“Ölüm var ki, həyat qədər dəyərli...”
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vətən uğrunda şəhid olanlar ölmürlər, onların ömür yolları qısa olsa da, daim nümunəyə çevrilirlər. Həndi də ömrünün çiçəklənən vaxtında Vətən, ana, torpaq uğrunda gənc ömründən keçib.
İllər ötsə də, belə igidlər gənc yaşlarında qalacaq, daim xatırlanacaqlar. Böyük Hüseyn Cavid şərəfli ölüm barədə deyib: “Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli”.
Mən Həndini hələ uşaqlıqdan tanıyırdım, qonşuluqda olurdu. Çox tərbiyəli, istiqanlı, çalışqan, vətənini hədsiz sevən yeniyetmə idi. Evlərinin qabağında qədimdən qalma bir bulaq var idi. Hətta, uzaqlardan belə gəlib bu sərin bulaqdan su aparardılar. O, yaşlı adamlara kömək edərdi, hamı onu çox sevərdi.
44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin böyük qürurunu öz canı bahasına bizə yaşadan qəhrəman, cəsur, fədakar şəhidlərimizdən olan Həndi Elbrus oğlu Əliyev, 1992-ci il iyun ayının 19-da Gəncə şəhərində doğulub. 1999-cu ildə 31 nömrəli tam orta məktəbin birinci sinfinə gedib və 2011-ci ildə orta təhsilini müvəffəqiyyətlə başa vurub. Çoxlu arzuları var idi.
2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılan Həndi, Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə nümunəvi xidmət edirdi. Az müddətdə komandirlərin və əsgər yoldaşlarının dərin hörmətini qazanmışdır. 2013-cü ilin aprel ayında xidmətini ləyaqətlə başa vuraraq doğma şəhərə döndü.
Müxtəlif sahələrdə çalışaraq ailə büdcəsinə kömək edən Həndi bir müddət sonra işləmək üçün Rusiyaya getdi. Lakin vətənini çox sevdiyindən, ondan ayrı yaşamağın mümkün olmadığını görüb geri döndü və 2020-ci il sentyabr ayının 5-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmətə başladı. Onun xidmətə başlamasından 22 gün sonra – 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verdi.
Vətənpərvər oğullar kimi Həndi Əliyev də xidmət etdiyi hərbi hissənin tərkibində ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qoşuldu. Qısa müddət ərzində özünü cəsarətli döyüşçü, qorxmaz hərbçi kimi göstərən Həndi şərəfli döyüş yolu keçdi. Komandirləri onun haqqında ürəkdolusu danışırdı, həmişə özünü qabağa verir, yoldaşlarına kömək edirdi. 13 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. 16 oktyabr 2020-ci ildə Gəncənin Şəhidlər xiyabanında canı qədər sevdiyi torpağın qoynuna köçdü.
Həndi zəhmətsevər, vətənpərvər, hörmətli bir ailədə dünyaya gəlmişdi. Atası Elburus Əliyev, anası Ziyafət xanım çox gənc yaşda ailə qurmuşdular. Bəlkə, elə buna görə Həndinin dünyaya gəlişini bir möcüzə kimi qəbul etmişdilər. Ata babası körpəyə öz babasının adını verəndə heç kəs etiraz etmədi, hətta körpənin nəslin davamçısı olacaq deyə bir az qürurlandılar da. Gənc ailənin iki il sonra Nizami, daha iki il sonra isə Aysun adlı övladları dünyaya gəldi. Amma yenə də Həndinin yeri başqa idi.
Kədərini qəlbində boğmağa çalışan ata şəhid övladı haqqında çətinliklə danışır. «Həndi doğulanda çox gənc idim. Bəlkə elə ona görə də onu özümə oğuldan çox kiçik qardaş hesab edirdim. Aramızda əsl dost münasibəti var idi. Hər sözümüz, sirrimiz bir olardı. Anası xeyir iş həvəsində idi, tezliklə toy-nişan etməyi arzulayırdı. Müharibə olmasaydı indi, yəqin ki, toyu da olacaqdı.
Cəbhədən arabir zəng edirdi. Deyirdi ki, hər şey yaxşıdır. Heç nəyin fikrini etməyin, qələbə bizim olacaq. Qardaşına bir neçə dəfə ölümdən qurtardığını demişdi. Ona görə də inanırdıq ki, ona heç nə ola bilməz. Amma belə deyilmiş…
Bu gün bizi qürurlandıran Həndinin döyüşçü yoldaşlarının onun qəhrəmanlığı haqqında fəxrlə danışdıqlarıdır. Təsəllimiz odur ki, onun qanı yerdə qalmadı, qisas alındı və torpaqlarımız işğaldan azad edildi. Bü, Böyük Qələbənin qazanılmasında isə oğlumun da payı var.
Şəhid atası təki Vətən sağ olsun söyləyir. Biz isə deyirik ki, qəm yemə, Elbrus ata, Ziyafət ana. Həndi igidliyi ilə adını Zəfər tariximizə yazıb. O ad ailənizə ümumxalq ehtiramı gətirib.
Həndi Əliyev döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, məzarları nurla dolsun.
Zabit XƏLİLOV,
Gəncə Ağsaqqallar Şurası sədrinin birinci müavini, I dərəcəli dövlət qulluqçusu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 17 Oktyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















