Icma.az
close
up
RU
Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Rafael HÜSEYNOV
Akademik

Səni nə gözlədiyindən tam xəbərsiz qalaraq nigaranlıq məngənəsində çırpınmaqdan ağır duyğu olmaz. Ümidi hər yerdən üzülmüş, evindən-eşiyindən ayrılaraq günlərdən bəri dustaqxanada qara-qura fikirlərin üzdüyü gənc Balaş, nəhayət ki, sevinir. Ona görə sevinmirdi ki, şad xəbər almışdı. Sevinirdi ki, nəhayət, məchulluq, namüəyyənlik bitir, sevinirdi ki, yaxşı-yaman, aqibətləri aydınlaşır.

Hər saatı azadlıqdakından qat-qat uzun görünən həbsxana günlərinin növbətilərindən birində yerləşdikləri kameranın qapısı açılır və deyirlər: "Qalxın!"

Dörd divar arasına sıxıldığı bu günlər ərzində dustaq yoldaşlarından, ətrafdakıların yaşlısından-cavanından ha xəbər öyrənməyə çalışmışdısa ki, atası haradadır, heç bir fərli soraq ala bilməmişdi.

İndi gecənin bir aləmi idi, deyirdilər "Qalxın!" və hamısını doldururlar maşınlara.

Həbsxananın iri dəmir darvazaları yenidən açılır. Kimsə pıçıldayır ki, buradan çölə iki yol var: ya bizi Nargin tərəfə aparacaqlar, ya da neft mədənləri sarı ki, güllələyəndən sonra köhnə, istifadədən çıxmış quyularda basdırsınlar. Bu da ola bilər ki, yaxşı qurtaraq, güllələnməyək.

Bu güllələnməmək, guya yaxşı qurtarmaq da nə imiş? Dustaqlar danışırdılar ki, ola bilər, bizi Qazaxıstan, Sibir tərəfə sürgün etsinlər.

Dustaqlar belə təşvişli sualların əsiri ikən onları Xəzərin sahilinə gətirir, gəmilərə mindirməyə başlayırlar.

Bu əsnada hamısının fikrindən keçir ki, deyəsən, Nargin məsələsi dəqiqləşdi, bizi Nargin adasında güllələməyə aparırlar.

Çünki 1937-ci ilin əzazil tuthatutlarından sonra Narginin əslində bir ölüm adası olması hər kəsin beynində qətiləşmişdi. Ancaq adamla ağzınacan dolu, heç oturmağa yer olmayan gəmi asta-asta yola düzəlir. Saatlar ötür, baxırlar ki, yox, deyəsən, Nargin məsələsi deyil. Hesabla Narginə çoxdan çatmalıydılar.

Gedirlər, gedirlər və nəhayətdə elan olunur ki, az sonra Ənzəliyə çatacağıq. Beləcə, sabahlarda Azərbaycanın tanınmış şairlərindən olacaq Balaşın həyatındakı ilk böyük sürgün, əvvəlinci mühacirlik başlanır.

İran da, Güney Azərbaycan da ona ata-baba yurdu idi. Əslində həm də Vətən idi. Quzey Azərbaycansa onun elə əsl Vətəni idi - burada doğulmuşdu, bu torpağın üstündə iməkləmişdi, ilk addımlarını bu torpağın üzərində atmışdı. İndi onu buradan - Vətəndən sürgün etmişdilər, Balaş Vətəndən obiri Vətənə mühacirətə gedirdi.

Sonra ömrü o mühacirətlə bu mühacirət, o Vətənlə bu Vətən arasında keçəcək. Uzun yaşayacaq və payına düşən ömür möhləti ərzində, doqquz onilin içərisində çox həftələr, çox aylar, çox illər tamamlanacaq. Ancaq onun əbədi mühacirəti ömrünün axırınadək bitməyəcək.

Dodaqları qurumuş

Susuz bir torpağam mən.

Sinəmdə cadara bax.

Budağından ayrılmış

Yaşıl bir yarpağam mən.

Qopduğum çinara bax.

Şimşəkləri çaxanda

Bir bahar buluduyam

Göylərin sinəsində.

Təlatümü susmamış

Bir vulkanın oduyam

Mən Odlar ölkəsində.

Fırtınası yatanda

Ümmandan ayrılmışam

Ümmana dönmək üçün.

Bir fırtına quşuyam,

Tufandan ayrılmışam

Tufana dönmək üçün.

İnsan əcaib məxluqdur. Bədbəxtliklərin, zəlalətlərin içərisində də bəxtiyar olmağı bacarır. Balaş gənc, heç gənc də yox, yeniyetmə bir insan idi, 17 yaşı vardı. Artıq bu balaca ömrü boyunca dəfələrlə şahidi olmuşdu ki, həyatının mənasını şeirdə, ədəbiyyatda görən, dünyanın ən ali ləzzətini yazıb-yaratmaqda tapan neçə böyük insanı məhv ediblər, sürgünlərə göndəriblər, adlarını diri-diri tarixdən siliblər. Balaşı, digərləri kimi, Sibir gedər-gəlməzlərinə yollamamışdılar.

