Icma.az
close
up
RU
Niyə “çörəyimizin yarısı” qonşudan gəlir?

Niyə “çörəyimizin yarısı” qonşudan gəlir?

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan cəmiyyətində çörək gündəlik ərzaq məhsulu olmaqla bərabər, həm də ailə büdcəsinin, sosial rifahın və dövlətin iqtisadi sabitliyinin ən həssas göstəricilərindən biri sayılır. Bu səbəbdən ölkəmizdə buğda istehsalı prioritet istiqamət kimi daim diqqət mərkəzində saxlanılır. Bu sahənin idxaldan asılılığı nəzərə alınaraq önəmli layihələr həyata keçirilir.

Məsələnin mahiyyəti isə sadədir: əgər buğdanın böyük hissəsi kənardan gətirilirsə, deməli, çörəyin qiymətini də birbaşa xarici bazarlar müəyyən edir. Qlobal bazarda qiymətlər bahalaşanda, yaxud hansısa ölkə ixracı məhdudlaşdıranda Azərbaycanın daxilində də gərginlik nəzərə çarpır. Başqa sözlə, buğda idxalı ticarət əməliyyatı olmaqla bərabər, həm də ərzaq təhlükəsizliyinin həssas nöqtəsi kimi diqqət çəkir.

Mövcud göstəricilər açıq şəkildə sübut edir ki, Azərbaycan əhalisinin ərzaqlıq buğda ilə təminatının 40 faizdən çoxu idxal hesabına formalaşır. Bu fakt ölkənin strateji ərzaq təhlükəsizliyində müəyyən narahatlıq yaratmaqla yanaşı, dövlətin valyuta xərclərini artırır və daxili bazarı xarici təsirlər altında saxlayır. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2024-cü ildə Azərbaycana 1 milyon 292 min ton buğda idxal edilməsi də narahatlığın əsassız olmamasını göstərir. Bu rəqəm, eyni zamanda, ölkənin buğda bazarının, təxminən, yarısının xaricdən təmin edildiyindən xəbər verir.

Rəsmi statistikaya əsasən, respublikada buğda üzrə özünütəminetmə səviyyəsi 2024-cü ildə 56,1 faiz (2023-cü illə müqayisədə 4,3 faiz az) təşkil edib. Bu isə o deməkdir ki, ölkədə buğda istehsalı aşağı düşməklə idxaldan asılılıq bir qədər də artıb. Ekspertlər bildirirlər ki, bu prosesin 2025-ci ildə də davam etməsi ərzaq təhlükəsizliyinin gələcəyi ilə bağlı müəyyən çətinliklərə zəmin yaradıb. Çünki qlobal buğda bazarında qeyri-sabitliyin hazırda da hökm sürməsi və bunun iqlim böhranı, müharibələr, enerji və gübrə qiymətlərinin bahalaşmasından qaynaqlanması məhsulun dünya qiymətlərini sürətlə dəyişməsinə təsir göstərib.

Kənd təsərrüfatı eksperti Aslan Hüseynov Azərbaycan kimi idxaldan asılı ölkə üçün bu dalğalanmaların hər birini potensial sosial-iqtisadi gərginlik riski hesab edir. O, bununla bərabər, buğda istehsalında ən böyük problemi əkin sahəsinin azlığı ilə yox, məhsuldarlığın aşağı olması ilə əlaqələndirir. Statistik göstəricilərə görə, 2000-ci ildən indiyədək, yəni 25 il ərzində buğda məhsuldarlığının hər hektardan 23,7 sentnerdən 32 sentnerə yüksəlməsi də bunun bariz ifadəsidir. Düzdür, bu artım ilk baxışda müsbət nəzərə çarpır. Lakin burada əsas problem 25 il kimi uzun bir dövrdə məhsuldarlığın cəmi 14 faiz artmasıdır. Bu isə, əslində, inkişafın dayanması deməkdir.

Bu gün inkişaf etmiş aqrar dövlətlərdə buğdanın məhsuldarlığı 45-60 sentner arasında dəyişir. Azərbaycan kimi torpaq və iqlim potensialına malik bir ölkədə isə 32 sentner göstəricisi real imkanlardan tam istifadə edilmədiyini göstərir. Son 20-25 ildə məhsuldarlığın 25-27 sentnerdən, təqribən, 32 sentnerə yüksəlməsi faktından da bu gerilik aydın nəzərə çarpır. Deməli, problem potensialın olmaması ilə bağlı deyil, bu, daha çox idarəetmə, texnologiya, toxum və suvarma sistemlərinə xüsusi diqqət yetirilməməsi ilə əlaqədardır.

