Icma.az
close
up
RU
Olduğu kimi qalsalar, şəhərlər də ölümə məhkum olarlar

Olduğu kimi qalsalar, şəhərlər də ölümə məhkum olarlar

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Memarlıq yalnız daş, kərpic, dəmir parçalarının məhsulu deyil. Memarlıq ilk növbədə insan düşüncəsinin, onun estetik zövqünün və duyğusunun, bir də zamanın yaddaşının harmoniyasıdır. Memarlıq insanla məkan arasında bir ünsiyyət yaratmaq, onun formasına bir mənəvi dərinlik qatmaq və sonunda həmin məkana bir kimlik bəxş etməkdir. Əsl memarlıq odur ki, o, həm sənətdir, həm fəlsəfədir, həm də insanın özünü dərk etməsidir.

Bakı sıradan bir şəhər deyil. Bu şəhər zamanın memarlıq dili ilə danışan canlı bir varlıqdır. Onun hər küçəsində bir hekayə, hər binasında dövrün nəfəsi yaşayır. Neft qoxusuna qarışan xəzri küləyi bəzən Avropa üslubundan boylanan eyvanlara, bəzən isə sovet modernizminin ruhuna toxunaraq, nə vaxtsa bu şəhərin taleyini yazıb. Bakıya diqqətlə, sevgi ilə baxanda adama elə gəlir ki, şəhər öz tarixini addımbaaddım danışır. Bir tərəfdə sükuta qərq olan Qız Qalası, o biri tərəfdə İçərişəhərin dolanbac küçələrindən boylanan minillik izlərin sirri hələ də yatıb. Bir əsrin içində dəyişən şəhərlər az olmadı, amma Bakı özü kimi qalmağı bacardı. O, keçmişinin yaddaşını da, bu gününün nəfəsini də özündə daşıya bildi. Qala divarlarından "Alov qüllələri"nə qədər uzanan memarlıq zənciri bir millətin daş üzərinə hopmuş tarixidir. Bu şəhərdə memarlıq yalnız sənət deyil, həm yaddaşdır, həm də kimlik...

Müsahibimiz bu kimliyi yaşadanlardan biri - Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadədir.

- Unikal arxitekturaya malik bir binada yerləşir Memarlar İttifaqı, sanki adına uyğun məxsusi seçilib...

- Bina məşhur dəyirmançı və milyonçu Ağabala Quliyevin mülki olub, özü və ailəsinin yaşayışı üçün ikimərtəbəli bu binanı tikdirib. Binanın memarı əslən polyak Yevgeni Skibinski Azərbaycanda doğulub, Azərbaycanda yaşayıb. Yəqin ki, böyük zala daxil olanda portalı gördünüz. Həmin portalın kənarlarına Quran ayələri həkk olunub. Ola bilsin ki, bunu mülkiyyətçi özü istəyib, lakin memarın bu istəyə hörmətlə yanaşmağı ilə bərabər, özünün də məharəti göz önündədir.

Burada kiçik bir haşiyə yerinə düşər: "XIX əsrin sonlarında Bakının mərkəzində Avropa memarlığının müxtəlif çalarları ilə stilistik istiqamət meydana gəlmişdi. Avropadan dəvət olunmuş memarlar layihələrində əsasən eklektika və modern üslubundan istifadə etsələr də, bir sıra hallarda milli və romantik istiqamətdə binalar da tikirdilər. Bu dövrdə təkcə Bakıda deyil, İranda, Şimali Qafqazda və Rusiyada da dəyirmanları olan, tez-tez Qərbi Avropa ölkələrinə səyahət edən, "un kralı" kimi tanınan Ağabala Quliyev özünə məxsus torpaq sahəsində yerli memarlığın ənənələrində ev tikdirməyi qərara alır. O, şəhər tikililərində istifadə olunan Avropa stilistikasına etirazını bildirdiyindən, polyak əsilli şamaxılı memar Yevgeni Skibinskini dəvət edərək milli-romantik ruhda tikdirmək istədiyi evin layihəsini ona sifariş edib. Memar sifarişçinin istəyinə hörmətlə yanaşaraq, layihəni tez zamanda hazırlayıb. Şirvanşahlar sarayı yaxınlıqda yerləşdiyi üçün bina bu qədim kompleksin memarlığının təsiri altında tikilib. Memar evin planını sadə həll edərək, bütün bəzəkləri fasad və interyerlərdə üzə çıxarıb. İnteryer rəsmlərini işləmək üçün Rusiyadan dəvət olunan rəssam Vladimir Durov sifarişçinin zövqünü nəzərə alaraq divarlarda Şərq mövzusunda pannolar əks etdirib" (irs.gov portalından).