Əslində o da elə həmin yolu gedən kimi idi. Balaşı digərləri kimi gülləyə tutmamışdılarsa da, o da güllələnib öldürülənlərdən fərqli deyildi. Əslində onu diri-diri güllələmişdilər də, sürgünə də göndərmişdilər.

1938-ci ilin yazdan çox boz payızına bənzəyən mayında Ənzəliyə düşərkən onun içərisindən keçən bu düşüncələrdi. Üstündən 50, 60 il sovuşandan sonra bu əhvalatları danışırdı. Ancaq o hissiyyatı hələ də soyumamışdı.

Ailə faciələr girdabının içərisində idi - Balaşın özündən əvvəl atasını tutub aparmışdılar, axıracan da öldü-qaldısından xəbəri çıxmadı.

Anasını apardılar, özünü tutdular, anasının başına nə işlər gəldi, bundan da bixəbər qaldı. İndi bu böyük dünyada tək-tənha, aciz, mağmun və sabahına heç bir ümid olmayan günlər ağuşu içərisində qərib Ənzəlidə idi. Ancaq bədbəxtliklərin içərisində olduğu bu anda elə hadisə baş verir ki, Balaş dönüb olur xoşbəxtlərin xoşbəxti: qəfildən anası da qarşısına çıxır, atası da.

Onları da, əslən İrandan olan digərləri kimi, Bakıdan Ənzəli tərəfə sürgün eləmişdilər. Görüşürlər, qucaqlaşırlar, bir-birini duz kimi yalayırlar. Artıq ixtiyarlaşmış Balaş müəllim səksənini keçəndən, sonra doxsanın astanasında o günləri, o günlər gedişindəki bir əziz axşamı həyəcanla, riqqətlə xatırlayırdı. Deyirdi ki, həm yolun yorğunluğu, həm də fikir-zikir məni elə üzmüşdü ki, ata-anamla görüşdüyüm gecəni daş kimi yatmışam. Səhərə yaxın ayıldım. Təbii ki, atam da, anam da məndən beşbetər yorğun idilər. Ancaq gözümü açanda gördüm ki, anam da, atam da başımın üstündə dayanıblar. Sən demə, səhərəcən göz qırpmadan yatmayıblar, səhərəcən mənə baxırlarmış.

Demək, o gecənin içərisində bu qədər müsibətlərin müqabilində həmin ata da, həmin ana da xoşbəxt imiş. Balalarını tapmışdılar, yenidən qovuşmuşdular. Hər halda təzə bir ümid yaranmışdı ki, bir yerdədilər, tamamilə yeni bir yol başlamaq imkanları var. Düşünürdülər ki, burada həyatlarını necə qursunlar.

Ata ilə uşaqdan fərqli olaraq, ana həbs olunmamışdı, ona görə də evdən çıxanda olanını götürə bilmişdi. Hər halda bəzək-düzəyindən, qır-qızılından əlində-ovcunda nələrsə vardı. Onları satıb bir müddət dolana bilərdilər. Odur ki, xəyallarında gələcək qururdular. Düşünürmüşlər ki, əvvəlcə Ənzəlidə qalsınlar. Əgər burada münasib güzəran qura bilməsələr, iş tapmaq müşkül olsa, onda Ərdəbilə yollansınlar. Hər halda orada qohum-əqrəba çoxdur, ümidlər vardı, həm də az deyildi.

İstər Abizadələr ailəsi, istərsə də Bakıdan İrana sürgün edilmiş digərləri çoxdan yadırğadıqları xoş xəbərlər eşitmək arzusunda idilər.

Lakin ahəstə-ahəstə qəriblikdəki həyata daha dərin sirayət etdikcə, köhnə günlərlə buradakı dolanışığı müqayisə etdikcə görürlər ki, yerlə göy fərq var.

Rza şah mütləqiyyəti İranı elə kökə salıbmış ki, hamı qan ağlayırmış. Ona görə də gələnlərin əksəriyyəti artıq ayaqları bura dəyəndən bir neçə ay sonra geriyə necə qayıtmağın yolları haqda fikirləşirdi.

Lap başlanğıcda tək-tək adamlara, ən fərasətlilərə nə şəkildəsə canını qurtarmaq, qaçıb geriyə qayıtmaq müyəssər olur. Bu adamlar İrana Sovet İttifaqından sürgün edilmişdilər. Oradakı 1937-1938-ci illərin qırğınlarını görmüşdülər. İndi görün buralar nə kökdə imiş, vəziyyət nə qədər dözülməzmiş ki, oranı buradan üstün tutur, geriyə qayıtmağa səy göstərirdilər. Ancaq bir qədər sonra məlum olur ki, heç geriyə qayıtmaq da mümkün deyil.

İran tərəfdə sərhədə nəzarət, sən deyən, ciddi deyildi, birtəhər onların diqqətindən yayınıb keçmək olurdu. Ancaq sovet sərhədində sərhədçilər ayıq-sayıq dayanıbmış. Çox keçmədən camaat arasında bu söhbətlər də yayılır ki, sərhədi keçmək istəyənlərin çoxunu sovet sərhədçiləri tutub, qaytarıb İrana təhvil veriblər. Ona görə də əksəriyyət taleyi ilə barışır, anlayır ki, daha buradan qurtulmağa nicat yoxdur. Bir halda ki qismət belədir, qalıb necə yaşamağın çəmini tapmaq lazımdır...

Balaşgilin ailəsi baxır ki, Ənzəlidə dolanışıq daha sıxıntılıdır, burada başacan duruş gətirə bilməyəcəklər. Qət edirlər Ərdəbilə köçsünlər. Hər halda Ərdəbildə söykənəcəkləri vardı, oralarda qohum-əqrəba az deyildi. Onlar da xəbər göndərmişdilər ki, gəlin, kənddə sizə şərait yaradarıq, köməkləşib ev də tikərik.

Gəlirlər Ərdəbilin təxminən 10 kilometrliyində yerləşən dədə-baba kəndlərinə - Hacı Səlim qışlağına. Balaşın atasına qohumlardan kimsə məsləhət bilir ki, sən get kəndin ağasının yanına, bir hədiyyədən-filandan da apar, işini düzəldər.

İşini düzəltmək də ibarət olsun ondan ki, kəndin ağası əli hədiyyəli gələni verdiyi bəxşişin müqabilində rəiyyət götürəcək.

Balaş müəllim xatırlayırdı ki, anamın Bakıdan gətirdiklərindən hələ nələrsə qalırdı, atam bəzi şeyləri götürür, yollanır kəndin ağasının yanına.

O da hədiyyələri qəbul etməyinə edir, ancaq möhlət istəyir, qayıdır ki, müəyyən qədər, təxminən bir-iki ay gözləmək lazımdır.

Bir-iki ay sovuşur, kəndin ağasından xəbər çıxmır.

Balaşın gələcəkdə içərisindən coşacaq inqilab havasının cücərtiləri elə o vaxtdan qəlbində varmış. Başlayır atasıyla deyişməyə ki, ay ata, bu nə deməkdir, sən aparıb hədiyyə də vermisən, gözləyirsən ki, nə var-nə var, bu adam səni köləliyə qəbul edəcək; rəiyyət olmaq elə kölə olmaq deməkdir, gecə-gündüz onun buyruğunda duracaqsan, nə əmr eləsə, onu yerinə yetirməyə məcbursan.

Atası da naəlac-naəlac qayıdır ki, a bala, tək mən deyiləm ki, bizim kimi Bakıdan sürgün olunanların neçəsi hərəsi öz dədə-baba kəndində gedib ağanın yanına, ondan rəiyyətlik istəyib ki, əli bir parça çörəyə çatsın.

Belə deməyinə deyir, ancaq oğlunun inamlı etirazları ona təsirsiz də ötüşmür. Yaxınları yığışaraq onlara bir koma düzəltmişdi - yaşayacaq yerləri vardı. Ancaq günlərin gedişi onları hər halda vadar edir ki, Hacı Səlim qışlağından çıxaraq Ərdəbilə - şəhərə köçmək barədə düşünsünlər.

Savadsız ata-anasından fərqli olaraq, məktəb oxumuş, bütün gələcəyi qarşıda olan Balaşın bu kəndə sığmayan ayrı niyyətləri də vardı.

O gəlib düşmüşdü İrana, buradan başqa çıxış yolu yoxdu, burada yaşamalıydı. Ancaq nə ərəb əlifbasını bilirdi, nə farscanı. Soraq-soraq onu yönəldirlər qonşudakı Mirzə Səlimin yanına. Mirzə Səlimin evinə başqa öyrənmək istəyənlər də gəlib-gedərmiş. Mirzə Səlim həm farscanı, həm də yazıb-oxumağı öyrədərdi. Ancaq elə ilk günlərdən Balaşın başqa şagirdlərindən çox fərqləndiyini görür. Balaş savadıyla da, ədəbiyyatı yaxşı bilməsi ilə də, qabiliyyəti ilə də Mirzə Səlimin diqqətini çox çəkir. Ancaq təkcə Mirzə Səlimin yox. Mirzə Səlimin Səlmi adlı bir qızı da varmış. Bir axşam növbəti dərsə gələndə Balaşı müəllimi Mirzə Səlim yox, onun qızı qarşılayır.

Xanım qayıdır ki, atam bərk xəstələnib, zökəm olub. Məndən xahiş etdi ki, hələlik bir neçə gün onu əvəz edim. Siz tək deyilsiniz, başqa gələnlərlə də dərsi özüm aparacam.

Elə ilk təmaslarından isinişirlər. Səlmi qayıdır ki, atamla söhbətlərinizi gendən eşitmişəm. Bilirəm ki, siz başqalarına nisbətən çox biliklisiniz.

Balaş təsdiqləyir ki, mən Bakıda 10 il məktəb oxumuşam, əlbəttə, fərqimiz olmalıdır: "Mənim bilmədiyim yeganə ərəb əlifbası, bir də fars dilidir ki, gərək bunlara yaxşı yiyələnəm".

Beləcə bir neçə dərsi Səlmi aparır. Görünür, bu, onun ilk müəllimliyi deyilmiş, məşğələləri ustalıqla idarə edirmiş, elə Mirzə Səlimin apardığı dərslər kimi idi -məzmunlu, cazibəli. Fəqət yazdıqca, mətnləri oxuduqca, söhbətləşdikcə arada baxışları da toqquşurdu. O baxışların toqquşmasından onun da, bunun da ürəyinə nəsə bir köz düşmüşdü.

Balaş Azəroğlu tezliklə ayrı düşəcəyi bu qız haqqında çox sonralar şeirlər yazıb. Ömrünün axırınacan onu unutmurdu və ona "ilk məhəbbətim" deyirdi. Özünün etirafıyla birinci sevgisi idi. Ancaq nə onun özü, nə Balaş tərəfindən bu sevgi etirafı dilə gətirilməmişdi. Bu sevginin varlığı hərdən bir-birinə toxunan əllərinin hərarətində, toqquşan baxışlarının sonra bir-birindən ayrıla bilməməsində görünmüşdü. Az müddət sonra məlum olur ki, onlar da, bunlar da köçməlidirlər. Mirzə Səlim qızı Səlmini götürüb Ərdəbilin bir başqa kəndinə yollanır, Balaşgilin ailəsi də Ərdəbil şəhərinə köçmək qərarına gəlir.

Bu, Balaşın həyatının lap əvvəlindən alnına, ömrünə yazılan ayrılıqların daha biri idi.

Danışırdı ki, 1938-ci ildə mən hələ məktəbli ikən Bakıda həbs olunanda sinif yoldaşlarımdan bir neçəsi anama baş çəkibmiş, deyiblərmiş ki, Balaşdan ötrü çox darıxırıq. Sinfimizdə onun oturduğu yeri boş saxlamışıq. Balaş qayıdıb gələnəcən o yerdə heç kim oturmayacaq.

Artıq ağsaqqal əyyamlarında, ömrün bitəcəyində həmin söhbəti Balaş Azəroğlu bir də yada salırdı. Deyirdi, mən təzədən Bakıya qayıdanacan, yenidən o məktəbi görənəcən illər keçdi, o uşaqlar neçəsi məktəbi də qurtardı, sonra ali məktəbləri də başa vurdular; illər ötəndən sonra, təbii ki, keçmiş sinif yoldaşlarımın bir müddət skamyada boş saxladığı yerimdə başqaları oturdu.

Balaş müəllim bir az da qəhərlənərək əlavə edirdi ki, mən naşükür adam deyiləm, ömrümdən razıyam, çox mətləblərə, çox mərtəbələrə yetişdim, ancaq həyat məndən otura biləcəyim çox yerləri də aldı...

...Artıq dünya dəyişirdi, 1930-cu illər bitir, 1940-cı illər başlanırdı və gənc Balaş da dəyişən dünyaya hazır olmaq üçün bəlli bir mərhələni artıq keçmişdi: 1939-41-ci illərdə ikiillik mədrəsəni bitirmişdi, farscanı mükəmməl öyrənmişdi. Amma, eyni zamanda, fəal bir gənc kimi ətrafda cərəyan edən ictimai-siyasi hadisələr haqqında düşüncələrə dalırdı.

Dünya müharibəsi gedirdi. Savaş dərinləşdikcə müttəfiq qoşunları da - sovet hissələri, amerikanlar, ingilislər İrana girmişdilər, ölkə ayrı bir hava ilə nəfəs almaqda idi. Rza şah da İrandan çıxıb getmişdi. İnsanlar hansı təbəqələrdən olmalarına rəğmən xeyli həssaslaşmışdılar.

Ərdəbilin mərkəzində "Çaharrah" (dörd yol ayrıcı) deyilən yerdə bir məşhur çayxana varmış. O çayxanada da bir radio. Elə çağlarmış ki, radio bahalı əyləncə imiş, hələ hər evdə yoxmuş. Ona görə də günortadan sonra, axşamüstü radiodan lər yayımlanan saatlarda bir çox adamlar bu çayxanaya can atarmış. Gələrlərmiş ki, orada Berlin, Ankara radiosundan verilən müharibə xəbərlərini dinləsinlər, döyüşlərin gedişi haqda, ümumi vəziyyət barədə yenilikləri öyrənsinlər.

Balaş müəllim bir az məzə ilə yada salırdı ki, Ərdəbil şəhərində başqa yerdə də çayxanalar vardı, orada da çayı içmək üçün bir pul ödəməli idin, ancaq Çaharrahdakı çayxanada həmin radioya görə çayın qiyməti bir neçə dəfə baha idi. Bəziləri guya az xərcə düşmək üçün gəlir, bir stəkan çay götürürdü, iki-üç qurtum içib dayanırdı ki, guya soyumasını gözləyir. Ancaq çayçılar bu kələkbazlardan da fəndgirmiş. Müştəri vaxt uzatmaqçün iki-üç qurtumdan sonra stəkanı qırağa qoyan kimi çaypaylayan uşaq tezcə yaxınlaşarmış masaya, görünür, bu da müşahidəcil çayxana sahibinin göstərişi imiş ki, gördünüz stəkan yarıboşdur, durmayın, dərhal götürüb təzəsini gətirin. Müştəri gözünü açıb-yumunca görürmüş stəkan getdi, ağzını açan kimi də çayçı şirin dilini salırmış işə ki, ağa, çayınız buza dönmüşdü, qaynarını gətirim, nuş edin.

Beləcə, xəbərlərə qulaq asmaq üçün gələnlər əslində radionu dinləmək pulunu da ödəmiş olur, çayxanaya girib-çıxanacan xeyli xərcə düşürlərmiş.

Ancaq şübhə yox, bu çayxanaya yığışanlar yalnız radiodakı xəbərləri dinləmirdilər, bir yerdəydilərsə, öz aralarında olub-keçənlərin müzakirələrini də aparırdılar, ölkədə cərəyan edənlərin də haqqında mülahizələrini bölüşürdülər.

Həmin axşamlardan birində Balaş eşidir ki, "hizb" yaranıb.

Deyirdi ki, ogünəcən "hizb" sözünü eşitmişdim, nə demək olduğunu bilmirdim. Başa saldılar ki, bu, bir təşkilatdır, ölkənin nicatı haqqında düşünən insanların birləşdiyi yerdir, mərkəzi qərargahı da Tehrandadır.

Balaş da, tay-tuşları da hizblə maraqlanmağa, orayla necə əlaqə yaratmaq haqqında düşünməyə başlayırlar. O vaxtlar Balaş başında Bakı havası olan, oradaykən tez-tez dərnəklərə gedən gənc kimi xeyli fəal imiş, elə onun kimi Bakıdan sürgün olunmuş yaşıdı Feyzi ilə birlikdə teatr dəstəsi qurublarmış, ora səhnəyə həvəs göstərən uşaqları da cəlb ediblərmiş, "Şeyx Sənan"ı, "O olmasın, bu olsun"u, digər dəbdə olan əsərləri göstərirlərmiş.

Balaş müəllim yada salırdı ki, 1941-ci ildə yaratdığımız o dəstəyə tədricən yeni gənclər qoşuldu.

Hətta Balaş da, Feyzi də aralanandan sonra gənclərin həvəskar teatr dəstəsi işini ta 1945-ci ilə qədər davam etdirir, bu 5 ilin ərzində sonradan Güney boyu tanınıb şöhrətlənəcək bir neçə aktyor məhz orada yetişir.

Həyatında və yaddaşında silinməz izlər buraxmış həmin Çaharrahdakı çayxanada 1940-cı illərin lap əvvəllərində Balaş bir xəbər də eşitmişdi ki, Təbrizdə "Vətən yolunda" adlı qəzet çıxır.

Haşimi adlı bir xeyirxahı Balaşa məsləhət görür ki, sən də şeirlərini göndər ora, əlimə həmin qəzetin bəzi nömrələri düşüb, oxumuşam, şeirləri gen-bol verirlər, aralarında tanınan şairlər də olur, az tanınanlar da, lap heç tanınmayanlar da. Ancaq sənin şeirlərini oxuyuram, görürəm ki, orada dərc edilən şeirlərin çoxundan yaxşıdır ki, pis deyil, məsləhətimdir sən də şeirlərini göndərəsən, məncə, çap edərlər.

Balaş hə-yox deməsə də, söz ağlına batır. Çox çək-çevir etmədən dostlara oxuyub tərif eşitdiyi şeirlərindən birini zərfə qoyub "Vətən yolunda" qəzetinin redaksiyasına yollayır.

Üstündən bir neçə gün keçəndən sonra yenə həmin çayxanada toplaşıblarmış, yenə xəbərləri gözləyirlərmiş, kimsə cibindən "Vətən yolunda"nın təzə nömrəsini çıxarır, qəzet əl-əl gəzir, məqalələri oxuyanlardan biri içini çəkir ki, "Bıy, burda Ərdəbilin də adı var!". Hamı başlayır maraqlanmağa, rica edirlər ki, o yeri ucadan oxuyun, görək Ərdəbil haqqında nə yazılıb.

Qəzetin həmin buraxılışında redaksiyaya göndərilən şeirlərin xülasəsi verilibmiş və yazılmışdı ki, bizə indiyə qədər Təbrizdən, Səlmasdan, digər şəhərlərdən şeir göndərənlər olub, çoxusunu da dərc etmişik, lakin indiyədək Ərdəbildən şeirli məktub almamışdıq, təəccüblənirdik ki, bu necə ola bilər Xətainin şəhərindən, Xətainin yurdundan bir şair çıxmasın; indi Ərdəbildən də şeirli məktub almışıq, "Azəri" təxəllüslü bir şair şeirini göndərib, gələn sayımızda onu da verəcəyik.

Balaşın dostu Haşimi qəzeti alıb baxır, indicə eşitdiyi həmin məlumatı bir də oxuyur. Balaş sarı əyilib astadan pıçıldayır ki, sənə söz dedim, qulaq asmadın, şeirlərini vaxtında göndərmədin, bu "Azəri" təxəllüslü kimdirsə, düşdü qabağa, yoxsa sən "Vətən yolunda"da şeiri çıxan birinci ərdəbilli olacaqdın.

Balaş bir söz demir, amma o da fikirləşir ki, görəsən, bu "Azəri" kimdir.

Belə fikirləşməyini Balaş müəllim mənə artıq 1990-cı illərin ortalarında söyləyirdi. Deyirdi ki, mən "Vətən yolunda" qəzetinə göndərdiyim şeirin altında imzamı "Azəroğlu" yazmışdım, növbəti sayda dərc ediləcək şeirin müəllifi "Azəri" kimi elan edildiyindən mən də bunun başqa adam olduğunu zənn etdim.

Çayxana hər gün adamlı idi, radio hər gün səslənirdi və "Vətən yolunda" qəzetinin də hər təzə buraxılışından azı bir-iki nüsxə bura gələnlərdə olurdu ki, hamının oxuması üçün elə bircəsi də bəs edirdi.

Yenə axşam xəbərləri səslənib bitincə başlayırlar qızğın müzakirələrə, ara sakitləşəndə bir nəfər "Vətən yolunda"nın son nömrəsini açıb deyir ki, gözünüz aydın, ərdəbilli şairin də mənzuməsi burada çap olunub. Qəzet əl-əl dolanaraq gəlib Haşimiyə çatır. Gözü ilk sətirlərə sataşınca az qala qışqırır: "Bu ki bizim Balaşın şeiridir. Azəroğlu elə Balaşdır, a camaat! Bu şeiri neçə ay qabaq öz dilindən eşitmişəm!"

Və başlayır şeiri əvvəldən-axıracan ucadan oxumağa.

...Onda üzbəüz idik, Balaş müəllim danışırdı, mən dinləyirdim, diktofon yazırdı. Mən yenə dinləyirəm, diktofon yenə işləyir, ancaq Balaş müəllim yoxdur, səsi var: "O vaxt müttəfiqlər - sovetlər şimaldan, o biri müttəfiqlərsə cənubdan İrana daxil oldular. Beləliklə, İran quruluşu sarsıldı, Rza şah qaçdı. Şahlıq dağılandan sonra Cənubi Azərbaycanda azadlıq hərəkatı başladı. Tehranda İran Xalq Partiyası yarandı. Onun Ərdəbildə, Təbrizdə şöbələri vardı. Mən də Ərdəbildəki şöbəyə daxil oldum, başladım orada fəaliyyət göstərməyə".

Mən əyilib hakimin əllərindən öpmədim,

Şeirimi çiçək kimi ayaqlara səpmədim.

Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,

Nə saray məddahıyam, dərgahlardan qovulam.

Mən ellərin oğluyam, ellər böyütmüş məni,

Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.

Mən nə şam, nə pərvanə, nə rübab şairiyəm.

Azadlığın carçısı, inqilab şairiyəm.

1941-ci il idi. Balaş Azəroğlunun vur-tut 20 yaşı vardı. Ancaq o, mübarizələr meydanına atılırdı. Böyük söz aləminə döyüşkən sətirləri ilə gəlirdi. Bu danışan da unudulmaz Balaş Azəroğludur: "Rza şah qaçandan sonra Tehranda da həbsxanalar açıldı. İranın həbsxanalardakı məşhur inqilabçıları azadlığa çıxdılar. Azadlığa çıxandan bir müddətdən sonra da, təqribən beş-altı ay keçincə bunlar İran Xalq Partiyasını təşkil etdilər. İran Xalq Partiyasının nümayəndələri Ərdəbilə də gəldi çıxdı, Ərdəbildə təşkilat yaratdılar. Bu təşkilata birinci yazılan da biz mühacirlər olduq. Mən də gedib təşkilata üzv oldum. Şəhərdə nümayişlər keçirilir, mitinqlər olurdu. Bizim ərdəbilli ziyalılar çıxıb danışırdılar. Kənddən gələn fəhlələr bunları başa düşmürdü. Çünki elə farsca danışan kimiydilər. On kəlmə deyəndə biri Azərbaycan sözü olurdu, doqquzu farsca. Ona görə mitinqlərdə biz mühacirlər çıxış etməyə başladıq. Mən də çıxış edirdim, həm nitqlərim olurdu, həm də təzə yazdığım şeirləri oxuyurdum. Özü də şeirlər nə idi - hamısı şahın əleyhinə. Camaat bizi istəyirdi. Kəndlərdəki mitinqlərə "mühacirlər gəlsin" deyirdilər. Çünki bizim danışığımızı rahatca başa düşürdülər, bizim çıxışlarımızda yerli ziyalıların korlanmış dilindəki qəliz ərəb-fars sözləri, izafət birləşmələri yox idi.

1943-cü ildə isə Təbrizdə olan yoldaşlarımız fikirləşmişdilər başda Biriya olmaqla ki, bir ziddi-faşist təşkilatı yaratsınlar. Həmin faşistlərin əleyhinə olan təşkilata Biriya sədr seçildi. Bu təşkilatın çoxlu üzvləri var idi, əksəri də mühacirlər idi. Bu təşkilatın bir şöbəsini də Ərdəbildə yaratdılar. Ərdəbildəki ziddi-faşist təşkilatına məni sədr seçdilər. Biz hər ay bir-iki səhifədən ibarət xüsusi vərəqələr buraxırdıq. Burada faşistlərin əleyhinə şeirlər, məqalələr yazır, kəndliləri incidən ərbabların əməllərini faş edən məqalələr dərc edirdik. O vərəqələri kəndlərdə əl-əl gəzdirirb oxuyurdular, ərbablara acıq verirdilər ki, bax sizi belə ifşa ediblər".

...Şər həmişə lap başlanğıcdan məğlubdur. Çünki şər yaranınca ona qarşı mübarizə aparacaq qüvvələr də öz-özünə törəyir. Əslində hər şər daha mütərəqqi qüvvələrin ortaya çıxması üçün bir təmələ çevrilir.

1940-cı illərin əvvəlləri dünyanı səksəkədə saxlayan böyük təhlükə addım-addım irəliləyir, Avropanın başı üzərindəki faşizm kabusu getdikcə qatılaşır. Dünyanın ən müxtəlif ölkələrində hər kəs anlayırdı ki, bu bəla gec-tez onları da vura bilər. Təqvimdə İkinci Dünya müharibəsi idi.

Sabahın görkəmli şairi Balaş Azəroğlu gənc bir insandı, vur-tut 20-21 yaşı vardı. Həyat onunçün sözün hər mənasında yeni başlanırdı. Birincisi, gənc idi, cavan bir insan üçün, əlbəttə ki, həyat yolu yenicə başlanır. Amma digər tərəfdən, o, bir Vətəndən digər Vətənə gəlmişdi. Orada, Bakıda ayrı bir həyat yaşayırdı və orada qalmış olsaydı, onu büsbütün fərqli bir gələcək gözləyərdi. İndi isə gəlib düşmüşdü İrana. Ərdəbildəki həyatın vəd etdiyi isə tamam başqa gələcək idi. İlk şeirlərini yazırdı, artıq tanıyanlar onu "ərdəbilli şair" adlandırırdı. Ancaq Balaş kimi cavanlığında şeir yazan o qədər insan olmuşdu ki, onların hamısı sonralar şair kimi şöhrətlənmədi. Ola bilər ki, bu tale elə Balaşı da müşayiət edərdi. Ancaq həyat özü onu mübarizələrə hazırlayırdı.

Guya İran müharibədən aralı kimi idi, onun Almaniya ilə bağlaşması vardı. Ancaq bütün dünyanı silkələyən elə bir savaş gedirdi ki, heç bir müqavilə, heç bir anlaşmaya arxayınlaşaraq sakit oturmaq olmazdı, heç bir ölkə bu fövqəladə hadisənin dalğasından kənarda qala bilməzdi.

İrandakı şah rejimindən, bu düyünlü və çürük siyasətin bir çox əyintilərindən narazı olan qüvvələr hədsiz idi. Ona görə də ölkə boyu mütərəqqi fikirli insanlar nicat yolu axtarışlarında ayrı-ayrı cəmiyyətlərdə, təşkilatlarda birləşməyə çalışırdı.

XIX yüzilliyin ikinci yarısından etibarən, xüsusən də XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda sıra-sıra qəzetlər, dərgilər nəşr edilib. Mətbuatımızın bütöv tarixi haçansa, yəqin ki, yazılacaq. Tariximizdə qalası bir çox nəşrlər var ki, çağdaş insanlar onlardan xəbərsizdir. Hansısa 1 ay nəşr olunub, hansısa 3 ay, 5 ay, 1 il, 2 il. Ancaq bu qısa müddət ərzində də onlar hamısı tarixdə həmişəlik qalacaq və insanların vaxtaşırı qayıdacağı imzasını atmağı bacarıb.

Azərbaycanın mətbuat tarixində şair Balaş Azəroğlunun imzası həm də bir mühərrir (qəzetçi) kimi qalmaqdadır.

1942-ci ildə onun 21 yaşı vardı, mətbuat qaçılmaz cazibəsi ilə Balaşı özünə doğru çəkməkdəydi və sabahın Azəroğlusuna döndərmək üçün təməllər tökürdü. Təbrizə ilk gəlişində "Vətən yolu" qəzetinin redaksiyasında Qılman Musayevlə - sabahın görkəmli yazıçıları Qılman İlkinlə, Seyfəddin Abbasovla - sonraların Seyfəddin Dağlısıyla, Ənvər Məmmədxanlıyla, Əvəz Sadıqla tanış olmuşdu. Onların adı Balaşa hələ Bakı illərindən, mətbuat səhifələrindən tanış idi. Amma indi ilk dəfə onlarla əl tuturdu, qabaq-qənşər dayanmışdı, kəlmə kəsirdi.

Bu xalis yazıçılarla təmaslardan sonra şeirin Balaşçün sadəcə həvəs olmaq əyyamları bitir, söz bütün varlığını doldurur və anlayır ki, bundan belə ədəbiyyat onun həyatının mənasına, düçüncəsinin qibləsinə çevrilir.

Ancaq ömrün bu çağında onu əhatəsində, təsirində daha çox saxlayan dövrün inqilab havası idi. İti sürətlərlə irəliləyən daxildən fırtınalı vaxt onu qəzet redaktoru edir. Hələlik ayda iki dəfə buraxacaqları o qəzetin adını da elə zamanın ovqatına uyğun olaraq "Yumruq" qoymuşdular - birliyin, mütəşəkkilliyin, bütün haqsızlıqlara qarşı etirazın rəmzi.

Ömür illərinin üstünə yeni illər, onillər qalanacaq, ömrü uzunu Balaş Azəroğlu çox sınaqlardan keçəcək. Bu, labüddür - tərkinə alıb apardığı insanı həyat dəyişir, adamın cavanlıqda hadisələrə, insanlara münasibəti bir başqa olur, vaxt ötəndən sonra, ahıllıqda ayrı cür. Balaş Azəroğlu da istisna deyildi. İllah da ki, onunku sayaq başdan-başa burulğanlı dövrlərə düşən ömür ola! 20-25 yaşlarında inqilab alovu ilə daşan Balaş Azəroğlu, əlbəttə, həmişə o təhər qala bilməzdi. İnsan vücudunun tabı yalnız ömrün kiçik bir kəsiyində o hərarətdə olmağa çatır. İnsan daim elə qalsa, odu elə özünü alışdırar. Dəyişən onillər və həyat şərtləri Balaş Azəroğlunu aram, təmkinli, daha sakit, daha həlim etmişdi. Ancaq Azəroğlu şair idi axı. Qələmi götürüb kağızla təkbətək qalanda yaşı da, pəncərədən dışarıdakı həyat axarı da, gündəlik qayğılar da bir anda sanki yox olurdu, dönürdü gəncliyinə, çevrilirdi elə həminki Balaşa və o yumruq ovqatı, o dönməzlik, o mətinlik ömrün son saatınadək Balaş Azəroğluyla birgə qaldı.

...1946-cı ilin 21 azərindən, Cənubi Azərbaycanda Milli Hökumətin süqutundan sonra bir çoxları kimi, Balaş Azəroğlu da bu taya pənah gətirməli olmuşdu. Buralarda yerləşəndən, yüngülvari rahatlıq əldə edəndən az sonra, elə 1947-ci ildəcə qət etmişdi ki, Güney günlərinin xatirələrini yubatmadan qələmə alsın. Nə qədər ki xatirələr hələ isti idi, təfərrüatların çoxu əyaniliyi ilə göz yaddaşında, hafizəsinin üst qatında idi, istəyirdi ki, tezbazar təhrif etmədən onların hamısını yalnız öz ömürnaməsi kimi yox, həm də tarix sənədi kimi yazılaşdırsın.

Ancaq düşündüyü kimi olmamışdı, xatirələrini yazmaq elə o günləri yaşamaq qədər müşkülə çevrilmişdi. 1947-ci ildə başlayandan həftələr, aylar sonra, elə həmin ilin içindəcə tamamlamağı düşündüyü xatiratının son nöqtəsini qoyanda artıq 1996-cı il idi, Balaş Azəroğlu 75 yaşını haqlamışdı və yenə hər gün xəyalən Təbrizdə, Ərdəbildə, coşqun gəncliyində idi:

Bir karvan istəyirəm

Səhradan keçə, düzdən keçə,

Yolu Təbrizdən keçə.

Bir sərvan istəyirəm

Zəngli qara nərilə

Qatıb mənzili mənzilə

Alıb apara məni

Şah babam Xətainin

Vətəni Ərdəbilə.

Elə zənn edərsiniz ki, yəqin, xatirələr həcmcə həddən artıq çoxmuş ki, yazıya alınması bu qədər uzun vaxt aparıb. Ancaq heç 200 səhifə ola-olmaya.

Sanarsan ki, vərəq elə vərəqdir, əlində tutanda biri ilə obirisinin çəkisindəki fərqi hiss etməzsən. Ancaq Azəroğlunun elə öz xasiyyəti kimi sahmanlı, dinclik yağan aydın xətti ilə xatirələrini yazdığı vərəqlərin hər biri pəhləvanlar qaldıran çəki daşlarından da ağır idi. Vərəqlərə çökən o ağırlığı Balaş Azəroğlu bütöv bir ömür boyu daşıdı.

12 noyabr 2025

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Dekabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see129

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see125

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri