyants Kremlin bu mövqeyini bir sıra səbəblərlə izah etməyə çalışır: Ukrayna müharibəsi şəraitində Moskva ABŞ-a qarşı yeni cəbhə açmaqdan yayınır. Kreml “Tramp marşrutu”nun real perspektivinə inanmır və sərt reaksiyanı yersiz sayır. Ola bilər ki, bu məsələdə Vaşinqtonla Moskvanın müəyyən razılaşmaları var. Bununla yanaşı, hay politoloq risklərin göz qabağında olduğunu yazır: Qərbin Cənubi Qafqazda təsirinin güclənməsi; Ermənistanın Rusiya orbitindən tədricən çıxması; Türkiyə və Azərbaycanın mövqelərinin möhkəmlənməsi.
Bu məqamda Moskvanın ikibaşlı oyununa diqqət çəkən Surenyants maraqlı fərziyə irəli sürür: “Rusiya layihənin iqtisadi komponentlərinə cəlb oluna, danışıqlar rıçaqlarını saxlaya və özünü sülhməramlı kimi göstərə bilər”. O, bu qənaətə gəlir ki, belə taktika ilə Moskvanın indiki mərhələdə itirəcəyi heç nə yoxdur: “Layihə uğursuz olarsa, heç bir itki olmayacaq, amma reallaşarsa, ona qoşulmaq və ya, ən azı, öz maraqları üçün istifadə şansı qazanacaq”.
Beləliklə, kənar aktorların bölgədə maraqlarının həm birləşmə, həm də ayrılma nöqtəsinə çevrilən Zəngəzir dəhlizinin (TRIPP) reallaşması artıq qaçılmazdır. Bundan ən çox udan isə Azərbaycan və Ermənistan olacaq.
Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi icmalçı
– Əvvəlcə onu nəzərə çatdıraq ki, Kremlin xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev keçən həftə Tehrana səfər etmişdi. Böyük ehtimalla deyə bilərik ki, bu səfərin məqsədi Ermənistan–Azərbaycan sülh prosesində yaranmış yeni durumla bağlı hər iki ölkənin mövqelərinin uyğunlaşdırılamasının müzakirəsi olub. Hazırda Moskva və Tehran yaxşı başa düşürlər ki, ümumi sülh prosesinə qarşı çıxmaq mümkün deyil. Çünki bu razılaşma Azərbaycan və Ermənistanın müstəqil qəbul etdikləri siyasi qərardır. Ən vacibi isə artıq nə Azərbaycandan Ermənistana qarşı, nə də əksinə istifadə etmək şansları yoxdur. Onlar üçün narahatlıq yaradan əsas məqam Birləşmiş Ştatların Zəngəzur dəhlizində hansı səviyyədə iştirak etməsidir. Hələlik bu istiqamətdə aydınlıq və konkretlilik yoxdur. Ermənistan XİN başçısının müavini Vaan Kostanyanın bəyanatına əsasən, hazırda İrəvan və Vaşinqton arasında ortaq şirkətin qurulmasına dair razılıq əldə edilib. Bunun hansı formada təşkil ediləcəyi, payçı kimi dövlətin və ya özəl şirkətin iştirakı məsələsi hələ dəqiqləşməyib. Eləcə də ABŞ dövlətinin, yaxud şirkətin layihədə hansı funksiyaları icra edəcəyi qeyri-müəyyəndir.
İkinci məqam odur ki, Tehrandan fərqli olaraq, Moskva bu nəqliyyat kommunikasiya marşrutunda tərəf kimi iştirak edir. Ən azı, 2021-ci il 11 yanvar üçtərəfli sammitin nəticələrinə görə formalaşan hökumətlərarası komissiyanın ondan çox iclası keçirilib. Digər tərəfdən, Rusiyanın dövlət şirkəti Ermənistan dəmir yollarını idarə edir. Yəni, Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası və istifadəsində Moskva iştirak etmək niyyətindədir. Çünki həmin üçtərəli hökumətlərarası komissiyadan nə Azərbaycan, nə də Ermənistan çıxıb. İrəvan–Qazax, Naxçıvan–Gümrü marşrutlarına nəzarət edən Moskva ilkin razılaşma əsasında Zəngəzur layihəsində də iştiraka iddialıdır.
Züriyə QARAYEVA,
politoloq
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), əslində, Cənubi Qafqazda kommunikasiya xəritəsini yenidən qurmaq potensialına malik strateji təşəbbüsdür. Ermənistanın bu layihəyə razılıq verməsi və ABŞ-la yanaşı “qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlə” əməkdaşlıq etməsi həm regional güc balansını dəyişə, həm də siyasi mesaj xarakteri daşıya bilər. TRIPP faktiki olaraq Zəngəzur dəhlizinin başqa ad altında beynəlxalq formata salınmasıdır. Bu ad dəyişiklikləri erməni ictimaiyyətində daxili müqaviməti yumşaltmaq və layihəni “regionlararası sülh və iqtisadi inkişaf” konsepti ilə təqdim etmək məqsədi daşıyır. Üçüncü tərəflərin layihəyə cəlb olunması geosiyasi baxımdan vacib məqamdır. Buraya Böyük Britaniya, Avropa İttifaqı ölkələri, Türkiyə və Yaxın Şərqdə strateji maliyyə imkanlarına malik dövlətlər daxil ola bilər. Onların iştirakı iki funksiyanı yerinə yetirir: Maliyyə və texniki dəstək – layihənin icrası üçün beynəlxalq maliyyə institutlarının (Dünya Bankı, Asiya İnkişaf Bankı və s.) resurslarını səfərbər etmək. Geosiyasi təminat – Rusiya və İranın bu layihəyə qarşı göstərə biləcəyi təzyiqləri yumşaltmaq və ABŞ-ın bölgədəki mövqeyini gücləndirmək. Layihənin ABŞ-ın qarantı altında həyata keçirilməsi Ermənistanın xarici siyasətində Qərbə meyli daha da artırır və Moskvanın təsir imkanlarını məhdudlaşdırır. Bu, həm də İran üçün yeni geosiyasi çağırış yaradır, çünki dəhliz Cənubi Qafqazda ABŞ-ın hərbi-siyasi təsirini artıracaq. Azərbaycan üçün isə TRIPP-in reallaşması Naxçıvanla maneəsiz quru əlaqəsi məsələsinin beynəlxalq təminatla həll olunması deməkdir. Bu, həm logistik üstünlük, həm də siyasi baxımdan mühüm qələbədir.
İmran BƏDİRXANLI
XQ