- Memarlığı seçməyinizi ata yolunun davamı hesab etmək olar...

- Sualınız mənə otuz il əvvəl Ulu öndərlə görüşlərimizin birini xatırlatdı, çünki məhz bu mövzuya toxunmuşdum. Maraqlı olarsa, danışım.

- Buyurun...

- Ulu öndər ona təqdim olunan bir layihəyə baxırdı və cizgiləri çox yaxşı oxuyurdu. Gördüm ki, plan quruluşuna baxanda asanlıqla onun izahını verir, fikrini bildirir. Soruşdum ki, cənab Prezident, nə yaxşı bu planları oxuyursunuz? Dedi ki, memarlıq fakültəsində oxuyanda müəllimlərim mənə bunları öyrədib, heyif ki, müharibə təhsilimin yarımçıq qalmasına səbəb oldu. Dedim ki, peşəkar memarlar tanıyıram, planı kəsimdən ayıra bilmir. Gülüb dedi ki, elə memar var? Cavab verdim ki, var. Üzümə baxıb dedi: sən xoşbəxt adamsan ki, memar olmaq istəmisən və olmusan. Amma mənə bu, qismət olmadı. Söhbətin səmimi davam etdiyini görüb dedim ki, mən heç vaxt memar olmaq istəməmişəm. Təəccüb içində soruşdu ki, necə istəməmisən, axı sənin atan da memar olub? Dedim ki, bəli, atam da, böyük bacım da memar idilər. Nəsildə memar çox olub, çünki hamısı atama baxıb bu sənətin arxasınca gediblər.

- Amma sonunda istəməyərək belə, memar olmusunuz, hətta şəhərin Baş memarı pilləsinə qədər ucala bilmisiniz...

- İndi də memarlığa getməyimin tarixçəsini sizə danışım. Arzum diplomat olmaq idi və buna hazırlaşırdım. Humanitar fənləri yaxşı bilirdim və onlara meyilli idim. Məktəbi 1966-cı ildə bitirmişdim, o zaman Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna hər müttəfiq respublikadan bir nəfər qəbul edilirdi. O da yalnız Mərkəzi Komitənin təqdimatı əsasında olurdu. Həmin vaxtlarda atam Ənvər Qasımzadə kifayət qədər yüksək vəzifədə idi və o, bu xahişi edə bilərdi. Lakin atam nə etdi? Səkkizinci sinifdə oxuyanda məndən soruşdu ki, fikrin nədir, hansı sahə üzrə getmək istəyirsən? Dedim fikrim diplomat olmaqdır. Atamdan belə cavab eşitdim: "Mən heç kəsə ağız açan deyiləm, sən isə adi qayda üzrə ora sənəd versən, qəbul olunmaq şansın yoxdur. Fikirləş, seçimini et və mənə de". Nə fikirləşim, dörd tərəfim memar, evimizə gələnlər memarlar, atamın kitabxanasının böyük hissəsi memarlığa aid kitablar. Mən də fikrimi bildirib dedim ki, memarlıq. O zaman atam Politexnik İnstitutunun (indiki Texniki Universitet) rektoru idi. Dedi ki, rəsm və rəsmxətt fənlərini əla bilirsən. Həqiqətən elə idi, bütün sinfimizin rəsmxətdən tapşırığını mən çəkirdim. Bunlardan sonra qəbulda riyaziyyat və fizikadan imtahan vardı. Davamında atam dedi ki, bu iki fəndən sənə hazırlıq üçün müəllim tutacağam. Sabah sən imtahan verəndə üzüm ağ olsun, deməsinlər ki, rektorun oğludur, qiyməti ona elə-belə yazaq. Dediyi kimi etdi, uğurla imtahan verib Memarlıq fakültəsinə daxil oldum. Amma etiraf edirəm ki, heç zaman heyifsilənmədim. Ömrümün əlli iki ili memarlıqla bağlıdır. Bu illər ərzində hər şey olub - uğur da, məğlubiyyət də, çətinlik də. Və hər zaman bilmişəm ki, bu, öz seçdiyim yoldur və nə ilə rastlaşacağamsa, deməli, qismətim budur.

