Icma.az
close
up
RU
Ömrünü bir çamadana sığdıran “Mixaylo”: Sevir, ayrılır, evini bağışlayır və yenidən sevirdi…

Ömrünü bir çamadana sığdıran “Mixaylo”: Sevir, ayrılır, evini bağışlayır və yenidən sevirdi…

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Cümhuriyət"in “Azərbaycanlı olmayan azərbaycanlılar” rubrikasının budəfəki qonağı həm doğma, həm yad, amma içimizdən, bizlərdən biridir.

Həm türkdür, həm qafqazlı, həm də azərbaycanlı- “Mixaylo”, yəni Nodar Şaşıqoğludur. Səhnəyə türk döyüşçüsü kimi çıxıb, teatrı, evi və qadınları bir çamadana sığdırıb tərk edən Nodar Şaşıqoğlu- azərbaycanlı olmayan azərbaycanlı, Acarstanda doğulan, Bakının səhnəsində yaşayan bu aktyor haqqında danışacağıq. 

Elə bir ailədə doğuldu ki...

Nodar Şaşıqoğlu 1927-ci il martın 13-də Batumidə, acar əsilli bir ailədə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan biri olub. Atası İzzət Şaşıqoğlu, çar zabiti olub, rus-türk müharibəsində iştirak edib və birinci və ikinci dərəcəli "Georgi" ordeni ilə təltif olunub. O, Rusiya vətəndaş müharibəsi dövründə nə “qırmızıların”, nə də “ağların” tərəfində durmuşdu. Elə bu da Stalin repressiyası dövründə onu repressiyadan qoruyan əsas səbəblərdən biri olub. Nodarın ailəsi əslində çoxmillətli idi.

Nodarın ata nənəsi azərbaycanlı, ata babası acar olub. Nənələrindən biri rus, digəri isə gürcü-türk qarışığı idi. Beləcə, müxtəlif qanlar, dillər, mədəniyyətlər bu ailədə bir araya gəlib. Elə Nodar da bu qarışıq zənginliyin içində böyüyüb. Onun əmisi məşhur aktyor, görkəmli aktrisa Mərziyyə Davudovanın ikinci həyat yoldaşı Ülvi Rəcəb 1937-ci ildə cəmi 38 yaşında repressiyaya məruz qalıb. Nodar ailədə tək övlad olub. Amma atası onu ərköyün böyütməyib. Buna baxmayaraq, Nodar nadinc uşaqlıq keçirib. Elə bir gün olmayıb ki, məktəbdən, ya da haradansa onun haqqında şikayət gəlməsin. Deyilənə görə, beş dəfə məktəbdən qovulub. Amma bu, onun oxumağına mane olmayıb. O, Gürcüstanda məktəblər üzrə rus dili keçirilən olimpiadada birinci yeri tutur.

Gürcüstanda rus dilində qiraət üzrə onunla müqayisə oluna biləcək ikinci bir gənc yox idi. Şeir deyəndə sanki səhnə onun nəfəsi ilə nəfəs alırdı. Elə buna görə də oxuduğu məktəb onu ümumittifaq bədii qiraət müsabiqəsinə namizəd göstərir. Həm müəllimi, həm özü əmin idi ki, birinci yeri alacaq. 17 yaşı tamam olanda atası Nodarı Moskvaya göndərir: “Get, oxu. Yetər ki, seçdiyin sənəti mükəmməl biləsən”. Nodar Moskvaya yollanır. Qəbul olmama qorxusu ilə həm Teatr İnstitutuna, həm də üç teatr studiyasına sənəd verir və hamısına qəbul olur. Seçim çətin idi. Atasına zəng vurur. Ailə birlikdə qərara gəlir- Teatr İnstitutu. 

Evlənməyə də vaxt tapır, amma erməni qayınana…

Moskva... Rus qızları... Yaraşıqlı, yarıtürk, yarıqafqazlı oğlan... Dərs? Dərs sonra... İndi bir az seyr, bir az romantika. Nəticədə 12 fəndən 2 alan Nodar ali məktəbdən çıxarılır. Amma bu son deyildi. Növbəti il Şukşin adına Teatr Məktəbinə qəbul olur. Oxuya-oxuya Vaxtanqov Teatrında işləməyə başlayır. Düşünür: Bu dəfə alınacaq. Təyinatla Kiçik Teatrda işləməliydi. Amma o, Taqankanı seçir və bir il keçməmiş oradan bezir.

Çünki o, çərçivəyə salınacaq biri deyildi. İlk rolu "Mosfilm"də Albaniyanın banisi İsgəndər bəy haqqında filmdə Sultan Mehmet olur. Sonra Paracanovun “Andrieş” filmində baş rolda oynayır. Ardınca Odessa kinostudiyası... Bu arada Nodar evlənməyə də vaxt tapır. Qadın heyranlarından, milliyyətcə erməni olan bir qızla evlənir. Lakin erməni qayınana münasibətlərin sonunu gətirir. Sevdiyi qadından ayrılan Nodar evi ona verir və bir çamadanla evdən çıxır. Bu, onun ilk və son ayrılığı olmur: ümumilikdə Nodar dörd dəfə evlənir. Hər dəfə də evi xanıma verir, özü bir çamadanla çıxır. 

“Sən türksən?” 

Məşhur rejissor Sergey Yutkeviç onu Sultan Mehmet roluna dəvət edəndə soruşur: “Bu rolu oynaya bilərsən?” Nodar deyir:

“Mənim əcdadlarım türkdür”.

Ancaq filmdə oynadığı üçün teatrın qapıları onun üzünə bağlanır. O dövrün qaydası beləydi ki, film aktyoru teatr aktyoru ola bilməzdi. Amma zaman dəyişir və Nodar yenidən Taqankaya dəvət alır. Çünki Nodar Şaşıqoğlunun yolu qapanan qapılarla yox, içindən gələn səslə müəyyən olunurdu. 

Mixaylo obrazının ikinci həyatı

1958-ci ildə kinorejissor Rəşid Atamalıbəyov Moskvada, Taqanka teatrının tamaşalarına baxmağa gedir. Səhnədəki gənc aktyor Nodar Şaşıqoğlu, onun diqqətini dərhal çəkir. Tamaşadan sonra görüşürlər. Rejissor birbaşa deyir: “Sən Mehdi Hüseynzadə rolu üçün tapıntısan”. Bu, sadəcə bir təklif deyildi. Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı kəşfiyyatçı Mehdi Hüseynzadənin baş rolu... Təklifin özü belə tamaşanın dramatizmi qədər həyəcanlı idi. Filmin ikinci rejissoru da elə Rəşid Atamalıbəyov olacaqdı. Nodar üçün bu, həm böyük şans, həm də qərar anı idi.

Razılaşsaydı, Moskvadakı həyatını geridə qoymalı idi. Amma Bakı onu çoxdan çəkirdi. Qohumları burada yaşayırdı. Ən əsası, əmisi Ülvi Rəcəbin həyat yoldaşı, teatr səhnəsinin əfsanəsi Mərziyyə Davudova sağ idi. Onunla tanışlıq, və ondan öyrəniləcək çox şey vardı... Anası da tez-tez Bakıya gəlirdi. Bu şəhər onun içində çoxdan yaşamağa başlamışdı və Nodar qərar verir: Moskva ilə vidalaşır. Mehdi Hüseynzadə roluna çox namizəd vardı. Tanınmış aktyor Möhsün Sənani də sınaq çəkilişlərində iştirak etmişdi.

Amma o, xaraktercə daha komedik idi. Mehdi isə içində bir az dramatizm, bir az da poeziya daşıyan bir obrazdı- həm sərt, həm də həssas. Tofiq Tağızadənin rejissoru olduğu “Uzaq sahillərdə” filmi Sovet İttifaqında kəşfiyyatçı haqqında çəkilən ikinci film idi. Birinci film 1947 -ci ildə Pavel Kodoçnikovun oynadığı "Kəşfiyyatçının qəhrəmanlığı" filmi idi. Filmdə o kəşfiyyatçı Aleksey Fedotov rolunu oynayır. Amma "Uzaq sahillərdə" filmi ekranlara çıxdığı gündən onu geridə qoyur. Film Daşkənd festivalında birinci yer qazanır. 

Mixaylo möcüzəsi... 

Filmin nümayişindən sonra insanlar Nodar Şaşıqoğlunu Mehdi Hüseynzadənin özü kimi qəbul edir, onu əllərində aparırlar. Hətta üzərindəki kostyumu xatirə üçün parça-parça kəsib aparırlar. Bəzən aktyorun özü belə deyirdi: "Məni yırtıq paltarda qoydular”. Bu roldan sonra o, tam səkkiz il Bakıda yaşayır. Rejissor Məhərrəm Haşımov dəfələrlə onu Rus Dram Teatrına dəvət etsə də, o, hər dəfə imtina edir, çünki çoxlu filmlərə çəkilirdi.

50-ci illərin sonları, 60-cıların əvvəllərində Nodar Şaşıqoğlu “Azərbaycan film”in ən parlaq ulduzu idi. Eyni vaxtda iki-üç filmə çəkilirdi. Həm populyar idi, həm də yaxşı pul qazanırdı. Bakı onu qəbul etmişdi. Hətta ona ev də vermişdilər. Bu şəhərdə iki Mixaylo vardı, biri döyüşdə həlak olan Mehdi, biri isə onu canlandıran Nodar. Bütün Azərbaycan ona belə baxırdı. İnsanlar onu küçədə "Mixaylo!" deyib bağırlarına basırdılar.

