Moskva və Tehranın xəlvəti “Nizami sövdəsi”
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Nizami Gəncəvi – 885
Rusiyada fəaliyyət göstərən “İbn Sina” adlı Fondun Nizami Gəncəvi ilə bağlı fəaliyyəti ciddi suallar doğurur. Bununla bağlı sənədlər, rəsmi məlumatlar, beynəlxalq tədbirlər və tarixi həqiqətlərin təqdim edilməsi ilə bağlı düşündürücü məqamlar var.
Bəzən bir xalqın tarixi-mədəni irsinə münasibəti dəyişmək üçün böyük siyasi bəyanatlara ehtiyac qalmır. Bir kitab, elmi mühazirə, beynəlxalq konfrans, yaxud nüfuzlu kitabxanada keçirilən mərasim də ictimai təsəvvürün formalaşmasına təsir göstərə bilir. Əvvəlcə tarixi şəxsiyyətin mənsubiyyəti yanlış təqdim olunur. Sonra həmin saxtakarlıq elmi nəşrlərə, ensiklopediyalara, kitabxana kataloqlarına keçir. İllər ötdükcə, yeni nəsillər onu mübahisə doğurmayan həqiqət kimi qəbul edirlər.
Belə bir vəziyyətin yaranmaması üçün tarixi irsimizi yalnız vətəndə deyil, beynəlxalq elmi və informasiya məkanında da müdafiə etməliyik. Söhbət indiki halda dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyəti ilə bağlı Moskvada fəaliyyət göstərən “İbn Sina” fondunun yalanından gedir.
Moskvada yubiley mərasiminin pərdəarxası
Sentyabrın 29-da Rusiya Dövlət Kitabxanasının Şərq ədəbiyyatı mərkəzində “İbn Sina” Fondunun dəstəyi ilə Nizami Gəncəviyə həsr edilmiş mərasim keçirilib. Məclisdə Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda, İranın Rusiyadakı səfiri Kazem Cəlali, İran Milli Kitabxanası və Arxivlərinin rəhbəri Qulamrza Əmirxani, İranın elm və təhsil nazirinin müavini Ehsan Qəbul və digər şəxslər iştirak ediblər.
İlk baxışdan adi ədəbi tədbirdir. Amma araşdırmamız göstərir ki, mərasim keçirmək heç də təsadüfi təşəbbüs olmayıb. Rusiya Dövlət Kitabxanasının 2 oktyabr 2026-cı il tarixli rəsmi məlumatına əsasən, Nizamiyə həsr olunan ədəbi gecənin keçirilməsi barədə razılıq 2025-ci ilin iyununda əldə edilib.
Həmin vaxt Tehranda, İran Milli Kitabxanasında rus şairi Aleksandr Puşkinə həsr edilmiş tədbir təşkil olunub. Rusiya və İran kitabxanalarının rəhbərləri də Nizami gecəsi barədə məhz həmin görüşdə razılığa gəliblər.
Burada maraqlı qarşılaşdırma meydana çıxır. Tehranda rus ədəbiyyatının böyük nümayəndəsi Puşkin anılır. Moskvada isə İran–Rusiya mədəni əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin yubiley mərasimi keçirilir. Bu, guya iki dövlətin mədəni əməkdaşlığının nümunəsidir. Lakin belə qarşılıqlı tədbirlər çərçivəsində Azərbaycan şairi Nizaminin necə təqdim edilməsinin hansı məna daşıdığı ayrıca diqqət tələb edir. Ən azı, ona görə ki, mərasimdən sonra yayımlanan məlumatlarda şairin Azərbaycanla bağlılığının necə göstərilməsi ciddi suallar doğurur.
1 şairin 2 dildə fərqli kimliyi
“İbn Sina” fondunun 30 sentyabr tarixli rusdilli xəbərində Nizami belə təqdim olunur: “fars” poeziyasının klassiki Nizami Gəncəvi.
Gəncəli şairin əsərlərini əsasən fars dilində yazması məlum tarixi faktdır. Buna görə onun farsdilli ədəbiyyatın klassiki kimi öyrənilməsi də özlüyündə yanlış deyil. Amma fondun farsdilli məlumatında başqa ifadə işlədilir:” Tərcüməsi: “Həkim Nizami Gəncəvi, böyük İran şairi.
Bax, burada məsələyə xüsusi diqqət yetirmək lazımdır. Orta əsrlərdə İran mədəni coğrafiyası anlayışının bugünkü İran dövlətinin sərhədlərindən fərqləndiyini nəzərə almaq vacibdir. Lakin müasir oxucu üçün “İran şairi” ifadəsi çox vaxt milli mənsubiyyət bildirən təqdimat kimi anlaşılır. Belə bir vəziyyətdə Nizaminin Gəncə ilə tarixi bağlılığının da eyni aydınlıqla göstərilməsi zəruridir.
Bəs niyə Gəncə bu təqdimatların mərkəzində görünmür? Şairin doğma yurdu, yaşadığı şəhər, məzarının yerləşdiyi Azərbaycan torpağı niyə xüsusi vurğulanmır? Əslində, bütün bunlar, sadəcə, emosional suallar deyil. Beynəlxalq elmi təqdimatın obyektivliyi ilə bağlıdır.
Rusiya kitabxanasında daha nələr olub?
Kitabxananın rəsmi məlumatında daha bir diqqətçəkən fakt yer alır. İran nümayəndə heyətinə kitabxananın farsdilli əlyazmalar fondu təqdim olunub. Onların arasında Nizaminin “Xosrov və Şirin” poemasının XV əsrə aid əlyazması da göstərilib. Mətndə Nizami “böyük fars şairi” kimi təqdim edilir. Sonra həmin gün keçirilən “Nizami günü” tədbirindən bəhs olunur. Mərasimdə Moskva Dövlət Universitetinin İran filologiyası üzrə mütəxəssisləri, iranlı yazıçılar, alimlər çıxış ediblər. Şairin “Leyli və Məcnun” poemasından parçalar fars dilində səsləndirilib.
Burada əsas məsələ iştirakçıların hansı ölkədən olması deyil, Azərbaycan tərəfinin elmi mövqeyinin belə nüfuzlu tədbirlərdə layiqincə təmsil olunmamasıdır. Kitabxananın dərc etdiyi iştirakçı siyahısında Azərbaycan alimlərinin adı görünmür. Əlbəttə, bu, onların ümumiyyətlə dəvət edilmədiyini sübut etmir. Ona görə dəvət və iştirak məsələsini ayrıca aydınlaşdırmaq fikrindəyik.
“İbn Sina” fondu kimindir və nə işlə məşğuldur?
“İbn Sina” adına İslam Mədəniyyətinin Tədqiqi Fondu 29 iyun 2007-ci ildə Rusiyada dövlət qeydiyyatına alınıb. Dövlət qeydiyyat nömrəsi 1077799013093, vergi nömrəsi 7706412986-dır. Hüquqi ünvanı Moskvada yerləşir. Fondun prezidenti Həmid Rza Xədəvimoqəddəm, vitse-prezidenti Seyid Nasir Təbai, elmi istiqamət üzrə direktoru isə Andrey Lukaşevdir.
Təşkilatın nəşriyyat, elmi-tədqiqat və maarifləndirmə fəaliyyəti genişdir. “Sədra” nəşriyyatı ilə əlaqəli layihələri, elmi məqalələri, kitab təqdimatları, təhsil proqramları var. Fondun yalnız öz daxilində fəaliyyət göstərmədiyi də məlumdur.
Bu ilin iyulunda Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutu ilə əməkdaşlıq memorandumu imzalanıb. Sentyabr ayında təşkilatın Vladiqafqaz Elmi Mərkəzi ilə əməkdaşlığı barədə məlumat yayılıb. İran dillərində danışan xalqların konqresi ilə də müqavilə bağlanıb.
Bu əlaqələr fondun elmi və mədəni fəaliyyətinin geniş coğrafiyanı əhatə etdiyini göstərir. Belə bir təşkilatın beynəlxalq aləmə təqdim etdiyi hər bir məlumatın çəkisi var. Məsələ ondadır ki, Nizami haqqında verilən təqdimatlar yalnız bir saytın səhifələrində qalmır, mühazirələr, elmi kurslar, kitabxanalar və digər platformalar vasitəsilə geniş auditoriyalara çatır.
Nizaminin Azərbaycanla bağlılığı məgər sovet dövründə yaranıb?
Düşündürücü sənədlərdən biri 13 may 2025-ci ildə “İbn Sina” Fondunun dəstəyi ilə keçirilmiş mühazirənin elanıdır. “Низами Гянджеви: разум, любовь и воображение” — “Nizami Gəncəvi: ağıl, məhəbbət və təxəyyül” adlı mühazirəni tarix elmləri namizədi Yevgeniya Nikitenko təqdim edib. Elanın mətnində yazılır: “творчество Низами было провозглашено частью культурного наследия Азербайджана”.
Məlumatda bunun 1930–1940-cı illərdə SSRİ-də baş verdiyi bildirilir. Yəni Nizaminin yaradıcılığı yalnız həmin dövrdə Azərbaycanın mədəni irsinin bir hissəsi elan edilib. Bu cümlə niyə diqqət çəkir? Çünki oxucuda Nizaminin Azərbaycanla bağlılığının məhz sovet hakimiyyətinin mədəniyyət siyasəti nəticəsində formalaşdığı təsəvvürü yarana bilər. Halbuki Gəncə ilə Nizami arasındakı tarixi əlaqə XX əsrdən yüzillər əvvələ gedib çıxır.
Sovet dövrünün Nizami irsinə münasibəti ayrıca tədqiq edilə bilər. Lakin həmin siyasətlə şairin doğma şəhəri arasındakı əsrlərlə mövcud olmuş bağlılığı qarışdırmaq doğru deyil. Üstəlik, 2025-ci ildə fondun təşkil etdiyi “Böyük fars şairləri” mühazirələr silsiləsində də Nizami Gəncəviyə ayrıca yer ayrılıb. Bir daha vurğulayaq: farsdilli ədəbiyyat kursunda Nizamidən bəhs etmək təbiidir. Ancaq bu təqdimatlarda onun tarixi coğrafiyasının, Gəncə ilə bağlılığının necə izah edilməsi xüsusi əhəmiyyət daşıyır.
Fondun konkret olaraq Nizamini Azərbaycandan qoparmağa yönəlmiş gizli siyasi proqram həyata keçirdiyini sübut edən sənəd ortaya qoyulmayıb. Lakin açıq yayılan bu mətnlər onların yaratdığı təsəvvürü elmi baxımdan araşdırmaq üçün kifayət qədər əsas verir.
Bəs Gəncədə nə baş verir?
İndi isə məsələnin digər tərəfinə baxaq. Bu ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 885 illiyi tamam olur. Bu münasibətlə Azərbaycanda, xüsusilə şairin doğma şəhəri Gəncədə müxtəlif elmi, ədəbi və mədəni tədbirlər keçirilir. Beynəlxalq tədbirlər də həmin proqramın mühüm hissəsidir.
Oktyabrın 8-də Gəncədə Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin dəstəyi, Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə Nizaminin 885 illiyinə həsr olunmuş “Gəncənin mədəni irsinin qorunması – gənclərin gözü ilə” adlı forum keçirilib. Forumda şəhərin tarixi-mədəni irsinin qorunması, gənc nəslə çatdırılması və Nizami yaradıcılığının təbliği müzakirə olunub.
Oktyabrın 30-da AMEA-nın Gəncə Bölməsində “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin və AMEA-nın dəstəyi, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın Türkiyə və Özbəkistandakı mədəniyyət mərkəzlərinin təşkilatçılığı ilə baş tutacaq. Burada Nizami Gəncəvinin Türk dünyası, Azərbaycan şifahi xalq ədəbiyyatı, dünya ədəbiyyatı və fəlsəfi düşüncə ilə əlaqələri, eləcə də müasir nizamişünaslığın problemləri müzakirə olunacaq. Bu, təqdirəlayiq təşəbbüsdür.
Bakıda bu günlərdə böyük beynəlxalq mədəni tədbir baş tutub. Oktyabrın 21–27-də keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində müxtəlif ölkələrdən naşirlər, alimlər və ədəbiyyat xadimləri iştirak etdilər. Oktyabrın 24-də isə Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı” kitabının təqdimatı keçirildi. Bütün bunlar göstərir ki, ölkəmizdə Nizami irsinin təbliği istiqamətində mühüm işlər görülür. Amma burada bir sual da yaranır. Biz Nizamini öz ölkəmizdə layiqincə yad etdiyimiz kimi, xaricdə onun haqqında yayılan mübahisəli təqdimatlara da eyni səviyyədə cavab verə bilirikmi?
Alimlərimiz, müvafiq qurumlar hara baxırlar?
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Gəncədə Nizami Gəncəvi Mərkəzi, muzeylər, elmi kollektivlər fəaliyyət göstərir. Ölkəmizdə görkəmli nizamişünaslar yetişib, şairin irsinə həsr edilmiş çoxsaylı tədqiqatlar aparılıb. Bütün bunları görməmək və görülən işləri qiymətləndirməmək ədalətsizlik olardı. Ancaq elmi fəaliyyətimizin beynəlxalq təsiri barədə də düşünməliyik. Məsələn, “İbn Sina” fondunun məlum təqdimatlarına münasibətdə Azərbaycanın elmi qurumları hansı addımları atıb? Rusiya Dövlət Kitabxanasına Nizaminin Gəncə ilə bağlılığı haqqında əsaslandırılmış elmi materiallar göndərilibmi? Moskvadakı tədbirin təşkilatçılarından izahat istənilibmi? Xarici ölkələrdə Nizami Gəncəvi ilə bağlı yayılan materialların müntəzəm izlənilməsi və onların elmi təhlili üçün konkret mexanizm varmı?
Bu sualların cavabı ictimaiyyətə məlum olmalıdır. Əgər müvafiq addımlar atılıbsa, onların nəticəsi açıqlanmalı, atılmayıbsa, belə bir boşluğun aradan qaldırılması barədə düşünmək lazımdır. Biz Nizamini yalnız doğma şəhərindəki abidələrlə, yubiley tədbirləri ilə deyil, dünya kitabxanalarında, universitetlərində və elmi nəşrlərində də tanıtmalıyıq.
Nizaminin Gəncəsini heç kim tarixdən silə bilməz
Nizami Gəncəvi dünya ədəbiyyatının böyük simasıdır. Onun yaradıcılığı bütün bəşəriyyətin mənəvi sərvətidir. Əsərlərini əsasən fars dilində yazması, farsdilli ədəbi ənənənin inkişafına böyük təsir göstərməsi tarixi həqiqətdir. Amma onun Gəncə ilə bağlılığı da tarixi həqiqətdir. Nizami irsini araşdırmaq üçün müxtəlif ölkələrin alimlərini birləşdirmək mümkündür. Bu irs üzərində hansısa xalqın müstəsna hüququnu elan etməyə ehtiyac yoxdur. Lakin şairin həyatını, yaşadığı coğrafiyanı, onun Azərbaycan mədəniyyətindəki yerini kölgədə qoymağa da yol verilməməlidir.
Bu gün Gəncədə Nizaminin 885 illiyi qeyd olunur. Beynəlxalq elmi konfranslara hazırlıq görülür. Bakıda böyük kitab sərgisi təşkil edilir. Moskvada isə onun adı İran-Rusiya mədəni diplomatiyasının proqramlarında yer alır. Bu, faciə deyil, əksinə, Nizaminin dünya miqyasında tanınmasının göstəricisidir. Ancaq həmin prosesdə Azərbaycanın elmi mövqeyi lazımi şəkildə təmsil olunmalıdır. “İbn Sina” Fondundan da, Rusiya Dövlət Kitabxanasından da bu məsələlərə aydınlıq gətirilməlidir. Yeri gəlmişkən, fondun rəhbərliyinə bu barədə rəsmi müraciət də göndərmişik. Görək nə deyəcəklər.
Azərbaycan alimlərinin isə tarixi faktlara, ilkin mənbələrə və sanballı tədqiqatlara əsaslanan mövqelərini beynəlxalq auditoriyaya daha fəal çatdırmaları vacibdir. Çünki bir həqiqəti heç vaxt unutmamalıyıq: Nizaminin Gəncəsi tarixdədir, məzarı Gəncədədir. Bu həqiqət heç bir mərasimlə, kitab və ya mühazirə elanı ilə dəyişən deyil. Amma həmin həqiqəti dünyaya düzgün çatdırmaq məsuliyyəti də bizim üzərimizdədir.
Tariximizlə fəxr etmək gözəldir. Onu elmlə, sənədlə və ardıcıl fəaliyyətlə müdafiə etmək isə borcumuzdur. Əks halda, biz Gəncədə Nizamini təntənə ilə yad etdiyimiz vaxt dünyanın başqa şəhərlərində onun haqqında formalaşan təsəvvürlərə təsir göstərmək imkanını əldən verə bilərik. Nizaminin Gəncədəki məzarını qoruduğumuz kimi, onun dünya elmi məkanındakı tarixi kimliyini də qorumalıyıq!
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Oktyabr 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















