Icma.az
close
up
RU
Nazim Hikmət və Bakı: bir şair, bir şəhər, min xatirə...

Nazim Hikmət və Bakı: bir şair, bir şəhər, min xatirə...

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Türk araşdırmaçı, yazıçı və səyyah Timur Özkanla  müsahibə

Həyat və yaradıcılığı Türkiyə, Moskva və Bakı ilə bağlı olan böyük türk şairi Nazim Hikmət siyasi təqiblər səbəbindən Türkiyədən ayrılaraq uzun illər Moskvada yaşayıb. Moskva onun üçün həm sığınacaq, həm də yaradıcılığının mühüm mərhələsinin formalaşdığı şəhər olub. Bakı isə şairin həyatında xüsusi yer tutub. Burada Səməd Vurğun, Rəsul Rza, Mikayıl Rəfili, Süleyman Rüstəm və digər sənət adamları ilə dostluq əlaqələri yaradıb. Bakı da Nazim Hikməti böyük rəğbətlə qarşılayıb, onu yalnız tanınmış türk şairi kimi deyil, doğma bir sənətkar kimi qəbul edib.

Nazim Hikmət sevdası ilə Bakıya üz tutan Timur Özkanla da söhbətimiz bu barədədir. Timur Özkan Türkiyənin tanınmış memarı, araşdırmaçı yazarı və dünyanı gəzən müasir səyyahıdır. 1957-ci ildə Ankarada doğulmuş, həm peşəkar memarlıq fəaliyyəti, həm də dünyanı gəzərək qələmə aldığı səyahətnamələri və mədəniyyət araşdırmaları ilə tanınır. Tələbəlik illərindən səyahətə başlayan Özkan Türkiyənin demək olar ki, hər yerini və dünyanın 100-dən çox ölkəsinin 500-ə qədər şəhərini gəzmişdir. Özünü müasir dövrün Evliya Çələbisi kimi görən yazıçı səyahətlərini qeydə alır və indiyə qədər 50-dən çox kitab layihəsinə (yazıçı, tərtibatçı və redaktor kimi) imza atmışdır. Onun müxtəlif qəzet və jurnallarda 700-dən çox səyahət yazısı dərc olunub. 

Bu dəfə isə Bakıya üz tutub, Nazim Hikmətin izi ilə...

– Bakı Nazim Hikmətin yaradıcılığına başqa bir prizmadan baxmağa imkan verir. Onun burada keçirdiyi günlər, Azərbaycan yazıçı və şairləri ilə münasibətləri, iştirak etdiyi tədbirlər və Bakı haqqında yazdıqları bir araya gətiriləndə şairin Azərbaycanla bağlı təsəvvürləri daha aydın görünür. Məncə, Bakı Nazimın ədəbi bioqrafiyasında ayrıca öyrənilməli bir məkandır. Böyük şairimiz Bakıya dəfələrlə gəlib. Səfərlərindən birində yaxın dostu Əkbər Babayevin doğma şəhəri Gəncəyə, digər səfərində isə Səməd Vurğunun kəndi olan Qazax rayonunun Yuxarı Salahlı kəndinə də gedib. Bu səfərlərin onun şəxsi həyatına və ədəbi şəxsiyyətinə təsirlərini öyrənmək istədim. Eyni zamanda, Bakıda Nazim Hikmətdən hər hansı bir iz qalıbmı, qalıbsa, nələrdir – bunları da görmək istədim.

– Bakı Nazim Hikmətin həyatında və yaradıcılığında niyə bu qədər xüsusi yer tutur? Şairi şəhərimizə bağlayan nə idi?

