Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisinin haqqını sabit tariflə ödəyəcəklər.
Bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında - sözügedən sənədin müzakirəsi zamanı bildirib.
“Məsələn, deyək ki, vətəndaş elektrik enerjisinə ayda 5 manat pul ödəyir. Buraya həm bilavasitə elektrik enerjisinin istehsalına, həm də onun paylanılması, ötürülməsinə və sair çəkilən xərclər daxildir. Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi onsuz da qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır” , - o vurğulayıb.
S. Vəliyevin sözlərinə görə, yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın: “Həmin iki mənzildə yaşamayanlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Əslində, bu, həmin binada yaşayanların yükünü azaldacaq. Bu istiqamətdə yük paylaşılacaq. Bu qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub”.