Subsidiyalar artır, nəticə isə yoxdur

Bu məsələdə ən ciddi narahatlıqlardan biri istehsalın azalması ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il respublikada buğda istehsalı 1 milyon 610 min ton (əvvəlki ilə nisbətən 4,5 faiz, yəni 73 min ton az) olub. Əgər bu azalma tək bir illə məhdudlaşsaydı, bunu hava şəraiti ilə izah etmək mümkün idi. Amma rəqəmlər daha geniş mənzərəni göstərir. Belə ki, 2019-cu ildə Azərbaycanda buğda istehsalı 2 milyon 171 min 490 ton təşkil edib. İndiki göstərici ilə müqayisədə istehsal 562 min ton azalıb. Bu isə son 6 ildə buğda istehsalının 25,8 faiz geriləməsi deməkdir. Strateji məhsul istehsalının azalması isə həm iqtisadi, həm də sosial narahatlıq yaradır.

Buğda istehsalı dövlətin daim diqqət mərkəzində olub. Ölkə başçısı İlham Əliyevin 2022-ci ildə imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman bu sahənin prioritetliyini bir daha təsdiqlədi. Sənədə əsasən, 2023-cü ildən başlayaraq buğda istehsalı üzrə öhdəlik götürmüş fermerlər Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri hər 1 ton buğda üçün 100 manat məhsul subsidiyası, hər hektar buğda əkin sahəsinə görə isə 210 manat əkin subsidiyası əldə edirlər. Bundan əlavə, 2007-ci ildən başlayaraq buğda istehsalçılarına ayrılan subsidiyaların digər sahələrlə müqayisədə iki dəfə çox olduğu bildirilir.

Lakin burada qarşıya belə bir sual çıxır: subsidiya var, dəstək var, bəs onda istehsal niyə azalır? Bu sualın cavabında ekspertlər bildirirlər ki, təkcə subsidiya mexanizmi ilə problem həll olunmur. Çünki subsidiya yalnız maliyyə dəstəyidir. Əgər istehsalın struktur problemləri aradan qalxmırsa, maliyyə dəstəyi müsbət nəticə vermir. Başqa sözlə, subsidiya istehsalı artırmırsa, deməli, onun tətbiq mexanizmi və hədəfi yenidən qiymətləndirilməlidir. Ümumiyyətlə, subsidiya mexanizmi yalnız maliyyə stimulundan ibarət olmamalıdır. Əgər subsidiyalar düzgün istiqamətə yönəldilmirsə, məhsuldarlığı artıran texnologiyaların tətbiqini stimullaşdırmırsa, fermerin istehsal prosesindəki real problemlərini həll etmirsə, nəticə gözlənilən səviyyədə olmur.

Məhsuldarlığın “gizli düşməni”

Biologiya elmləri üzrə fəlsəfə doktoru Qulu Baxışovun sözlərinə görə, buğda istehsalında məhsuldarlığın artmamasının əsas səbəblərindən biri keyfiyyətli toxum təminatıdır. Müasir aqrar siyasətdə toxum ən vacib amillərdən biridir. Bu baxımdan dünyada məhsuldarlığın əhəmiyyətli hissəsi məhz seleksiya və genetika ilə bağlıdır. Azərbaycanda isə toxum bazarında problemlər hələ də qalır. Bir çox hallarda fermer təsərrüfatlarında sertifikatlı, yüksək məhsuldar toxum əvəzinə bazardan alınan, məhsuldarlığı aşağı olan toxumlardan istifadə edilir. Nəticədə isə məhsuldarlıq aşağı olur, xəstəliklər getdikcə çoxalır, məhsul keyfiyyəti zəifləyir və iqlim risklərinə davamlılıq azalır.

Bu gün iqlim dəyişiklikləri fonunda toxum məsələsi xüsusilə aktualdır. Çünki quraqlığa davamlı sortlar, yüksək keyfiyyətli toxum materialları və elmi seleksiya olmadan məhsuldarlığı artırmaq qeyri-mümkündür. Bu səbəbdən toxumçuluq sisteminin yenidən qurulması buğda təhlükəsizliyinin əsas şərtidir.

Azərbaycanın kənd təsərrüfatında ən böyük problemlərdən biri də su resurslarının azalmasıdır. Quraqlıq risklərinin artması, su anbarlarının dolma səviyyəsinin azalması, suvarma kanallarında itkilər və bəzi regionlarda su çatışmazlığı buğda istehsalına ciddi təsir edir. Ənənəvi suvarma üsulları isə suyun böyük hissəsinin itirilməsinə səbəb olur. Halbuki müasir aqrar ölkələrdə suya qənaət edən texnologiyalar daha geniş tətbiq edilir. Əgər suvarma infrastrukturu yenilənməsə, nə qədər subsidiya verilsə də, məhsuldarlıqda sabit artım olmur.

Buğda istehsalında fermeri “Buğda əkib qazanacağammı?” sualı daha çox düşündürür. Bu da təsadüfi deyil. Çünki əgər gübrə bahalaşırsa, yanacaq xərcləri artırsa, texnika köhnədirsə, su problemi varsa və məhsulu satmaq çətindirsə, o zaman fermerin buğda əkininə marağı itir. Belə halda o, təbii ki, daha gəlirli sahələrə üstünlük verir. Nəticədə buğda istehsalı azalır, idxal artır. Deməli, bu sahədə istehsalın artırılması üçün, ilk növbədə, fermerin iqtisadi marağı təmin edilməlidir. Əks təqdirdə, dövlətin hədəfləri kağız üzərində qalır.

Buğda strateji məhsuldur

Dünya buğda bazarı son illər geosiyasi və iqlim risklərinə qarşı daha çox həssasdır. Rusiya – Ukrayna müharibəsi, Avropada quraqlıq, Kanadada məhsuldarlıq problemləri, Hindistan və digər dövlətlərin ixrac məhdudiyyətləri buğdanın qiymətini kəskin dəyişdirir. Bu gün idxal asılılığı olan ölkələr üçün əsas narahatlıq isə böhran zamanı buğdanın bazarda axtarılmasıdır. Bu çətinlik yaşanmasa belə, qiymət çox yüksək ola bilər. Bu baxımdan idxal əlavə təminat mexanizmi kimi çıxış etməli, əsas yük daxili istehsalın üzərində qurulmalıdır.

Yuxarıda sadalanan çətinliklərə baxmayaraq, bu gün məhsuldarlığı 32 sentnerdən 40 sentnerə yüksəltmək üçün Azərbaycanın qarşısında real imkanlar var. Bu, təkcə nəzəri fikir deyil. Bir çox təsərrüfatlarda artıq bu nəticəyə yaxın göstəricilər əldə olunur. Daha yüksək məhsuldarlıq əldə etmək üçün, ilk növbədə, sertifikatlı və iqlimə davamlı toxumların kütləvi tətbiqi həyata keçirilməli, gübrə və aqrotexniki xidmətlər düzgün təşkili olunmalı, suvarma sistemlərinin modernləşdirilməsi, subsidiya mexanizminin məhsuldarlıq nəticəsinə bağlanması, fermerlərə texnika və maliyyə resurslarının daha əlçatan edilməsi, eləcə də buğda ehtiyatlarının saxlanması üçün infrastrukturun genişləndirilməsi kimi prioritetlərə önəm verilməlidir. Əgər bu tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılarsa, ölkə buğda istehsalında yenidən 2 milyon ton həddinə qayıda və idxal asılılığı tədricən azala bilər.

Buğda Azərbaycanın strateji məhsuludur. Əhalinin ərzaqlıq buğda ilə təminatının 40 faizdən çoxunun idxal hesabına formalaşması, özünütəminetmə səviyyəsinin 56,1 faizə düşməsi və istehsalın son 6 ildə 25,8 faiz azalması göstərir ki, bu sahədə ciddi struktur problemləri var. Dövlətin subsidiyalar, eləcə də rəsmi sənədlərlə dəstəyi mühüm addımdır. Lakin artıq bu dəstəyin kifayət olmadığı görünür. Ona görə də buğda istehsalının artırılmasını təkcə maliyyə yardımı ilə yox, kompleks islahatlarla gerçəkləşdirmək mümkündür.

Azərbaycanın əsas hədəfi məhsuldarlığı 40 sentnerə çatdırmaq, istehsalı yenidən 2 milyon ton səviyyəsinə yüksəltmək və idxaldan asılılığı minimuma endirmək olmalıdır. Əks halda, dünya bazarında hər qiymət dalğalanması ölkə daxilində çörək bazarına təsir edəcək və sosial narahatlıqları artıracaq. Çörək bahalaşanda ən çox zərbə alan isə sosial təbəqə, başqa sözlə, aşağı gəlirli ailələr olacaq. Deməli, buğda siyasəti kənd təsərrüfatı məsələsi olmaqla bərabər, həm də sosial ədalət və milli təhlükəsizlik xarakteri daşıyır. Bu səbəbdən Azərbaycan buğda strategiyasını yeni mərhələyə keçirməli, idxaldan asılılığı azaltmaq üçün məhsuldarlıq, toxumçuluq və suvarma sistemlərini köklü şəkildə yeniləməlidir.

Eldəniz ƏMİROV,
iqtisadçı-ekspert

Əhalinin ərzaqlıq buğda ilə təminatının yüksəldilməsi, fikrimcə, bir neçə amillə bağlıdır. Bu, ilk növbədə, suvarma kanallarının yenilənməsi, su itkilərinin azaldılması, müasir suvarma texnologiyalarının tətbiqi, suyun rəqəmsal idarə edilməsi və suvarma qrafiklərinin optimallaşdırılması ilə əlaqədardır. Əgər su problemi aradan qaldırılmasa, toxum və gübrə nə qədər keyfiyyətli olsa belə, məhsuldarlıqda artıma nail olmaq çox çətindir.

Fermerlərin üzləşdikləri çətinliklər sırasında köhnə kənd təsərrüfatı texnikasının vaxtında təzələnməməsi, lizinq mexanizminin əlçatan olmaması, gübrə və pestisidlərin bahalaşması, məhsulun saxlanması üçün anbarların məhdudluğu, bazara çıxış və satış prinsiplərinin qeyri-sabitliyi və məhsulun daşınması zamanı itkilərin yaranması buğda istehsalının rentabelliyini aşağı salır. Subsidiyalar isə bu problemlərin yalnız bir hissəsini kompensasiya edir. Başqa sözlə, əgər istehsal zəncirinin digər mərhələləri modernləşdirilmirsə, fermer üçün buğda istehsalı riskli sahə olaraq qalır. Belə halda isə məhsulun bazarda sərfəli qiymətə satılması çətinləşir, nəticədə, buğda əkininə cəlbedici sahə kimi yanaşılmır.

Onu da qeyd edim ki, bu gün buğda bazarı beynəlxalq səviyyədə geosiyasi təsirlərə çox həssasdır. Dünyanın əsas buğda ixracatçıları olan Rusiya, Ukrayna, Kanada, ABŞ, Avstraliya və Qazaxıstan bazarda qiymət və təklifin əsas müəyyənediciləridir. Müharibə, quraqlıq və enerji böhranı kimi amillər həmin ölkələrdə istehsalı azaldanda dünya bazarında qiymətlər yüksəlir. Azərbaycan isə idxaldan asılı olduğu üçün bu qiymət artımını daxili bazarda hiss edir.

Bu amillər un və çörək qiymətlərində bahalaşmaya, sosial narahatlıqların yaranmasına, dövlətin subsidiyalara əlavə yük götürməsinə, valyuta xərclərinin artmasına və inflyasiya təzyiqlərinin yüksəlməsinə səbəb olur. Başqa sözlə, idxaldan asılılıq kənd təsərrüfatı problemi olmaqla yanaşı, makroiqtisadi və sosial narahatlığa çevrilir.

Azərbaycanın buğda üzrə idxaldan asılılığını azaltması üçün kompleks tədbirlər tələb olunur. Bunun üçün məhsuldarlıq prioritet elan edilməli, hər hektarın məhsuldarlığı artırılması əsas hədəf olmalı, sertifikatlı toxum təminatı genişləndirilməli, seleksiya institutları bazar tələbinə uyğun fəaliyyət göstərməli, iqlimə davamlı sortların kütləvi tətbiqi diqqətdə saxlanılmalı, quraqlığa və xəstəliklərə davamlı buğda sortları regionlara uyğunlaşdırılmalıdır.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2026 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see273

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see232

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see223

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see222

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see205

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see202

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see201

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see198

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see197

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see190

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see185

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri