Icma.az
close
up
RU
Müstəqil Azərbaycanın milli valyutasının “ad günü”

Müstəqil Azərbaycanın milli valyutasının “ad günü”

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

34 il əvvəl avqustun 15-də manat əsginasları və qəpikləri dövriyyəyə buraxılıb

Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi. Bununla da, suveren ölkəmizdə müasir mərkəzi bankçılıq dövrü başlandı. Eyni zamanda, Konstitusiyanın “Bank sistemi və pul tədavülü” adlanan 14-cü maddəsində ölkədə müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsbit edildi, Mərkəzi Bankın statusu və səlahiyyətləri müəyyənləşdirildi.

Ali dövlət sənədində Mərkəzi Bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən, bütövlükdə, bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan edildi. Eyni zamanda, Mərkəzi Bankın fəaliyyətini tənzimləyən bir sıra qərarlar imzalandı.

Gözün aydın, Azərbaycan...

Həmin dövrdə respublikada pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası ölkə Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyuldu. 1992-ci il avqust ayının 15-də isə ölkənin milli valyutası – 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxıldı. Xalqımız müstəqil Azərbaycanın bu tarixi uğuruna “gözəl aydın!” – dedi.

Ümummilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanı ilə manat dövriyyədə yeganə ödəniş vasitəsi kimi təsbit edildi və respublikanın rubl zonasından çıxması gerçəkləşdirildi. Bununla da Mərkəzi Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı qazandı. Ulu öndərin sədrliyi ilə yaradılan Dövlət Komissiyası isə 1994-cü il yanvarın 1-dən etibarən manatı ölkənin yeganə ödəniş vasitəsi elan etdi və bu, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilən referendumda qəbul olunan Konstitusiya aktında bir daha öz təsdiqini tapdı.

Pul dövriyyəsinin nizamlamaq və nağd pula tələbatla bağlı xərcləri azaltmaq, səmərəliliyi artırmaq və resurslardan düzgün istifadə etmək məqsədilə 1994-cü ildə yeni iri nominallı 10000 və 50000 manatlıqlar tədavülə buraxılsa da, 1999-cu ildə dünyada baş verən qlobal iqtisadi böhran fonunda milli valyutanın dəyəri yenidən zəifləməyə başladı və bu proses 2004-cü ilədək davam etdi. Buna görə də 1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən buraxılan 10 min manatlıq əsginasın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də sözlə nominal yerləşdirildi.

Həmin vaxt İngiltərənin “De La Rue” şirkətinin çap etdiyi 50 min manat dəyərində əsginaslar 1996-cı ildən dövriyyəyə buraxıldı və bu pul vahidinin üzərində orijinal üslubda Naxçıvandakı memarlıq abidəsi – “Möminə Xatun türbəsi”, arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnən çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verildi. 2001-ci ildə isə “De La Rue” şirkəti tərəfindən yeni dizaynla Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilən 1000 manat dəyərində əsginas buraxıldı. Onun dizaynında ənənəvi çərçivələr və ornamentlərdən istifadə olundu.

Ümumilikdə, Milli Bank tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992 – 2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əsginas istehsal olunaraq dövriyyəyə buraxıldı. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə saxlanıldı və denominasiya çərçivəsində dövriyyədən geri yığıldı.

Azərbaycan Prezidenti 2005-ci il fevralın 7-də “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzaladı. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə oldu və 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid gerçəkləşdirildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı.

Xatırladaq ki, həmin vaxt dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində əsginaslardan və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət olub. Yeni manatın dizaynı ilə bağı müsabiqədə Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina qalib elan edilib. Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.

2018-ci il mayın 23-də yeni 200 manatlıq pul nişanı təqdim olunub. Onun dizaynı ABŞ şirkəti “Crane Currency” tərəfindən hazırlanıb. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub. 200 manatlıq kağız pul nişanının üzərində paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks edilib.

Mərkəzi Bank tərəfindən beynəlxalq təcrübədə ən son innovasiyaların və texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın yenilənməsi prosesləri çərçivəsində “Qarabağ” mövzusuna həsr olunan yeni 20 manatlıq pul nişanı da tədavülə buraxılıb. Bu pul nişanı üzərində əsas dizayn motivləri – Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmini əks etdirən qılınc, dəbilqə, qalxan təsvirləri, eləcə də bir sıra digər dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini ifadə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib.

2023-cü il mayın 10-dan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mərkəzi Bank ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarını tədavülə buraxıb. Eyni zamanda, Mərkəzi Bank ənənəsinə sadiq qalaraq ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarının da tədavülünü reallaşdırıb. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.

Xatırladaq ki, yubiley və investisiya məqsədli həmin pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib. Onların əsas dizayn elementləri kimi ön tərəfində Ulu öndərin portretinin profil görüntüsü, imzası və “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub.

Azərbaycan Mərkəzi Bankı tərəfindən yenilənərək tədavülə buraxılan 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbi, eləcə də pul nişanının istehsal ili (2023) əks olunub. Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışı və geri alışı Mərkəzi Bank tərəfindən həyata keçirilir. Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanaraq, eyni zamanda, buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsi kimi dəyərləndirilir.

Manatın immuniteti yüksəkdir

Azərbaycanda möhkəm makroiqtisadi sabitlik və dayanıqlılığın əsasları yaradılıb. Bu isə iqtisadi artımda müsbət göstəricilərin əldə edilməsi və iqtisadi inkişafın sürətlənməsi, eyni zamanda, inflyasiyanın sabit saxlanılması ilə nəticələnib. Təbii ki, belə bir şəraitdə əhalinin gəlirlərinin formalaşması, manatın alıcılıq qabiliyyətinin qorunması və əhalinin yığımlarının dəyərsizləşməsinin qarşısının alınması kimi hədəflərə nail olunub.

Yeri gəlmişkən, maliyyə və bank sektorunun sabitliyinin və əhalinin sosial rifahının qorunmasında milli valyutanın – manatın rolu mühüm önəm daşıyır. Manatın sabitliyi iqtisadiyyatda gözləntiləri müsbətə yönəldir, investorlar üçün proqnozlaşdırıla bilən mühit yaradır. Bütün bunlarla yanaşı, gölgə iqtisadiyyatına qarşı mübarizə, vergi və gömrük sistemində şəffaflığın artırılması büdcə daxilolmalarının artmasına və maliyyə intizamının güclənməsinə birbaşa təkan verir.

Beynəlxalq reytinq agentliklərinin proqnozlarında manatın məzənnəsi ilə bağlı proqnozlar nikbindir. Bu sabitliyin yaratdığı reallıq özündə bir sıra müsbət məqamları ehtiva edir. Struktur islahatlarının aparılması, qeyri-neft sektorunun davamlı inkişafının diqqətdə saxlanılması və ixrac bazalarının genişləndirilməsi kimi məsələlər sözügedən prioritet istiqaməti gerçəkləşdirir.

Maliyyəçi-ekspert İsgəndər Abbasovun sözlərinə görə, bir sıra maliyyə institutları, eləcə də “Fitch Ratings” beynəlxalq reytinq agentliyi manatın məzənnəsinin qarşıdakı 5 ildə də sabit qalacağını proqnozlaşdırıb. Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq və makroiqtisadi vəziyyəti sabitləşdirmək məqsədilə 2017-ci ildə milli valyutanın 1 ABŞ dollarına nisbətən məzənnəsini 1,7 manat səviyyəsində müəyyənləşdirib.

İsgəndər Abbasov bu mövzuda söhbətində bildirdi ki, sabit məzənnə siyasətinin bir sıra müsbət cəhətləri var. Bunun sayəsində, ilk növbədə, əhali və biznes subyektləri üçün proqnozlaşdırıla bilən maliyyə mühiti formalaşır. İstehlak mallarının, xüsusilə idxal məhsullarının qiymətlərində qeyri-sabitlik nəzərə çarpmır.

Sabit məzənnə siyasətinin reallaşdırılması ilə dollarla borcu olan şəxslər və müəssisələr üçün valyuta riski azalır. İnflyasiyanın idarəolunan səviyyədə saxlanılması da məhz sabit məzənnə tətbiqinin uğurlu nəticələrindən biridir. Bundan əlavə, maliyyə sektoru üçün də müəyyən rahatlıq yaranır. Belə ki, banklar üçün risklərin idarə olunması asanlaşır, kredit bazarında qeyri-müəyyənlik qalxır. Mərkəzi Bank məzənnə sabitliyini qorumaq üçün əsasən valyuta bazarına intervensiyalar həyata keçirir, faiz dərəcələri vasitəsilə pul siyasətinə təsir edir və kapital axınlarını nəzarətdə saxlayır.

İsgəndər Abbasovun fikrincə, Azərbaycan iqtisadiyyatına inamı formalaşdırmaq, daxili və xarici investisiyaları cəlb etmək üçün sabit məzənnə daha etibarlıdır: Ölkə daxilində də psixoloji olaraq sabit məzənnə sərfəlidir. Amma qonşu ölkələrdə “üzən məzənnə” tətbiq edilir. Lakin bizdə əhali də tam “üzən məzənnə”yə hazır deyil. “Üzən məzənnə”nin gətirdiyi dalğalanmalara kəskin reaksiya verilir. Bu zaman inflyasiya dərinləşir. Sabit məzənnə isə əhalinin yığımına da təsir edir və inamı artırır.

İqtisadçı-ekspert Yusif Həsənov söhbət zamanı bildirdi ki, hökumət, eləcə də Mərkəzi Bank manatın sabilliyini və alıcılıq qabiliyyətini qorumaq üçün həm monetar, həm də makroiqtisadi mexanizmlərdən istifadə edir. İqtisadi siyasətdə əsas diqqət manatın həddindən artıq kəskin bahalaşmasından və ya kəskin ucuzlaşmasından qorunmasına, yəni davamlı məzənnə sabitliyinə yönəlib. Buna görə də Mərkəzi Bank dolların manata olan rəsmi məzənnəsini sabit çərçivədə saxlamağı qərara alıb.

Bazarda dollara olan tələbat artdıqda Dövlət Neft Fondu və Mərkəzi Bank hərraclar vasitəsilə bazara valyuta təklif edir, artıq manat kütləsin nüfuz edərək məzənnə təzyiqini neytrallaşdırır. Adları çəkilən fond və bankın ehtiyatları xarici iqtisadi şoklara (neft qiymətlərinin dalğalanması və s.) qarşı təhlükəsizlik yastığı rolu oynayır. Bu ehtiyatlar ölkənin uzunmüddətli idxal tələbatını dəfələrlə üstələyir və milli valyutaya olan inamı gücləndirir. Eyni zamanda, inflyasiya meyillərinə uyğun olaraq uçot dərəcəsinin tənzimlənməsi pul təklifini və kredit bazarındakı aktivliyi nəzarətdə saxlayır.

Vaqif BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri