150 illik tarixi varislik
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu məqalədə Azərbaycanın yerli özünüidarəetmə (bələdiyyə) institutunun təşəkkülü, tarixi-hüquqi təkamül mərhələləri və müasir inkişaf dinamikası elmi-analitik müstəvidə tədqiq olunur.
Araşdırmada 1877-ci ildə Bakı Şəhər Dumasına keçirilən ilk seçkilərdən başlayaraq, Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) dövründə bələdiyyə sisteminin bərpası və müstəqillik dövründə (1999-cu ildən günümüzədək) formalaşan konstitusion-hüquqi model kompleks şəkildə təhlil edilir. Məqalədə, hemçinin yerli özünüidarəetmənin institusional effektivliyinin artırılması, "Bələdiyyə Günü" peşə bayramının təsis olunmasının sosio-psixoloji və idarəetmə baxımından əhəmiyyəti, sakinlərin icma qarşısında könüllü sosial məsuliyyətinin stimullaşdırılması mexanizmləri elmi əsaslarla əsaslandırılır.
Müasir dövlət idarəçiliyi nəzəriyyəsində yerli özünüidarəetmə institutu yalnız inzibati mexanizm kimi deyil, vetenədaş cəmiyyətinin yetkinlik dərəcəsini, mərkəzsizləşdirmə (desentralizasiya) səviyyəsini və sosial-iqtisadi inkişafın yerli səviyyədə təminatını əks etdirən fundamental indikator kimi qəbul edilir. Şərqdə ilk demokratik respublika ənənələrinə sahib olan Azərbaycanda yerli idarəetmə təcrübəsi zəngin tarixi və hüquqi irsə malikdir.
2027-ci ildə Azərbaycan ərazisində ilk seçkili yerli özünüidarə organının — Bakı Şəhər Dumasının formalaşdırılmasının 150 illik yubileyi tamam olur. Bu tarixi yubiley və bələdiyyələrimiz üçün əlamətdar hadisəərəfəsində bələdiyyə sisteminin keçdiyi inkişaf yolunun elmi-nəzəri təhlili, tarixi varislik prinsipinin qorunması və institusional nüfuzun artırılması müasir hüquq və sosiologiya elmləri üçün xüsusi aktuallıq kəsb edir.
Azərbaycan bələdiyyəçilik tarixinin xronoloji institusional xəritəsini 4 mərhələdə araşdırmaq mümkündür:
1-ci mərhələ 1877-ci il 9 dekabr. Bu tarixdə Azərbaycanda ilk olaraq Bakı Şəhər Dumasına seçkilər keçirilmişdir (Yerli idarəçiliyin təməli).
2-ci mərhələ 1878-ci il 8 yanvar. Bu tarix Bakı Şəhər Dumasının ilk iclasının keçirildiyi gündür. Bu tarixi mərhələ əsasən bələdiyyə instuitutunun rəsmi fəaliyyətə başladığı başladığı tarix olaraq qiymətləndirilməlidir.
3-cü mərhələ 1918-ci il 30 iyul. Bu tarixdə Bakıda hakimiyyəti 1917-ci ildə qanunsuz olaraq zəbt etmiş Bakı Xalq Komissarları (Stepan Şaumyaının rəhbərlik etdiyi bolşevik-daşnak rejimi) tərəfindən ləğv edilmiş şəhər özünü idarəsinin yenidən bərpası haqqında AXC Hökuməti 30 iyul 1918-ci ildə Qərar qəbul edilib.
4-cü mərhələ 1999-cu il 12 dekabr. Bu tarixdə müstəqil Azərbaycanda ilk ümumxalq bələdiyyə seçkiləri keçirilmişvə müasir yerli özünüidarəetmə institutu praktiki fəaliyyətə başlamışdır.
Azərbaycanda yerli özünüidarəetmə tarixi
Şərqdə ilk müasir şəhər idarəçiliyi formalarından biri olan Bakı Şəhər Duması 1870-ci il Şəhər Əsasnaməsinin tətbiqi nəticəsində təşəkkül tapmışdır. Arxiv sənədlərinin və hüquqi aktların təhlili göstərir ki, 6-9 dekabr 1877-ci il tarixlərində Bakı Şəhər Dumasına ilk seçkilər keçirilmişdir. Bu əlamətdar hadisə Azərbaycan hüquq tarixində ilk dəfə seçki hüququnun və kollegial yerli özünüidarə prinsiplərinin praktiki tətbiqidir. 8 yanvar 1878-ci il tarixində Dumanın ilk iclası təşkil olunmuş və organ kimi praktiki fəaliyyətə başlamışdır.
