Mühacirlərin addım səsləri 33 il öncə Bakıdakı toplantı
1920-ci ildə Cümhuriyyətin işğalından sonra dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan ictimai-siyasi xadimlərinin fəaliyyətini bolşevik rejimi əsas təhdid kimi qiymətləndirib, demək olar ki, iyirmi il onlarla mübarizə aparıb.
Xüsusilə Türkiyə və Fransada yaşayan azərbaycanlı liderlərin müntəzəm atdıqları addımlar, içəri ilə çölü vahid koordinasiyalı şəkildə idarə etmələri bolşevikləri aşırı şəkildə qorxudub. Bu haqlı fəaliyyətin qarşısını ala bilmədikləri üçün onlar qürbətdə mücadiləni davam etdirən şəxslərin etibarsızlaşdırılması, həmçinin fikirlərinə qarşı alternativ düşüncələrin təbliği üçün bir sıra addımlar atıblar.
Bolşevik mətbuatında mühacirlərin karikaturaları çəkilib, şeirlər, məqalələr yazılıb, yerli və xarici müəlliflərə kitablar hazırlatdırılıb. Bu proses 1920-1938-ci illər arasında olduqca güclü şəkildə davam edib. Çünki bu dövrlərdə Azərbaycan mühacirlərinin də təşkilati fəaliyyəti, eləcə də dəstəkləri olduqca güclü idi. Həm Məhəmmədəmin Rəsulzadənin rəhbəri olduğu Azərbaycan Milli Mərkəzi, həm də Əlimərdan bəy Topçubaşının sədrliyində işini davam etdirən Azərbaycan Nümayəndə Heyətinin çalışmaları təqdirəlayiqdi.
Digər tərəfdən bu illərdə mühacirətdə çıxan nəşrlər bu və ya digər şəkildə ölkə daxilinə göndərilib, içəridəki gizli təşkilatlar vasitəsilə bəyannamələr çap olunub, üsyanlara təşviq edilib.
Lakin II Dünya müharibəsindən sonra mühacirlərin qırılan ümidləri, SSRİ-nin güclənməsi onların içəridəki təbliğatını olduqca zəiflədib. Baxmayaraq ki, M. Rəsulzadənin müharibədən sonra Ankaraya qayıtması ilə yeni bir hərəkat başlayıb, amma əvvəlki illərlə müqayisədə onların fəaliyyəti Sovet Azərbaycanına kifayət qədər təsir etməyib.
Şübhəsiz ki, 1950-ci illərdən sonra da Azərbaycanda bir sıra ziyalılar ilk Cümhuriyyət haqqında, liderlərin mühacirətdəki fəaliyyəti barədə məlumatlara sahib idilər. 1960-cı illərdən etibarən isə mülayimləşmə mərhələsindən istifadə edilərək əlaqələr quruldu, Vətən ayrısı insanlar bir-birindən xəbər tutmağa başladılar. 1970-1980-ci illərdə bu proses daha da sürətləndi, Məhəmməd Məhərrəmov, Mirzə Göygöl kimi şəxsiyyətlərin timsalında Cümhuriyyət dövründə Vətəni tərk edən insanlar ölkələrini ziyarətə gəldilər.
SSRİ-nin kərpiclərinin yavaş-yavaş yerindən tərpəndiyi dövrlərdə, Meydan hərəkatı illərində isə artıq mühacirlərin irsinin addımları ölkəmizdə hiss edilməyə başlandı. Milli bayraqlar tikildi, meydanda dalğalandı, samizdat nəşrlər vasitəsilə ilk Cümhuriyyət haqqında insanlar məlumatlandırıldı. “Vətən” Cəmiyyətinin “Odlar yurdu” qəzeti başda olmaqla mətbuatda müntəzəm şəkildə Azərbaycan Cümhuriyyəti və onun xadimləri haqqında materiallar nəşr edildi.
Belə bir ərəfədə - hələ SSRİ-nin rəsmi şəkildə dağılmadığı, Azərbaycanın müstəqilliyinin elan edilməsindən öncə Bakıda aprelin ayının 1-də mühüm bir simpozium keçirildi: Azərbaycan Mühacirət Ədəbiyyatı Beynəlxalq Elmi Simpoziumu. Çap olunan broşurada tədbirin 25-29 mart tarixlərində keçirilməsi nəzərdə tutulsa da, simpozium 1-7 aprel günlərində həyata keçirilmişdi.
Simpoziumun təşkilatçıları
Simpoziumun təşkilatçıları Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, “Vətən” Cəmiyyəti, Azərbaycan Milli Yaradıcılıq Qurumu və Ankaradakı Azərbaycan Kültür Dərnəyi (AKD) olub. Bu tarixi məclis ötən əsrin ilk iyirmi ilində Azərbaycanın taleyində önəmli rol oynamış məşhur İsmailiyyə binasında baş tutub. O bina ki zamanında Azərbaycan türklərinin həyatı ilə bağlı önəmli qərarlar orada verilib.
M. Rəsulzadənin qurduğu Azərbaycan Kültür Dərnəyi 28 mart 1991-ci ildə Ankaradan 36 nəfərlik heyətlə yola düşüb. 29 mart günü avtobusla Batuma çatan heyəti professor Yaşar Qarayev qarşılayıb. Heyət iki qrup şəklində Batumdan Bakıya təyyarə ilə yola düşüb. Bakıda Şəhidlər Xiyabanını ziyarət edən heyətin şərəfinə böyük ziyafət verilib.
1 aprel 1991-ci il saat 11-də simpoziumun açılışı olub. Tədbirdə AYB sədri Anar Rzayev, “Vətən” Cəmiyyətinin sədri Elçin Əfəndiyev, Azərbaycanın Xarici Ölkələrlə Əlaqələr Cəmiyyətinin sədri Nəbi Xəzri, professor Bəkir Nəbiyev, professor Tofiq Hacıyev, AXC sədri Əbülfəz Elçibəy və ölkəmizin görkəmli elm xadimləri iştirak ediblər. Salonda Azərbaycan, Türkiyə və Atatürklə Rəsulzadənin təsviri olan bayraqlar asılıb.
Uzun illərdən sonra ilk dəfə milli məsələlərin müzakirəsinə həsr olunacaq bu simpoziumun açılış nitqini akademiyanın prezidenti Eldar Salayev söyləyib. Daha sonra məruzələr dinlənilib. Tarixçi alim Nəsib Nəsibzadə “Azərbaycan mühacirəti: yaranma səbəbləri və tarixi missiyası”, AKD sədri Cəmil Ünal “Türkiyədə Azərbaycan mühacirəti və Məhəmmədəmin Rəsulzadə” mövzusunda ilk çıxışları ediblər. Ünal Rəsulzadənin azərbaycanlı mühacirlərə etdiyi bir göstərişi də xatırladıb: “Özünüzü gələcək azad Azərbaycan üçün hazırlayın”.
Tanınmış türk alimi Əhməd Bican Ərcilasun mühacir dilçi alim Əhməd Cəfəroğlu haqqında məruzə edib, “Vətən” Cəmiyyətinin sədri Elçin Əfəndiyev mühacirət anlayışına açıqlıq gətirib.
Qeyd edək ki, simpoziuma Türkiyədən gələnlər arasında vaxtilə Qarabağdan köç etmiş ailənin nəslindən olan şair Yavuz Bülənd Bakilər, Əhməd Ağaoğlu haqqında məruzə edən Fəxrəddin Gülseven, Əhməd Qaraca, Yavuz Akpınar, Səlcuq Alkın, İrandan Cavad Heyət, Əsğər Fərdi kimi şəxslər də olublar.
Yaşar Qarayev: “Bir əsrlik mədəni irs xalqa qaytarılmalıdır”
Ədəbiyyat İnstitutunun direktoru olmuş professor Yaşar Qarayev simpoziumda Yaxın Şərqdən və Avropadan 60-dan çox qonağın iştirak edəcəyini, 50-dən artıq məruzənin dinləniləcəyini bildirib. O, mətbuatda açıqlamasında simpoziumun əhəmiyyətini bu şəkildə izah edib:
“Biz artıq çoxdandır ki, “xalq düşməni”, “cığırdaş”, “kulak”, “qolçomaq” kimi vulqar etiketlərin, fanatik damğaların və lənətlərin elmi, siyasi, əxlaqi təkzibinin şahidi olmuşuq. Tarixi bəraətini, elmi, nəzəri təhlilin və divanın hökmünü, qərarını gözləyən növbəti istilah və anlayış “mühacir”dir. Simpoziumun görəcəyi əsas vicdani vəzifə və iş hər şeydən əvvəl, bu missiyanı icra etməkdən ibarət olacaqdır”.
Qarayevə görə, simpoziumun gündəliyində duran elmi-humanitar vəzifə Azərbaycandan ayrılmış yüzlərlə ziyalı, mühərrir, alim və yazıçının, siyasət və dövlət xadiminin qürbətdəki fəaliyyətinin nəticələrini, onların az qala bir əsrlik mədəni-elmi, kültürəl, tarixi və ədəbi irsinin xalqa qaytarılmasıdır.
