Mühüm yenilik: Kredit götürənlər azalacaq?
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası" və 15 noyabr 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Bank olmayan kredit təşkilatlarında (BOKT) kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişikliklər sabahdan qüvvəyə minir.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov bu il aprelin 28-də yeni qərar imzalamışdı.
Beləliklə, qərara əsasən, Bank və BOKT müştərinin yazılı müraciəti ilə ona istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə bütün satış kanalları vasitəsilə məhdudiyyət qoymaq imkanı yaratmalıdır.
Müvafiq məhdudiyyət həmin müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla bilər.
Bank və BOKT istehlak kreditinin verilməsi zamanı kredit müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə borcalanın tətbiq etdiyi məhdudiyyətin olmamasını öz informasiya sistemi vasitəsi ilə müəyyən etdikdə, məhdudiyyətin olub-olmamasını kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı və nəzərə almalıdır.
İstehlak krediti üzrə müvafiq məhdudiyyətin mövcud olduğu şəxslə istehlak krediti müqaviləsinin məsafədən bağlanmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə yol verilmir.
Bank və BOKT Qaydalarda nəzərdə tutulan məhdudiyyəti tətbiq etmiş şəxsdən istehlak krediti müqaviləsinin məsafədən bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi üçün müraciət aldıqda, bu barədə müştərini mobil tətbiq və ya SMS məlumatlandırma vasitəsi ilə dərhal məlumatlandırır.
Bu dəyişiklik istehlak kreditlərinə tələbi azalda bilərmi və bunun kredit bazarına ümumi təsiri necə olacaq?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu dəyişiklik istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə qəbul olunub:
“Bir neçə ildir ki, banklar müştərilərlə bağladıqları müqavilələrdə məsafədən, yəni onlayn kredit müqaviləsinin bağlanması və kredit götürülməsi imkanını nəzərdə tuturlar. Lakin vətəndaşların əksəriyyəti müqavilələri oxumur və bu imkanların hansı nəticələr yarada biləcəyindən xəbərsiz olur.
Sonradan belə hallar baş verir ki, dələduz və ya haker vətəndaşa zəng edərək özünü bank əməkdaşı kimi təqdim edir, müxtəlif kodlar göndərir, parolu əldə edir və vətəndaşın adından kredit götürür. Daha sonra həmin vəsaiti hansısa bank hesabına köçürürlər.
Vətəndaşların bir qismi isə baş verənləri dərhal anlamır. Onlar düşünürlər ki, bankda pulları yoxdur, ona görə də hesablarından nə isə oğurlana bilməz. Lakin başa düşmürlər ki, onların adından kredit götürülə bilər.
İndi Mərkəzi Bank bu cür halların qarşısının alınması üçün vətəndaşa seçim imkanı verir. Vətəndaşa əvvəlcədən məlumat verilməlidir ki, müqavilədə məsafədən kredit götürülməsi ilə bağlı belə bir bənd var.
Vətəndaş da istəsə, həmin bəndin müqavilədən çıxarılmasını tələb edə bilər. Yəni kredit məsələsində vətəndaş tələb edə bilər ki, müqavilədə qeyd olunsun ki, “kredit götürmək üçün mən şəxsən banka gəlməliyəm”.
Ekspert qeyd edib ki, kreditin məsafədən verilməsi bankların özünə də sərf edir:
“Bank məsafədən kredit verirsə, xərclərini əhəmiyyətli dərəcədə azalda bilir. İlk növbədə işçi xərcləri azalır. Çünki müştərinin banka gəlməsinə ehtiyac qalmır. Vaxtilə banklarda çoxlu sayda kassir (əməliyyatçı) vardı, bankomatlar istifadəyə verildikdən sonra əməliyyatçıların sayı da azaldı.
Əvvəlki dövrdə yaşamayan və həmin prosesi görməyən insanlar bəlkə də bunun necə dəyişdiyini təsəvvür etmirlər. Təbii ki, bu işdən başı çıxan, savadlı və təcrübəli vətəndaşa məsafədən kredit götürmək sərf edir. Çünki banka getmədən kredit əldə etmək daha rahatdır. Amma xeyli insan bu prosesi tam başa düşmür və bundan istifadə edə bilmir. İndi isə vətəndaşa imkan verilir ki, əvvəlcədən desin ki, mən kredit götürmək üçün özüm banka gələcəyəm.
Bu dəyişiklik verilən kreditlərin həcmini, miqyasını və məbləğini azaltmır. Kimə kredit lazımdırsa, banka gedib kredit götürəcək. Sadəcə olaraq, bu mexanizm dələduzluq hallarının qarşısının alınmasına xidmət edir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: kredit götürənlər Əkrəm Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 01 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