- Bir peşəkar memarın gözü önündə Bakı zamanla dəyişə-dəyişə bu günümüzə gəlib çatıb. Hansısa zaman kəsiyinin Bakısı üçün yəqin ki, darıxırsınız...

- Bakı üçün həmişə darıxıram. Antaraktidadan başqa, dünyanın elə bir qitəsi yoxdur ki, orada olmayım. Gözəlliyi göz qamaşdıran şəhərlərdən tutmuş Cənubi Afrikaya qədər gedib çıxmışam. İlk üç gün maraqlı olur, baxırsan, tanış olursan. Amma dördüncü gün artıq ürəyim sıxılmağa başlayır, Bakını istəyirəm. Nadir hallarda olub ki, istirahətə gedim. On gündən artıq qaldığımı xatırlamıram, qayıdıb gəlirəm. Bakının qədim tarixini oxuduğum ədəbiyyatlardan və bir də gördüklərimdən bilirəm. Deyə bilərəm ki, 50-ci illərin Bakısı tamam başqa və fərqli olub. Çünki dövlət başqa idi - həm siyasi, həm iqtisadi, həm sosial cəhətdən şərait tamam fərqlənirdi. Heç vaxt deyə bilmərəm ki, hansı digərindən daha yaxşı idi. Hər zamanın özünəməxsus mənfi-müsbəti olub. Elə bu gün də var. Ümumiyyətlə, məndə nostalji xasiyyəti yoxdur. Yaşıma baxmayaraq, həmişə irəli gedirəm və hər zaman gələcəyi fikirləşirəm. Bir də o var ki, Bakı ilə genetik bağlılıq olmasa, bu şəhəri ürəkdən, əsl məhəbbətlə sevmək olmaz.

- Genetik deyərkən...

- Ana tərəfim təmiz içərişəhərlidir. Əmioğlu-əmiqızı olan nənəm və babam İçərişəhərdə məşhur milyonçu və xeyriyyəçi Hacıağa Dadoşovun nəslindəndir. Özüm də orada doğulmuşam, müəyyən müddət İçərişəhərdə yaşamışam. İçərişəhəri sevirəm demək azdır, mən oranın xəstəsiyəm. Qız qalasının arxasında bir çayçı var, tez-tez ora gedirəm, özü də təkcə, sanki evimə gəlmişəm. Orada işləyən uşaqlar məni görən kimi "dayı-dayı" deyib bilmirlər necə hörmət göstərsinlər. Bakı dialektində özündən böyüyə "qədeş" deyə, müraciət forması var. Bu gün də İçərişəhərdəki həmyaşıdlarım, bir qədər kiçiklər mənə: "Salam, qədeş. Necəsən, qədeş? Sözün-qulluğun, qədeş?" deyəndə, bilirəm ki, doğma, təbii və səmimi mühitdəyəm və onu çox sevirəm.

- 60-cı illərdə İçərişəhər bir sökülmə siyasətilə üz-üzə qaldı...

- Sovet quruluşunun əsas ideoloji istiqaməti o idi ki, SSRİ-də yaşayan millətlərin bir-birindən fərqliliyini aradan qaldırsın. O dövrdə eyni tipli layihələr üzrə yaşayış massivləri salınmağa başladı, yəni binalar hamısı bir-birinə bənzədi, hətta kinoteatrlar belə, oxşar idilər. İçərişəhər isə Bakının keçmişini, tarixi mədəniyyətini daima xatırladan bir məkan idi. O zaman Bakının şəhərsalma problemlərilə qeyri-azərbaycanlılar məşğul olurdular. Şəhərsalma çox ciddi və ağır bir sahədir. Necə ki, XX əsrin əvvəlində Bakıda fəaliyyət göstərən memarlarların əksəriyyəti əcnəbi olduğu kimi, o zaman da elə idi. Məhz bu qeyri-azərbaycanlılar məsələ qaldırdılar ki, İçərişəhərin baş planı hazırlanmalıdır. O zaman biz tələbə idik və yadımdadır elə bir baş plan hazırlandı ki, 22 hektar olan ərazidə cəmi otuz bina saxlanmalı, qalanları sökülüb yerində park salınmalı idi. 60-cı illərin sonunda Azərbaycana Heydər Əliyev rəhbər təyin edildi. Onun atdığı ilk addım İçərişəhərlə bağlı oldu, bu məkana qoruq statusu verildi və dediyiniz o sökülmə siyasətinin qarşısı alındı. Sonralar İçərişəhərdə aparılan tikintilərlə bağlı da yəqin ki, sualınız var.

- Var əslində...

- Bəli, sonrakı illərdə bəzi binalar söküldü, yerində yeniləri tikildi. Lakin tikilən binaların bir-birə olan miqyası saxlanılıb. Bu gün İçərişəhərdə hündürmərtəbəli, sırf modern binalar yoxdur. Amma əvvəlkilərə uyğun binalar var və onlar tikilməsəydi, arada olan boşluqlar nəticəsində o biri tikililər laxlaya bilərdi, çünki İçərişəhərdəki evlər bir-birinə bitişikdir. Bu gün İçərişəhər turizmin inkişaf etdiyi bir məkandır, açıq səma altında muzeydir və ilin istənilən çağında, istənilən saatında orada sanki həyat qaynayır. Bu da ölkə iqtisadiyyatının xeyrinədir.

- On iki il Bakı şəhərinin Baş memarı olmusunuz. Bu gün Bakı sökülə-sökülə gedir, qurduğu düzənlərini itirən insanlar oturuşmuş həyatı olan məhlədən, küçədən köçürülməklə yanaşı, o yerlərin sökülməsilə barışa bilmirlər...

- Əksəriyyətin ağrılı nöqtəsidir bu. Şəhərlər də insanlar kimi qocalır. İnsan qocalanda dünyasını dəyişir. Şəhərlər isə min illərlə yaşayır, səbəbi də odur ki, şəhərlər simasını dəyişmək, cavanlaşmaq iqtidarına malikdirlər. Əgər şəhərlər olduğu kimi qalsalar, onlar da ölümə məhkum olarlar. Köhnə Qahirəni bu gün misirlilər ölü şəhər adlandırır, çünki orada bir insan belə qalmayıb. Yalnız səfil küçə həyatı yaşayanlar oradakı xarabalıqların içində daldalanırlar. Vaxt olub ki, misirlilər dünyasını dəyişən doğmalarını öz həyətlərində dəfn ediblər və nəticədə ölülər diriləri həmin şəhərdən didərgin salıb. Əhali oradan çıxıb başqa yerdə yeni Qahirə şəhərini salıblar. Mən istəmirəm Bakı ölsün. Bu gün Bakı simasını düşünülmüş şəkildə, böyük məhəbbət və sevgi ilə dəyişməlidir. Elə binalar var ki, onlar yaşayış üçün artıq yararlı deyil. Zaman dəyişir, dövran artıq dünənki deyil, insanların baxışı, dünyagörüşü dar məhəllələr çərçivəsindən çıxsa da, özləri oradan çıxmaq istəmirlər. Bu gün yerli-yersiz tikilən göydələn binaların aqibətini bir əsrdən sonra nə gözləyir, biz bilmirik. Onlar da zamanla dövrün tələbatına uyğun hesab edilməyərək sökülə bilər. Biz buna inanmaq istəməsək də, yüzilliklər öz sözünü deyir. Yəni şəhərlər dəyişməsə, gəncləşməsə, insanlar kimi öləcək.

- Bakının haqqında çox danışılan Baş planı işlənildi, müzakirəyə çıxarıldı, amma görünən odur ki, deyəsən, şəhər əsasən parklardan ibarət olacaq...