– Bakı Nazim Hikmətin ədəbi bioqrafiyasının mühüm səhifələrindən biridir. Onun burada keçirdiyi günlər, yazdığı əsərlər, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri ilə münasibətləri və şəxsi həyatının bəzi mühüm məqamlarının Bakı ilə əlaqələnməsi bu şəhəri onun yaradıcılıq tarixində xüsusi bir məkana çevirir. Eyni zamanda, bu tarix hələ tam öyrənilməyib. Arxivlərdə yeni sənədlərin üzə çıxması həm Nazim Hikmətin Azərbaycanla münasibətlərini, həm də XX əsrin Azərbaycan–Türkiyə ədəbi-mədəni əlaqələrinin müəyyən səhifələrini daha dərindən öyrənməyə imkan verə bilər. Nazim Hikmətin Azərbaycanda başqa dostları da olub. Onun təbiəti ilə İstanbul və İzmirə bənzətdiyi Bakını və ölkənizi çox sevdiyi məlumdur. Həmçinin Sovet İttifaqına ilk gəldiyi dövrlərdə burada yaşamaq istəyib, lakin Moskvadan icazə olmayıb. Hətta “Ölkəmə dönə bilməsəm, burada dəfn olunmaq istəyirəm” deyib. Bakı haqqında çoxlu şeirlər yazıb.

– Nazim Hikmətin Bakıya dəfələrlə səfər etdiyi məlumdur. Onun səfərləri və burada keçirdiyi vaxt haqqında nələr müəyyənləşdirə bilmisiniz? 

– Apardığım araşdırmalara görə, Bakıya səkkiz dəfə gəlib. İlk üç səfəri gənclik illərinə təsadüf edir və həmin səfərlər haqqında əlimizdə o qədər də çox məlumat yoxdur. 1957–1962-ci illər arasındakı səfərlərində isə burada çox iş görüb. Özünün yazdığı pyesləri izləyib, qəzet və jurnallara yazılar yazıb, müxtəlif toplantılarda iştirak edərək çıxışlar edib. Məsələn, 1958-ci ildə Füzulinin heykəlinin təməlqoyma mərasimində etdiyi çıxış “Bakinski raboçi” qəzetində “Şairin müqəddəs borcu” başlığı ilə dərc olunub. Eyni zamanda, 1962-ci ildə Mirzə Fətəli Axundzadənin anadan olmasının 150 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak edib. Nazimin Axundzadə haqqında yazısı da bu qəzetdə “İnsanlara sevgi” başlığı ilə dərc olunub.

– Bakı onun yaradıcılığında necə əks olunub? Nazim Hikmətin hansı əsərləri, şeirləri və ya xatirələri onun Azərbaycana münasibətinə işıq salır?

– Nazim ən məşhur şeirlərindən bir çoxunu ya Bakıya gedərkən, ya Bakından qayıdarkən, ya da Bakıda yazıb. “Neftə doğru”, “Neftin cavabı”, “Otuz il sonra”, “Bəhri-Həzər”, “Qapalı dəniz”, “Gecəyarı Bakı” bunlardan bəziləridir. Bundan başqa, Bakı haqqında təəssüratlarını 11 iyun 1960-cı il tarixli “Literaturnaya qazeta”da Moskvada yazıb. Bu yazısında Bakıda aparılan şəhərsalma işlərini yüksək qiymətləndirib və hətta Moskvaya nümunə göstərib.

– Nazim Hikmətin Bakı səfərləri ilə bağlı həmin dövrün qəzet və ədəbi nəşrlərində xeyli materialın qorunduğunu bildirirsiniz. Bu arxiv materialları onun “Azərbaycan dövrü” haqqında bizə nə deyir?

– Bu materiallar Nazim Hikmətin Azərbaycandakı fəaliyyətinin yalnız səfərlərdən ibarət olmadığını göstərir. Onun müxtəlif mədəni tədbirlərdə iştirakı, çıxışları, qəzet və jurnallarda yazılarının dərc olunması Azərbaycan ədəbi-mədəni mühiti ilə əlaqələrinin genişliyini göstərir. Arxiv materialları onun Bakıdakı fəaliyyətini, burada hansı mühitdə olduğunu və Azərbaycan ədəbiyyatına münasibətini daha dərindən öyrənmək üçün mühüm mənbədir.

– Bununla yanaşı, mətbuatda nədənsə əksini tapmayan bir hekayə də üzə çıxarmısınız. Söhbət nədən gedir?

– Nazim Hikmətin ədəbi şəxsiyyəti ilə yanaşı, şəxsi həyatı da həmişə diqqət mərkəzində olub. Şairin şəxsi həyatında qadınların da xüsusi yeri var. Nazimın həm Türkiyədə, həm də Rusiyada bir çox qadınla münasibətləri məlumdur və bu münasibətlər demək olar ki, ən incə detallarına qədər üzə çıxarılıb. Yalnız biri istisnadır: Nazim Hikmətin həyatında sonuncu qadın olan Adilə Hüseynova.

– Adilə Hüseynova Nazim Hikmətin həyatına necə daxil olub? Bu qadın haqqında nələr məlumdur və şairlə necə tanış olub?

– Moskvada yaşayan Adilə xanım həmin dövrdə Lenin Kitabxanasında işləyir, eyni zamanda Ədəbiyyat İnstitutunda təhsil alırdı. Bundan əvvəl musiqi təhsili də almışdı. Nazimın iştirak etdiyi bir toplantıya xalq mahnıları oxumaq üçün dəvət edilir. Onu həmin toplantıya Nazimın tərcüməçisi və yaxın dostu Əkbər Babayev dəvət etmişdi. Beləliklə, onlar tanış olurlar. 1961-ci ildə başlayan bu münasibət Nazimın 1963-cü ildə vəfatına qədər, iki il davam edir.

– Adilə Hüseynova Nazim Hikmətin həyatında nə dərəcədə mühüm yer tuturdu? Onların münasibətləri və birlikdə Bakı səfərləri haqqında nə bilirik?

– Nazim Adilə xanımı İstanbul qızlarına, hətta öz anasına bənzədib və ondan çox təsirlənib. Həmin dövrdə Nazımın son həyat yoldaşı Vera ilə münasibətlərinin yaxşı olmadığına və Nazimın onu tərk etməyə hazırlaşdığına dair məlumatlar da var. Moskvada tez-tez görüşürlər, amma bu görüşlər çox irəli getmir. Sonralar Nazimın dəvəti ilə o, Bakıya gəlir, “İnturist” otelində görüşləri baş tutur. 

– “Literaturnı Azərbaycan” jurnalında Adilə Hüseynovanın öz xatirələrinə də tapmısınız. Bu xatirələri xüsusilə əhəmiyyətli edən nədir?

– Adilə xanım bu münasibət haqqında uzun müddət susduqdan sonra xatirələrini yazıb. Bu xatirələr azərbaycanlı yazıçı Çingiz Hüseynovun təşviqi və dəstəyi ilə 1999-cu ildə “Literaturnı Azərbaycan” jurnalında dərc olunub. Adilə Hüseynovanın xatirələrinin Azərbaycan Yazıçılar Birliyinin nəşri olan, demək olar ki, 100 illik tarixə malik mühüm bir jurnalda dərc edilməsini onun yazdıqlarına etibar edə bilməyimiz baxımından dəyərli hesab edirəm.

– Bundan başqa, yazıçı Çingiz Hüseynovun bu hekayə ilə bağlı bir yazısını da üzə çıxarmısınız. Bu yazı hansı yeni detalları verir?

– Çingiz Hüseynovun yazısı 2002-ci ildə “Drujba narodov” jurnalında dərc olunub. O, yazısının bir yerində Adiləni xatirələrini yazmağa özünün inandırdığını söyləyib. Hələlik bildiklərimiz bunlardır. Hər iki yazı hazırda Moskvada türk dilinə tərcümə edilir. Tərcümələr başa çatdıqdan sonra hər iki yazıdan çox şey öyrənəcəyik. Deyə bilərəm ki, Nazimın həyatına daxil olmuş sonuncu qadın haqqında artıq naməlum bir məqam qalmayacaq.

Bu münasibətlə həmin yazılara çatmağımda kömək edən Bakıda yaşayan dəyərli professor Aydın İbrahimova və Azərbaycan Milli Kitabxanasının əməkdaşlarına təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, Azərbaycan Jurnalistlər Birliyinin sədri Anar müəllimlə görüşüm də araşdırmam üçün maraqlı məlumatlarla zəngin oldu. Anar müəllim söhbət zamanı Adilə xanımın şairə və tərcüməçi Alla Axundova ilə yaxın rəfiqə olduğunu, Moskvada olduğu illərdə onların hər ikisi ilə görüşdüyünü də xatırlatdı. Bu, araşdırmamın izinə işıq sala biləcək qiymətli və gözlənilməz bir ipucu idi. Lakin həyat bəzən ən maraqlı izləri belə yarımçıq qoyur. Anar müəllimlə görüşümüzdən cəmi iki gün sonra Moskvadan Alla xanımın vəfat etdiyi barədə acı xəbər gəldi. Sanki tapdığım bir iz elə həmin andaca zamanın amansız hökmü ilə xatirəyə çevrildi... Amma araşdırmalarım davam edir. Mənim üçün əsas məsələ müxtəlif mənbələrdəki materialları bir araya gətirmək və onların bir-birini necə tamamladığını görməkdir. Adilə xanımın xatirələri kimi materialların üzə çıxması göstərir ki, arxivlərdə hələ bilmədiyimiz başqa sənədlərin də olması mümkündür.

– Bu mərhələdə Nazim Hikmətlə Adilə Hüseynova arasındakı münasibətin xronologiyasını bərpa etmək mümkündürmü? Hansı məqamlar hələ də naməlumdur?

– Hazırda bildiyimiz əsas məqam onların 1961-ci ildə tanış olması, münasibətlərinin 1963-cü ilə qədər davam etməsi və ilk yaxınlıqlarının Bakıda, İnturist otelində baş verməsidir. Lakin bu münasibətin bütün mərhələlərini ardıcıl şəkildə bərpa etmək üçün hələ əlavə sənədlərə ehtiyac var. Xüsusilə Adilə xanımın sonrakı həyatı ilə bağlı məlumatlar olduqca məhduddur.

– Sizcə, Adilə Hüseynovanın hekayəsi niyə bu günə qədər geniş ictimaiyyətə demək olar ki, məlum olmayıb?

– Bunun cavabını Adilə xanımın xatirələrini dərc etdikdən təxminən üç il sonra, 2002-ci ildə Moskvada türk jurnalistinə verdiyi ilk və yeganə müsahibəsində tapmaq olar. O deyib: “Nazim 1963-cü ildə öldü. Heç kimin onun haqqında pis düşünməsini istəmədim. Vera da yaşayırdı. Mən müsəlmanam və münasibətdə olduğum Nazim evli idi. Heç kimin bu vəziyyəti yanlış şərh etməsini istəmədim. Bu, eyni zamanda, Nazimin sirri idi. Bunu pozmağa haqqım yox idi. İndi açıqlayıram, çünki 73 yaşım var. Yaxında ölə bilərəm və sirlərimi məzara aparmaq istəmirəm. Həm də hamının Nazimin insani tərəfini bilməsini istəyirəm.”

– Siz “Ədəbiyyatın coğrafiyasında bir yolçuluq” adlı kitab silsiləsi üzərində işləyirsiniz. Yazıçının yaşadığı, işlədiyi və əsərlərini yaratdığı yerləri ziyarət etmək tədqiqatçıya nə verir?

– Bəli, bu mənim xüsusi hobbimdir. Oxumağı sevdiyim qədər səyahət etməyi də sevən biriyəm. İllər boyu dünyanı gəzdikdən sonra məndə belə bir maraq yaranıb. Böyük yazıçı və şairlərin yaşadıqları, kitablarını yazdıqları və ya əsərlərində təsvir etdikləri yerləri gəzmək, roman, hekayə və ya şeirlərini yazıldıqları məkanlarda oxumaq çox maraqlı səyahət təcrübəsidir. Bunu hər kəsə tövsiyə edirəm. İndiyədək Türkiyənin və dünyanın müxtəlif yerlərində 100-ə yaxın yazıçı-şair evini ziyarət etmişəm. “Ədəbiyyat coğrafiyasında səyahət” ümumi başlığı ilə indiyədək dörd kitabım nəşr olunub, beşincisi də nəşrə hazırdır.

– Nazim Hikmətin Azərbaycan təəssüratların hələ kifayət qədər araşdırılmadığını söyləmək olarmı? Bu sahədə hansı mövzular daha çox tədqiqata ehtiyac duyur?

– Nazimin Bakı günləri haqqında araşdırma aparan və kitab nəşr etdirən dəyərli böyüyüm Aslan Kavlak kitabının son cümləsində yazıb: “Nazim Hikmət haqqında aparılacaq hər bir araşdırmanın natamam qalacağını, görüləcək hər bir işin bir-birini tamamlayacağını düşünürəm.” Mən də tamamilə razıyam. Azərbaycan arxivlərində Adilə xanımın xatirələri kimi hələ bilmədiyimiz, kim bilir, daha nə qədər sənəd var?

– Adilə Hüseynova ilə bağlı axtarışlarınızı davam etdirməyi planlaşdırırsınız? Onun sonrakı taleyi haqqında hazırda nə məlumdur və növbəti ipucunu harada axtarmağı düşünürsünüz?

– Bütün araşdırmalarıma baxmayaraq, hələ Adilə Hüseynovanın sağ olub-olmadığını, yaşayırsa, harada yaşadığını öyrənə bilməmişəm. Sağdırsa, ona sağlam və uzun ömür arzulayıram. Əgər həyatda deyilsə, hörmətlə anıram. Böyük ehtimalla Moskvada yaşadığını düşünürəm. Ola bilsin ki, Bakıdakı və ya internetdəki oxucularınızdan onun haqqında məlumatı olanlar var. Belə bir məlumatı sizin vasitənizlə və ya [email protected] elektron poçt ünvanı ilə mənimlə bölüşsələr, çox məmnun olaram.

– Arxiv araşdırmalarınızdan və Bakı səfərinizdən sonra Nazim Hikmətin Azərbaycanla əlaqəsinə dair təsəvvürünüzdə hər hansı dəyişiklik oldumu?

– Xeyr, əksinə, düşüncələrim daha da möhkəmləndi. Nazımın Azərbaycana olan sevgisini, verdiyi dəyəri daha yaxşı anladım. Həmçinin Nazim Hikmətin adının Bakıda bir küçəyə verildiyini öyrənməkdən çox məmnun oldum. Bu fürsətdən istifadə edərək Bakıdakı səlahiyyətli şəxslərə, eyni zamanda, İnturist otelinin rəhbərliyinə bir təklifim var. Şəhəri gəzərkən gördüm ki, bir çox binada vaxtilə orada yaşamış yazıçı, şair və sənətçilərlə bağlı xatirə lövhələri var. Eyni şəkildə, üzərində “Böyük türk şairi Nazim Hikmət 1957, 1958, 1960 və 1962-ci illərdə İnturist otelinin 209 nömrəli otağında qalmışdır” sözləri yazılmış bir lövhə də İnturist otelinin girişinə vurula bilər. Bundan başqa, otelin foyesində uyğun bir yerdə şairin büstü qoyularaq onun postamentinə eyni yazı və Nazimin Bakı haqqında şeirlərindən birindən parça həkk edilə bilər. Beləliklə, gözəl bir Nazim Hikmət guşəsi yaratmaq mümkündür.

–Timur bəy, Nazim Hikmətin Bakı və Azərbaycanla bağlı xatirələri, dostluqları və yaradıcılıq izləri barədə fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm. Bu səmimi söhbətin oxucular üçün də maraqlı və dəyərli olacağına inanıram.

Namiq Qədimoğlu

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Sentyabr 2026 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri