Müdafiə təlimləri və büdcə artımları Avropa ilə Rusiya arasında genişmiqyaslı müharibə ehtimalını aktuallaşdırır
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq bildirib ki, Belçikanın 17 yaşını haqlamış 149 min gənci könüllü hərbi xidmətə çağırması təsadüfi qərar deyil: “Bu, Avropanın artıq “sülh dövrü düşüncəsindən” uzaqlaşdığının göstəricisidir. Uzun illər boyu NATO-nun təhlükəsizlik “çətiri” altında rahat yaşayan Qərbi Avropa ölkələri indi öz hərbi resurslarını yenidən təşkil edir. Gənclərin orduya cəlb olunması həm mənəvi, həm də strateji hazırlığın bir hissəsidir. Bu, psixoloji baxımdan “mümkün müharibə dövrünə” keçidin ilkin mərhələsi kimi dəyərləndirilir.
Dünyanın ən sakit və xoşbəxt ölkəsi hesab edilən Finlandiyada belə 5500 bomba sığınacağının hazır vəziyyətdə saxlanılması Avropa ictimaiyyətində yeni narahatlığın simvoluna çevrilib. NATO-ya yeni qoşulan Finlandiyanın bu qədər ciddi müdafiə infrastrukturu yaratması, əslində, Rusiyanın şimal sərhədlərindəki gərginliyin ciddiliyini göstərir. Helsinkidəki bu sığınacaqlar bir tərəfdən təhlükəsizlik tədbiri kimi təqdim olunur, digər tərəfdən isə Avropanın müharibə ehtimalını real hesab etdiyinin göstəricisidir.
Polşa 2026-cı ildə 400 mindən çox insanı, o cümlədən məktəbliləri və təqaüdçüləri hərbi təlimlərə cəlb etməklə, faktiki olaraq müharibə dövrünün ssenarisini sınaqdan keçirir. Varşavanın bu addımı NATO-nun “şərq cəbhəsi” kimi qəbul etdiyi xəttin gücləndirilməsi məqsədi daşıyır. Polşa uzun müddətdir ABŞ və Böyük Britaniya ilə birgə hərbi proqramlar həyata keçirir və bu təlimlər, əslində, Qərbin Rusiyaya qarşı birgə müdafiə hazırlığının tərkib hissəsidir”.
Nicat İsmayılov
“İkinci Dünya Müharibəsindən sonra hərbi siyasətə ehtiyatla yanaşan Almaniya artıq yeni bir mərhələyə qədəm qoyur. 3,5 milyard dollarlıq müdafiə avadanlığının alınması, o cümlədən 20 ədəd hərbi helikopterin silahlanmaya daxil edilməsi, Berlinin “müdafiə dövləti” statusuna qayıtmaq niyyətini göstərir. Almaniya Kansleri Olaf Şoltsun “Biz sülh istəyirik, amma sülhün dəyəri güclü ordu ilə qorunur” fikri Avropanın strateji istiqamətini aydın şəkildə ifadə edir”-deyə Nicat İsmayılov qeyd edib.
Politoloq bildirib ki, Rusiya daxilində siyasi sabitliyin qorunması hələlik Vladimir Putinin şəxsiyyəti ilə sıx bağlıdır: “Onun mümkün istefası, ya da hakimiyyətdən gedişi Rusiyanın daxili siyasi balansını poza və regionda yeni güc mübarizəsini alovlandıra bilər. Əgər Moskva daxilində hakimiyyət keçidi baş verərsə, bu, qısa müddətli xaos dövrünə səbəb ola, Qərblə münasibətlərin daha da gərginləşməsinə gətirib çıxara bilər. Lakin Putinin hakimiyyətdə qalması da başqa təhlükəni doğurur – bu, Kreml üçün “güclə təsir siyasətinin” davamı deməkdir. Yəni, hər iki halda münaqişə riski qalır”.
Nicat İsmayılov qeyd edib ki, Avropa müharibəyə texnoloji və iqtisadi baxımdan qismən hazır olsa da, mənəvi və siyasi birliyi hələ tam formalaşmayıb: “NATO ölkələri arasında hərbi xərclər artmaqdadır, lakin ictimai rəy hələ də “müharibə reallığı” ilə barışmayıb. Avropa ictimaiyyətinin böyük hissəsi Ukrayna müharibəsinin uzunmüddətli nəticələrindən qorxur. Buna baxmayaraq, Brüsseldə və Berlin-də qəbul edilən strateji sənədlər göstərir ki, Qərb artıq “sülh diplomatiyasından” çox “müdafiə diplomatiyasına” üstünlük verir”.
Politoloqun fikrincə, Rusiya üçün hazırkı mərhələdə genişmiqyaslı yeni müharibə iqtisadi və hərbi baxımdan risklidir, lakin Moskva üçün “təhlükəsizlik zonası” anlayışı tarixi və ideoloji məsələdir: “Kremlin baxışına görə, NATO-nun sərhədləri Rusiya üçün birbaşa təhdiddir və buna görə də Moskva regionda güc balansını öz xeyrinə dəyişdirməyə çalışır. Bu, tammiqyaslı müharibə istəyi olmasa da, lokal gərginliklərin qəsdən saxlanması siyasətidir”.
“Vaşinqton üçün Avropa ilə Rusiya arasında “tam müharibə” arzuolunan deyil. ABŞ daha çox “nəzarətli gərginlik” siyasətinə üstünlük verir. Bu, həm Avropanı ABŞ-a daha çox hərbi və iqtisadi cəhətdən asılı saxlayır, həm də Rusiyanın resurslarını tükəndirərək Çinlə yaxınlaşmasını ləngidir. Yəni ABŞ üçün Avropada tam sülh də, tam müharibə də məqsədəuyğun deyil – əsas olan gərginliyin davam etməsidir.
Dünya yeni təhlükəli mərhələyə qədəm qoyub. Avropanın militarizasiyası, Rusiyanın sərt mövqeyi və ABŞ-ın balanslaşdırılmış, amma maraqlı siyasəti fonunda qlobal sabitlik ciddi sınaq qarşısındadır. Belçikadan Polşaya, Finlandiyadan Almaniyaya qədər aparılan hazırlıqlar bir sualı aktuallaşdırır. “Böyük savaş təkcə ehtimal deyil, artıq planlaşdırılmış ssenaridirmi?” Bu suala qəti cavab yoxdur, lakin aydın olan budur ki, dünya sülhün ən zəif, müharibə isə ən real olduğu bir dövrdən keçir”-deyə Nicat İsmayılov bildirib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 14 Noyabr 2025 00:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















