Icma.az
close
up
RU
Ölüm əleyhinə qiyam

Ölüm əleyhinə qiyam

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alber Kamünün “Taun” romanı haqqında

Bu yazını mənim ilk mətbu hekayəmə uğurlu yol diləmiş ustadım Elçinin əziz adına tapşırıram

Kamü bu romanı dünya müharibəsinin şıdırğı vaxtında qələmə almışdı. Əsər davadan sonra - 1947-ci ildə işıq üzünə çıxarılmış, üstündən on il ötəndə “Yabançı” ilə birlikdə Nobel mükafatına layiq görülmüşdü.

Yazıçı təbii fəlakət kimi, azğın sel kimi axıb-axıb ölkələrə, evlərə, beyinlərə dolmuş faşizmi ölüm saçan yoluxucu mərəzə, dəhşətli epidemiyaya bənzətmişdi. Ancaq bu bənzətməni “qəhvəyi taun”un (doğmaca dilimizdə “qonur ölət” söyləmək, məncə, deyimin daha uğurlu təqdimatı olar) yayıldığı coğrafi əraziylə çəpərləmək doğru deyil, taun əsərdə ümumən varlığın mahiyyətini, təbiətin xassəsini, həyatın ayrılmaz komponenti kimi ölümü, xeyirlə qoşa addımlayan şəri ifadə eləyir. Belə olmasaydı, roman faşizm ideologiyasının, müharibə təbliğatının əleyhinə yazılmış irili-xırdalı minlərlə, on minlərlə əsərdən seçilməzdi. Taun həm də Kamü dünyagörüşünün ana anlayışı sayılan absurdun rəmzidir, çünki onun da yaşadığımız dünya sayaq heç bir mənası, məntiqi yoxdur, o da xaosun törəməsidir.

Roman xronika tərzində yazılıb. Yalnız əsərin sonlarında bilinir ki, bu qeydlərin müəllifi baş qəhrəman özüdür, sadəcə, fikirlərini, müşahidələrini üçüncü şəxsin dilindən qələmə alıb. Dörd-beş il bundan qabaq taclı virus bəşəriyyətin canına-ciyərinə daraşanda hamımız bu romandakına bənzər situasiyaya düşdük, həyatın ölümlə çarpışmasına şahidlik elədik, bütün qoruyucu tədbirlərə baxmayaraq şərlə növbəti savaşda milyonlarla itki verdik. Axırda həyat yenə də qalib gəldi, hərçənd son sözü həmişə ölüm deyir. Ölümcül mikroblar, xain viruslar ömrümüzü-günümüzü gecə-gündüz nişangahda saxlayır, girəvə düşən kimi tətiyi çəkir. Xoşbəxtlikdən hələlik doğulanlar ölənləri üstələyir, bir gün bu proses tərsinə getsə, axırımız nə olacaq, bilinmir.

Kamü öldürücü xəstəliyi, qorxunc epidemiyanı parlaq universal simvol, ümumbəşəri mif səviyyəsinə, əsərini də eynən Kafkanın əsərləritək insanın taleyi haqqında yazılmış roman-pritça, roman-alleqoriya mərtəbəsinə qaldırıb. Ancaq əsərdəki obrazlar sadəcə müəllifin ideyalarını, tezislərini daşıyan rəmzlər, konstruktlar deyil, həm də xarakterləri, sevgiləri, qorxularıyla birgə canlı insanlardır, əks halda yüksək bədii keyfiyyətlərdən məhrum əsər quru, cansız traktatdan seçilməzdi. Dahi yazıçı o kəsdir ki, həmişə sənətlə həyatın, mücərrədliklə konkretliyin kəsişdiyi nöqtədə məqam tutur, bir əli sənətdə, bir əli həyatda olur. İncəsənət həyat haqqında həqiqətləri ifadə eləməyin ən kamil, ən üstün vasitəsidir. Kamü özü də deyirdi ki, əgər filosof olmaq istəyirsənsə, roman yaz. Onun traktatları da forma-üslub baxımından akademizmdən uzaq, bədii publisistikaya bir köynək yaxındır.

***

Bunu da deyim ki, “Taun” romanının dilimizdə orijinaldan iki tərcüməsi var - birini mərhum tərcüməçi Hamlet Qoca, o birini tənqidçi alim Cavanşir Yusifli çevirib. Əsərdə hadisələr 194...-cı ildə (müəllif konkretləşdirmir) Əlzəcairin dənizqırağı Oran şəhərində, tipik fransız prefekturasında baş verir. Dəniz kənarında yerləşdiyini saymasaq (di gəl, bu yaşayış məntəqəsi üzü dənizə yox, arxası dənizə salınıb), ana təbiətdən nəsibini almamış ağacsız-quşsuz ölü şəhərə bu azmış kimi yaz ağzı taun epidemiyası da qəfil hücuma keçir. Xain təcavüzə hazır olmayan şəhər adamlarının hərəsi bəlaya bir cür reaksiya verir, potensial ölüm qarşısında hər kəsin xarakteri, gerçək mahiyyəti açılır.

Hər şey ondan başlanır ki, küçələrdə, evlərdə ölü siçovullar peyda olur. Çox keçməmiş şəhər əhli çöl-bayırdan hər gün minlərlə gəmirici leşi toplayır. Əzəl günlər şəhərin fəlakət astanasında olduğunu hələ ağlına gətirməyən baş qəhrəman doktor Rie xəstə arvadını sanatoriyada müalicə olunsun deyə dağ kurortuna yola salır. Ev işlərində oğlunun əlindən tutmaq üçün anası onun yanına köçür.

Taunun ilk öldürdüyü adam doktorun yaşadığı evin dalandarı olur. Epidemiyadan hələlik heç kim şübhələnməsə də, ölənlərin sayı durmadan artır. Doktor Rie Parisdən zərdab sifariş verir, ancaq onun xəstələrə çox da köməyi dəymir, üstəlik, tezliklə dərman da tükənir. Şəhər prefekturası vəziyyətin ciddiləşdiyini görəndə karantin elan eləyir, Oran qapalı məkana çevrilir.

Bir axşam Qran soyadlı çoxdankı pasiyenti doktoru evinə çağırır. Meriyada qulluq eləyən bu qoca yoxsul olduğuna görə Rie həmişə ona pulsuz xidmət göstərir. Qran deyir ki, onun Kottar adlı qonşusu intihara cəhd göstərib. Kottarın bu cəhdinin səbəbi Qrana bəlli deyil, ancaq qonşusunun özünü qəribə aparmağı qocanın gözündən yayınmayıb. Qaraqabaq, adamayovuşmaz Kottar bu hadisədən sonra insanlara qaynayıb-qarışmağa, onlara mehribanlıq göstərməyə başlayır. Doktor bu qənaətə gəlir ki, Kottarın vicdanı ləkəlidir, bu səbəbdən adamların etimadını qazanmağa, özünü onlara bəyəndirməyə çalışır.

Cansız-cəsədsiz, ürkək, fikrini dilə gətirməyə çətinliklə söz tapan qoca Qran özü isə uzun illərdən bəri bir kitab yazır. Hökumət işindən macal tapan kimi şedevr olacağına əsla şübhə eləmədiyi əsərinin üstündə işləməyə girişir. Fəqət əsərin birinci cümləsini bu neçə ildə nə qədər yazıb-pozsa da, üstündə oynasa da, hələ də başa gətirə bilməyib.

***

Epidemiyanın ilk günlərində doktor Rie iki nəfərlə tanış olur: bunun biri Parisdən gəlmiş jurnalist Raymon Ramber, o biri atletik cüssəli, sakit ayıq baxışlı Jan Tarrudur. Epidemiyadan bir neçə həftə əvvəl şəhərə gəlmiş Tarru dəftərçədə qeydlər aparır, Oranda gördüklərini bütün təfərrüatıyla yazıb sənədləşdirir, xəstəlik yayılandan sonra isə, təbii ki, bütün diqqətini fəlakətin detallarına yönəldir. Tarru tezliklə doktorun yaxın dostuna, silahdaşına çevrilir, ölətlə (indi çox yerdə unudulmuş bu gözəl kəlmə dilimizdə epidemiya sözünün qarşılığıdır, Mirzə Fətəli Axundovun, Süleyman Rəhimovun leksikonunda işlənmiş sözdür) mübarizə aparmaq üçün könüllülərdən ibarət sanitar dəstələri yaradır.

Karantin elan olunandan sonra şəhər əhli özünü türmədəymiş kimi hiss eləyir. Məktub yazmaq, dənizdə çimmək, şəhərdən çıxmaq qadağandır. Ərzaq qıtlığı yarananda Kottar kimi qaçaqmalçılar vəziyyətdən yararlanmağa çalışırlar. Varlılarla kasıblar arasında fərq daha qabarıq görünməyə başlayır: olan-qalanını da ərzağa verib lüt qalan kasıblardan fərqli olaraq varlılar qara bazardan üçqat bahasına yemək-içmək almağa, kafe-restoranlarda, əyləncə yerlərində pul xərcləməyə xəsislik eləmirlər. Heç kim gələcək haqda düşünmür, fəlakətin nə qədər çəkəcəyini, bu ütüdən salamat çıxıb-çıxmayacağını bilmir, hamı bugünlə yaşayır. Real ölümün təhdidi qarşısında insanların həyata da, zamana da münasibəti dəyişir. Sərvət, ictimai mövqe, sosial status (yəni həyat) adamları çeşidləndirib boy sırasına düzürsə, əcəlin hüzurunda hamı bərabərləşir.

Oranda qəribliyə düşmüş jurnalist Ramber Parisdəki azad, firavan günlərinə, sevgilisinin yanına qayıtmağa yol axtarır. Əvvəl qanuni yolla şəhərdən çıxmağa çalışsa da, icazə ala bilmir. Sonra Kottarın köməyi sayəsində qaçaqmalçılarla əlaqəyə girir, işlər düzülüb-qoşulanda Ramber fikrindən daşınır, sutkanın iyirmi saatını xəstələrlə əlləşən doktor Rienin, taunla ölüm-dirim savaşına çıxmış Tarrunun fədakarlığını görəndən sonra əcəlin pəncəsində çabalayan şəhəri bu halda qoyub aradan çıxmağa vicdanı, ləyaqəti yol vermir. Ramber Oranda qalıb Tarrunun sanitar briqadasına qoşulur.

Vəziyyətdən yalnız Kottar razıdır, epidemiya onun qanunsuz alveri, haram qazancı üçün gen meydan açıb, bulanıq suda balıq tutmasına bolluca imkan yaradıb. Üstəlik, hökumətin, polisin başı elə qarışıb ki, Kottar kimilər yada düşmür, can hayına qalmış şəhərdə onları itirib-axtaran yoxdur. Barəsində açılmış cinayət qovluğu da, Allah bilir, hansı dəftərxananın küncünə atılıb qalıb.

Karantinə alınmış insanlar evlərinə qayıdanda doğmalarının, əzizlərinin qırıldığını görüb ağıllarını itirirlər, havalı başla ev-eşiklərinə od vurub taun adıyla ömürlərinə soxulmuş şərdən qisas aldıqlarını düşünürlər. Qarətçilər elə onların gözü qabağındaca özlərini alova atır, pula gedən nə varsa canlarını oda yaxmaq hesabına daşıyıb aparıb dəyər-dəyməzinə satırlar.

Keşiş Panlü kilsədə söylədiyi moizələrdə taunun günahlarına görə Allahın şəhər əhlinə göndərdiyi bir cəza olduğunu, Tanrının iradəsinə boyun əyməkdən savayı bir çarə qalmadığını ibadətə gələnlərin beyninə yeridir. Keşiş tibbə heç bir etimad göstərmir, Allah, ölüm, cəza, təbabət kimi mövzulara münasibətdə doktor Rie ilə toqquşur. Ancaq günahsız, məsum uşağın vaxtsız əcələ qurban getməsindən sonra keşiş Panlü də hərəkətə gəlir, o da Tarrunun sanitar briqadasına qoşulub xəstələrə yardım göstərməyə çalışır.

Davamı növbəti sayımızda

F.Uğurlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Avqust 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı VİDEO

13 May 2026 03:20see202

Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI

13 May 2026 01:03see201

Bayramla bağlı pensiya və müavinətlərin verilmə vaxtı bilindi

13 May 2026 12:20see195

Samsunda aramsız yağışlar daşqına səbəb olub

13 May 2026 00:45see189

Sərnişinlər Dərnəgül dən 28 May a birbaşa gələ bilməyəcəklər

13 May 2026 08:35see187

Nənələr üçün 2026 cı ilin ən yaxşı 26 hədiyyəsi İllərlə seviləcək seçimlər

13 May 2026 02:00see185

PAŞA Bank İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzatdı

12 May 2026 15:24see177

Madyar Baş nazirin iqamətgahına köçməkdən imtina edib

13 May 2026 12:13see171

İmtahansız ikinci ali təhsil almaq istəyən şəxslər nələri bilməlidir? EKSPERT DANIŞDI

12 May 2026 17:32see164

Rövşən Nəcəf “düyünü”

13 May 2026 21:15see163

Ronaldu “Əl Nəsr”in qapıçısının avtoqolundan sonra emosiyalarını gizlədə bilməyib FOTO

13 May 2026 02:06see163

“Bunu hüquq müstəvisində həll edəcəyəm” Nəriman Əbdüləliyev işdən çıxarılıb?

13 May 2026 06:39see162

İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır

13 May 2026 03:27see160

“Atletiko”dan səfər qələbəsi

13 May 2026 02:16see159

Moskvada İzmaylovskiy Kremlində yanğın baş verib FOTOLENT

13 May 2026 02:47see158

Ginnes rekorduna düşən təbiət möcüzəsi: dəqiqədə 20 30 ildırım çaxır

13 May 2026 02:56see158

Həyatı əbədi dəyişəcək 4 bürc

13 May 2026 12:13see157

Fransada şok: 150 milyonluq transfer rəsmiləşir

13 May 2026 01:29see155

Dünyanın ən dinc ölkəsi açıqlandı

13 May 2026 07:15see154

Tacikistanlı ekspert: Bakı Düşənbənin bütün su təşəbbüslərinə ardıcıl dəstək göstərib

13 May 2026 18:34see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri