Oğuzlu igidin Şuşa şəhadəti
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Şəhid Nail Nəriman oğlu İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində pulemyotla döyüşə atılaraq Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xudafərin körpüsü istiqamətində gedən döyüşlərdə istifadə etdiyi taktikalarla fərqlənib. O, noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Nail 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Ailədə iki qardaş olublar. Nail 2001–2011-ci illərdə V. İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Uşaq yaşlarından idmanın güləş növü ilə məşğul olub və bir sıra turnirlərdə məktəbi təmsil edib.
Nail İbrahimli 2012-ci il aprelin 2-də Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və Fövqəladə Hallar Nazirliyinin Quba rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu il oktyabrın 23-də sənədlərini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına təqdim edən İbrahimli həmin hərbi birləşmələrə daxil olub.
3 ay Xudat şəhərində yerləşən "N" saylı hərbi hissədə kurs keçdikdən sonra kəşfiyyat qrupuna daxil edilib, təlimlərdə fərqləndiyinə görə xüsusi təyinatlılar bölüyünə qəbul edilib. O, döyüşlərdə XTQ-nin "kiçik gizir"i kimi hərbi vəzifəsinə davam edib. Daha sonra öz istəyi ilə Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri olan Nail İbrahimli Füzuli, Xocavənd, Qubadlı və Zəngilan istiqamətində aparılan əməliyyatlarda iştirak edir. Onun daxil olduğu qoşunların xüsusi təyinatlı dəstələri bu istiqamətlərdə yerləşən strateji əhəmiyyətli və ya sərhədyanı məntəqələri işğaldan azad edir.
Bu döyüşlər nəticəsində Füzuli şəhərinin və rayonun geniş bir hissəsi azad edildikdən sonra əsasən, Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarından ibarət olan dəstələr və kiçik gizir İbrahimlinin də üzvü olduğu dəstənin əks–hücumu nəticəsində Zəngilan şəhəri qısa müddət ərzində işğaldan azad olunur.
Bundan əvvəl, oktyabrın 18-də Azərbaycan Ordusu Cəbrayıl rayonunda yerləşən Xudafərin körpülərini işğaldan azad edir. Sərhədyanı ərazidə yerləşən və strateji cəhətdən önəm daşıyan, Arazboyu əməliyyatların mühüm hissələrindən biri olan bu əməliyyatlarda Nail İbrahimlinin uğurlu əks–hücum taktikaları, döyüşün və aktivliyin idarə olunması və pulemyotçu olaraq döyüşün öndən idarə olunması kimi rolu olmuşdur.
Oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad olunması ilə birlikdə Azərbaycan–İran sərhədinin də azad edildiyi bildirilir. Kiçik gizir İbrahimlinin iştirakı ilə Qubadlı istiqamətində strateji yüksəkliklər, yaşayış məntəqələri, sərhədyanı ərazilər və Qubadlı şəhəri azad edilir.
Vətən Müharibəsi Qəhrəmanı Elvin Səfərovun dediklərinə görə, kiçik gizir Nail İbrahimli pulemyotçu kimi dəstədə çətin və vacib vəzifələri yerinə yetirmiş, döyüşdə əsas rolu oynamışdır, həmçinin, Səfərov bunu da bildirmişdir ki, İbrahimlinin döyüşdə istifadə etdiyi silahı “Hücum” və “PK” pulemyotları olmuşdur. Ona və dəstəsinə bir çox mühüm əməliyyatlardan sonra Azərbaycan tərəfinin Şuşa istiqamətində irəliləməsinə şərait yaradacaq, döyüş aktivliyini artıracaq və avantaj və üstünlük qazandıracaq əməliyyatda mühüm tapşırıq verilir.
“Nöqtə” əməliyyatında üstünlüyü əldə edən dəstə noyabrın 8-də Şuşa şəhərinin mərkəzində növbəti tapşırığı icra edir. Bu tapşırıq nəticəsində üstünlük Azərbaycan tərəfinin olacaq və Şuşanın azad edilməsi üzrə əməliyyatlar başa çatacaqdı. Sağ və sol istiqamətdən edilən əks-hücumda öndə əməliyyat aparan və tapşırığın mühüm hissəsini icra edən Nail İbrahimli noyabrın 8-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə həlak olur. Onun şəhid olduğu bir neçə gün sonra təsdiqlənir və o, noyabrın 12-də doğma kəndində dəfn edilir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Nail Nəriman oğlu İbrahimli ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilir.
Eyni zamanda, Vətən müharibəsində işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə dövlət başçısının sərəncamına əsasən Nail İbrahimli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülür.
Xalqımız və dövlətimiz bütün şəhidlər kimi Nailin də xatirəsini əziz tutur. Oğuz şəhər 3 nömrəli məktəb–liseyə Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin adı verilib. Rayonun Xaçmaz kəndindəki küçələrdən biri şəhid Nail İbrahimlinin adını daşıyır. Qəhrəmanın doğum və anım günlərində onun Oğuzun Şəhidlər xiyabanındakı məzarı ziyarət edilir, ruhuna dualar oxunur.
Z.HÜSEYNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 17 Oktyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















