Novruz Qələbəmizi sabahlara daşıyan bayrama çevrilir
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tarixi Zəfərimizin parlaq nəticəsi olan Böyük Qayıdış uğurla davam edir. Keçmiş məcburi köçkünlərimiz indi Qarabağ və Şərqi Zəngəzurun şəhərlərinə, kəndlərinə geri dönürlər. Qayıdış prosesinin davamlı hal alması, soydaşlarımızın 30 illik işğal və həsrətdən sonra yenidən öz doğma yurd-yuvalarına qovuşması sözsüz ki, hər birimizin ürəyini dağa döndərir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun və qəhrəman qazilərimizin qazandığı böyük Qələbənin sayəsində son aylarda, son günlərdə "Xocalıya daha bir köç gerçəkləşdi", "Xankəndi Böyük Qayıdışın növbəti ünvanıdır", "Cəbrayılda bayram tonqalı alovlandırıldı” kimi gözümüzü, könlümüzü sevindirən xəbər başlıqlarına tez-tez rast gəlirik.
"Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib", "Prezident və xanımı Həsənriz kəndinin sakinləri ilə görüşdü", “Həsənriz kəndində 33 ildən sonra ilk dəfə bayram tonqalı qalandı" kimi xəbərlər də ötən günün - İlaxır (Torpaq) Çərşənbəsinin ən xoş xəbərləri kimi tarixə yazıldı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 18-də Ağdərə rayonuna səfəri çərçivəsində Həsənriz kəndində ilk dəfə bayram tonqalını alovlandırması, həmçinin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edərək, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim etmələri həqiqətən də tarixi hadisələrdir. İlaxır Çərşənbəsini dövlət başçısı ilə birgə qarşılamaq, bayram tonqalının işığına toplaşmaq, Suqovuşan, Həsənriz sakinlərinin yaddaşında xoş xatirələrə çevriləcək.
Dövlətimizin başçısı Suqovuşan kəndinin sakinləri ilə görüşüb söhbət edərkən bir sıra mühüm məqamlara toxundu. Sakinləri bayram münasibətilə təbrik edən dövlət başçısı Suqovuşan kəndinin İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilən ilk kənd olduğunu bildirdi və qeyd etdi ki, 2022-ci ildə bu Novruz tonqalını Suqovuşan kəndində qalayarkən buraya insanların köçürülməsi üçün şərait yaradılmasına göstəriş verib: "Xatırlayıram ki, 2022-ci ildə bu Novruz tonqalını Suqovuşan kəndində qalamışdım və o vaxt göstəriş verdim ki, buraya insanların köçürülməsi üçün şərait yaradılsın. Bu evlər tikildi, çox gözəl, yaraşıqlı evləriniz. Sıfırdan tikilib və bütün şərait var. Şadam ki, artıq birinci sakinlər bu evlərdə yerləşir və burada rahat yaşayacaqlar. Burada yaşamaq üçün bütün şərait var. Evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər".
Cənab Prezident Suqovuşanın işğalçılardan azad edilməsinin xüsusi əhəmiyyətə malik olduğunu, bunun Ordumuza və bütün xalqımıza böyük ruh yüksəkliyi gətirdiyini bildirdi. O, hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etməyin böyük qəhrəmanlıq və fədakarlıq tələb etdiyini vurğuladı və öz canlarından keçərək bu şərəfli missiyanı yerinə yetirən şəhidlərimizə Allahdan rəhmət dilədi: "Bildiyiniz kimi, 44 gün ərzində bizim Ordumuz, bütün Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Təkcə bununla bu kəndin əhəmiyyəti məhdudlaşmır. Çünki bildiyiniz kimi, bunun çox böyük strateji əhəmiyyəti var. Bax, bu kəndin ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi. Hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq tələb edirdi, həm də fədakarlıq tələb edirdi. Bizim hərbçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
İşğal illərində dövlət quruculuğu prosesinin uğurla aparıldığını, iqtisadi inkişafa nail olduğumuzu, güclü Ordu yaratdığımızı, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirildiyini vurğulayan dövlətimizin başçısı bu nəslin 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdiyini, onların həm İkinci Qarabağ müharibəsi dövründə, həm də antiterror əməliyyatı zamanı böyük qəhrəmanlıq göstərdiklərini diqqətə çatdırdı. Bu gün Azərbaycanın öz gücünə əsaslanaq dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkələrdən olduğunu söyləyən Cənab Prezident indi bir çox xarici ali məktəblərdə bizim uğurlu hərbi əməliyyat təcrübəmizin öyrənildiyini də qürur hissilə qeyd etdi: "Bu gün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir. İqtisadi inkişaf təbii ki, olmalı idi. Çünki bizə heç kim kömək etmirdi. Bu gün də heç kim kömək etmir və buna ehtiyac da duymuruq. Ona görə öz gücümüzə əsaslanaraq iqtisadi imkanlar yaratmalı idik ki, maliyyə imkanlarımız olsun. Güclü Ordu yaratmalı idik, bunu da etdik. Ordumuzu təchiz etməli idik, onu da etdik. Ordumuzun döyüş qabiliyyətini artırmaq üçün müntəzəm işlər gedirdi. Əlbəttə ki, gənc nəslin yetişdirilməsi. Vətənpərvərlik ruhunda, dövlətə, xalqa bağlı olan gəncləri yetişdirdik. Onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər və həm İkinci Qarabağ müharibəsi dövründə, həm də antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərmişlər. Bilirsiniz ki, indi bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir".
Prezident Suqovuşan sakinləri ilə söhbət əsnasında həmçinin daha bir önəmli məqama da toxundu. O bildirdi ki, bır sıra ölkələrdən fərqli olaraq Azərbaycanın Qələbəsi yarımçıq yox, tam Qələbədir: "Heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir".
Qələbəmizin tamlığı məsələsi doğrudan da üzərinə vurğu ediləcək çox önəmli məsələdir. Regionumuzdakı və dünyadakı bir çox acı təcrübələr də bu məsələnin nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Uzağa getməyək, qonşu Gürcüstan uzun illərdir ki, öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, lakin heç bir nəticəyə nail ola bilmir. Həmçinin Moldova da 30 ildən çoxdur ki, Dnestryanı ərazinin separatçılıq səylərinin qarşısını ala bilmir. Ukraynanın acınacaqlı durumu isə göz qabağındadır. Bu mənada, Prezidentimizin də vurğuladığı kimi, 44 gün ərzində düşməni böyrü üstə qoymaq həqiqətən də xalqımızın, dövlətimizin və ordumuzun gücünü göstərir.
2023-cü ilin 19-20 sentyabrında gerçəkləşən lokal antiterror əməliyyatının parlaq nəticəsi isə 44 günlük müharibədəki Zəfərimizi taclandırdı. Cənab Prezidentin vurğuladığı kimi bu əməliyyat separatçılığın kökünü kəsdi və 200 illik erməni vəhşiliklərinə son qoyuldu: "İlyarım bundan əvvəl birgünlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi, onunla da məsələ bitdi, onların kitabı bağlandı. Bu gün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamışınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə. Təbrik edirəm sizi".
Bəli, 30-33 il ərzində məcburi köçkünlük həyatınının bütün sıxıntılarını bilavasitə öz üzərlərində hiss etmiş soydaşlarımızın əzab-əziyyət içərisində yaşamalarına artıq son qoyulur. Azad edilmiş ərazilərimiz dövlətimizin gücü, dövlət başçımızın iradəsi ilə bərpa olunur, yenidən qurulur. Torpaqlarımızda həyat yenidən dirçəlir. İşğaldan azad edilmiş şəhər və kəndlərimizdə qalanan tonqallar Novruz tonqalı olmaqla bərabər, həm də Qələbə tonqallarıdır. Xalqımızın ən əziz bayramı olan Novruz bayramı azad edilmiş ərazilərdə ikinci dirçəlişini yaşayır. Prezident İlham Əliyevin 2024-cü il martın 18-də Xankəndidə etdiyi bayram çıxışında azad edilmiş ərazilərimizdə bayram tonqallarının alovlandırılmasının qürurverici tarixçəsini hər kəsin diqqətinə çatdırmışdı: “2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır”. Bu il isə bu möhtəşəm bayram estafetinə Həsənriz kəndi də qoşuldu. Beləliklə, qədim keçmişimizin əmanəti olan Novruz bayramı Qələbəmizi sabahlara daşıyan bayrama çevrilir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Qələbəmizi urvatdan salan qazilər
14 Mart 2025 17:44
Halil Atlı: “Qələbəmizi də Barrelə həsr edirik”
08 Fevral 2025 20:04
500 manata görüşürəm... Qələbəmizi urvatdan salan qazilər
11 Mart 2025 12:02
Qələbəmizi Barrelə həsr edirik Gəncə nin baș məşqçisi
08 Fevral 2025 19:58
Qələbəmizi dünyaya göstərən möhtəşəm 10 dekabr ZƏFƏR PARADI
09 Dekabr 2024 14:14