- Əvvəla, Baş plan kifayət qədər ciddi və mürəkkəb bir sənəddir. Onu tam başa düşmək üçün bilavasitə bu işin bilicilərindən olmalısan. Bakının Baş planı "Harada nə olacaq" sualına cavab vermir və verməməlidir də. Sovet dövründə hazırlanan baş planlar daha dəqiq və incələnmiş olurdu. Bilinirdi ki, konkret olaraq harada nə tikələcək. Ona görə ki, o dövrdə iqtisadiyyat dövlətə bağlı idi. Nə əmlak məsələsi vardı, nə də biznes. Dövlət Plan Komitəsi görüləcək işləri əvvəlcədən planlaşdırırdı, onların yerləri müəyyən edilib layihəsi verilirdi, dövlət də vəsait ayırırdı. Bəs bu günün mənzərəsindən baxanda nə görürük? Sosial proqram var, amma əvvəlki kütləvi yaşayış binalarının planlı şəkildə tikilməsi bu gün yoxdur. İndi onları iş adamları əvəz edir, sərmayə qoyub ev tikir, müxtəlif təbəqədən olan insanların mənzillə təmin edilməsinə maraq göstərir. O ki qaldı sualın ikinci hissəsinə, bəli, bu gün Bakıda sürtətlə yaşıllaşdırma işləri gedir, sökülən ərazilərin yerində parklar, xiyabanlar salınır. Bakıda əhalinin sayı qədərindən artıqdır. Salınan hər park, əkilən ağaclar ətraf mühitin sağlamlığı deməkdir. İnsanlar həm dincəlir, həm ətraf mühitlə ünsiyyətdə olurlar. Bunun nəyi pisdir ki?

- Bu gün tez-tez həssas bölgələrimizdə görünürsünüz...

- Görünürəm ona görə ki, əvvəla, illərlə o yerlərə həsrət qalmışdıq. İkincisi də, uzun illərdir rəhbərlik etdiyim "El&En" inşaat şirkəti Böyük qayıdış dövlət proqramı daxilində orada işlər görür. İyirmi yeddi il fəaliyyətdə olan bir inşaat şirkəti öz təcrübəsi və peşəkarlığı ilə kənarda qala bilməzdi. Bizim tərəfimizdən Ağdamda iki qəsəbə tam kompleks şəkildə tikilməkdədir - yaşayış evləri, məktəbi, xəstəxanası, uşaq bağçası ilə birlikdə. Bir qəsəbənin tikintisi üçün baş plan təsdiqlənib, daha iki qəsəbənin baş planını ilin sonuna qədər tamamlamalıyıq. Bir layihəmiz də Cəbrayılın İranla sərhəddə yerləşən Mehdili kəndilə bağlıdır. Onun da baş planı hazırlanaraq təsdiqlənib. Tikinti işləri 2027-2028-ci illərə planlaşdırılıb və gələn il onun işçi layihəsini hazırlayacağıq. Ümid edirəm ki, yeni tapşırıqlar yenə də olacaq. Böyük həvəslə o yerlərə gedirəm. Həmişə düşünürdüm ki, görəsən, torpaqların azad olunacağını görmək mənə qismət olacaqmı? Yaş artdıqca insan Tanrının ona bəxş etdiyi hər günə şükür edir. Televizora heç baxan deyiləm, mənim üçün mütaliə hər şeydən üstündür. 44 gündə televizora elə yapışmışdım ki, qopmaq bilmirdim. Yalnız öz kanallarımız vasitəsilə ən kiçik xəbəri belə, ötürməkdən qorxurdum. Düşmən o torpaqları elə günə salmışdı ki, bu vəhşiliklərin insan əlilə törədildiyinə adamın inanmağı gəlmirdi. Olub ki, tədbirlərlə bağlı gələn qonaqlarımızı o bölgələrə aparmışam. Bu yaxınlarda bir neçə dəfə Bakıda olan qonaqlarımızı oralara aparmaq imkanım olmasa da, "Memar" jurnalında dirçələn rayon və kəndlərimizin şəkillərini onlara göstərəndə heyrətə gəldilər ki, bütün bu işləri beş ildəmi görmüsünüz? Haqqımız olan bizə qayıtmalı idi, nə yazıq ki, düşmən buna sülh yolu ilə razılıq vermədi. Otuz il Ulu öndər, daha sonra onun davamçısı, ölkəmizin başçısı qarşı tərəfə başa sala bilmədilər ki, bizim təklif etdiyimiz sülh onların da xeyrinədir. Beynəlxalq təşkilatların görmək istədiklərinin hamısı gözdən pərdə asmaq idi. Heç kəs heç nə etmək istəmədi. Azərbaycan isə bu illər ərzində addım-addım irəliləyərək iqtisadiyyatını qaldırırdı, hərbi qüvvəsini dünya səviyyəsinə qədər çatdıraraq gücləndirdi və sonda bu qədər yetər deyərək, məsələsini özü həll etdi. Azərbaycanın elə ordusu vardı ki, biz nəinki Zəngəzuru, axıra qədər gedib Ermənistanı da ala bilərdik. Amma bizim dövlətimizin başçısı bütün dünyaya göstərdi ki, biz işğalçı deyilik, torpaqlarımızı azad edərək özümüzə qaytardıq. Bununla belə, qarşı tərəf də, dünya da hələ də deyinməyə davam edir. Onlar deyinməkdə olsunlar, biz isə öz işini mükəmməl bilən müdrik dövlət başçısı ilə birlikdə inamla irəliləməkdə olaq.

- Elbay Qasımzadənin uzun illərdir pedaqoji fəaliyyəti də var, yəni gənclərin əhatəsindədir. Bir az günümüzün gənclərindən də danışaq...

- Adətən yaşlı nəsil gənclərdən gileylənir, öz gəncliyimizi nümunə çəkərək, elə narazılıq edirik onlardan. Bizim dövrümüzdə dünya da, münasibətlər də, tələblər də, baxışlar da başqa idi. Bilik səviyyəmiz, dünyaya baxışımız indiki gəncliklə müqayisə oluna bilməz. Əgər bu gün mənim dörd yaşlı nəvəm mobil telefonun xırdalıqlarını bilirsə, yetişməkdə olan nəslin gələcəyinə təəccüblənməli deyilik. Əgər bu gün gənclərdən gileylənərək desək ki, sən gərək mənim kimi olasan, deməli, onların gələcəyini istəmirik. Çox yaxşı gənclərimiz var, haqqı danmaq olmaz. Əvvəla, əminliklə deyə bilərəm ki, gənclərimiz vətənpərvərdirlər. Bunu müharibəyə görə demirəm. Bu hiss onların düşüncəsində, dünyaya baxışında aydın görünür. Bu günün gənci öz dilində mükəmməl və səlis danışır, fikir yürüdür. Və bundan əlavə, dünyaya çıxmaq üçün bir neçə xarici dili mütləq şəkildə öyrənir. Gedir xaricdə təhsil alıb, təcrübə toplayıb yenidən Vətəninə qayıdır ki, öyrəndiklərini öz torpağında inkişaf etdirsin. Mən bunu təkcə ətrafımda deyil, ailəmin içində də görmüşəm. Oğlum magistr təhsilini İngiltərədə aldı, bitirdi, yeddi il qaldı, sonra dedi ki, qayıdıram Bakıya. Hansı ki yeddi ildən sonra o, vətəndaşlıq ala bilərdi. Dedi ki, İngiltərənin vətəndaşlığı mənə lazım deyil. Böyük nəvəm on dörd yaşından İngiltərədə məktəbdə oxudu, sonra kolleci bitirdi. Daha sonra Vester Universitetində təhsil aldı, magistr dərəcəsini qazandıqdan sonra qayıtdı Bakıya, çünki Vətəndə yaşamaq istədi. Budur bizim gənclərimiz və onlarla öyünmək olar.

- Ata yolu ilə gedən Elbay Qasımzadəni ailəsində yəqin ki, onun davamçısı var...

- Var... Oğlum Ənvər Qasımzadənin oğlu Elbay Qasımzadə hazırda Memarlıq fakültəsində oxuyur.

- Bakıya olan sevginizin bir adı olmamış deyil...

- O sevginin adı Vətəndir... Şair necə deyib? "Vətəni sevməyən insan olmaz. Olsa da, ol şəxsdə vicdan olmaz".

SÖZARDI: Qazaxıstanın Oş vilayətində Yeni yol qəsəbəsi var və əhalisi azərbaycanlılardan ibarətdir. Həmin qəsəbədə Altı evlər adlı bir küçə var, Sovetlərin köçürülmə siyasəti dövründə Azərbaycandan bu çöllüyə sürgün edilənlərin hamısı o zaman bu ərazidəki altı baraka yerləşdirilib. Zaman keçib, insanlar yavaş-yavaş özlərinə güzəran qurub, qəsəbə salsalar da, həmin barakları qoruyub saxlayaraq, küçəyə Altı evlər adını verib. Həmin küçəni və o barakları 1992-ci ilin fevral ayında görmüşəm. Yəni...

Tamilla M-ZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri