Icma.az
close
up
RU
Neft dövlətinin “yaşıl” diplomatiyası

Neft dövlətinin “yaşıl” diplomatiyası

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bakı bu platformada da təşəbbüsü ələ alır

Bakı İqlim Həftəsi bu il üçüncü dəfə keçirilir. 2024-cü ildə yeni təşəbbüs kimi yaranan formatın artıq davamlı platformaya çevrilməsi siyasi iradənin nəticəsidir. Üç il ardıcıl təşkilatlanma Azərbaycanın beynəlxalq iqlim gündəmində özünə “sahib” məkan yaratmasıdır. Nə qədər ki, qlobal iqlim diplomatiyası əsasən COP prosesinin ildə bir dəfə toplanan konfransları ilə ölçülür, bununla paralel işləyən daimi bir platformanın qurulması isə strateji manevrdir. 

11–24 noyabr 2024-cü ildə Bakıda keçirilən 29-cu İqlim Konfransı o zaman “maliyyə COP-u” kimi elan edilmişdi: əsas vəzifə inkişaf etmiş ölkələrin 2020–2025-ci illər üçün müəyyən edilmiş ildə 100 milyard dollar hədəfini əvəzləyən yeni kollektiv maliyyə hədəfi üzrə razılığa gəlmək idi. Konfransda 190-dan çox ölkədən 80–100 min nümayəndə iştirak etdi və Bakı bu yükün öhdəsindən gəldi. COP29-un konkret nəticələri bu gün də platformanın məzmun əsasını təşkil edir: 2035-ci ilədək ildə 300 milyard dollar həcmində yeni iqlim maliyyəsi hədəfinin qəbulu, Paris Sazişinin 6-cı maddəsi üzrə karbon bazarları mexanizmlərinin işə salınması istiqamətində irəliləyiş, “Bakı Adaptasiya Yol Xəritəsi”nin təqdimatı və İtki və Zərər Fondunun işləkliyi ilə bağlı addımlar. Bakının bu platformada təşəbbüsü ələ alması ölkəmizin transformasiya göstəricilərinə söykənir. Azərbaycanın bərpaolunan enerji üzrə texniki potensialı təqribən 292 QVt qiymətləndirilir ki, bunun da 157 QVt-i Xəzər dənizi hövzəsinin külək potensialıdır. Dövlətin elan etdiyi hədəf isə bərpaolunan enerjinin quraşdırılmış elektrik gücündə payını 2021-ci ildəki 17,3 faizdən 2026-cı ilədək 24 faizə, 2030-cu ilədək isə 30 faizə çatdırmaqdır. 2024-cü ildə yaşıl mənbələrdən ­elektrik istehsalı demək olar ki, iki dəfə artıb və elektrik istehsalında bərpaolunan enerjinin payı təqribən 14 faiz təşkil edib.
Nümunələr bununla bitmir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaşıl enerji zonası elan edilib; bu ərazilərdə 4000 MVt-dan çox günəş və təqribən 500 MVt külək potensialı qiymətləndirilir. Regionlararası miqyasda isə 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin istehsalı və ötürülməsinin artırılması üzrə strateji tərəfdaşlıq razılaşması imzalanıb. Bu, Qara dənizin dibi ilə Xəzər elektrik enerjisini Avropaya çatdıracaq sualtı kabel layihəsidir. Bununla yanaşı, Azərbaycan–Türkiyə–Avropa dəhlizi və Mərkəzi Asiyadan bərpaolunan enerjini Avropaya daşımağı nəzərdə tutan Trans-Xəzər dəhlizi gündəmdədir. Azərbaycanın yenilənmiş milli töhfəsi isə 2050-ci ilədək emissiyaları 1990-cı il səviyyəsinə nisbətən 40 faiz azaltmağı hədəfləyir.
Bu göstəricilər dünyanın bugünkü qlobal böhranlar fonunda ölkənin strateji mövqeyinin birbaşa təzahürüdür. Beynəlxalq gündəm hazırda bir-birini qidalandıran problemlər toplusu ilə üzləşir: iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, ərzaq və su qıtlığı, kütləvi miqrasiya axınları və ­geosiyasi parçalanma. 2022-ci ildə başlayan Rusiya–Ukrayna müharibəsi bu zəncirin ən görünən halqası oldu. Avropada enerji qiymətlərinin kəskin artması bütün qitənin enerji siyasətini yenidən yazdı və alternativ təchizatçı axtarışını sürətləndirdi. Məhz bu fonda Xəzər hövzəsi həm ənənəvi, həm də yaşıl enerji baxımından yenidən Avropanın diqqət mərkəzinə qayıtdı: enerji təhlükəsizliyi ilə iqlim təhlükəsizliyi eyni məsələnin iki üzünə çevrildi. Bir tərəfdə iqlim fəaliyyətinin sürətləndirilməsi tələbi, digər tərəfdə enerji təchizatının zəmanətli olması imperativi – Bakının yaşıl layihələri məhz bu iki tələbin kəsişməsində qurulub.
Eyni zamanda, Cənubi Qafqaz və Mərkəzi Asiya quraqlıq, su çatışmazlığı və səhralaşma riski yüksək olan ərazilərdir; transsərhəd çay hövzələrində su mübahisələri ildən-ilə gərginləşir və bu, region dövlətləri arasında yeni gərginlik xətti yaradır. Bu mənada, Azərbaycanın yaşıl gündəmi öz təhlükəsizliyinin qurulmasıdır: enerji keçidi, eyni zamanda, su ehtiyatlarının qorunması, kənd təsərrüfatının davamlılığı və iqtisadi dayanıqlılıq məsələsidir. Başqa sözlə, daxili həssaslıqlar və xarici fürsətlər eyni strategiyanın iki istiqamətini təşkil edir və bu, siyasi baxımdan Bakının arqumentini ikiqat gücləndirir: ölkə eyni problemləri öz üzərində həll edən tərəf kimi çıxış edir.
Qlobal miqyasda isə mənzərə daha da mürəkkəbdir. İqlim danışıqları getdikcə Şimal–Cənub qütbləşməsinin səhnəsinə çevrilir: inkişaf etmiş ölkələr maliyyə öhdəliklərini yerinə yetirməməkdə, inkişaf etməkdə olan ölkələr isə həm keçidin yükünü, həm də iqlim fəlakətlərinin ən böyük zərərini daşımaqda ittiham olunur. COP29-un “maliyyə COP-u” kimi formalaşması məhz bu qütbləşmənin ifadəsi idi – və Bakının 300 milyard dollarlıq yeni hədəfin qəbulunda vasitəçi rol oynaması təsadüfü deyil. Bu baxımdan Bakı İqlim Həftəsi dar region çərçivəsindən çıxaraq inkişaf etməkdə olan dünyanın öz gündəmini səsləndirdiyi məkan kimi mövqelənir: Cənub–Cənub əməkdaşlığının, maliyyə əlçatanlığı ilə bağlı tələblərin və texnologiya transferi mövzularının müzakirə platforması.
Buradan siyasi təhlilin ən həssas nöqtəsinə keçirik. Azərbaycanın iqlim diplomatiyası qlobal miqyasda nadir hadisədir: ənənəvi karbohidrogen ixracatçısı olan ölkə, eyni zamanda, yaşıl gündəmin regional söz sahibi olmaq istəyir. COP29-a ev sahibliyi bu strategiyanın zirvəsi idi. Yəni bu, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi strategiyasının uğurlu reallaşması və ölkənin yalnız neft-qaz ixracatçısı deyil, həm də yaşıl enerjinin təşviqində fəal tərəfdaş kimi görünməsi demək idi. COP isə bu interpretasiyada “yalnız başlanğıc” idi – dünyanın növbəti qlobal problemini həll etmək üçün toplaşacağı ölkəyə çevrilmə istəyinin elanı. Bu strategiyanın üç oxu var. Birincisi, enerji diplomatiyasının diversifikasiyası: Xəzərin bərpaolunan potensialı Bakıya Avropa enerji təhlükəsizliyinin tərkib hissəsi olmaq imkanı verir – Qara dəniz kabeli və Trans-Xəzər dəhlizi layihələri əslində qaz kəmərlərinin yaşıl analoqudur. İkincisi, ardıcıllığın təmin edilməsi: COP28-ə BƏƏ, COP29-a Azərbaycan, COP30-a Braziliyann ev sahibliyi etməsi iqlim gündəminin enerji ixrac edən və yüksələn iqtisadiyyatların əlində “estafet”ə çevrildiyini göstərir; bu estafetin Bakı seqmenti məhz İqlim Həftəsi ilə möhkəmləndirilir. Üçüncüsü, regionda nüfuz müsabiqəsi: Cənubi Qafqazın enerji xəritəsində hər bir tranzit və istehsal layihəsi geosiyasi tarazlığa təsir edir və Bakı bu tarazlığın təşəbbüskarı tərəfdə qalmağa çalışır.
Balanslı siyasi təhlil platformanın zəif tərəflərini də görməlidir. Əsas problem ictimai qavrayış paradoksudur: yaşıl platforma ilə neft-qaz gəlirlərinin davamlılığı arasındakı ziddiyyət beynəlxalq ictimaiyyət və mətbuat üçün daimi tənqid mənbəyidir – COP29-da karbon bazarlarının şəffaflığı və “yaşıl yuma” riski ilə bağlı narahatlıqlar bu gün də aktualdır. 
Üç il ərzində Bakı İqlim Həftəsi hadisədən instituta çevrilmə yolunu tamamladı. Azərbaycan öz yaşıl transformasiya göstəricilərini beynəlxalq auditoriyaya nümayiş etdirən və ölkəni enerji keçidi danışıqlarının təqvim saxlayan tərəfinə çevirən mexanizm qurdu. Qlobal böhranlar fonunda – enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və geosiyasi parçalanmanın kəsişdiyi anda – bu platforma Azərbaycana dar region çərçivəsindən kənara çıxmaq, inkişaf etməkdə olan dünyanın öz gündəmini səsləndirdiyi məkan olmaq imkanı verir.

Şəbnəm Zeynalova,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri