Naxçıvan ölkənin enerji layihələri poliqonudur
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Muxtar respublika öz tələbatını ödəyir, xaricə də enerji satır
Fiziki-coğrafi mövqeyi, mürəkkəb relyefi və nadir təbii şəraiti ilə fərqlənən Naxçıvan Muxtar Respublikası ölkəmizin strateji əhəmiyyətli regionlarından biridir. Bu coğrafi özəllik bölgənin sosial-iqtisadi inkişafı ilə yanaşı, elektroenergetika sahəsində də səciyyəvi yanaşmalar və dayanıqlı həllər tələb edən çağırışlar formalaşdırmışdır.
Azərbaycanın əsas enerji mərkəzlərindən kənarda yerləşən və uzun müddət təchizatı məhdud imkanlar daxilində olan Naxçıvanın bu sahədə təhlükəsizliyinin təmin edilməsi mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Bu səbəbdən də muxtar respublikanın dayanıqlı elektrik enerjisi təminatı məqsədilə müasir infrastrukturun yaradılması dövlətin strateji prioritetlərindən biri kimi müəyyən edilmişdir. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı da bu məsələni bir daha vurğuladı: “Naxçıvanın Baş Planı da hazırlanır, həm şəhərin, həm də bütün şəhərlərin. Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma, – indi orada böyük suvarma layihələri icra ediləcək, – istər turizm, bu bölgəni biz birləşdirəcəyik”.
Xatırladaq ki, müəyyən dövr Naxçıvanın enerji təminatı regional bazarlardan asılı vəziyyətdə idi. Elektrik enerjisi tələbatı daha çox mövcud lokal potensialla ödənilirdi. O zaman Naxçıvan elektrik enerjisi ilə təminatda çətinliklərlə üzləşir, məhdud istehsal imkanları ilə qismən təmin olunan sistemdə fasilələr yaranırdı. Bu isə elektrik stansiyalarının gücünün artırılması, yarımstansiyaların modernləşdirilməsi və yüksəkgərginlik xətt infrastrukturlarının yenilənməsi kimi məsələlərin strateji əhəmiyyətini gündəmə gətirirdi.
Müstəqilliyimizin ilk illərində Naxçıvan Muxtar Respublikası enerji blokadası ilə də üz-üzə qaldı. 1990-cı illərin əvvəllərində Ermənistanın Zaqafqaziyanın vahid enerji sistemindən qidalandırıcı enerji xətlərini kəsməsi nəticəsində muxtar respublikada müəyyən müddət enerji böhranı yaşandı. Bu isə, regionun iqtisadiyyatına ciddi təsir göstərdi.
Həmin dövrdə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli addımları sayəsində Naxçıvan üçün müstəqil enerji strategiyasının əsası qoyuldu. İlk növbədə, daxili enerji istehsalına başlanılması üçün tədbirlər görüldü. Sonrakı illərdə bu istiqamətdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün mühüm hüquqi və təsisat bazası formalaşdırıldı. Nəticədə, muxtar respublikada enerji təhlükəsizliyinin təmin edilməsi, bu sistemin etibarlılığı ilə bağlı məsələlər yeni mərhələyə qədəm qoydu.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da elektroenergetika sahəsində mühüm islahatlar və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bu təşəbbüslər Muxtar Respublikanın enerji təhlükəsizliyinin təminatına alternativ və bərpaolunan enerji potensialından səmərəli istifadəyə, eləcə də rəqəmsal idarəetmə sistemlərinin tətbiqi ilə enerji sektorunun modernləşdirilməsinə yönəlib. Ölkə başçısının müvafiq tapşırıqlarına uyğun həyata keçirilən enerji siyasəti strateji planlaşdırma və ekoloji davamlılıq baxımından mühüm mərhələyə qədəm qoyub.
Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” regionda elektrik enerjisi infrastrukturunun yenilənməsi, “yaşıl enerji” potensialının reallaşdırılması üçün hüquqi və iqtisadi baza yaradıb. Xüsusilə, 2023-cü ilin dekabr ayında dövlət başçısının Naxçıvan Muxtar Respublikasını “yaşıl enerji zonası” elan etməsi ölkənin enerji siyasətində önəmli hadisə oldu. Bununla Naxçıvanın alternativ və bərpaolunan enerji resurslarının – günəş, külək və hidroenerji potensialının sistemli şəkildə istismarı və inkişaf etdirilməsi məqsədi daşıyır. Regionun coğrafi şəraiti və günəşli günlərin sayı bu sahədə böyük perspektivlər vəd edir.
2024-cü ilin noyabrında Prezidentin növbəti fərmanı ilə Naxçıvan Muxtar Respublikasının elektroenergetika sistemi “Azərenerji” ASC və “Azərişıq” ASC-yə inteqrasiya edildi. Bununla Naxçıvanın elektroenergetika sektoru müasir idarəetmə prinsiplərinə, texnoloji yeniliklərə və vahid milli enerji siyasətinə uyğun şəkildə yenidən təşkil edilir. Mərkəzləşdirilmiş idarəetmə modeli vahid standartların tətbiqinə, enerji infrastrukturunun daha çevik və səmərəli istismarına, eləcə də texniki resursların optimal bölüşdürülməsinə şərait yaradır. Eyni zamanda, Naxçıvanda paylayıcı və ötürücü şəbəkələrin müasirləşdirilməsi, rəqəmsallaşdırılması, yeni elektrik stansiyalarının və yarımstansiyaların tikintisi istiqamətində mühüm layihələr icra olunur.