Yavuz Akpınar: “Rəsulzadənin külliyyatını nəşr etmək borcumuzdur”
Azərbaycan ədəbiyyatının və tarixinin tanınmış tədqiqatçısı, eləcə də M. Rəsulzadə irsinin araşdırıcısı Yavuz Akpınar simpoziumla bağlı düşüncələrini bu şəkildə bölüşüb:
“...Məhəmmədəmin Rəsulzadənin tam külliyyatını çapa hazırlayırıq. Artıq kitabın birinci cildi çapdan çıxmış, onu mühacirət ədəbiyyatı simpoziumuna özümlə gətirmişəm. Kitab yığdığımız materiallardan asılı olaraq 6-10 cild həcmində olmalıdır...
Rəsulzadənin yazılarını toplamaq çox çətindir, tədqiqatçıdan böyük təmkin tələb edir. Məlumdur ki, bu böyük şəxsiyyət taleyin fırtınaları ilə ölkədən-ölkəyə adlamış, məqalələri və başqa yazıları müxtəlif ölkələrdə nəşr olunmuşdur. Bütün bunlara baxmayaraq, onların hamısını yığıb küll halında nəşr etmək bizim borcumuzdur”.
Bir qədər irəli gedərək qeyd edək ki, professor Yavuz Akpınar aradan ötən 30 il zərfində verdiyi sözü həyata keçirib. O, heyəti ilə birlikdə M. Rəsulzadənin “Türk yurdu”, “Yeni Kafkasya”, “Azəri türk” jurnallarındakı, eləcə də “Xalq” qəzetindəki yazılarını, Osmanlı mətbuatına verdiyi müsahibələrini, şəxsi arxivində olan əlyazmalarını Türkiyədə çap etdirib.
Cavad Heyət: “Açılan qapılar bir daha qapanmasın”
Simpoziumda iştirak edən Tehran Azad İslam Universitetinin cərrahiyyə kafedrasının müdiri professor Cavad Heyət Azərbaycan Cümhuriyyətinin qurucuları haqqında məlumat əldə etməkdən məmnun olduğunu söyləyib və özünün çıxışı barədə dövrün mətbuatına məlumat verib:
“Mən şəxsən Məhəmmədəmin Rəsulzadənin İrandakı yüksək səviyyədə apardığı mübarizədən və onun İranla əlaqələrindən danışdım... Mühacirətdə yaşayan və özü ilə birgə xalqının mədəniyyətini, düşüncə tərzini, ənənəsini öz yaradıcılığında, fəaliyyətində yaşadan, ömrü boyu çiyinlərində həsrət yükü daşıyan, gözlərində kədər gizlənənlərin aqibəti, taleyi artıq düşüncələri titrədir, onlar haqqında fikirləşməyin vaxtı çatdığından xəbər verir. Arzum budur, qoy açılan qapılar bir daha qapanmasın”.
Səlcuq Alkın: “Bu şəxsiyyətlərdən dərs alsınlar”
“Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi yayımı verilişlərinin məsulu, sosioloq Səlcuq Alkın mətbuata açıqlamasında simpoziumun bütün türk elləri üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib:
“Azərbaycanın mübariz, qəhrəman oğullarının mühacirətdə keçən həyatı, onların siyasi, sosial və ədəbi sahələrdəki fəaliyyətləri doğma Azərbaycanın, o cümlədən bütün türk aləminin azadlığı, istiqlalı uğrundakı cəhdləri ilə Azərbaycan türklərinin illərdən sonra tanış olmasını təmin edən bu simpozium gələcəkdə yalnız Azərbaycan üçün deyil, bütün türk ölkələri üçün də böyük əhəmiyyəti olacaq bir hərəkatın başlanğıcını təşkil edir”.
Alkın bu kimi simpoziumların davamlı olmasını arzu edib: “Qoy türk xalqları faciəli ömür yaşamışların, həyatlarını öz ideallarına qurban verənlərin, torpağına, xalqına məftunların işləri ilə hərcəhətli tanış olsunlar, bu şəxsiyyətlərdən dərs alsınlar, gələcəyə daha inamla addımlasınlar”.
Kamil Vəli Nərimanoğlu: “Bu toplantı yaddaş qarşısında etiraf idi”
Görkəmli alim Kamil Vəli Nərimanoğlu simpozium haqqında “Azərbaycan” qəzetinə yazdığı düşüncələrində maraqlı bir məqama toxunub: “Bu simpozium indiyə kimi Azərbaycanda keçirilən digər elmi məclislərdən onunla fərqlənirdi ki, bu toplantı yaddaş qarşısında etiraf idi, keçmişlə gələcəyin üz-üzə dayandığı tarixi məqam idi. Bu məqamın bütün nöqtələrində ağrı, həsrət, ümid, günah, etiraf yaşayırdı. Yalnız ağıl, intellekt deyil, hiss, duyğu sarmışdı bu elmi məclisi”.
Nərimanoğlu simpoziumda əlifba məsələsinin gündəmə gətirilməsini də əhəmiyyətli hesab edib: “Simpoziumun elə bir günü olmadı ki orada Azərbaycan əlifbasından söhbət getməsin.
Əksəriyyət latın qrafikası əsaslı əlifbanın sabahımız üçün nə qədər zəruri olduğunu gözəl anlayırdı. Son plenar iclasında mən latın qrafikası əsaslı əlifbanın bərpası haqqında respublika parlamentinə müraciət təklifini verəndə böyük əksəriyyət də bu təklifi alqışla qarşıladı və böyük səs çoxluğu ilə bu təklifi qəbul etdi. Bu müraciət çoxlarının düşünüb-daşınmasına kömək edəcək. Haqq yolundan dönmək olmaz: Azərbaycanın gələcəyi latın qrafikası əsaslı əlifbası ilə qırılmaz şəkildə bağlıdır”.
Müəllifə görə, bu simpozium Azərbaycan mühacirətinin siyasi haqqının təsbiti idi.
Aprel ayının 4-də Türkiyədən gəlmiş simpozium iştirakçılarının AXC nümayəndələri ilə - Əbülfəz Elçibəy və Sabir Rüstəmxanlı ilə görüşüblər.
Bütün azərbaycanlı mühacirlərə müraciət
Simpoziumun yekununda dünyadakı bütün azərbaycanlı mühacirlərə müraciət olunub. Dövrün bir sıra qəzətlərində dərc olunan bu müraciətin ilk cümlələri çox həssasdır:
“Əziz həmvətənlər! Azərbaycandan ayrı düşmüş Azərbaycan türkləri! Tarix şahiddir ki, millət sizi heç vaxt özünə yad bilməmişdir. Vətən torpağı Vətən övladının torpaq olmuş vücudundan əmələ gəldiyi kimi, mənəvi Vətən obrazı da bizim üçün həmişə bütün həmvətənlərin Vətən hissinin və Vətən yaddaşının cəmindən yaranmışdır. Uzaqda olsun, ya yaxında, fərqi yoxdur: harada Vətən oğlunun nəfəsindən bir hərarət varsa, orada Vətənin özündən bir qəlpə, bir zərrə, bir ünvan var...
Mühacirət ağrısını duymuş milyonların dərdi nə qədər ağır və ovunmaz olsa da, bəslədiyi övladları itirən xalqın ağrısı iki o qədər acı, iki o qədər göynəklidir”.
Bəyanatda qeyd edilib ki, bu toplantının məqsədi ayrı düşmüş beyinlər və ürəklər, tarixlər və nəsillər arasında ülfət və ünsiyyətin yaradılmasıdır.
Qeyd edək ki, müraciətin ünvanlandığı dövrdə ermənilərin Qarabağ iddiaları gündəmdə idi, Bakıda 20 Yanvar qətliamı olmuşdu, Azərbaycanın haqq səsi dünyada eşidilmirdi. Buna görə də dünyaya səpələnmiş mühacirlər vasitəsilə Azərbaycanın ozamankı ağır vəziyyəti barədə mühacir nəsillərin fəaliyyət göstərmələri daha uğurlu olardı. Buna görə də müraciətdə deyilirdi:
“Hansı siyasi görüşə mənsubluğundan asılı olmayaraq hər birinizi milli əzm və iradə göstərməyə, müasir ictimai və iqtisadi, elmi və mədəni dərdlərə həmdərd olmağa, qayğılarımıza nüfuz edib qlobal miqyasa çıxarmağa, dünya xalqlarını Azərbaycan həqiqəti ilə aşina və məhrəm etməyə çağırırıq. Dünya ictimaiyyəti qarşısında Azərbaycan milli ruhunun tərcümanı olmağa, Azərbaycanın taleyində bilavasitə iştirak etməyə səsləyirik!”
Qeyd edək ki, simpoziumun materialları ayrıca kitab şəklində çap olunmasa da, istər Azərbaycan mətbuatında, istərsə də, Ankarada çıxan “Azerbaycan” jurnalında həm tarixi tədbirin gedişatı, həm də məruzələrin xülasələri ilə bağlı geniş materiallar dərc olunub.
33 il öncə baş tutan bu tarixi tədbir Azərbaycan mühacirətşünaslıq tarixində əvəzsiz bir yerə sahibdir.