Bakı Şəhər Duması şəhər təsərrüfatı, abadlıq, maarif və səhiyyə sahələrində geniş səlahiyyətlərə malik olmaqla, Azərbaycan maarifçilərinin və milli burjuaziyasının ictimai idarəçilikdə iştirakı üçün mühüm platformaya çevrilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə bələdiyyəçiliyin milli-dövlətçilik əsasında bərpası
1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yerli idarəetmənin milli dövlətçilik prinsiplərinə uyğunlaşdırılmasına xüsusi önəm vermişdir.30 iyul 1918-ci il tarixində AXC Hökuməti tərəfindən şəhər və qəza bələdiyyə idarələrinin fəaliyyətinin bərpa edilməsi və yenidən təşkil olunması haqqında strateji Qərar qəbul edilmişdir. Bu hüquqi akt yerli özünüidarəetmənin çar Rusiyasının müstəmləkə idarəçilik modelindən azad olunaraq, müstəqil respublikanın atributu kimi formalaşmasını təmin etmişdir.
Müasir Azərbaycanda bələdiyyə sistemi
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası (IX Fəsil) bələdiyyələri müstəqil yerli hakimiyyət təsisatı kimi təsbit etmişdir. 12 dekabr 1999-cu il tarixində keçirilmiş ilk bələdiyyə seçkiləri ilə müasir yerli özünüidarəetmə sistemi praktiki fəaliyyət mərhələsinə qədəm qoymuşdur.
Problemlər və onların həllinə dəstək
Müasir dövrdə bələdiyyələrin qarşısında duran başlıca çağırışlar aşağıdakı elmi-praktiki platformada qruplaşdırıla bilər:
1. Maliyyə-iqtisadi müstəqillik: Bələdiyyələrin mərkəzi büdcə dotasiyalarından asılılığının azaldılması, yerli vergi və ödənişlərin yığılması mexanizmlərinin rəqəmsallaşdırılması.
2. Kadr potensialı və peşəkarlıq: Yerli özünüidarəetmə sahəsində ixtisaslaşmış hüquqşünas, sosioloq və mütəxəssis kadrların çatışmazlığı.
3. Sosial etimad və icma iştirakçılığı: Sakinlərin yerli problemlərin həllində "könüllü sosial məsuliyyət" modelinə əsaslanan iştirakçılıq səviyyəsinin aşağı olması.
Sakinlərin könüllü sosial məsuliyyəti modeli
Müasir sosioloji yanaşmalar və təhlillər göstərir ki, yerli inkişaf yalnız yuxarıdan aşağıya (top-down) idarəetmə ilə deyil, icmanın daxili resurslarının və təşəbbüskarlığının sferaya cəlb olunması ilə aşağıdan yuxarıya doğru prinsipi ilə daha uğurlu nəticələr əldə edir. Sakinlərin passiv müşahidəçi mövqeyinə keçməsi yerli özünüidarəetmə və icma inkişafı layihələrinin səmərəliliyinə mənfi təsir göstərir.
Sakinlərin bir çoxunun cins, irq, din və sosial status fərqliliklərinə görə yerli təşəbbüslərdən kənarda qalması, icma daxilində həmrəyliyin zəifləməsinə, yerli qərarların qəbulunda və icma problemlərinin həllində təşəbüskarlıq göstərməməsi onların fərdi potensialını və könüllülüyün resurslarının sistemli şəkildə səfərbər olunmamasna səbəb olur.
“Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyasının tətbiqi bələdiyyə-vətəndaş münasibətlərində keyfiyyətcə yeni mərhələ açacaqdır.
Beləliklə, Azərbaycanın 150 illik yerli özünüidarəetmə tarixi göstərir ki, bələdiyyə institutu milli idarəçilik mədəniyyətinin ayrılmaz hissəsidir. 2027-ci ildə 150 illik yubileyin dövlət səviyyəsində qeyd olunması, "Bələdiyyə Günü" peşə bayramının təsisi və yerli idarəetmədə konseptual islahatların dərinləşdirilməsi ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına və yerli demokratiyanın möhkəmlənməsinə fundamental töhfə verəcək.
Fərman Salmanlı, Bələdiyyə məsələləri üzrə ekspert, hüquqşünas
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:86
Bu xəbər 29 Oktyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