Ölkə başçısının 2024‑cü il 23 dekabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında yeni İstilik Elektrik Stansiyasının (İES) tikintisi ilə bağlı tədbirlər haqqında” verilən qərar regionun enerji təhlükəsizliyi və davamlı inkişaf strategiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Bu addım uzunmüddətli dövrdə muxtar respublikanın daxili istehsal gücünün artırılmasına və enerji müstəqilliyinin təmin olunmasına yönəlmiş strateji addım kimi qiymətləndirilə bilər. Yeni İES layihəsinin gerçəkləşdirilməsi Naxçıvanda elektrik enerjisinin fasiləsiz və dayanıqlı təminatı üçün mövcud infrastrukturun təkmilləşdirilməsinə, yük rejimlərinin optimallaşdırılmasına və sistem sabitliyinin qorunmasına xidmət edəcək. Eyni zamanda, muxtar respublikanın sosial-iqtisadi inkişafını dəstəkləməklə, sənaye və məişət istehlakçılarının artan enerji tələbatını qarşılamağa imkan verəcək.
2025-ci il 5 avqust tarixli “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin rekonstruksiyası və bərpası ilə bağlı əlavə tədbirlər haqqında” fərman da regionun enerji infrastrukturunun növbəti inkişaf mərhələsinə keçidini təmin edən mühüm strateji sənədlərdəndir. Sənədin əsas hədəfi 2026–2030-cu illəri əhatə edən dövrdə Naxçıvanın paylayıcı şəbəkəsinin müasirləşdirilməsi, səmərəliliyin artırılması və fasiləsiz enerji təchizatıdır. Nəzərdə tutulan tədbirlər “Azərişıq” ASC-nin Naxçıvan üzrə paylayıcı şəbəkənin yenidən qurulması prosesində məsul tərəf olduğunu hüquqi şəkildə təsdiqləməklə yanaşı, idarəetmədə mərkəzləşmiş yanaşmanın tətbiqini gücləndirir.
Azərbaycan Respublikasının enerji siyasəti çərçivəsində, ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası üçün xüsusi elektroenergetika strategiyası hazırlanıb. Strategiya çərçivəsində layihədə Naxçıvanda Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin, “Naxçıvan Enerji” MMC-nin inzibati binasının tikintisi, 110/35/10 kV-luq “Naxçıvan” və “Çeşməbasar”, həmçinin 154/110/10 kV-luq “Babək” yarımstansiyalarının, 110 kV-luq ötürücü hava elektrik xətlərinin yenidən qurulması, yaşayış yerlərindən keçən hava xətlərinin trassasının dəyişdirilməsi, eyni zamanda, kabelləşdirilməsi və bu kimi digər işlərin icrası həyata keçirilir.
Ölkə üçün strateji əhəmiyyət daşıyan əsas infrastruktur layihələrindən biri uzun illər əsas enerji sistemindən ayrı düşmüş Naxçıvan enerji şəbəkəsinin 330 kV-luq ötürücü xətlə Cəbrayıl yarımstansiyası üzərindən ümumi respublika enerji sisteminə qoşulmasıdır. Hazırda xəttin seçilmiş trassası üzrə ərazilərin topoqrafik araşdırılması, dayaq nöqtələrinin planlaşdırılması və digər mühüm layihələndirmə işlər aparılır. 330 kV-luq Cəbrayıl–Naxçıvan ötürücü xəttinin çəkilməsi, uzun illər enerji blokadasında qalan və Azərbaycanın əsas enerji sistemindən təcrid olunmuş Naxçıvan üçün tarixi əhəmiyyət daşıyan bir hadisədir.
Layihənin reallaşdırılması nəticəsində muxtar respublika xarici enerji asılılığından tamamilə azad olur, enerji təhlükəsizliyi dayanıqlı şəkildə təmin edilir. Yeni infrastruktur Naxçıvanın həm daxili tələbatını qarşılamağa, həm də gələcəkdə istehsal etdiyi elektrik enerjisini, xüsusilə bərpaolunan mənbələrdən alınan enerjini Azərbaycanın ümumi sisteminə ötürməyə imkan yaradır. Paralel olaraq, Naxçıvandan Türkiyəyə enerji ixracı strateji baxımdan mühüm perspektivlər vəd edir.
Gələcəkdə Naxçıvandan İğdır üzərindən Türkiyə enerji sisteminə inteqrasiya imkanları texniki və siyasi baxımdan mümkün hesab olunur. Bu, həm Azərbaycan-Türkiyə enerji əməkdaşlığını dərinləşdirəcək, həm də Naxçıvanın iqtisadi müstəqilliyini və regional rolunu daha da gücləndirəcək.
Sevinc RZAYEVA,
Naxçıvan Dövlət Universiteti elektroenergetika mühəndisliyi kafedrasının baş müəllimi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 08 Yanvar 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