O, bu sevgidən usanmırdı, əksinə, xoşuna gəlirdi və küçədə rahat gəzirdi. Çünki bu obraz artıq onun bir parçası idi. Bir müsahibəsində belə deyirdi: “Hamı düşünürdü ki, biz eyni xarakterik xüsusiyyətlərə malikik. Amma mən Mehdi ola bilməzdim. Sadəcə özümü – müharibədə olmayan bir insanı onun həyatının içində canlandırmağa çalışdım. Biz obrazı üç hissəyə bölmüşdük: Mixaylo – kəşfiyyatçı, Mixaylo – faşist obrazında və Mixaylo – rəssam.

Bütün bunlar bir yerdə faciəvi və qəhrəman simanı yaratdı”. "Uzaq sahillərdə" filminin premyerası “Nizami” kinoteatrında keçirildi. “Vətən” kinoteatrında film nümayiş olunanda bilet almaq istəyənlərin növbəsi “Azneft”dən başlayırdı. O film artıq sadəcə film deyildi, kult idi. Daşkənd festivalında isə başqa bir səhnə yaşanmışdı. Film bitəndən sonra insanlar aktyorun üstünə tökülmüş, onu maşında gizlətmişdilər. Amma kütlə maşını da qaldırıb aparmışdı... Bu gün də Azərbaycan kinosunda qəhrəman obrazı deyiləndə, ilk ağla gələn “Uzaq sahillərdə” filmi və Nodar Şaşıqoğlunun Mixaylosudur. İşıq-kölgə oyunları, peşəkar kadrlar, yaddaqalan dialoqlar, emosional baxışlar, əyri-üyrü simasında gizlənmiş daxili sarsıntı...

 Bütün bunlar onu bir anda xalqın qəhrəmanına çevirdi, bir filmlə, bir baxışla.. N. Şaşıqoğlu sonralar "Onun böyük ürəyi", "Əsil dost", "Matteo Falkone", "Bizim küçə", "Leyli və Məcnun", "Telefonçu qız" kimi filmlərdə də oynadı. Amma hər kəsin yaddaşında bir obrazla qaldı: Mixaylo. 

Və nəhayət, o məşhur sual: Bəs Anjelika? Film boyunca onun tərəf müqabili olan gözəl aktrisa Aqniya Yelikoyeva ilə nə baş verib? Cavabını aktyor özü verir:

“Aqniya maraqlı qız idi. Amma özümə qəti qadağa qoymuşdum ki, tərəf müqabilimlə heç vaxt şəxsi münasibət yaşamayacağam. Qanunum bu idi. Deyə bilmərəm ki, müqəddəs idim. Sadəcə bu məsələdə özümü saxladım. Hər gün bir təzə qızla görüşürdüm, amma heç biri Anjelika deyildi. Səhnədə partnyor, həyatda məsafə”.

 Namus üstündə Bakını tərk edir 

O vaxtlar, yəni 1960-cı illərin ortalarında Bakıda Rubinçik adlı tanınmış bir fotoqraf olur. Dövlət tədbirlərini, respublika rəhbərinin bütün səfərlərini o çəkərdi. Nodar Şaşıqoğlu ilə də tanış idilər, evlərinə gedib-gəldikləri olurdu. Rubinçikin çox gözəl xanımı olur. Nodarla bu xanım ilk görüşdən bir-birilərinə aşiq olurlar. Nodar əvvəlcə bu münasibətin ötəri olacağını düşünür, amma elə olmur. Sevgi alovlanır, hisslərinə qalib gələ bilmirlər. Bu, Nodar Şaşıqoğlunun "Leyli və Məcnun" filmində Məcnun rolunu oynadığı dövr idi. Həyatda yaşadığı bu sevgi filmdə gözlərinə yansıyır. Füzulinin misraları onun qəlbindəki ümidsiz və vəhşi sevgiyə can verir. Sonralar da bu rolu ən sevdiyi obraz adlandırır:

“Filmdə dəli insanın surətini yaratmamışam, məhəbbətin filosofunu oynamışam”.

Filmdə qovuşa bilməsə də, həyatda sevgisinə çatır. Həmin xanımla evlənirlər. Qadının soyadı Şepeleva idi. Atası tanınmış idman məşqçisi olub. Bu evlilik Bakıda çox səs-küy doğurur. Mentalitet, adət-ənənə və bəzilərinin şəxsi qərəzi hərəkətləri... Beləliklə, Nodar Şaşıqoğlunun Azərbaycanda yolları birdəfəlik bağlanır. Rejissorlara onu çəkmək qadağan edilir. 70-80-ci illərdə belə məsələlərə sərt nəzarət var idi.

Məsələn, “Dədə Qorqud” filmində baş rolu oynamalı idi. Amma siyahıda onun adının üstündən qalın xətt çəkirlər. Hətta Tofiq Tağızadəyə də bu məsələylə bağlı irad tutulur. “Leyli və Məcnun” filminin Sankt-Peterburqdakı səsləndirilməsi zamanı Nodar Şaşıqoğlu Aleksandrinsk Teatrına dəvət alır. Bu teatr Rusiya səhnəsinin ən möhtəşəm məkanlarından biridir. Elə ilk tamaşasında Don Juan rolunda çıxış edir. O, belə xatırlayır:

“Həyatda həmişə Don Juan olmuşam. Amma mənim kimi kişilərin heç birinə arzu etmirəm ki, bir gün dönüb Məcnun olsunlar. Bu fəlakətdir. Mən məcnunluğuma görə Bakı həyatımı, kino yaradıcılığımı qurban verdim”.

Bakı ilə uzun müddətlik vidalaşır. Sadəcə teatrın qastrol səfərləri və ya həyat yoldaşının işləri ilə bağlı bəzən qayıdır. Bir dəfə Aleksidzenin quruluş verdiyi “Antiqona” və “Ças pik” (“Günün gur vaxtı”) tamaşalarıyla Bakıya gəlir. Biri klassik yunan faciəsi, digəri isə müasir psixoloji dram idi, hər iki tamaşa uğurla keçir. Amma bu dönüş müvəqqəti olur. Peterburqda yaşayırdı və öz xasiyyətindən özü də yorulmuşdu. Yenə həyat yoldaşından ayrılır. Onun üçün ərini və əvvəlki həyatını tərk edən qadına evini bağışlayıb çıxır. Bakıda olan mənzilini isə qadının atasına verir. 

Bakıya sanki ölməyə gəlmişdi

Aleksandrinsk Teatrından üç dəfə çıxarılır, sonra yenidən işə qəbul olunur. Səbəb isə aydındır, fərdi yaradıcılıq səfərlərinə çıxır, “xaltura” ilə məşğul olurdu. Pul qazanmalı idi, həm də tək qalırdı, darıxırdı. Bakı onun üçün həmişə dəyərli idi. Ömrünün sonunda yenidən Bakıya qayıdır. Bura onu sevənlərin olduğu şəhər idi. Azərbaycan teatrını da sevirdi. Bütün filmlərdə səsi eşidilən Əli Zeynalovla, xasiyyətcə yaxın olduğu Eldəniz Zeynalovla dostluq edirdi.

Hər ikisinin dəfnində iştirak etmək üçün Bakıya gəlib. Barat Şəkinskaya ilə görüşməkdən isə xüsusi zövq alırdı. Bir dəfə hisslərini saxlaya bilməyib ona olan sevgisini etiraf edir. Barat xanım gülümsəyib deyir:“Eyni sözləri əmin Ülvi də demişdi”.

Sonuncu sevgisi Rusiyada özündən 25 yaş kiçik bir xanım olur. Evlənirlər. Amma qadın fürsət tapan kimi ona xəyanət edir. Nodar bu dəfə də evi bağışlayıb ayrılır. Bakıya qayıtdıqdan sonra Rus Dram Teatrında işləməyə başlayır. Bir gün rejissor Aleksandr Şarovskinin kabinetinə girib belə deyir:“Cənab rejissor, mənim üçün “Kral Lir”i qoy. Bu rolu oynayıb teatrın və dünyanın qapısını arxamca örtüb gedəcəyəm”.  

Bu, həqiqətən də bu onun həyatında son pərdə olur. Bakıya sanki ölməyə gəlmişdi. Heydər Əliyevin ona bağışladığı mənzildə uzun müddət xəstə yatır. 2013-cü ilin 12 aprelində 86 yaşında həyata gözlərini yumur. Onun dörd evlilikdən iki oğlu var . İkisinin də adı Nodardır. Hər ikisi o, analarını tərk etdikdən sonra dünyaya gəldiyindən, anaları onlara onun adını veriblər. O, həyatı boyu səhnədə yaşadı, səssiz və tək səhnədən getdi.

Ardında Mixaylo kimi cəsur, Məcnun kimi sevən, Kral Lir kimi yorğun bir adam buraxaraq...

Səbinə Uğur
“Cebehinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:24
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyun 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see176

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see123

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see123

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see120

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see118

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see116

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see115

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see114

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see113

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see112

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see112

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see112

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see111

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var VİDEO

07 İyun 2025 00:41see111

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see111

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see111

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see111

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri